Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-747/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı kommersiya mübahisəsi Açar sözlər: rabitə xidmətlərinin göstərilməsinə görə pulun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh QSC (sifarişçi) arasında rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2016-cı il tarixli AZRT-SD-033/xx-xx-2016 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1. Bu Müqaviləyə əsasən Azərtelekom Sifarişçinin yazılı xidmət sifarişlərinə əsasən (bundan sonra "Xidmət Sifarişi " adlanacaq) Sifarişçiyə SİP nömrələrin ayrılması vasitəsi ilə rabitə xidmətlərini (bundan sonra "Xidmət" adlanacaq) göstərəcək Sifarişçi isə həmin Xidmətə görə bu Müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyəcək. - 3.8. Ödəniş Azərtelekom tərəfindən fakturanm təqdim edilməsindən sonra Sifarişçi tərəfindən 10 (on) iş günü ərzində edilməlidir. - 4.1. Hazırkı Müqavilə preambulasında göstərilmiş tarixdə qüvvəyə minir və 1 il müddətinə etibarlı olacaq. - 4.2. Əgər Tərəflərdən heç biri Müqavilənin başa çatmasına 60 (altmış) təqvim günü əvvəl Müqaviləyə xitam verməklə bağlı yazılı tələbi təqdim etməzsə, o zaman Müqavilə hər dəfə avtomatik olaraq növbəti 1 (bir) il müddətinə uzadılacaq. - 4.3. Hazırkı Müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər: - 4.3.1. hər hansı Tərəfin digər Tərəfə 60 (altmış) təqvim günü əvvəlcədən yazılı bildiriş verməsi ilə; - 4.3.2. hər hansı Tərəf davamlı olaraq (iki və daha çox) və ciddi şəkildə Müqavilə şərtlərini pozan zaman, digər Tərəfin yazılı bildirişi əsasında dərhal. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesab (invoice) arayışına əsasən Cavabdeh QSC-nin xx.xx.2016-cı il tarixli AZRT-SD-033 nömrəli müqavilə üzrə göstərilən xidmətlərə görə xx.xx.2016-xx.xx.2019-cu il dövr üzrə İddiaçı MMC-yə olan borcu 81,99 (12,51 manat ƏDV daxil) manat təşkil edir.
3. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi trələb edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı Cavabdeh QSC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 81,99 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında imzalanmış 03 may 2016-cı il tarixli, AZRT-SD-033/xx-xx-2016 saylı “rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə SİP nömrələrin ayrılması vasitəsi ilə rabitə xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 81,99 manat ödənilməmiş borcu qalmışdır.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2 və 448-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmasa da cavabeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilərək, hazırki tələbə iddia müddətini tətbiq edilməklə iddianı tamamilə rədd edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı yuxarıda qeyd edilmiş müqavilədən irəli gələn 2019-cu il üzrə ödənilməmiş borcun olması barədə 2023-cü ilin sentyabr ayınadək cavabdehə heç bir məlumat verməmiş və ödənilməsi üçün hesab-faktura təqdim etməmişdir. Cavabdehin qeyd edilən hesab-fakturanı araşdırılması üçün təqdim edilməsinə iddiaçı rədd cavabı vermişdir. Hesab edirlər ki, iddia qanunsuz və əsassız olmasından əlavə müqavilənin tələbləri ilə bağlı iddia müddəti keçmişdir. Onlar qeyd olunan iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını və qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin təmin olunmamasını zəruri hesab edirlər. Belə ki, əsasında ödəniş edilmədiyi iddia olunan hesab-fakturanın tarixindən 4 ildən çox vaxt keçmişdir və bu müddətdə də iddiaçının bundan xəbəri olmuşdur.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
12. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. AR Mülki Məcəlləsinin: - 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
14. MPM-in: - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
17. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh QSC-yə rabitə xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 81,99 manat borcu yaranmışdır.
20. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
21. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi xidmət haqqı borcu 2019-cu ilin 26 iyulunadək olan müddətdə göstərilmiş rabitə xidmətlərinə görə yaranmış, bundan əlavə cavabdeh tərəfindən sözügedən hesab-faktura üzrə hər hansı ödəniş etməmişdir.
22. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, İddiaçı MMC hüquqlarının pozulduğunu bilməli olduğu vaxtdan 4 ildən çox müddət keçdikdən sonra - 2023-cü ilin dekabr ayında hazırkı iddianı verməklə (mediasiya prosessinin müddəti də nəzərə alınmaqla) müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, pulun tutulması barədə iddia tələbi rədd edilməlidir.
24. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh QSC-yə qarşı pul tələbinə tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva