Məhkəmə qərarları › İş №e-2-2(113)-750/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-750/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-750/2024 21.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi Açar sözlər: rabitə xidmətlərinin göstərilməsinə görə pulun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, AZRT/2018/196 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1.İddiaçı MMC ilə Cavabdeh MMC (sifarişçi) arasında rabitə xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli AZRT/2018/196 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1. Bu Müqaviləyə əsasən Azərtelekom Sifarişçinin yazılı xidmət sifarişlərinə əsasən (bundan sonra "Xidmət Sifarişi " adlanacaq) Sifarişçiyə SİP nömrələrin ayrılması vasitəsi ilə rabitə xidmətlərini (bundan sonra "Xidmət" adlanacaq) göstərəcək Sifarişçi isə həmin Xidmətə görə bu Müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyəcək. - 3.6. Azərtelekom hər ayın sonunda Sifarişçiyə imza üçün ay ərzində göstərilmiş xidmtəin təhvil-təslim aktını təqdim edir. Sifarişçi həmin aylıq təhvil-təslim aktını təqdim edildiyi tarixdən 7 iş günü ərzində imza edib geri qaytarmalıdır və ya imza etməkdən imtina etdikdə bunun yazılı səbəbin Azərtelekoma təqdim etməlidir. - 3.7. Azərtelekom aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 iş günü ərzində qarşılıqlı şəkildə imzalanmış aylıq təhvil-təslim aktı əsasında təqdim edir. - 3.8. Ödəniş Azərtelekom tərəfindən fakturanm təqdim edilməsindən sonra Sifarişçi tərəfindən 10 (on) iş günü ərzində edilməlidir. - 4.1. Hazırkı Müqavilə preambulasında göstərilmiş tarixdə qüvvəyə minir və 1 il müddətinə etibarlı olacaq. - 4.2. Əgər Tərəflərdən heç biri Müqavilənin başa çatmasına 60 (altmış) təqvim günü əvvəl Müqaviləyə xitam verməklə bağlı yazılı tələbi təqdim etməzsə, o zaman Müqavilə hər dəfə avtomatik olaraq növbəti 1 (bir) il müddətinə uzadılacaq. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir. 2.İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesab (invoice) arayışına əsasən Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli AZRT/2018/196 nömrəli müqavilə üzrə göstərilən xidmətlərə görə xx.xx.2018-xx.xx.2019-cu il dövr üzrə İddiaçı MMC-yə olan borcu 84 (12,81 manat ƏDV daxil) manat təşkil edir. 3.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi trələb edilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri 4.İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 84 manat ödənilməmiş borc məbləğinin, 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli AZRT/2018/196 saylı “rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə SİP nömrələrin ayrılması vasitəsi ilə rabitə xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 84 manat ödənilməmiş borcu qalmışdır. 6.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2 və 448-ci maddələrinə istinad etmişdir b) İddiaya qarşı etirazın dəlilləri 7.İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır. b) İşdə iştirak edən şəxslər və onların izahatları 8.Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, iddia ərizəsində borcun yaranma əsası göstərilməyib, sadəcə 84 manat borcun mövcudluğu qeyd edilmişdir. Onlar hər ay ödənişləri etmişlər, borcları qalmayıb. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əvvəl şəhərlərarası telefon nömrələri olub, sonradan mobil nömrələrə keçdilər. 2018-ci ildə qarşı tərəfə müqavilənin dayandırılması ilə bağlı müraciət etdilər, müqaviləni dayandırdılar. Müraciət etdikləri zaman borcları qalmamışdır. 9.Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir..

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə rabitə xidmətləri göstərmişdir.

18. Hazırda İddiaçı MMC tərəflər arasında bağlanmış rabitə xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh MMC-nin 84 manat ödənilməyən xidmət haqqı borcunun qaldığını iddia edir, cavabdeh isə öz növbəsində iddiaçıya heç bir borclarının olmadığını bildirir.

19. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin ona 84 manat məbləğində ödənilməmiş borcunun olduğunu qeyd etsə də, həmin borcun yaranması əsaslarını (göstərilən xidmətlərin həcmi, növləri, dəyəri və s.) konkretləşdirməmiş, eləcə də hesab-fakturada göstərilmiş müddət ərzində cavabdehin rabitə xidmətlərindən istifadə etməsini təsdiq edən mötəbər sübutları, o cümlədən müqavilənin 3.7-ci bəndinə əsasən hesab-fakturanın əsasında tərtib edilməli olduğu qarşılıqlı imzalanmış təhvil-təslim aktını məhkəməyə təqdim etməmişdır.

20. İddiaçı cavabdehin ona 84 manat məbləğində ödənilməmiş borcunun olduğunu təsdiq edən yeganə sübut kimi birtərəfli qaydada tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab (invoice) arayışı təqdim etmişdir ki, sözügedən sənəd cavabdehin iddiaçının qarşısında pul öhdəliyinin mövcud olması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması barədə iddia tələbi rədd edilməlidir.

22. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar