Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7482/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1030/17 nömrəli müqavilə üzrə 25311 manat, 329/17 nömrəli müqavilə üzrə 42933,12 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 296 dövlət rüsumunun, ümumilikdə 68 540,12 manat məbləğin cavabdehdən tutularaq, iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət edilərək, Bakı şəhəri, Nizami rayonu, M. Abbasov küçəsi, 2538- ci məhəllədə inşa olunacaq zirzəmili, 14(on dörd) mərtəbəli yaşayış binasının və ünvan 1 ünvanında inşa olunacaq 4(dörd) bloklu, 2(iki) səviyyəli zirzəmi ilə, 17 mərtəbəli yaşayış binaların tikintisində istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 1030/17 nömrəli xx.xx.2017-ci il tarixli və 329/17 nömrəli xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 25311,00 (İyirmi beş min üç yüz on bir manat 11 qəpik) olan 1030/17 nömrəli müqavilə üzrə 25311,00 (İyirmi beş min üç yüz on bir manat 11 qəpik) manat , 329/17 nömrəli müqavilə üzrə 42933,12 (Qırx iki min doqquz yüz otuz üç manat 12 qəpik) manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına ElmiTədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçıının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
4. Məhkəmə iclasının iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 329/17 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən sifarişçi həvalə edir, icraçı isə ünvan 2 ünvanında inşa olunacaq 4 (dörd) bloklu, 2 (iki) səviyyəli zirzəmi ilə, 17 (on yeddi) mərtəbəli (1-ci mərtəbə qyei-yaşayış) yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən Binalar üzrə (D-L : 1-37 oxlar arası hissəsi) ümumi sınaq sahəsi - 36384,00 m2-dir, o cümlədən: - İ hissə üzrə (1+11, A+D oxlar arası) - 17280,00m2; - İİ hissə üzrə (12+17, C+G oxlar arası) - 10464,00m2; - İİİ hissə üzrə (18+23, A+D oxlar arası) - 8640,00m2; Sınaq işlərinin hər m2 üçün - 1.00 AZN (bir manat, 00 qəpik) dəyərində razılaşdırılır və bu Müqavilənin 2.1. bəndi üzrə ümumi qiymət (ƏDV-siz) - 36384,00 manat təşkil edir. ƏDV- 18% - 6549,12 manat, cəmi: 42933,12 manat.
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 1030/17 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən sifarişçi həvalə edir, icraçı isə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa olunacaq zirzəmili, 14 (on dörd) mərtəbəli, “A” və “B” bloklu yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti üzrə ümumi sınaq sahəsi - 21450,00 m2dir, o cümlədən: A bloku üzrə - 12490,00m2 B bloku üzrə - 8960,00m2 Sınaq işlərinin hər m2 üçün - 1,00 AZN (bir manat, 00 qəpik) dəyərində razılaşdırılır və Müqavilənin ümumi qiyməti (ƏDV-siz) - 21450,00 manat təşkil edir. ƏDV-18% - 3861,00 manat, cəmi: 25311,00 manat.
10. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
11. Belə ki, hazırkı iş üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
14. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur.
15. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır.
16. İddia ərizəsində iddiaçı cavabdehlə aralarında imzalanmış 1030/17 nömrəli podrat müqaviləsi üzrə 25311 manat, 329/17 nömrəli podrat müqaviləsi üzrə 42933,12 manat həcmində işi icra etdiyini, lakin cavabdeh tərəfindən hər hansı muzdun ödənilmədiyini bildirir.
17. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
18. Məhkəmə qeyd edir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Buna görə də 1030/17 nömrəli podrat müqaviləsi üzrə 25311 manat, 329/17 nömrəli podrat müqaviləsi üzrə 42933,12 manat həcmində işin görüldüyünü sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
21. İddiaçı bununla bağlı Məhkəməyə görülmüş işlərə dair çoxsaylı sınaq nəticələri (hesabatlar) təqdim etmişdir.
22. Lakin Məhkəmə hesab edir ki, həmin sənədlər hazırkı iş üzrə iddiaçı tərəfindən podrat müqavilələri üzrə öhdəliklərin icra edildiyini təsdiq edən mötəbər sübutlar qismində nəzərə alına bilməz.
23. Belə ki, həmin sənədlər birtərəfli qaydada tərtib edilmiş, yalnız iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur.
25. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
26. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir.
27. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən iddia ərizində göstərilənlərin (cavabdehlə bağlanmış podrat müqavilələri üzrə işlərin icra edilməsi) təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
28. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
29. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqavilələri üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda cavabdehin podrat müqavilələri üzrə muzd ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
32. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
33. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
34. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 296 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 296 (iki yüz doxsan altı) manat dövlət rüsumu iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova