Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7444/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi, borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: podrat müqaviləsi, əmlakın təhvil verilməsi, pul Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi, borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetini, birinci tərəf (cavabdeh) Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 245 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 2 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada “Mülkiyyətçi”nin (iddiaçı) söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 58,8 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 15% əlavə etməklə, yeni tikiləcək binanın 1-ci mərtəbəsində təmirli, ümumi sahəsi 70,56 kv.m olan qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”nin mülkiyyətinə verməsi, “Mülkiyyətçi”nin isə söküləcək qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsi təşkil edir. 1.1. 2.1-ci bəndinə əsasən, 2.1.1. Söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyriyaşayış sahəsinin boşaldılması və "xxxx" MMC-yə təhvil verilməsi, 2.1.2. yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 600 manat kirayə haqqı almaq mülkiyyətçinin vəzifələridir. 1.2. 2.2-ci bəndinə əsasən, 2.2.1. Yaşayış üçün təhlükəli olan mövcud binadakı qeyriyaşayış sahəsindən “Mülkiyyətçi”nin müvəqqəti köçürülməsi üçün “Mülkiyyətçi”yə 300 manat məbləğində vəsaiti ödəmək; 2.2.2. Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 dəfə “Mülkiyyətçi”yə ödənilməsini təmin etmək; 2.2.3. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə qeyri-yaşayış sahəsini təhvil vermək; 2.2.4 Yaşayış binasını müvafiq qaydada Dövlət Komissiyasına təhvil vermək "xxxx" MMC-nin vəzifələridir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
2. İddiaçı 06 fevral 2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi 70,56 kv.m. olan qeyri-yaşayış sahəsinin müqavilə şərtinə uyğun təmirli şəkildə və qeyri-yaşayış sahəsinə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin ona təhvil verilməsi, 18000 manat məbləğində pul və ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında “qeyri yaşayış sahəsinin tikintisi haqqında” 06 fevral 2018-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilədə cavabdehə yüksəkmərtəbəli, çoxmənzilli bina tikintisinə icazə verilmiş ərazidə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, 2 saylı evin, 1-ci mərtəbəsində yerləşən və kommersiya fəlaiyyəti həyata keçirilən ümumi sahəsi 58,8 kv.m. olan sahənin tikinti altına verməyi, onun əvəzində MMC tərəfindən həmin ünvanda tikiləcək yeni binanın 1-ci mərtəbəsində ümumi sahəsi 70,56 kv.m. olan qeyri-yaşayış sahəsini təmirli şəkildə ona təhvil verilməsi qarşılıqlı öhdəliklərlə şərtləndirilmişdir. Müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan əmlaka görə razılaşdırılmış şərtə uyğun olaraq, əmlakı yerində MMCyə təhvil vermiş, tələb olunan müvafiq razılıq ərizəsi və arayışları MMC-yə təqdim etmişdir. MMC tərəfindən əmlak ondan qəbul edilmiş, sökülmüş və yerində yeni bina tikilmişdir. Bununla da iddiaçı müqavilədə razılaşdırılmış qeyri-yaşayış sahəsinin əvəzində özünə məxsus əmlakı verməsi ilə bağlı öhdəliyini tam şəkildə icra etmişdir. Nəticədə yəni nə qədər ki, iddiaçı müqavilədə müəyyənləşdirilmiş əmlakın əvəzini tam şəkildə əmlak verməklə ödəmiş və həmin əmlaka dair hüququnu əldə etmiş olur. Buna qarşılıq cavabdeh adı çəkilən qeyri-yaşayış sahəsini onun əməli istifadəsinə verməyə və mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədləri təqdim etməyə borcludur. Tərəflər arasında mövcud müqavilənin 2.2.3cü bəndində razılaşdırılmış şərtə əsasən MMC yeni tikilən binanın bünövrəsini qoyulduqdan sonra 18-24 ay müddətində tikinti işlərini başa çatdırıb, qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməlidir. Baş vermiş COVİD 19 pandemiyası ilə bağlı tikinti işləri bir müddət ləngisə də, bina tam şəkildə tikilib, istismara təhvil verilmişdir. Müqavilə üzrə iddiaçıya verilməsi şərtləndirilmiş 70,56 kv.m. qeyri-yaşayış sahəsi (obyekt) binanın 1-ci mərtəbəsində hazırdır. Lakin müqavilədə iddiaçıya təhvil verilməsi MMC-nin öhdəliyi olan qeyri-yaşayış sahəsi indiyə kimi iddiaçıya təhvilini təmin etmir. Bununla da cavabdeh qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməmişdir. Həmçinin müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni tikilən binadan adı çəkilən qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verildiyi anadək hər ay üçün ona 600 manat kirayə haqqı ödənilməlidir. Müqavilədə razılaşdırılmış 600 manat aylıq kirayə haqqı, mütəmadi olaraq 2022-ci ilin noyabr ayı daxil olmaqla vaxtında ödənilmiş və son olaraq xx.xx.2022-ci il tarixdə ödənişi edilmişdir. Ondan sonra ara-sıra bir neçə dəfəyə, son olaraq xx.xx.2024-cü il tarixdə 200 manat, cəmi 3.500 manat ödənilmişdir. Bununla da cavabdeh müqavilə üzrə şərtləndirilmiş aylıq kirayə haqqının ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyini də tam yerinə yetirmir. İddianın 4 ay məhkəmədə baxılacağı və 1 ay qüvvəyə minməsi müddətlər baxımında, bununla bağlı ödənilməmiş məbləğ 18.100 (36 ay x 600 man. = 21.600 man – 3.500 man) manat təşkil edir. Qeyri-yaşayış sahəsinin təhvil verilməsi üçün cavabdeh tərəfin rəhbəri ilə dəfələrlə görüşüb məsələnin həll edilməsi tələb edilmiş, daha sonra da rəsmi olaraq xx.xx.2025-ci il tarixdə prenteziya göndərilmiş, cavabdeh prentenziyanı almış, lakin hərəkətsizliyi üzündən məsələni məhkəmədən kənar həlli mümükün olmamışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
4. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
5. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (2018-ci il iyulun 1-dək qüvvədə olan mətn).
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
18. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanunu:
19. Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
20. Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri yaranmışdır.
27. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya daha çox şəxsin öz mənafelərini gerçəkləşdirmək üçün daxil olduqları (yaxud olacaqları) münasibətlərini formalaşdıran hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilə azadlığı həm də onu nəzərdə tutur ki, tərəflər onun məzmununu şüurlu olaraq öz risklərini və imkanlarını nəzərə alaraq gerçəkləşdirə biləcəkləri öhdəliklərinin həddinə mütənasib olaraq müəyyən etməlidirlər.
28. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdehin əsas öhdəliyi Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 2 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 58,8 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 15% əlavə etməklə, yeni tikiləcək binanın 1-ci mərtəbəsində təmirli ümumi sahəsi 70,56 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə vermək, habelə yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsi təhvil verdiyi andan aylıq 600 manat kirayə haqqını ödəmək, iddiaçının əsas öhdəliyi isə söküləcək qeyri-yaşayış sahəsini cavabdehin istifadə və sahibliyinə verməkdən ibarət olmuşdur.
29. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış qeyri-yaşayış sahəsini cavabdehin istifadə və sahibliyinə vermişdir.
30. İddiaçı öz öhdəliyini tam yerinə yetirməsinə baxmayaraq cavabdeh müqavilənin 2.2.3-cü bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18- 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya qeyri-yaşayış sahəsini təhvil verməklə bağlı öhdəlik götürsə də, bu öhdəliyini pozaraq sahəni hələ də iddiaçıya təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, heç şübhəsiz ki, cavabdeh sözügedən müqavilənin şərtlərini öz iradəsi ilə müəyyən etmiş və bu zaman öhədəliyini hansı müddətə icra etməsi riskini də qiymətləndirərək ona uyğun olaraq üzərinə öhdəlik götürmüşdür. Lakin hansı səbəbdən öhdəliyini həmin müddət ərzində yerinə yetirə bilməməsi, öhdəliyini vaxtında icra edə bilməməsinin onun iradəsindən asılı olmayan səbəblərdən əmələ gəldiyi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsi tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsinin müqavilə şərtinə uyğun təmirli şəkildə və qeyri-yaşayış sahəsinə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlərin cavabdeh tərəfindən ona təhvil verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
31. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinə dair hüququn dövlət reyestrində qeydiyyata alınması üçün sənədlərin cavabdeh tərəfindən verilməsi hissəsində də iddia əsaslıdır.
32. Mülki Məcəllənin 178.8-ci maddəsində kooperativin üzvü olan şəxslərin kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün mülkiyyət hüququnun əldə edilməsi əsasları nəzərdə tutulmuşdur (həmin maddə 2018-ci ilin 1 iyul tarixinədək qüvvədə olmuşdur). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun yuxarıda qeyd edilən müddəalarında isə daşınmaz əmlakın dövlət reyestrində qeyydiyyat üçün tələb edilən sənədlərin sihayısı konkret göstərilmişdir ki, həmin sənədlər sırasında mənzil-tikinti kooperativi binasında qeyri-yaşayış sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), habelə daşınmaz əmlaka dair notarial qaydada bağlanmış müqavilənin olduğu xüsusilə qeyd olunmuşdur. Bunlardan əlavə, yaşayış, yaxud qeyri-yaşayış sahəsini əldə edən şəxs tərəfindən ödənişin edilməsi üçün mənzil kooperativi tərəfindən ona verilən ödəniş sənədi (maliyyə arayışı), həmçinin, sahənin əldə edilməsi barədə tərəflər arasında bağlanmış müqavilə də qeydiyyat üçün əsaslar qismində çıxış edir.
34. İş materiallarından isə məlumdur ki, iddiaçının əldə edəcəyi qeyri-yaşayış sahəsi isə pul ödənişi qarşılığında deyil, əvvəllər iddiaçıya məxsus 58,8 kv.m. qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi əvəzinə 70,56 kv.m.-dən qeyri-yaşayış sahəsinin verilməsini nəzərdə tutur.
35. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş pay haqqını özünə məxsus əmlak hesabına natura şəkildə ödədiyindən sözü gedən qeyri-yaşayış sahəsinı sahiblik və istifadə hüququ əldə etmişdir. O, qanunvericiliyin də müəyyən etdiyi (Mülki Məcəllənin 157.8-ci maddəsi) mənada qeyri-yaşayış sahəsinə dair əmlak hüquqlarına malik olduğundan faktiki olaraq mülkiyyətçi kimi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).
36. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
37. Şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquq müəyyən edici sənədlərin cavabdeh tərəfindən iddiaçıya verilməsi sonuncunun mülkiyyət hüququnun realizəsi üçün zəruri oldğundan iddia həmin hissədə təmin edilməlidir.
38. Məhkəmə hesab edir ki, iddia kirayə haqqının ödənilməsi hissəsində də əsaslıdır.
39. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən, cavabdeh yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil aldığı andan aylıq 600 manat kirayə haqqı ödəməklə bağlı öz üzərinə daha bir öhdəlik götürmüşdür. İddiaçı cavabdeh tərəfindən aylıq kirayə haqqını 2022-ci ilin noyabr ayı da daxil olmaqla tam ödənildiyini, həmin vaxtdan hal-hazıradək cəmi 3500 manat ödəniş etmişdir.
40. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən aylıq kirayə haqqı kimi 2022-ci ilin dekabr ayında 600 manat, 2023-cü ilin – avqust ayında 600 manat, sentyabr ayında 300 manat, oktyabr ayında 600 manat, dekabr ayında 500 manat, həmçinin, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat və xx.xx.2024cü il tarixdə 200 manat olmaqla, cəmi 3800 manat ödəniş etmişdir.
41. İddiaçının vəkili və nümayəndəsi iddianın dəqiqləşdirilməsi üçün sonradan ərizələrin verilməməsi səbəbindən işin məhkəmədə baxıldığı 4 aylıq müddəti də nəzərə alaraq iddia ərizəsində təhvil verilən günədək 2022-ci ilin noyabr ayından 2025-ci ilin 18 mart tarixinədək ödənilmiş 3500 manat kirayə haqqı çıxıldıqdan sonra qalan 18000 manat (36x600=21600; 21600-3500=18100) ödənilməsini tələb edirlər.
42. Məhkəmə iddia tələbini, iddaçının nümayəndəsinin izahatlarını, habelə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, qeyri-yaşayış sahəsinin təhvil verilən günədək kirayə haqqının ödənilməsi qeyri-müyyən olduğundan və bu hal qətnamənin icrasında qeyrimüəyyənlik yaradacağından kirayə haqqı ödənişi üçün yalnız qətnamənin qəbul olunduğu müddət əsas götürülə bilər. Bu halda ödənişlər də nəzərə alınmaqla, ödənilməmiş kirayə haqqı müddəti 2023-cü ilin yanvar ayından 2026-cı ilin yanvar ayı da daxil olmaqla 37 ay üçün hesablanmalıdır. Bu zaman cavabdehdən tutulacaq kirayə haqqı aşağıdakı kimi8 olacaqdır: 37 ay x 600 manat = 22200 manat; 22200 manat – 3800 manat (12.2022 – 03.2025-ci ilədək ödənilmiş kirayə haqqı məbləği) = 18400 manat.
43. Göründüyü kimi, cavabdehin qeyd edilən 37 ay üzrə qeyri-yaşayış sahəsinin kirayəsinə görə iddiaçıya ödəmədiyi pul məbləği 18400 manat bərabər olmuşdur. Lakin iddiaçı 18000 manat kirayə haqqının ödənilməsini tələb etdiyindən məhkəmə hesab edir ki, kirayə haqqı ilə bağlı iddia iddiaçının tələbi etdiyi həcmdə təmin edilməlidir. AR MPM-nin 218.3-cü maddəsi də tələb edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Məhkəmə hesab edir ki, iddiaçının əsas tələbi üzrə iddiası təmin edildiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 06 fevral 2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi 70,56 kv.m. olan qeyri-yaşayış sahəsi müqavilə şərtinə uyğun təmirli şəkildə və qeyri-yaşayış sahəsinə dair hüququn reyestr qeydiyyatına alınması üçün tələb olunan sənədlər İddiaçı təhvil verilsin. 18000 manat məbləğində pul və ödənilmiş 145 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı