Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-736/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29499,99 (iyirmi doqquz min dörd yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 178,5 (yüz yetmiş səkkiz manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) ilə Cavabdeh (bundan sonra – Şam MMC və ya Sifarişçi) arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, KD202209/30 nömrəli “Telekommunikasiya resurslarının istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəmiyyət tərəfindən Cavabdeh MMC-yə telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə edilən və Cəmiyyətin balansında olan texniki resurslardan (fiber optik kabel liflərinin kabel-kanalizasiya qurğularının (KKQ), port xidmətləri, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) istifadə, həmçinin Cəmiyyətə məxsus inzibati və texniki binalarda Cavabdeh MMC-yə məxsus avadanlıqların yerləşdirilməsi və ona məxsus xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadə, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsi təmin edilir. Cavabdeh MMC tərəfindən göstərilən xidmətlərin qarşılığında müqavilə (onun müvafiq Əlavələri) ilə razılaşdırılmış xidmət haqlarının (pul məbləğinin) müəyyən edilmiş müddətdə və məbləğdə ödənilməsini müqavilənin 5.1.3-cü bəndinə əsasən öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 01 fevral 2023-cü il tarixdən etibarən bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdehlə dəfələrlə şifahi əlaqə saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmiş, borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. İddia tələbinin əsaslılığını təsdiq edən sənədlər tərəflər arasında bağlanmış xidmət müqaviləsi, borca dair maliyyə arayışı və xəbərdarlıq məktubudur. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə öhdəliyin pozulmasında təqsirli olan tərəf qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Müqavilənin 2.1-cü bəndinə əsasən müqavilə hər iki tərəfin (bundan sonra “Tərəf” və “Tərəflər”) səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı və möhürləndiyi andan etibarlıdır və 3 (üç) il müddətində qüvvədə olacaqdır. Müqavilənin 3.5ci bəndinə əsasən müqavilənin vaxtından əvvəl ləğv edilməsi sifarişçini yaranmış borcları ödəmək məsuliyyətindən azad etmir. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlərin alınması məhkəmə qaydasında təmin edilərsə, öhdəliklərini icra etməyən tərəf əsas borcla yanaşı çəkilmiş bütün məhkəmə xərclərini də ödəyəcəkdir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən müqavilənin 2.3-cü bəndinə əsasən Cəmiyyət tərəfindən 28 iyun 2024-cü il tarixli pretenziya məktubu ilə yaranmış xidmət haqqı borcunun ödənilməsi tələb edilsə də, Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh MMC-nin müqavilə üzrə 01 fevral 2023-cü il tarixdən hal-hazırkı tarixədək 29499,99 (iyirmi doqquz min dörd yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat borc öhdəliyi vardır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 425.1, 442, 443, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanılmış KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş 29 saylı, xx.xx.2023-cü il tarixli bildirişə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddia ərizəsində və ona əlavə edilmiş maliyyə arayışında isə iddia tələbinin məbləği xx.xx.2023-xx.xx.2024-cü il tarixədək olan dövrə hesablanmışdır. Halbuki, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verildiyinə görə, borc məbləği ən geci xx.xx.2023-cü il tarixədək hesablana bilər. Digər tərəfdən isə, cavabdehin iddiaçıya adı gedən müqavilə üzrə ödənilməmiş borcu yoxdur. İddia tələbi məbləğindən asılı olmayaraq əsassızdır. Cavabdeh yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində "xxxx" MMC ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı balansında olan texniki resursların (fiber optik kabel liflərinin, kabel-kanalizasiya qurğularının, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) sifarişçi tərəfindən istifadəsini, həmçinin icraçıya məxsus inzibati və texniki binalarda sifarişçiyə məxsus avadanlıqların yerləşdirilməsini, icraçıya məxsus sifarişçi xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadəni, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsini təmin edir, sifarişçi isə göstərilən xidmətlərin qarşılığında müqavilə ilə razılaşdırılmış xidmət haqlarını icraçıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən təqdim olunan xidmətlərin növləri, həcmi, dəyəri, o cümlədən xidmətlərin verilməsinin xüsusi şərtləri ilə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrlə müəyyən edilir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə sifarişçi müqaviləyə əlavələr bağlanılması yolu ilə icraçının göstərdiyi əlavə xidmətləri əldə edə bilər. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzaladığı və möhürlədiyi andan etibarlıdır və 3 il müddətində qüvvədə olacaqdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri müqavilənin qüvvədə olma müddətinin başa çatmasından 30 təqvim günü əvvəl müqaviləyə xitam verməklə bağlı yazılı bildiriş təqdim etməzsə, o zaman müqavilə hər dəfə avtomatik olaraq növbəti 1 il müddətinə uzadılacaq. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflərdən biri 30 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən xidmətlərdən istifadənin dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qüvvədə olan tariflərə uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilənin 1.1-ci maddəsində göstərilən xidmətlərə görə aylıq xidmət haqqı Azərbaycan Respublikasının Tarif Şurasının qərarı, daxili əmri ilə təsdiq edilmiş "xxxx" MMC-nin tariflərə əsasən müəyyən olunur. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən müqavilənin vatından əvvəl ləğv edilməsi sifarişçini yaratmış borcları ödəmək məsuliyyətindən azad etmir. Həmin müqavilənin 3.6-cı maddəsinə əsasən xidmətlərin dəyəri aylıq ödənilir. Ödənişlər icraçı tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir. Ödənişlər hesab-fakturanın təqdim edilməsindən sonra 3 bank günü ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icraçının sifarişçinin göstərilməsini istədiyi xidmətləri bununla bağlı müvafiq əlavədə göstərilən anda təqdim etmək, müqavilədə nəzərdə tutulan xidmətlərin göstərilməsini hər gün 24 saat ərzində təmin etmək, göstərilən xidmətlər ilə bağlı hər hansı nasazlıq, xəttin kəsilməsi, onların səbəbləri və qeyd olunan normal işinin təmin olunması üçün tələb olunan müvafiq ölçü götürülməsi haqqında sifarişçini telefon, e-mail və ya faksla iş günü ərzində məlumatlandırmaq, göstərilən xidmətlər ilə bağlı hər hansı profilaktik işlərin aparılması zərurəti olduqda, bu haqda sifarişçiyə minimum 7 gün əvvəlcədən məlumat vermək vəzifəsi vardır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən icraçının sifarişçidən göstərilən xidmətlər ilə bağlı təqdim edilən avadanlıqların müqavilə ilə müəyyən edilmiş şərtlərə və məqsədlərə uyğun istismarını tələb etmək, müqavilə üzrə sifarişçinin istifadəsinə verilmiş xidmətlərdən qeyri-qanuni istifadə hallarının dərhal aradan qaldırılmasını sifarişçidən tələb etmək, sifarişçi tərəfindən müvafiq tədbirlər görülmədiyi halda xidmətləri dayandırmaq hüququ vardır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən sifarişçinin göstərilən xidmətlər üzrə istifadəsinə verilmiş avadanlıqları müqavilədə və müqaviləyə əlavələrdə gösətrilən şərtlərə uyğun olaraq istismar etmək, müqavilə üzrə göstərilən xidmətlərin dəyərini müqavilədə və müqaviləyə əlavələrdə nəzərdə tutulan qaydada və müddətdə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən göstərilən xidmətlərin müqavilədə və müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə nəzərdə tutulmuş qaydada və müddətdə təmin edilməsini icraçıdan tələb etmək hüququ vardır. Həmin müqavilənin 6.1.-ci maddəsinə əsasən icraçı fors-major hallar istisna olmaqla, müqavilənin 1.1-ci maddəsində nəzərdə tutulmuş telekommunikasiya resurslarının yüksək keyfiyyətli, fasiləsiz işi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən sifarişçi xidmətlərdən istifadəyə görə ödənişləri gecikdirdiyi halda, gecikmənin hər gününə görə gecikdirilmiş öhdəliyin 0,5%-i məbləğində cərimə ödəyəcəkdir. Cərimələrin ümumi məbləği müqavilə məbləğinin 5%-dən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum məbləğə çatdıqdan sonra icraçı müqaviləni ləğv edə bilər. Həmçinin ödənişlərin alınması məhkəmə qaydasında təmin edilərsə, sifarişçi əsas borcla yanaşı çəkilmiş bütün məhkəmə xərclərini də ödəyəcəkdir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə öhdəliyin pozulmasında təqsirli olan tərəf qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqdır.
8. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsinə KKQ-1 nömrəli Əlavənin 3.1-ci maddəsinə əsasən müvafiq əlavə imzalandığı tarixdən etibarən xidmət haqqının hesablanmasında tətbiq edilmiş tariflər dəyişiklikdə xidmət haqqı yeni tariflər və həcmlər əsasında hesablanır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən tariflərin dəyişdirilməsi nəticəsində tərtib edilmiş Əlavə imzalanmadığı təqdirdə, icraçı tərəfindən müqavilə üzrə qiymətlərə dəyişiklik edilmiş xidmətlərin verilməsi dayandırılır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən sifarişçi qüsur aşkarlamadığı halda təhvil-təslim aktını aldığı tarixdən 5 iş günü ərzində imzalayıb icraçıya təqdim edir. Əsaslı qüsurun olub-olmamasına dair tərəflər arasında razılıq əldə olunmazsa, tərəflər müstəqil ekspertin rəyini əsas götürməlidir. Sifarişçi razılaşır ki, müstəqil ekspert tərəfindən əsaslı bir qüsur əşkar olunmazsa, həmin ekspertin xidmət xərcləri sifarişçi tərəfindən ödənilir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən cari ayın xidmət haqqı icraçı tərəfindən aylıq hesab fakturanın təqdim edildiyi gündən 10 təqvim günü ərzində ödənilməlidir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 105 manat təşkil edir.
9. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsinə FOL-1 nömrəli Əlavənin 3.1-ci maddəsinə əsasən müvafiq əlavə imzalandığı tarixdən etibarən xidmət haqqının hesablanmasında tətbiq edilmiş tariflər dəyişiklikdə xidmət haqqı yeni tariflər və həcmlər əsasında hesablanır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən tariflərin dəyişdirilməsi nəticəsində tərtib edilmiş Əlavə imzalanmadığı təqdirdə, icraçı tərəfindən müqavilə üzrə qiymətlərə dəyişiklik edilmiş xidmətlərin verilməsi dayandırılır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən sifarişçi qüsur aşkarlamadığı halda təhvil-təslim aktını aldığı tarixdən 5 iş günü ərzində imzalayıb icraçıya təqdim edir. Əsaslı qüsurun olub-olmamasına dair tərəflər arasında razılıq əldə olunmazsa, tərəflər müstəqil ekspertin rəyini əsas götürməlidir. Sifarişçi razılaşır ki, müstəqil ekspert tərəfindən əsaslı bir qüsur əşkar olunmazsa, həmin ekspertin xidmət xərcləri sifarişçi tərəfindən ödənilir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən cari ayın xidmət haqqı icraçı tərəfindən aylıq hesab fakturanın təqdim edildiyi gündən 10 təqvim günü ərzində ödənilməlidir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 840 manat təşkil edir.
10. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsinə AVA-1 nömrəli Əlavənin 3.1-ci maddəsinə əsasən sifarişçiyə məxsus avadanlıqların icraçıya məxsus texniki binalarda yerləşdirilməsi aşağıda göstərilən tariflər üzrə həyata keçiriləcəkdir: texniki binalarda 1,0 m3 həcmli şkafın yerləşdirilməsi üçün birdəfəlik qoşulma haqqı – 200 manat; texniki binalarda yerləşdirilən avadanlıqların zəruri elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatının texniki ölçülməsi yolu ilə Tarif Şurasının müəyyən etdiyi enerji tarifinə uyğun qaydada aylıq ödəniş və bu ödənişə əlavə olaraq enerjiyə görə ödənilməli olan məbləğin 40 faizi miqdarında transformator itkisi, generator və UPS xərcləri – üzləşmə aktı əsasında; texniki binalarda 1,0 m3 həcmə qədər avadanlıqların yerləşdirilməsi üçün ayrlıq xidmət haqqı – 315 manat; texniki və ya inzibati binaların damlarında və həyətyanı sahələrdə quraşdırılan antena və antenaların konteynerləri üçün birdəfəlik qoşulma haqqı – 300 manat; texniki və ya inzibati binaların damlarında quraşdırılan antenalar və həmin antenaların avadanlıqları olan konteynerləri üçün aylıq xidmət haqqı 310 manat. Ölçüsü 1,0 m3 həcmdən çox olan avadanlıq üçün 0,5 m3 addımı ilə hər 0,5 m3 görə 160 manat tarifi ilə hesablanacaqdır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçinin abunəçiləri internet xidməti vermək məqsədilə icraçıya məxsus xətt şəbəkəsindən istifadə aşağıdakı tariflər üzrə həyata keçiriləcəkdir: telefon xətt şəbəkəsindən istifadəyə görə aylıq xidmət haqqı – 3,5 manat; telefon xətt şəbəkəsinə qoşulmaq üçün birdəfəlik qoşulma haqqı 5 manat. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən sifarişçinin abunəçiləri internet xidməti vermək məqsədilə icraçıya məxsus xətt şəbəkəsindən istifadəsi zamanı aylıq xidmət haqqının dəyəri Əlavənin 2.1 və 2.2-ci maddəsində nəzərdə tutulmuş tariflər nəzərə alınmaqla, tərəflərin nümayəndələrinin tərtib etdiyi üzləşmə aktlarına uyğun olaraq hesablanır və sifarişçi tərəfindən icraçıya ödənilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən xidmətlərdən istifadəyə görə ödəniş məbləği təqdim olunan xidmətdən asılı olaraq Azərbaycan Respublikası Tarif Şurasının və ya icraçı tərəfindən daxili əmrlə təsdiq olunmuş tariflərinə əsasən faktiki istifadə dövründə mövcud olan tariflərə uyğun hesablanır. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən müqavilə imzalandıqdan sonra əlavədə göstərilən cari ay ərzində istifadə olunacaq xidmətlər üçün icraçı cari ayın 10-a qədər sifarişçiyə hesab-faktura və ya e-qaimə təqdim edir, cari ayın 25-nə qədər sifarişçi tərəfindən ödəniş edilir. Həmin müqavilənin 3.6-cı maddəsinə əsasən müqaviləyə vaxtından əvvəl istənilən səbəbdən xitam verilərsə, icraçı istifadə olunmamış müddət üçün xidmət haqqı məbləğini sifarişçiyə 5 iş günü ərzində geri qaytarmalıdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icraçı əşyada yaranan və icraçının iradəsindən asılı olmayan, əvvəlcədən hər hansı bir texniki nasazlığa, o cümlədən əşyanın texniki göstəricilərində baş vermiş dəyişikliklərə görə sifarişçi əşyaları təhvil verərkən hazırkı əlavənin 2.3.1-ci maddəsində qeyd olunan tələblərə riayət etməməsi və ya sifarişçinin, onun nümayəndələrinin, işçilərinin hərəkəti/hərəkətsizliyi nəticəsində əşyalara vurulan zərərə görə heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən icraçı təqsiri və ya qarşısı alına biləcək qəza hallarında hərəkətsizliyi səbəbindən sifarişçinin avdanlıqlara dəymiş ziyanı ödəyir. Əlavəyə əsasən cəmi ƏDV daxil olmaqla aylıq istifadə haqqı 625 manat təşkil edir.
11. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh MMCnin KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə Telekommunikasiya xidmətlərindən istifadə olunmasına görə xx.xx.2024-cü il tarixinə ümumilikdə 29449,99 manat borcu mövcuddur.
12. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış müqaviləyə xitam verilməsi barədə bildirişdən müəyyən olunur ki, “Şam MMC özünün fəaliyyət sahəsi olan televiziyası kanallarının yayımlanması xidmətlərinin göstərilməsi istiqamətində oxşar xidmətləri göstərən şirkətlərlə müqayisədə rəqabət qabiliyyətli və rentabelli olmadığına görə 2023-cü ilin sentyabr ayından həmin xidmətlərin göstərilməsini və öz fəaliyyətini dayandırır. Buna görə də, 57 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/77/BRX saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə isə xx.xx.2023 tarixindən xitam veriləcəyi qeyd edilmişdir.
13. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-27- 110/2-2501/2023 nömrəli məktubun məzmunundan görünür ki, Cavabdeh MMC-nin müraciətinə aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus 128589 saylı şəxsi hesab üzrə "xxxx" MMC-yə 15069,99 manat borc yaranmışdır. Həmin borc məbləği ödənildikdən sonra müqaviləyə xitam veriləcəkdir.
14. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanılmış KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcun ödənilməməsi ilə həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi arasında heç bir əlaqə yoxdur. Yəni, adıçəkilən müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilməsi müqavilə üzrə borcun ödənilməsi ilə şərtləndirilə bilməz. Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflərdən biri 30 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Göründüyü kimi, Cavabdeh MMC müqavilə üzrə hüququndan istifadə edərək müqavilənin şərtlərinə uyğun olaraq 30 gün əvvəlcədən adıçəkilən müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə "xxxx" MMC-yə bildiriş göndərməklə müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilməsi və bu halda müqaviləyə xitam verilməsinin müqavilənin digər tərəfi olan "xxxx" MMC tərəfindən təsdiq olunması və ya olunmaması, müqaviləyə xitam verilməsinə razılığı tələb olunmur. Beləliklə, Cavabdeh MMC tərəfindən bildiriş göndərilməklə Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanılmış 57 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD202209/030 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/77/BRX saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə isə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Qeyd edilmişdir ki, KD/153 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixən xitam verildiyinə görə həmin tarixdən sonrakı dövr üzrə Cəmiyyətə borc hesablana, hesab faktura və elektron qaimə təqdim edilə bilməz. Odur ki, xx.xx.2023-cü il tarixdən sonrakı dövrü əhatə edən hesab-faktura və elektron qaimələr geri qaytarılacaqdır.
15. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdehə ünvanlanmış məktubda deyilir ki, vergi orqanına təqdim etdiyiniz ərizəyə əsasən fəaliyyətiniz müvəqqəti olaraq xx.xx.2023 - xx.xx.2028-dək dayandırılmışdır. Ərizədə qeyd etdiyiniz son tarixdən fəaliyyətiniz bərpa olunacaq və sizin vergi orqanına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır.
16. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 950855 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin mart ayının qaiməsi olduğu bildirilmişdir.
17. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 789547 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin may ayının qaiməsi olduğu bildirilmişdir.
18. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 230752 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin iyun ayının qaiməsi olduğu bildirilmişdir.
19. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 386870 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin iyul ayının qaiməsi olduğu bildirilmişdir.
20. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 263965 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin avqust ayının qaiməsi olduğu bildirilmişdir.
21. xx.xx.2024-cü il tarixli, EBCO seriyalı, 112100 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1570 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin fevral ayının qaiməsi olduğu bildirilmişdir.
22. xx.xx.2024-cü il tarixli, EBDC seriyalı, 849637 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2480 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində xx.xx.2022-ci il tarixli, KD202209/030 saylı müqavilə qeyd edilmiş, həmin müqavilə üzrə 2023-cü ilin aprel ayının qaiməsi olduğu bildirilmişdir.
23. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00732413 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15289,9999 manat (ƏDV daxil) təşkil edir. Qaimədə göstərilmiş xidmətlər hissəsində Ethernet Port qeyd edilmiş, qaimənin yanvar-avqust aylarında göstərilmiş xidmətə görə tərtib olunduğu qeyd edilmişdir.
24. xx.xx.2023-cü il tarixli, Mİ-********** saylı ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1200 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 789547 saylı qaimə göstərilmişdir.
25. "xxxx" MMC tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, borclara görə hesablanmış 29449,99 manat borcun xx.xx.2024-cü il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
28. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, KD202209/030 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı balansında olan texniki resursların (fiber optik kabel liflərinin, kabel-kanalizasiya qurğularının, telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) sifarişçi tərəfindən istifadəsini, həmçinin icraçıya məxsus inzibati və texniki binalarda sifarişçiyə məxsus avadanlıqların yerləşdirilməsini, icraçıya məxsus sifarişçi xətt şəbəkəsindən texniki imkanlar daxilində istifadəni, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsini təmin etmək, sifarişçi isə göstərilən xidmətlərin qarşılığında müqavilə ilə razılaşdırılmış xidmət haqlarını icraçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasında müqavilənin bağlanması, müəyyən müddət ərzində müvafiq xidmətlərin göstərilməsi və ödənişlərin edilməsi, 2023-cü ilin sentyabr ayından etibarən tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal iddiaçı tərəfindən ödənilməmiş qaldığı iddia olunan xidmət haqları (xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilən yuxarıda qeyd olunan 3 elektron qaimə (ümumi məbləği 19339,99 manat) və digər qaimələr üzrə) ilə bağlı olmuşdur.
29. İddiaçı 2023-cü ilin fevral ayından avqust ayınadək xidmətin göstərilməsinə baxmayaraq, xidmət müqaviləsi üzrə 29499,99 manat ödənilməmiş məbləğin qaldığını iddia edərək, cavabdehdən həmin məbləğin tutulmasını xahiş etmiş, cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıya müqavilə üzrə ödənilməmiş məbləğin qalmadığını, borcunun olmadığını, iddia tələbinin məbləğindən asılı olmayaraq əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Məhkəmənin qənaətinə əsasən iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı və Cavabdehndən 7810 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.
31. Belə ki, məhkəmənin qənaətinə əsasən borc məbləği hesablanarkən xx.xx.2024cü il tarixdə göndərilən elektron qaimələrdə göstərilən məbləğlər cavabdehdən tutula bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən xidmətlərin dəyəri aylıq ödənilir. Ödənişlər “İcraçı" tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir. Ödənişlər hesab-fakturanın təqdim edilməsindən sonra 3 (üç) bank günü ərzində həyata keçirilməlidir. Təqdm olunan elektron qaimələrdən də müəyyən olunur ki, cavabdehə hər ay elektron qaimələr göndərilmiş və qaimələrin əsasında da ödənişlər edilmişdir (təqdim olunan, hazırkı mübahisə ilə bağlı olmayan qaimə və ödəniş sənədlərindən müəyyən olunur). Belə olan təqdirdə 2023-cü ilin fevral və digər ayları üzrə olan qaimələrin tərəflər arasında müqaviləyə xitam verildikdən 7 ay sonra cavabdehə göndərilməsi başadüşülən deyil, nəzərə alınsa ki, müvafiq xidmətlərin göstərilməsini təsdiq edən digər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh fəaliyyəti xx.xx.2023-cü ildən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır.
32. Məhkəmə belə nəticəyə gəlmişdir ki, təqdim olunan 2023-cü ilin mart, may, iyun, iyul və avqust ayında cavabdehə göndərilmiş elektron qaimələr üzrə olan məbləğlər, may ayı üzrə edilmiş qismən ödəniş çıxılmaqla ((2480X4+1570)-1200=7810) cavabdehdən tutulmalıdır.
33. Eləcə də, iddiaçı ödənilmiş 178,5 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
34. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 47,26 manat manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7810 (yeddi min səkkiz yüz on) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,26 manat (qırx yeddi manat iyirmi altı qəpik) olmaqla, cəmi 7857,26 manat (yeddi min səkkiz yüz əlli yeddi manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova