Məhkəmə qərarları › İş №e-2-2(113)-7764/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7764/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7764/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərərin ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra AKİA) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi olaraq 59454,72 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 576,28 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 23 noyabr 2020-ci il tarixdə cavabdeh iddiaçının vasitəsilə güzəştli maliyyələşmə ilə 128 baş “Morkarman” cinsli damazlıq inək əldə etmiş, həmin heyvanların alınması üçün cavabdehə 59 454,72 manat miqdarında güzəşt məbləği ayrılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli iltizamla iddiaçının vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə iddiaçıya vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 128 baş heyvanın cavabdehə məxsus təsərrüfatda olmadığı aşkar edilmiş, cavabdehə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 128 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri iddiaçıya təqdim edilməmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçıya 59 454,72 manat ziyan vurmuş, edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 445.2.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.2.2-ci bəndinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və təqdim olunan sübutlar əsasında mübahisənin həll edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və bildirdilər ki, sənədlərdə olan imzalar cavabdehə məxsus deyil, cavabdeh hər hansı müqavilə bağlamayıb, heyvan almayıb. Heyvanları sonuncunun qardaşı alıb, VÖEN-i isə cavabdehin əvəzinə kimsə açdırıb.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı), "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (müvəkkil kredit təşkilatı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli AS1431 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı xırda buynuzlu “Morkaraman” cinsli damazlıq boğaz qoyunu satmağı, alıcı isə həmin malları qəbul edib satış qiymətinin minimum 40 % hissəsini ödəməyi, müvəkkil kredit təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə satıcının hesabına ödəməyi öhdəsinə götürmüş, həmin müqaviləyə əlavə 1 olan qiymət razılaşdırma protokoluna əsasən 1 ədədinin qiyməti 790 manat olmaqla 128 baş qoyunun satılması razılaşdırılmışdır. - xx.xx.2020-ci il tarixdə cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək **********1476 nömrəli xx.xx.2020 tarixli və **********1499 nömrəli xx.xx.2020 tarixli gömrük bəyannaməsinə əsasən gömrük dəyəri 99091,20 manat olan 128 baş qoyunun gömrük dəyərinin 60 faizini təşkil edən 59454,72 manat vəsaitin güzəşt edilməsini, həmin vəsaitin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə damazlıq heyvanın saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi və ölkə hüdudlarından kənara çıxarmayacağına dair iltizam vermiş, heyvanlar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müvafiq risklər üzrə sığortalanmışdır. - İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 4.4-cü bəndinə və 6.2.2-ci yarımbəndinə, “Agentliyin vəsaitindən istifadəyə dair” Agentlik ilə müvəkkil kredit təşkilatı olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 2020-ci il 23 noyabr tarixli AS1431 nömrəli müqaviləyə və damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında 2020-ci il 23 noyabr tarixli iltizama uyğun olaraq Cavabdeh 59 454,72 manat güzəşt (subsidiya) ayrılmış, lakin alıcı tərəfindən öhdəliklər pozulmuş və iddiaçıya həmin məbləğdə zərər dəymişdir.

11. İddiaçı bildirir ki, 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 128 baş heyvanın cavabdehə məxsus təsərrüfatda olmadığı aşkar edilmiş, cavabdehə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, 128 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri iddiaçıya təqdim edilməmiş, cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçıya 59 454,72 manat ziyan vurmuşdur. Ona görə də həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir.

12. Cavabdeh iddiaya etiraz edərək rədd olunmasını xahiş edir və bildirir ki, sənədlərdə olan imzalar ona məxsus deyil, cavabdeh hər hansı müqavilə bağlamamış, heyvan almamışdır. Heyvanları sonuncunun qardaşı almışdır.

13. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır.

14. İddia ərizəsindən göründüyü kimi, iddianın faktiki əsasını cavabdehin xx.xx.2020-ci il tarixli iltizamla iddiaçı qarşısında üzərinə görüdüyü 23 noyabr 2020-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə əldə etdiyi 128 baş “Morkaraman” cinsli damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəliyini pozması, həmçinin 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 128 baş heyvanın təsərrüfatda olmamasının aşkar edilməsi, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 128 baş heyvanın ölüm və ya məcburi kəsim sənədlərinin cavabdeh tərəfindən iddiçıya təqdim edilməməsi təşkil edir.

15. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır.

16. Cavabdeh iddiaya etiraz edərək tərəflər arasında hər hansı münasibətin olmadığını, sənədlərə imza etmədiyini bildirmiş, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: iş materiallarında olan cavabdeh tərəfindən iddiaçının sədrinə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizə, “damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəliklər haqqında” xx.xx.2020-ci il tarixli iltizam, xx.xx.2020-ci il tarixli AS1431 nömrəli alqı-satqı müqaviləsində, xx.xx.2020-ci il tarixli AS1431 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2020-ci il tarixli 01 nömrəli əlavə olan təchizat əlavəsi və qiymətlərin razılaşdırma protokolunda, İ-LİV-0036/20 nömrəli sığorta şəhadətnaməsində, İ-LİV- 0036/20 nömrəli sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan 01 nömrəli əlavədə, İ- LİV-0036/20 nömrəli sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan 02 nömrəli əlavədə, İ-LİV-0036/20 nömrəli sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan 03 nömrəli əlavədə olan imza nümunələrinin Cavabdeh tərəfindən icra edilmişdirmi?

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/2004 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, adıçəkilən sənədlərdəki imzalar məhz cavabdeh tərəfindən imza edilmişdir.

18. Belə olan halda, cavabdehin etirazı əsassızdır.

19. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2).

23. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydalarının 6.2.2-ci bəndinə əsasən, idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir.

24. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan tarix (2024-cü ilin 1-ci rübü) cavabdehin məsuliyyət daşıdığı 3 illik müddətin başa çatdığı xx.xx.2023-cü il tarixdən sonrakı dövrə təsadüf edir. İddiaçı isə cavabdehin məsuliyyət daşıdığı 3 illik müddətdə hər hansı monitorinqin həyata keçirilməsi və qeyd edilən halın – heyvanların ölüm, məcburi kəsiminim və ya satılmasının aşkar olunmasına dair hər hansı sübut təqdim etməmişdir.

25. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

26. Göründüyü kimi, yalnız cavabdeh tərəfindən öhdəliyin pozulması halı müəyyən edildikdən sonra sonuncunun həmin pozulma üçün məsuliyyəti müəyyən edilə bilər. Hazırda isə adıçəkilən hal iş materialları ilə sübut edilmir.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia təmin edilməməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

28. İddiaçı həmçinin 576,28 manat hüquqi yardım xərcinin tutulmasını tələb edir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bildirişinə əsasən, ekspertiza xərci 126 manat təşkil edir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Həmin Məcəllənin 119.3-ci maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

34. Məhkəmə qeyd edir ki, hazırda iddia təmin edilməmiş, iddiaçı büdcə təşkilatı kimi dövlət rüsumu ödəməkdən azad olmuş, ekspertiza təyin edilməsi cavabdehin etirazına uyğun aparılmış, rəylə cavabdehin etirazının əsassız olduğu təsdiq edilmişdir.

35. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hüquqi yardım xərci iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 126 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia təmin edilməsin. Ekspertiza xərci olaraq 126 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar