Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7579/2025 17.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, xidmət haqqı Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 2022/ST-050 saylı “Sumqayıt Yük Terminalı” Xidmətlərinin göstərilməsinə dair müqavilə (bundan sonra – Xidmət müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən “Terminal” (iddiaçının etibarnamə üzrə nümayəndəsi “Sumqayıt Yük Terminalı”) Müştərinin (cavabdehin) sifarişinə əsasən, öz terminalında boş və ya dolu vaqonların (konteynerlərin) təhvil alınması, yoxlanılması, saxlanması və daşınması, terminalın ərazisində hərəkət edilməsi, yükün yüklənməsi və boşaldılması işlərinin yerinə yetirilməsi, boşaldılmış və göndərilməsi nəzərdə tutulan yüklərin açıq və qapalı yerlərdə müvəqqəti saxlanılması, konteynerlərlə və vaqonlarla bağlı yüklərin idxal və ixrac edilməsi, konteynerin və vaqonların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə yüklənməsi/boşaldılması və konteynerin dəmir yolu platformasına və ya yükün yük maşınından vaqona yerləşdirilməsi və tibbi-sanitariya yoxlamasının (nəzarətinin) aparılması sahələrində xidmət göstərməyi, “Müştəri” isə həmin göstərilmiş xidmətlər müqabilində “Terminal”a xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin: 2.1. 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən, Vaqon və Konteynerlərin gəlməsindən 24 saat əvvəl “Terminal”a konteynerlərin və vaqonların sayı və növü, tenninala təxmini çatma tarixi və vaxtı barədə məlumatları təqdim etmək, Sənədlər yükü təhvil alan tərəfindən təqdim edildikdən və hesabların ödənilməsindən sonra terminalın ərazisinə daxil olmaq, müvafiq konteynerin və vaqonların (yükün) boşaldılması qaydasını, və ya konteyneri və yükü "Terminal''ın anbarından təhvil almaq müştərinin öhdəlikləridir. 2.2. 5.1 və 5.2-ci bəndlərinə əsasən, "Müştəri" bu müqavilənin şərtlərinə uyğun olaraq, göstərilən xidmətin haqqını nağdsız qaydada ''Terminal”ın hesablaşma hesabına ödəməlidir. ƏDV-nin hesablanması Azərbaycan Respublikasının Vergi qanunvericiliyinə əsasən həyata keçirilir 2.3. 5.5-ci bəndinə əsasən, Xidmət haqqının ödənilməsi hesab-faktura təqdim edildikdən sonra 5 təqvim günü müddəti ərzində həyata keçirilir. 2.4. 5.6-cı bəndinə əsasən, Bu Müqavilənin 5.5-ci bəndində müəyyən olunmuş ödəmə müddəti Müştəri tərəfindən pozulduğu təqdirdə, “Terminal” “Müştəri”dən, ödəmənin hər gecikdirilmiş günü üçün ödənilməmiş məbləğin 1% məbləğində cərimənin ödənilməsini tələb etmək hüququna malikdir. Cərimənin ümumi məbləği ödənilməmiş məbləğin 10%dən artıq ola bilməz.
3. xx.xx.2022-ci il tarixli, 2022/ST-050 saylı müqaviləyə xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 3.1. Müştəri "xxxx" QSC-nin Yığım cədvəlinə uyğun olaraq ərazidə yüklü konteynerlərin saxlanmasına görə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hesablanmış 22066 manat (ƏDV daxil) məbləğində cəriməni 8 ay ərzində, hər ay 2 758,25 manat olmaqla ödəməyi öhdəsinə götürür (həmin Razılaşma üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iki dəfə 2337,50 manat əsas və 470,73 manat ƏDV ödənilmişdir). 3.2. Bu Əlavə razılaşma ilə tənzimlənməyən digər məsələlər 2022/ST-050 nömrəli, xx.xx.2022-ci il tarixli Müqavilə ilə tənzimlənir.
4. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 22514,4 manat məbləğində hesab faktura göndərilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə 2022/ST-050 saylı müqavilə təyinatı ilə cəmi 23706,2 manat məbləğində, 2021/M-101 saylı müqavilə təyinatı ilə cəmi 82900,5 manat məbləğində elektron qaimə-faktua göndərilmişdir.
5. İş materiallarına əlavə edilmiş və elektron qaydada tərtib edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2023-xx.xx.2025-ci il dövrü üzrə qarşılıqlı hesablaşmalar nəzərə alınmaqla, cavabdehin iddiaçıya ödənilməli borcu 25139,9 manat təşkil edir. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı 25139,90 manat məbləğində əsas borcun və ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 2513,99 manat məbləğində cərimənin, cəmi 27653,89 manat məbləğində pul vəsaitinin və ödənilmiş 172,96 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 22/ST-050 nömrəli, xx.xx.2022-ci il il tarixli terminal xidmətlərinin göstərilməsi dair müqavilə imzalanaraq mülki-hüquqi münasibətlər yaranmışdır. 01 noyabr 2024-cü il tarixində "xxxx" MMC-nin İddiaçı MMC-yə qoşulması baş vermiş və İddiaçı MMC yenidən təşkil edilərək onun hüquqi varisi elan olunmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq cavabdehə Sumqayıt Yük Terminalı ərazisində konteynerlər üçün saxlanc xidməti göstərilmişdir, lakin Cavabdeh Müqavilənin 5.1 və 5.5-ci bəndlərinin tələblərini pozaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlər müqabilində zəruri ödənişləri həyata keçirməmişdir. Cari tarixə cavabdehin iddiaçı qarşısında 25.139,90 manat məbləğində pul öhdəliyi mövcuddur. Belə ki, sözügedən borc məbləğinin təsdiqlənməsi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində Əlavə Razılaşmanın imzalanmasıdır. Həmin sənəd üzrə cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 22.066,00 manat borcun olmasını təsdiq edir və eyni zamanda həmin borcun ödənilməsi ilə bağlı öhdəlik götürür, lakin sonradan öhdəlikləri tam yerinə yetirməmiş olur. Əlavə Razılaşma imzalandıqdan sonra xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə əlavə olaraq 8590,40 manat məbləğində xidmət göstərir və beləliklə, ümumi borc 30.656,40 manat təşkil edir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində cavabdeh 2758,25 manat, ümumilikdə 5516,50 manat məbləğində ödəniş edir və şirkətin borcu 25139,90 manat məbləğində olur. Müqavilənin 5.6-ci bəndinə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 2513,99 manat məbləğində cərimə olmaqla, ümumilikdə borc məbləği 27653,89 manat təşkil edir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Aəzrbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
19. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsalıdır.
26. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
27. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2022/ST-050 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçının əsas öhdəliyi cavabdehin sifarişinə əsasən, öz terminalında boş və ya dolu vaqonların (konteynerlərin) təhvil alınması, yoxlanılması, saxlanması və daşınması, terminalın ərazisində hərəkət edilməsi, yükün yüklənməsi və boşaldılması işlərinin yerinə yetirilməsi, boşaldılmış və göndərilməsi nəzərdə tutulan yüklərin açıq və qapalı yerlərdə müvəqqəti saxlanılması, konteynerlərlə və vaqonlarla bağlı yüklərin idxal və ixrac edilməsi, konteynerin və vaqonların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə yüklənməsi/boşaldılması və konteynerin dəmir yolu platformasına və ya yükün yük maşınından vaqona yerləşdirilməsi və tibbi-sanitariya yoxlamasının (nəzarətinin) aparılması sahələrində xidmət göstərmək, cavabdehin öhdəliyi isə həmin göstərilmiş xidmətlər müqabilində iddiaçıya xidmət haqqını ödəmədən ibarət olmuşdur.
28. Bundan sonra tərəflər xx.xx.2024-cü il tarixdə adıçəkilən müqaviləyə 1 saylı Əlavə imzalayaraq cavabdehin xx.xx.2024-cü il tarixinədək hesablanmış borcunu 22066 manat məbləğində müəyyən etmiş, ödəniş şərtlərini razılaşdırmışlar.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, cavabdehin sifarişi əsasında ona razılaşdırılmış xidmətləri göstərmişdir. Belə ki, tərəflər xx.xx.2024-cü il tarixdə 1 saylı Əlavə Razılaşma imzalayaraq iddiaçı tərəfindən razılaşdırılmış xidmətlərin göstərilməsini və bunun müqabilində cavabdehin iddiaçıya 22066 manat məbləğində borcu yarandığını təsdiq etmişlər. Məhkəmə həmin Razılaşmanın hər iki tərəfdən lazımı qaydada rəsmləşdirilməsini, eləcə də həmin borc üzrə iki dəfə - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə hər biri 2337,50 manat əsas və 470,73 manat ƏDV olmaqla, cəmi 5516,3 manat ödəniş edilməsini nəzərə alaraq 16349,5 manat (22066 manat - 5516,3 manat = 16349,5 manat) borcun mövcud olmasını işin mübahisəsiz halı kimi qəbul edir.
30. İddianın 8590,40 manat hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 8590,40 manat dəyərində (konteynerlərin ərazidə saxlanılması (2 konteyner 182 gün)) göstərilmiş xidmətin ödənilməsi üçün hesab faktura göndərilmişdir. Həmçinin də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 22514,4 manat məbləğində hesab faktura və 2022/ST-050 saylı müqavilə təyinatı ilə cəmi 23706,2 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir. Həmin hesab fakturaların və elektron qaiməfakturanın qaytarılması, yaxud onlara qarşı hər hansı etirazın olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 14.2-ci və 106.2-ci maddələri tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş və olduğu halda qeyd edilən məsələrlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirmişdir.
31. Lakin cavabdeh müqaviləyə uyğun olaraq əsas xidmət haqqını ödəməyərək öhdəliklərini pozmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixdən sonra iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 8590,4 manat məbləğində xidmət göstərilmiş, cavabdeh tərəfindən isə qeyd edilən tarixdən sonra ümumilikdə 5516,5 manat məbləğində ödəniş edilmişdir. Bununla da cavabdehin cəmi 25139,9 manat (22066 manat + 8590,4 = 30656,4 manat – 5516,5 manat = 25139,9 manat) məbləğində ödənilməmiş borcu qalmışdır.
32. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı 25139,9 manat məbləğində əsas borcun cavabdehdən tələb edilməsi hissəsində haqlıdır.
33. Məhkəmə iddia tələbinin cərimənin tələb edilməsi hissəsində qismən əsaslı hesab edir.
34. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış xidmət müqaviləndə və ona edilmiş əlavələrdə də cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.
35. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 1200 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
36. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 25139,9 manat əsas borc, 1200 manat cərimə olmaqla, ümumilikdə 26339,9 manat məbləğində pul və ödənilmiş 172,96 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı