Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-770/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı istehlakçı hesabının bərpa edilməsi və müqavilə bağlanması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olmuş istehlakçı hesabının bərpa edilməsi, qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı MMC-yə məxsus olan Abşeron rayonu, X1 ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixananın bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə icarəyə verilmişdir. İcarə müqaviləsi bağlanılsa da, "xxxx" MMC həmin ərazidə fəaliyyət göstərmir. Bundan başqa, Cəmiyyət xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada yerinə yetirmədiyindən İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə müqavilənin şərtlərinə uyğun olaraq birtərəfli qaydada ləğv edilmişdir. Yuxarıda qeyd edilən sözü gedən icarə müqaviləsi əsasında isə Cavabdeh İB ilə "xxxx" MMC arasında təbii qazın verilməsi ilə bağlı müqavilə bağlanılmış, bizə məxsus olan ərazidə yerləşən abonent kodu:**********00000 olan G- 1000 markalı 83040816 zavod nömrəli qaz sayğacı "xxxx" MMC-in adına müvəqqəti olaraq istifadəsi üçün qeydiyyata alınmışdır. Hal-hazırda "xxxx" MMC icarə müqaviləsinin predmeti olan ərazidə fəaliyyət göstərmir, Azəriqaz İB ilə aralarında yaranmış külli miqdarda qazın sərfiyyatına dair borc üzrə Bakı Kommersiya Məhkəməsinin qiyabi qətnaməsi belə mövcuddur. Qiyabi qətnamədə qeyd edildiyi kimi, Cavabdeh İB yaranmış qazın sərfiyyatı üzrə borcun məhz "xxxx" MMC-yə məxsus olmasını etiraf edir, borc üzrə hazırda "xxxx" MMC tələbə dair cavab verən subyektdir. Lakin, bütün bunlara baxmayaraq Cavabdeh İB –yə qazın abonent kodunun bizə verilməsinə qaz sayğacının quraşdırılaraq qazın verilməsinə dair dəfələrlə müraciət etsək də, buna məhəl qoyulmamış və hüququmuz inzibati orqan tərəfindən kobud şəkildə pozulmuş və Abşeron rayonu, X1 ərazisində yerləşən 35.80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixanaya qazın verilməsi dayandırılmışdır. Qazın verilməsinin Cavabdeh İB tərəfindən dayandırılması nəticəsində bizə məxsus istixanada mövcud olan məhsullar tələf olmuş bizə külli miqdarda ziyan dəymişdir. Dəfələrlə qazın verilməsininə dair Cavabdeh İB-yə rəsmi müraciət etdikdə İddiaçı MMC müəssisəsinin qeydiyyata alınmamasının, ********** VÖEN üzrə təbii qazın dəyəri üçün debitor borc və ya kreditor borcun olması barədə məlumat Birliyin abonent bazasında öz əksini tapmadığı bizə bildirilmiş, buna görədə, müraciətimiz müsbət həll edilməmişdir (həmin pretenziyanın surəti ərizəyə əlavə edilir). Bundan sonra tərəfimizdən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Fililalından xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, məsələyə agentlikdə baxılmış və müəyyən edilmişdir ki, Cavabdeh İBnin Bakı Regional Qazın Satışı Departamentinin cavab məktubundan bildirilir ki, Cavabdeh İB və İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli, 2988-10-17 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu ifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə (ünvan 1 ünvanında yerləşən istixanın təbii qazla təchiz edilməsi) bağlanılmışdır. Daha sonra, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanıldıqdan sonra həmin istixana "xxxx" MMC-yə icarə verilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh İB ilə "xxxx" MMC “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu imzalanmış və "xxxx" MMC İddiaçı MMC-nin təbii qazdan istifadəyə görə 360107.12 manat debitor borc məbləğini qəbul edərək 3 ay müddətində ödənilməsini öhdəsinə götürmüş, Cavabdeh İB ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, AMX- 8026/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilə bağlanılmış və Cavabdeh İB-nin “AGİS” məlumat məlumat bazasında müvafiq düzəlişlər edilərək qeyri-əhali abonenti olaraq İddiaçı MMC-nin əvəzinə "xxxx" MMC qeydiyyata alınmışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən təbii qazın alqı-satqı müqaviləsinin, eləcə də xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində imzalanmış “Debitor borcun ödənilməsi haqqında” razılaşma protokollarının şərtləri icra edilmədiyindən xx.xx.2021-ci il tarixinə təbii qazdan istifadəyə görə borcu 1239268.24 manat təşkil etmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh İB tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 588/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək təbii qazdan istifadəyə görə yaranmış 1239268.24 manat məbləğində borcun "xxxx" MMC-dən tutularaq Cavabdeh İByə ödənilməsi qət edilmişdir. Diqqətinizə çatdırım ki, Cənub MMC ilə Azəriqaz İB arasında təbii qaz təchizatının verilməsi ilə bağlı xx.xx.2007-ci il tarixində müqavilə bağlanılmış, həmin üqaviləyə müvafiq olaraq Cəmiyyətə məxsus istixanaya yaxın ərazidə quraşdırılmışdır. Daha sonra, sözü gedən istixanaya dair "xxxx" MMC ilə Cənub” MMC arasında icarə müqaviləsi bağlanıldıqdan sonra qaz sayğacı "xxxx" MMC-nin adına keçirilmişdir. Qeyd edim ki, bundan sonra Cavabdeh İB–yə xx.xx.2023-cü il tarixli rəsmi ərizə ilə müraciət edərək İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində bağlanmış icarə müqaviləsinin ləğv edildiyini və bizə məxsus abonent kodunun bərpa edilməsini, qaz sayğacının quraşdırılmasını tələb etsək də, sözü gedən tələbimizdən imtina edilmişdir. Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə tərəfimizdən müraciət olunmuş, 2-2(113)-3040/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmiş, Abşeron rayonu, X1 ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixananın **********00000 nömrəli abonent kodu İddiaçı MMC-nin adına bərpa edilməsi, G-1000 markalı 83040816 nömrəli qaz sayğacı istixananın ərazisində quraşdırılması və təbii qazın verilməsi təmin edilməsi qət edilmişdir. Sözü gedən məhkəmə qətnaməsi də məhz həmin qazın abonent kodunun İddiaçı MMC-yə məxsus olması faktını nəzərə alaraq əsaslı olaraq iddianı təmin etmişdir. Bundan başqa onu da qeyd edim ki, həmin məhkəmə gedişatı zamanı bizə məlum olmuşdur ki, bizə məxsus olan qaz sayğacı müvəqqəti deyil, birdəfəlik "xxxx" MMC-nin adına keçirilmişdir. Halbuki, icarə müqaviləsi tərəflər arasında müəyyən müddətə bağlanılmışdır, buna görə də, Cavabdeh bizə məxsus istehlakçı hesabını birdəfəlik bizim razılığımız olmadan "xxxx" MMC-nin adına keçirilmişdir. Bu da kobud qanun pozuntusu olmaqla İddiaçı MMC-nin qanunla qorunan hüquqlarına toxunmuşdur. Məhz bundan sonra İddiaçı MMC-yə məxsus istehlakçı hesabının bərpa edilməsi, qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanılması ilə bağlı yenidən müraciət olunmuşdur. Lakin, Cavabdeh İB tərəfindən isə tələbimiz təmin edilməmiş, sözü gedən mübahisənin yalnızca məhkəmə müstəvisində həll edilməsi çıxış yolu qalmışdır. Belə ki, cavabdeh tərəf sözü gedən məsələ ilə bağlı olaraq heç bir hərəkət göstərməmiş, hərəkətsizliklə müşayiət olunan addımı nəticəsində hüququmuzu kobud surətdə pozmuşdur. Belə olduğu təqdirdə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməkdən başqa çarəmiz qalmır. Onu da qeyd edim ki, bundan öncə, cavabdehlə aramızda sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli, 69-10-16 saylı müqavilə bağlanılmış, ******* saylı, xx.xx.2016-cı il tarixli akt təkrar istifadə üçün bizə təqdim edilmişdir. Hətta, həmin dövrdə olan ödənişlərdən də aydın olduğu kimi **********0000 saylı abonent kodu Cənub MMC-yə məxsus olmuşdur. Hətta, xx.xx.2011-ci il tarixli müqavilədə cavabdehlə aramızda müqavilə münasibətlərinin olmasını təsdiq edir. Məhz belə olduğu halda, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanıldığı icarə müqaviləsindən sonra biz belə güman etmişik ki, icarə müqaviləsi bağlanıldıqdan sonra bizə məxsus olmuş **********0000 saylı abonent kodu müvəqqəti olaraq "xxxx" MMC-yə verilmişdir. Müqavilə xitam edildikdən sonra da bizə qaytarılmalıdır. xx.xx.2020-ci il ******* saylı qaz sayğacının istismara qəbul aktından da göründüyü kimi bizə məxsus olmuş **********0000 saylı abonent kodu qaz sayğacı 2020-ci ildə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, kommersiya münasibətlərinə aid mübahisənin məhkəmədən kənar mediasiya vasitəsilə həll edilməsini təklif etsəm də, cavabdeh tərəfindən təklifim cavablandırılmamışdır. Həmçinin, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/12/00324 saylı, xx.xx.2023-cü il tarixli Arayış mənə təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı MMC-yə məxsus istehlakçı hesabının bərpa edilməsi, qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanılmasını qanunauyğun hesab edirəm. Beləliklə, yuxarıda göstərilənləri rəhbər tutaraq pozulmuş hüquqlarımın və qanuni mənafelərimin bərpa olunması üçün son ümidim olan ədalət mühakiməsini həyata keçirən Azərbaycan Respublikası məhkəməsinə müraciət edirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkili Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən İddiaçı MMC daimi istifadəsində olan və Abşeron rayonu X1 ərazisində yerləşən 35,80 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi və mülkiyyəti hesab olunan 14 hektar istixananı bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə 5 il müddətinə icarəçi "xxxx" MMC-nin istifadəsinə verir. Oktyabr 2005-ci il tarixli 03-C nömrəli “müqavilədən görünür ki, təchizatçı Azəriqaz QSC təsdiq etdiyi limitə əsasən istismarda olan qaz kəmərləri vasitəsilə 2005-ci ildə qazın istehlakçı Cənub MMC-yə verilməsini təmin edir. 2005-ci il üçün təbii qazın təchizatının həcmi haqqında müqaviləyə əlavədən görünür ki, 2005-ci ilin oktyabr, noyabr və dekabr ayların hər biri üçün 576000 kubm, cəmi ******* kubm qaz Cənub MMC-yə verilir. xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, təchizatçı X2 İdarəsi istehlakçı Cənub MMC-yə istismarda olan qaz kəmərləri vasitəsilə müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq təbii qazın verilməsini təmin edir. 2006-cı il üçün təbii qazın təchizatının həcmi haqqında müqaviləyə əlavədən görünür ki, 2006-cı ilin yanvar, fevral, mart, aprel, may, oktyabr, noyabr və dekabr ayların hər biri üçün 576000 kubm, cəmi ******* kubm qaz Cənub MMC-yə verilir. xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, təchizatçı X2 İdarəsi istehlakçı Cənub MMC-yə istismarda olan qaz kəmərləri vasitəsilə müqaviləyə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış tələbata uyğun olaraq təbii qazın verilməsini təmin edir. 2007-ci il üçün təbii qazın təchizatının həcmi haqqında müqaviləyə əlavədən görünür ki, 2007-ci ilin yanvar, fevral, mart, aprel, noyabr və dekabr ayların hər biri üçün 576000 kubm, cəmi ******* kubm qaz İddiaçı MMC-yə verilir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixində imzalanmış icarə müqaviləsinin şərtlərinə əsasən İddiaçı MMC-ə məxsus olan Abşeron rayonu, X1 ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş 14 ha istixananın bütün avadanlıq, qurğuları və digər infrastrukturları "xxxx" MMC-yə icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsi əsasında isə Cavabdeh İB ilə "xxxx" MMC arasında təbii qazın verilməsi ilə bağlı müqavilə bağlanılmış, həmin ərazidə yerləşən İddiaçı MMC-ə məxsus abonen kodu:**********00000 olan G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacı "xxxx" MMC-in adına müvəqqəti olaraq istifadəsi üçün qeydiyyata alınmışdır. Lakin "xxxx" MMC icarəyə götürdüyü sahədə fəaliyyət göstərdiyi dövrdə icarə haqları ödəməməklə yanaşı, qazın sərfiyyatına görə Cavabdeh İB-nə külli miqdarda borcu yaranmış və sonuncu həmin borcun tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-588/2023 nömrəli qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 1239268,24 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun, mediasiya xərclərinin əvəzi olaraq 40 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1009,63 manat məbləğində pulun Cavabdeh İBnin xeyrinə tutulması qət edilmişdir. Bununla yanaşı Cavabdeh İB-i xx.xx.2022-ci il tarixdə G-1000 markalı 83040816 zavod nömrəli qaz sayğacını növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə qaz xəttindən çıxarmış və **********00000 nömrəli abonent koduna qazın təchizatını dayandırmışdır. Eyni zamanda icarə haqları ödəmədiyinə görə İddiaçı MMC cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsini xx.xx.2023-cü il tarixdə ləğv etmişdir. Göründüyü kimi, icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, həmçinin borc İddiaçı MMC-yə deyil, "xxxx" MMC-yə məxsus olduğuna görə, İddiaçı MMC-nin alqı-satqı müqavilənin bağlanması və **********00000 nömrəli abonent kodunun İddiaçı MMC-nin adına bərpa etməsi ilə bağlı Cavabdeh İB-nə müraciət etsə də, sonuncu heç bir qanuni əsaslar olmadan bunu etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh İB arasında qazın alqı-satqısına dair yeni müqavilə bağlanmalı və Abşeron rayonu, X1 ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixanada quraşdırılmış sayğaca məxsus istehlakçı hesabı İddiaçı MMC-nin adına bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh İB arasında qazın alqı-satqısına dair müqavilə bağlansın. Abşeron rayonu, X1 ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixanada quraşdırılmış sayğaca məxsus istehlakçı hesabı İddiaçı MMC-nin adına bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-770/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-770/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver