Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-749/2024 16.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, telekommunikasiya xidmətlərin göstərilməsi müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları:
1. İddiaçı MMC Cavabdeh MMC-dən 88,50 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 08 may 2018-ci il tarixli, AZRT/2018/205 saylı “telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 88,50 manat ödənilməmiş borcu qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 08 may 2018-ci il tarixli AZRT/2018/205 nömrəli telekommunikasiya xidmətlərin göstərilməsi müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı “sifarişçi”yə telekommunukasiya xidmətlərini göstərir, sifarişçi isə xidmət müqabilində İddiaçıa xidmət haqqı ödəyəcək. 3.1-ci bəndinə əsasən xidmət üçün aylıq xidmət haqqı və tətbiq edilirsə, birdəfəlik quraşdırma haqqı XSF-da ƏDV xaric göstərilir. 3.5-ci bəndinə əsasən Azərtelekom aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 iş günü ərzində qarşılıqlı şəkildə aylıq təhvil-təslim aktı əsasında təqdim edir. 3.6-cı bəndinə əsasən ödəniş İddiaçı tərəfindən fakturanın təqdim edilməsindən sonra sifarişçi tərəfindən 30 təqvim günü ərzində edilməlidir.
6. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli AZRT/2018/205 saylı müqaviləyə 2 saylı qoşmadan məlum olur ki, internet xidmətləri ilə bağlı aylıq 125 manat (ƏDV xaric) tərəflər arasında razılaşdırılmışdır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hesab fakturada xx.xx.2018-ci il tarixli AZRT/2018/205 saylı müqavilə üzrə xx.xx.2018-xx.xx.2019 dövr üçün 88,50 manat (ƏDV daxil) ödəniləcək məbləğ hesablanmışdır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda 88,50 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında 08 may 2018-ci il tarixli AZRT/2018/205 nömrəli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı Cavabdeh MMC-yə telekommunukasiya xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə xidmət haqqının ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
13. Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəlikləri tam icra edilmiş, lakin cavabdeh tərəfindən üzərinə düşən öhdəlikləri icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş sənədlərlə iddiaçının tələbinin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 88,50 manat ödənilməmiş borc məbləği Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
14. Eləcə də, iddiaçı 20 (iyirmi) manat ödənilmiş mediasiya dair xərcin və 10 (on) manat dövlət rüsumunun da, cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
15. Hesab edirəm ki, iddia tələbi təmin edildiyindən mediasiyaya ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti və 10 (on) manat dövlət rüsumu da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 88,50 manat (səksən səkkiz manat əlli qəpik) ödənilməmiş borc məbləği, 20 (iyirmi) manat mediasiya xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov