Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-729/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X8” MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X8” MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 153400,0 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 7670,0 manat faizin və 451,07 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx"N MMC ilə “X8” MMC arasında xx.xx.2024-cü il tarixli 02/04 xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən ƏDV ilə birlikdə 47200 manat dəyərində qazıntı işləri və ƏDV ilə birlikdə 106200 manat qarışıq qırma daşının daşınması xidmətləri göstərilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx"N MMC ilə “X8” MMC arasında görülmüş işlərin təhvil-təslim aktı imzalanmışdır. Bundan başqa İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10463309 nömrəli elektron qaimə göndərilmiş və elektron qaimə təsdiq edilmişdir. Hazırda "xxxx"N MMC tərəfindən göstərilmiş xidmətlərə görə “X8” MMC-nin ümumilikdə 153400 manat (130000,0 manat əsas məbləğ və 23400,0 manat ƏDV) borcu vardır. 153400 manat borcun ödənilməsi üçün “X8” MMC-yə şifahi qaydada xəbərdarlıqlar edilməsinə bamayaraq borc hələ də ödənilməmişdir. “X8” MMC tərəfindən ödənilməmiş 153400 manat (130000 manat əsas məbləğ və 23400 manat ƏDV) borc məbləğinin3 gün ərzində İddiaçı MMC-yə ödənilməsi üçün qarşı tərəfə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmişdir. Ancaq pretenziyaya heç bir cavab verilməmiş və borc ödənilməmişdir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin dəliləri əsassızdır. Belə ki, "xxxx" MMC və cavabdeh “X9” MMC arasında xx.xx.2024-cü iml tarixdə 02/04 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə, müqavilənin predmeti – icraçı tərəifndən daşınma işlərinin görülməsi üzrə xidmətlərin göstərilməsi təşkil edir. Həmin Müqavilənin tərkib hissəsi olan “01 №- li Əlavə”yə əsasən, icraçı tərəfindən göstərilən xidmətlərə - qırma daşın daşınması və qazıntı işlərinin görülməsi daxil edilmişdir. İddiaçı "xxxx" MMC müqavilə üzrə işləri yerinə yeridiyi zaman cavabdeh “X9” MMC-dən xidmət haqqı hesabına nağd şəkildə, hissə-hissə, müxtəlif məbləğlərdə və vaxtlarda pul vəsaitləri almışdır. Belə ki, "xxxx" MMC ona tapşırılmış işin görülməsi, o cümlədən işçilərin xidmət haqqı və zəruri olan digər ödənişlərin aparılması üçün cavabdehdən razılaşdırılmış xidmət haqqını nağd şəkildə ona verilməsini xahiş etmişdir. Tərəflər razılığa gəlmişlər ki, iddiaçı MMC işin icrasını başa çatdırdıqdan sonra aldığı pulu cavabdehə qaytaracaq, daha sonra isə qaytarılmış həmin vəsait hesabına xidmət haqqı köçürmə yolu ilə həyata keçiriləcəkdir. Odur ki, İddiaçı MMC-nin gördüyü işin əvəzi Cavabdeh MMC tərəfindən iddiaçıya tam ödənilmişdir və hazırda cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Cavabdeh MMC həmin pulları nağd şəkildə, habelə İddiaçı MMC-nin nümayəndəsi olan Ruslan adlı şəxsin bank kartına köçürmə yolu ilə ödəmişdir. İddiaçı MMC-nin gördüyü işin əvəzinin Cavabdeh MMC tərəfindən ödənilməsini şahidlər X2, X3, Qanuni nümayəndə və X4 təsdiq edirlər. Bundan başqa, pulların bir hissəsinin İddiaçı MMC-nin nümayəndəsi olan Ruslan adlı şəxsin bank kartına köçürülməsi, onunla ((***)******* saylı telefon nömrəsi) aparılmış Whatsap yazışmaları, habelə videogörüntülər ilə də təsdiq edilir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı MMC hazırda ödənilməsini tələb etdiyi məbləğdə və həcmdə Cavabdeh MMC üçün iş görməmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında icra edilməmiş öhdəlikləri yoxdur. Göstərilənlərə əsasən, iddiaçı "xxxx" MMC cavabdeh “X9” MMC-yə qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
5. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddiaya yazılı etiraz məhkəməyə təqdim edilib. Ruslan adlı şəxs və cavabdeh şirkət arasında münasibətlər olmuşdur. 2023-c ilin oktyabr və noyabr ayları arasında Sea Breezedə tikiləcək olan komplekslə bağlı işlər görülmüşdür. Ruslan bəylə danışıqlar olmuşdur ki, siz işi görün avans kimi ödəniş edin və daha sonra ödənişi sizə qaytarım bundan sonra isə sizin şirkət qaimə vursun. X12 bildiyimiz kimi qapalı yerdir. Ora razılıq olmasa girilə, iş görlə bilməz. Bununla bağlı Sea Breezedə sorğu verilmişdir. 153400 manatlıq işlər görülmüşdür, pullar isə Ruslan adlı şəxsə verilirdi.
6. Cavabdehə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə “X8” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/04 saylı xidmət müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu Müqaviləyə əsasən daşınma işlərinin görülməsi üzrə xidmətləri göstərir, Sifarişçi isə bu Xidmətlər müqabilində İcraçıya bu Müqavilənin 3.1. bəndində göstərilən müvafiq xidmət haqqını ödəyir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən Xidmətlərin ümumi həcmi və dəyəri bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Təhvil- Qəbul aktı) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin qiyməti tərəflərin razılaşması təhvil-təslim aktlarına əsas olaraq müəyyən edilir və xidmətlərin ümumi həcmi və dəyəri isə hər iki tərəfdən bir səlahiyyətli şəxsin imzası ilə təsdiq olunan təhvil-qəbul aktı və Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
14. Müqavilənin 3.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar milli valyuta ilə bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
15. xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə Əlavə-1-də tərəflər müqavilədə nəzərdə tutulmuş xidmətlərin dəyəri razılaşdırılmışdır.
16. xx.xx.2024-cü il tarixli, 01/04 saylı görülmüş işlərin təhvil-təslim atkına əsasən müqavilə üzrə görülmüş işləri dəyəri ƏDV daxil 153.400 manat müəyyən edilmişdir.
17. xx.xx.2024-cü il tarixli, MT**********09 saylı e-qaiməyə əsasən 153400 manat məbləğində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
18. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
22. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
24. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən “X10” MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ******* manat (ƏDV daxil) məbləğində borc ödənilməmiş qalmışdır. Cavabdeh yazılı və şifahi etirazında bildirsə də ki, göstərilən xidmətlərin dəyəri ödənilmişdir, lakin həmin argumentini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir (məhkəməyə təqdim edilmiş iki – 650 manat və 500 manat ödəniş qəbzlərindən kimin kimə və nə üçün ödənişlərin edilməsi müəyyən edilmir, digər tərəfdən həmin qəbzlər xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təsəddüf etdiyi halda, tərəflər arasında təhvil-təslim aktı xx.xx.2024-cü il tarixində imzalanmışdır).
25. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 153400 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
26. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 7670 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab edir.
27. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
28. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
29. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsinə dair e-qaimə xx.xx.2024-cü il tarixində göndərildiyi üçün həmin tarixdən qətnamənin çıxdığı xx.xx.2025-ci il tarixinə kimi illik 5% ilə hesablanmaqla, 5112 manat borcun ödənişinin gecikdirilməsinə görə faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 451,07 manat dövlət rüsumu ödənilmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 449 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “X8” MMC-dən xx.xx.2024-cü il tarixli 02/04 saylı xidmət müqaviləsi üzrə 153.400 manat borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 5.112 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 449 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova