Məhkəmə qərarları › İş №e-2-2(113)-7362/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7362/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7362/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 186,87 manat borc, 30 manat hüquqi yardım xərci və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cərmi 246,87 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında gömrülk təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən əlavələrlə qarşılıqlı razılaşma ilə müəyyən edilmiş dəyərdə İddiaçı MMC olaraq broker xidmətini göstərilməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə öhdəliklərini yerinə yetrisələr də, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa, borc vaxtında ödənilmədiyi üçün əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşlar. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən sifarişçiyə broker xidməti göstərilməyini öhdələrinə götürmüşlər. Halbuki müqavilənin 2.2.1-ci bəndinə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Nəticədə, iddiaçıya 186,87 manat borc yaranmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi ödəməni gecikdirdiyi hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu ödəməlidir. Bundan başqa, borc vaxtında ödənilmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. Artıq uzun müddət keçsə də, borcun ödənilməsi üçün cavabdeh heç bir hərəkət etməmişdir. Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 1-də göstərilir; idxal bəyannaməsi, elektron qısa bəyannamə və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 186,87 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimələr təqdim edilmişdir. Cavabdehə göstərilmiş xidmətlər üzrə ödənişlər edilmiş, bu iki qaimə üzrə ödənişlər edilməmişdir. İki qaimə üzrə ödənilməmiş 186,87 manat borc qalmışdır. Cavabdehə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borc ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 104-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443, 787.1, 788-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MMC ilə təmsilçi qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 22/0459 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu müqaviləyə əlavə edilmiş 1 nömrəli protokolda (“Protokol № 1”) göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən söstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokol № 1-də öz əksini tapır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təmsilçi sifarişçiyə müqaviləyə əlavə Protokol № 1-də göstərdiyi xidmət növünə əsasən hesab-faktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 3 (üç) iş günü ərzində köçürmə yolu ilə təmsilçinin hesabına ödənilməlidir.

6. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/0459 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş xidmətlərin qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/0459 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 02 nömrəli zəruri sənədlərin adları (təsnifatı) adlı əlavədə zəruri sənədlərin adları, təsnifatı qeyd edilmişdir. 2 nömrəli Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 720917 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 44,50 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 720919 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 168 manat (ƏDV daxil) təşkil edir.

10. İddiaçı tərəfindən iş materiallarına gömrük bəyannamələri əlavə edilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 22/0459 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir, yəni iddiaçı cavabdehə broker xidməti göstərilməsi üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

15. İddia tələbi cavabdehdən əsas borca görə 186,87 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 186,87 manat (yüz səksən altı manat səksən yeddi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

17. Eləcə də, iddiaçı 30 manat hüquqi yardım xərci və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hüquqi yardım xərcinə münasibətdə qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 600 manat məbləğində vəkil bürosuna edilmiş ödəniş tapşırığından hüquqi yardımın hazırkı iş üzrə göstərilməsini müəyyən etmək mümkün olmamışdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 186,87 manat (yüz səksən altı manat səksən yeddi qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 216,87 manat (iki yüz on altı manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar