Məhkəmə qərarları › İş №e-2-2(113)-7757/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7757/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7757/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 414 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə” əsasən “Cavabdeh”dən 2023-cü il üçün 333,60 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında 25 may 2015-ci il tarixində 414 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq “Cavabdeh” istismar etdiyi radioelektron vasitələrinin anketlərini “İddiaçı”ya təqdim etmiş, anketlərə əsasən “İddiaçı” tezlik və radioelektron vasitələrindən istifadəyə görə “Cavabdeh”ə 2023-cü il üçün 333,60 (üç yüz otuz üç manat altmış qəpik) manat məbləğində 2023-ci il xx.xx.2023-cü il tarixli DRİ2023-02/12 nömrəli hesab göndərmişdir. “Cavabdeh”ə təqdim olunmuş hesab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022 - ci il tarixli KQ- 10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. “Cavabdeh” müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 333,60 (üç yüz otuz üç manat altmış qəpik) manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Bildiririk ki, qanunvericiliyə müvafiq olaraq “Cavabdeh”ə xx.xx.2024-cü il tarixli 3-27-119/2-1183/2024 nömrəli “Pretenziya” məktubu göndərilmişdir. Lakin, “Cavabdeh” tərəfindən DRİ-nin pretenziya məktubuna cavab verilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 414 saylı raditezliklərin ayrılması, radioelektron vasitələrin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir.

9. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi Azərbaycan Respublikası Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri“ preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir.

10. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. 11.İddiaçı tərəfindən göstərilmiş xidmət üzrə cavabdeh MMC-yə xx.xx.2023xx.xx.2023-cü illəri əhatə edən e-qaimələr göndərilmişdir.

12. xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh MMC-nin xx.xx.2023xx.xx.2024-cü illəri əhatə edən xidmət müddəti üzrə ƏDV daxil 333,60 manat məbləğində borcu müəyyən edilmişdir.

13. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 414 saylı “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh MMC-nin xx.xx.2023xx.xx.2024-cü illəri əhatə edən xidmət müddəti üzrə ƏDV daxil 333,60 manat borcun qalması müəyyən edilmişdir. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Göründüyü kimi, tərəflər arasında müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda cavabdehin nümayəndəsinin də müqavilə üzrə 333,60 manat ödənilməmiş borcu qalmışdır.

22. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2015-ci il tarixli, 414 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən 333,60 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia 333,60 manat borcun tutulması hissəsində təmin edilməlidir.

28. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli 414 saylı müqaviləyə əsasən 2023-cü il üzrə yaranmış 333,60 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı Dövlət Rariotezliklər İdarəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar