Məhkəmə qərarları › İş №e-2-2(113)-78/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-78/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-78/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ümumi mülkiyyət, icarə haqqı, əmlakın hərracda satılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və dah sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) cavabdehdən alınaraq iddiaçıya qaytarılması mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixindən “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması, 250 manat mediasiya xərcinin və ödənilmiş 157 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. X2 ilə Cavabdeh arasında yaxın münasibətlər olmuş, bu münasibətlər qarşılıqlı inam və güvənə əsaslanmışdır. Tərəflər birgə istifadə məqsədləri üçün xx.xx.2018-ci il tarixində “Araş” firmasından şərikli qaydada alış qiyməti 13 000 avro olan “SY-17/Ultrasun i8 Solary” aparatını almışlar. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyulmuşdur. Razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. 2.2. Daha sonra cavabdeh iddiaçıya salon biznesi üçün daha da gəlirli olan lazer epilyasiya cihazı alınmasını təklif etmiş, lakin onun həmin cihazı almaq üçün imkanı olmadığını nəzərə alaraq, iddiaçı xx.xx.2021-ci il tarixində “Candela Gentlelase” lazer epilyasiya avadanlığını (3460 (No0369/370) nömrəli) "xxxx" MMC-dən 65 000 manata almışdır. Bu aparatın da yuxarıda qeyd edilən solyari avadanlığı kimi şərikli biznes formasında, yəni cavabdehin işçiləri, reklam marketinq kampaniyaları, elektrik və digər xərcləri qarşılaması hesabına şərikli işlədilməsi barədə razılığa gəlmişlər. Bu müqavilə üzrə vəsaitin hissə-hissə ödəniləcəyi və cavabdeh tərəfindən aparatın müvafiq gəlirliliyinə zəmanət verildiyi üçün hətta cavabdehlə satıcı firma arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi də bağlanılmışdır. Lazer epilyasiya aparatının dəyəri olan 65 000 manat vəsaitdən 55 000 manatı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin öz öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 10 000 manat ödəniş qalmışdır. Halhazırda satıcı firma ilə arasında məhkəmə çəkişməsi yaranmışdır. 2.3. Qarşılıqlı razılığa əsasən alınmış bu cihaz yuxarıda göstərilən eyni qaydada “Nuray” gözəllik salonuna işlənmə məqsədilə qoyulmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıdan lazer aparatını istifadə etmək üçün icarəyə götürmüş və əvəzində hər ay 1000 manat olmaqla icarə haqqı verilməsini öz öhdəsinə götürmüşdür. 2.4. Hər iki avadanlıq hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və tərəflər arasında mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Belə ki, cavabdehin icarə müqaviləsi üzrə bağlanıldığı tarixdən icarəyə verən (iddiaçı) qarşısında ödənilməmiş icarə haqqı öhdəliyi mövcuddur. Eyni zamanda solyari avadanlığı hər iki tərəfin şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan qazanılmış vəsaiti də iddiaçıya tam ödəməmiş və qazancı gizlətmişdir. İddiaçı tərəfindən alınmış və cavabdehin istifadəsinə icarə müqaviləsi əsasında verilmiş “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (ləvazimatları ilə birgə) (3460 (№0369/370) nömrəli) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh məhkəmə icraatı gedişində avadanlıqlara görə iddiaçıya hər hansı ödənişin edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. 2.5. Mübahisənin nizamlanması məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, daha sonra mediasiya prosesinə başlanılmış, cavabdeh mediasiyadan imtina etmiş və bunun nəticəsində 12 saylı Mediasiya Təşkilatı tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair” MŞB/12/2023-00153, xx.xx.2023-cü il tarixli arayış verilmiş, mediasiya prosesinə dair iddiaçı tərəfindən 250 manat xərc ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 200, 685, 697, 700, 705 və s. maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya etiraz edərək rədd olunmasını xahiş etmiş və etirazının faktiki əsası olaraq göstərmişdir ki: 4.1. “SY-17/Ultrasun İ8 Solary” aparatı xx.xx.2018-ci il tarixində, yəni 5 il əvvəl alınmış, 5 il müddətində istifadə edilmişdir. Bu baxımdan həmin avadanlığın hazırkı bazar dəyərinin alındığı məbləğdə deyil, ondan qat-qat aşağı qiymətə olduğu bəllidir. 4.2. “Candela Gentlelase” lazer epilyasiya avadanlığı iddiaçı tərəfdən təkbaşına və onun vəsaiti hesabına deyil, cavabdehlə birgə bərabər payla ödənilməklə, nisyə alınmışdır. Alındıqdan sonra da cavabdeh üzərinə düşən avadanlığın yarı məbləğini tam ödəmiş, iddiaçı isə üzərinə düşən hissənin 10 000 manatını ödəməmişdir. Ona görə də birgə alınmış əmlakı tam şəkildə tələb etməkdə haqlı deyildir. İddiaçı həmin avadanlığın yarısına dair tələb irəli sürə bilər. Bu halda da ona aid olan öhdəliyin yerinə yetirilmədiyi 10 000 manat nəzərə alınmalıdır. Belə ki, həmin avadanlıq nisyə alındığı zaman dəyərini tərəflər bərabər şəkildə ödəyəcəklərini razılaşdırmış, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirərək 32 500 manat hissəni tam şəkildə ödəmişdir. Lakin qalan yarı hissə məbləğindən iddiaçı öz üzərinə düşən 10 000 manatı ödəməmişdir. Halbuki həmin aparatın istifadəsindən əldə edilmiş gəlir tərəflər arasında bərabər bölünmüşdür. Odur ki, 10000 manat məbləğin ödənilməsi öhdəliyi cavabdehə deyil, iddiaçıya aiddir. 4.3. Bundan başqa, adıçəkilən “Candela Gentlelase” lazer epilyasiya avadanlığı xx.xx.2021-ci il tarixində alınmışdır. Qeyd olunan lazer epilyasiya aparatı artıq 2 ilə yaxındır istifadə olunur. 2 il istifadə olunmuş lazer epilyasiya aparatının qiymətinin 65 000 manat olması qəbul olunmazdır. Bu günə həmin lazer epilyasiya aparatının qiyməti təxminən 15 000-20 000 manat civarındadır. 4.4. Tərəflər arasında icarə müqaviləsi həmin avadanlığa tam deyil, iddiaçıya məxsus olan yarısı hissəsi üçün şərtləndirilmişdir. Yəni həmin aparatın icarə haqqı 2000 manat hesablanmaqla, cavabdehin sərbəst istifadəsində saxlanılmaqla onun yarısı olan 1000 manat məbləğin iddiaçıya ödəniləcəyi razılaşdırılmışdır. Həmin icarə müqaviləsinin bağlanmasına səbəb tərəflər arasında baş vermiş münaqişənin nəticəsi olaraq birlikdə işləməyə son verdiklərindən irəli gəlmişdir. Lakin qısa müddətdən sonra öz aralarında razılığa gəlib, iddiaçı öz adamını cavabdehlə birgə işləməyə qoymuş və hər gün gəlirdən özünə düşən payı almışdır. Bu baxımdan da hazırda əlavə olaraq icarə haqqının da tələb etməsində iddiaçı haqsızdır və tələbi əsassızdır.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “cavabdehdən xx.xx.2024-cü il tarixindən “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) iddiaçıya qaytarılacağı günədək aylıq hesabla 1000 manat icarə haqqı miqdarında vəsaitin kompensasiya olmaqla tutulması və iddiaçıya ödənilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddian tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahatlar verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, lazer aparatını iddiaçı öz vəsaiti hesabına almış, 55000 manatı özü ödəmişdir. İddiaçının fikri belə olmuşdur ki, 10000 manat qalıq borcu da aparatdan əldə olunan gəlir hesabına ödəsin. 2022-ci ilin əvvəlinə qədər münasibətlər normal olsa da, sonradan pozulmuş, iddiaçı 2022-ci ilin may ayında şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Tərəflər arasında icarə müqaviləsi bağlanmış, lakin yenə də cavabdeh icarə haqqını ödəməkdən yayınmışdır. "xxxx" firmasının qalıq 10000 manatla bağlı qaldırdığı iddia üzrə hazırkı iş üzrə cavabdeh zaminə münasibətdə müddətin keçməsi barədə ərizə vermiş, iddia ona münasibətdə rədd olunmuş, qalıq 10000 manatın da hazırkı iş üzrə iddiaçıdan tutulması qət olunmuşdur. İcarə müqaviləsi bağlandıqdan sonra cavabdeh ümumilikdə 1000 manata yaxın ödəniş etmiş, iddia tələbi dəqiqləşdirilərkən həmin məbləğ tələbdən çıxılmışdır.

7. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında bildirdi ki, solyari aparatını cavabdeh ilə birgə almışlar, əldə olunan gəliri də yarıbayarı bölmüşlər. Daha sonra kreditlə lazer aparatını almış, razılaşmaları belə olmuşdur ki, aparatı cavabdeh işlədəcək, gəliri böləcəklər. Aparatın ilkin ödənişini və sonrakı ödənişləri özü etmişdir. Aparatın lampasını 3 dəfə dəyişmiş, daha sonra bilmişdir ki, cavabdeh onu aldadır, gəliri gizlədir. Ona görə də satıcı firmaya ödənişi dayandırmış, polisə şikayətlə müraciət etmişdir. Polisdə şikayətinə baxılarkən cavabdehlə icarə müqaviləsi bağlansa da, yenə də ödənişləri etməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh icarə müqaviləsi bağlandıqdan sonra cəmi 1000 manata yaxın ödəniş etmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra gəlirin bölünməsi ilə bağlı hər hansı razılaşma olmamışdır.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etirazın məzmununa uyğun izahatlar vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, lazer aparatını satan firma müqavilədə bir alıcının qeyd oluna biləcəyini bildirmiş, tərəflər arasında qarşılıqlı inam olduğundan razılaşmışlar ki, iddiaçı alıcı, cavabdeh zamin qismində müqaviləni bağlasın. Cavabdeh öz üzərinə düşən ödənişləri etsə də, iddiaçı etməmişdir. Cavabdeh məhkəməyə təqdim olunan kitabda qeydiyyat apararaq lazer aparatından əldə olunan gəlirin yarısını iddiaçıya vermişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, solyari aparatına görə iddiaçının payının dəyərini ödəməyə razı deyillər.

9. Cavabdeh izahatında bildirmişdir ki, onun gözəllik salonu var. Solyari aparatını iddiaçı ilə şərik almış, 3-4 il sonra lazer aparatı almağı qərarlaşdırmışlar. Satıcı firmanı iddiaçı tapmış, lazer aparatını almış, onun salonuna yerləşdirmişlər. İddiaçı ilə razılaşmasına əsasən ilkin ödənişin 15000 manat hissəsini o etmişdir. 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarının ödənişini o etmiş, sonrakı ayların ödənişini isə iddiaçı etməli idi. Onun payına düşən hissə ilkin ödənişlər birlikdə 32500 manat olmuş, 32000 manat ödəniş etmişdir. Ödənişləri şirkətin nümayəndəsi yaxınlaşıb salondan götürmüş, bəzən isə köçürmə yolu ilə etmişdir. İddiaçı qismən ödəniş etmiş, lakin daha sonra bildirmişdir ki, satıcı firma onları aldadıb, qalan 10000 manatı ödəməyək. İddiaçı öz üzərinə düşən öhdəliyi tam icra etmədiyindən 10000 manat borc qalmışdır. İddiaçı ümumilikdə 22000 manat ödəniş etmişdir. Firma ilə danışmış, onlara firmadan bildirmişlər ki, bacardığınız qədər ödəniş edin. Polis orqanında icarə müqaviləsi bağlanmış, 1000 manat icarə haqqının 500 manatının ayın əvvəli, 500 manatın isə ayın sonu ödənilməsi razılaşdırılmışdı. O notarial qaydada icarə müqaviləsinin bağlanmasını tələb etmişdir ki, aparatın yarısının onun olduğu təsdiq olunsun. Lakin iddiaçı sonradan bildirmişdir ki, icarə haqqı istəmir, gəlirin yarısını götürəcək. Hər gün kitabda qeydiyyat aparmış, gəlirin yarısını iddiaçının özünə vermiş, kartına göndərmiş və ya işçisinə vermişdir. Sonradan aparatın lampası bitmiş, iddiaçı təmir etdirmək istəməmiş, ona görə də işi davam etdirmək mümkün olmamışdır. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, ödəniş qəbzlərinin şirkətdə qalan nüsxəsinə imza etmiş, digər nüsxəsini isə salonda qarışıqlıq olduğu üçün saxlamaq üçün iddiaçıya vermişdir. Mübahisə yarandıqda satıcı firmadan ödəniş qəbzlərinin surətini almışdır. 1 ayda iddiaçıya 1500, 2000 manat ödəniş edirmiş. Dekabr, yanvar aylarında müştəri az olur, mart ayından başlayaraq iş başlayır. Günə 100 manat işləyəndə 1 ayda 3000 manat gəlir olur, işçinin faizi verildikdən sonra qalan məbləğ tərəflər arasında bölünürmüş.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. Həmçinin kommersiya mübahisəsinin həlli zamanı mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.

13. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

15. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bir neçə hissədən ibarət olduğundan hər bir tələb üzrə ayrı-ayrılıqda məhkəmənin qəti mövqeyi şərh olunmalıdır. Belə ki, iddiaçının tələbi aşağıdakı 4 hissədən ibarətdir: a) “SY-17/Ultrasun İ8 Solary” aparatına iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi; b) “Candela Gentlelase” lazer epilyasiya avadanlığının (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; c) Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi; d) xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsi.

16. Birinci tələb ilə bağlı:

17. İddianın qeyd olunan hissəsi ilə bağlı işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı və Cavabdeh 13000 avro dəyərində “SY-17/ Ultrasun İ8 Solary” aparatını (aromasız) “Arash Dental and Beauty” şirkətinə sifariş edərək birgə almış, dəyərini tam ödəmişlər.

18. İddiaçı qeyd olunan aparata iddiaçının ikidə bir paya mülkiyyət hüququnun tanınmasını, dəyərinin 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılmasını və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsini xahiş edir.

19. Cavabdeh qeyd olunan aparatın uzun müddətdir istifadə olunduğunu, qiymətinin aşağı olduğunu, iddiaçının payının dəyərini ödəməyə razı olmadığını bildirir, bu hissədə iddiaya etiraz etmir.

20. Mülki Məcəllənin 213.1 və 213.4-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.

21. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

22. Həmin Məcəllənin 213.3 və 214.1-ci maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir və əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

23. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşyadır və hazırkı iş üzrə tərəflərin mülkiyyətinə daxil olduğundan həmin əşya üzərində onların ümumi mülkiyyət hüququ yaranmışdır. Qeyd olunan əşyaya tərəflərin ümumi mülkiyyət hüququnun yaranması əsası qanunvericilikdə birgə mülkiyyətin yaranması əsası kimi nəzərdə tutulmuş əsaslardan biri kimi çıxış etmədiyindən tərəflərin qeyd olunan əşya üzərində ümumi mülkiyyəti paylı mülkiyyətdir. İddia və ona etiraz, həmçinin tərəflərin izahatları əsasında müəyyən olunur ki, tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamışdır.

24. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

25. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

28. Məhkəmə qeyd edir ki, “SY-17/ Ultrasun İ8 Solary” aparatı bölünməz əşya olduğundan payın naturada ayrılması mümkün deyildir. İddia ərizəsində ilkin olaraq cavabdehdən aparatın dəyərinin yarısı tələb olunmuş, yəni iddiaçı öz payının dəyərini tələb etmiş, lakin cavabdeh payın dəyərinin ödənilməsinə razı olmadığını bildirmiş, iddiaçı da tələbini dəqiqləşdirərək əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Belə olan halda əmlakın açıq hərracda satılması ilə bağlı iddiaçının tələbi Mülki Məcəllədə təsbit olunan qaydaya uyğun olmaqla əsaslıdır.

29. Həmçinin Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbinə əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edən məhkəmə satış pulunun bölüşdürülməsi məsələsini həll etməli, bunu ümumi mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib surətdə etməlidir. Belə olan halda aydın olur ki, ümumi mülkiyyətin mülkiyyətçilərinin payları məhkəmə tərəfindən müəyyən olunmalıdır. Hazırkı iş üzrə tərəflər arasında payların bərabər olmasını istisna edən hər hansı razılaşma olmamış, tərəflər payların bərabər olmamasını iddia etməmişlər. Belə olan halda qanunvericiliyin tələbinə əsasən paylar bərabər sayılır.

30. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının ikidə bir paya mülkiyyət hüququ tanınması tələbi payın təsbit olunması tələbi olmaqla əsaslıdır və hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından tərəflərin əmlak üzərində ½ payları müəyyən olunmalıdır.

31. Əmlakın açıq hərracda satılacağı zaman dəyərinin 18000 manat məbləğində qiymətləndirilməsi və hərracdan əldə olunan vəsaitdən ½ hissəsinin, yəni 9000 manatın iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası qaydasında əmlakın açıq hərracda satışını icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr həyata keçirir və həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd olunan qiymət isə icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilən əmlakın qiymətləndirilməsi nəticəsinə müəyyən olunur. Odur ki, məhkəmə qərarının icrası qaydasında həll edilməli olan həmin məsələ hazırkı tələb ilə həll edilə bilməz. Ona görə də tələb həmin hissədə əsassız olmaqla rədd edilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia qismən təmin olunmalı, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payı müəyyən olunmalı, həmin aparat açıq hərracdan satılmalı və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməlidir.

33. İkinci tələbi ilə bağlı:

34. İddiaçı bildirir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığını 65000 manata almış, dəyərinin 55000 manatını ödəmiş, qalan 10000 manatın isə ondan tutulması Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə qət olunmuşdur. Cavabdehlə razılaşmışlar ki, aparatı cavabdeh öz salonunda işlədəcək və gəliri böləcəklər. Lakin cavabdeh ona gəlirdən pay verməmiş, icarə müqaviləsi bağlansa da, ödəniş etməmişdir. Ona görə də aparatın ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda avadanlığın dəyəri olan 65 000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir.

35. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparatın satıcısı alıcı qismində bir şəxsi qeyd edə biləcəklərini bildirmiş, aralarında olan inama əsasən alıcı qismində iddiaçı, zamin qismində isə o göstərilmişdir. Aralarında olan razılığa əsasən hər bir tərəf 32500 manat ödəməli idi. İlkin 30000 manat ödənişin yarısını, yəni 15000 manatı o ödəmiş, 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarının ödənişini etmiş, ümumilikdə 32000 manat ödəmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş, aparatın dəyərinin 10000 manatını ödəməmişdir. O aparatın ½ hissəsinin ona məxsus olduğunu rəsmiləşdirmək üçün notarial qaydada müqavilə bağlamağa cəhd etsə də buna nail ola bilməmişdir. Lazer aparatının yarı hissəsi ona məxsusdur, ona görə də iddia bu hissədə təmin edilməməlidir.

36. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır.

37. Belə ki, məhkəmə ilk növbədə mülki prosessual qanunvericiliyin vəzifə və prinsiplərini ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədləri baxımından təhlil edərək qeyd edir ki, sübutlara qiymət verilməsi zamanı məhkəmə formal əsaslardan çıxış etməməli, aid və mümkün sübutların hamısını ayrı-ayrılıqda təhlil etməli, bütün sübutların cəminə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra yekun qərara gəlməlidir. Bu mənada məhkəmə qeyd edir ki, “Candela Gentlelase” lazer epilyasiya avadanlığının alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilədə alıcı qismində İddiaçı göstərilsə də, iş materiallarında olan sübutları qarşılıqlı təhlil etdikdə aydın olur ki, iddiaçı aparatın alıcısı qismində qeyd olunsa da, həmin əmlakı cavabdeh ilə birgə əldə etmişdir.

38. İş materiallarında olan "xxxx" MMC (satıcı qismində) ilə İddiaçı (alıcı qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 281 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı malın dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Satılan malın dəyərinin 30000 manat məbləğini-ilkin ödənişi edildikdən sonra qalıq məbləği 6 ay ərzində nağd ödəməyi öz öhdəsinə götürür.

39. İş materiallarında olan "xxxx" MMC (firma) ilə Cavabdeh (zamin qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 281 saylı alqı-satqı müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür.

40. İddiaçının təqdim etdiyi “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 01 may 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur.

41. İş materiallarında olan "xxxx" MMC-nin vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixində İddiaçı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya aparatını 65000 manat qiymətinə, hissə-hissə ödəməklə satın almışlar. Aparatın ümumi qiymətini təşkil edən 65000 manatdan ilkin ödəniş 30000 manat olmaqla ümumilikdə 54996 manat məbləğində pul fərqli-fərqli vaxtlarda İddiaçı və Cavabdeh tərəfindən ödənilmişdir. Hazırda qalıq borc 10004 manat təşkil edir.

42. Məhkəməyə təqdim edilən və xx.xx.2024-cü il tarixli baxış iclasında tədqiq edilən tərəflər arasında 2022-ci ilin mart-aprel ayında vatsap vasitəsilə aparılan çoxsaylı yazışma və audio yazılardan görünür ki, lazer aparatından istifadə, aparatın təmiri, icarəyə verilməsi ilə bağlı tərəflər arasında mübahisələr və danışıqlar olmuşdur.

43. 28.04.2022-ci il tarixdə aparılan yazışma: - İddiaçı: “Hicran bura “zakaz otdel” deyil, mən də sənə qulluqçu deyiləm. Aparat ikimizindir, tək sənin deyil. Mən istəmirəm davaya çıxaq. Elə etmə ki, davaya çıxaq, 102-ni töküm ora. Aparat mənim adımadır. İt dəftərində adın yoxdur. Aparatımı götürüm, itim çıxım gedim. O solyarini də dağıdım gedim. Bəsdir daha.” - Cavabdeh: “Pulumu ver, götür get... Məndən pul almayıblar?! Hamısı gəlib bura, qol çəkmişəm, götürüb gediblər...Heç yerə də getməyəcək bu aparat.” - İddiaçı: “Yaxşı ona qaldısa baxarıq... Gör 102-ni yığıram ki, aparatımı oğurlayıblar, ya yox.” - Cavabdeh: “Yığ, yığ. Şirkət ölməyib ki, şirkət oradadır. Getmişəm qol çəkmişəm, hamısı da var necə lazımdır. Gəlsin 102. Aparat haradan oğurlanıbdır. Özüm getmişəm, gətirmişəm. Gəliblər burdan da pul götürüblər...” - ........ - İddiaçı: “... İstəyirsən aparatı çıxarıb qoyaq “orenda”ya. İstəyirsən aparat orda qalsın mənə ayda 1000 “orenda” pulumu ver, mən çıxım gedim.” - Cavabdeh: “Verəcəm, qol çəkdirəcəm, hər ay mən “orenda” pulumu alacam. ...” - İddiaçı: “... Hə, lap yaxşı. Verirsən “orenda”ya... Gedək, danış, ver, vaxt itirməyək. Hərə öz pulunu alsın, otursun evində.” - ...... - Cavabdeh: “....Notariusa getməliyik. Notariusda verəcəm. Aparatın depozitini soruş. 2000 depozit versin. Depozitin 1-ni sən götürərsən, 1-ni də mən.” - İddiaçı: “Sən notariusa gedirsən, get. Özün bilərsən. Get harada istəyirsən müqavilə imzala. Mən notariussuz verəcəm... Ona verməyək, başqasına verək... O tək sənin deyil ki, sənin istəməyin ilə olsun. İkimizindir.” - Cavabdeh: “İkimizindir. Mən sənin ilə notariusa gedəcəm ki, vermişəm sənə, sən də “orenda”ya vermisən... Belə də ki, kimə verdik, gedib pulu ayın tarixi ilə götürəcik... Belə görürəm ki, sənədsiz, sübutsuz heç nə etmək olmaz. Sənin ilə notariusda müqavilə bağlayım ki, bunun yarısı mənimdir. Pulu götürəndə mənə deməsinlər ki, sən kimsən... Mən səninlə danışıram ki, səninlə notariusa gedək, yazsın oradakı ki, aparatın yarı hissəsi mənimdir...”

44. Məhkəmə Mülki Məcəllənin 5.3 və 16.1-ci maddələrinə əsasən qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

45. Mülki Məcəllənin “Hüquqdan sui-istifadənin qadağan edilməsi” adlanan 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.

46. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi son ödəniş qəbzi xx.xx.2022-ci il tarixli olmuşdur və tərəflər hansı ödənişin kimin etdiyini mübahisələndirir. Lakin yuxarıda qeyd olunan yazışmalar sonuncu ödəniş qəbzindən sonrakı tarixdə aparılmaqla tərəflərin lazer aparatına münasibətdə həqiqi hüquqi vəziyyətlərini, iradə ifadələrini əks etdirir. Yazışmalardan göründüyü kimi iddiaçı “Aparat ikimizindir, tək sənin deyil... Aparat mənim adımadır. İt dəftərində adın yoxdur. O tək sənin deyil ki, sənin istəməyin ilə olsun. İkimizindir. Verirsən “orenda”ya... Gedək, danış, ver, vaxt itirməyək. Hərə öz pulunu alsın, otursun evində.” və s. kimi ifadələrlə əslində lazer aparatının cavabdehlə ümumi mülkiyyətlərində olduğunu göstərmiş, tərəflər lazer aparatına ümumi mülkiyyət kimi istinad etmiş, icarəyə verilməsi və icarə haqqının bərabər bölünməsi barədə iradə ifadə etmişlər.

47. Məhkəmə qeyd olunan ifadələrin dəqiqləşdirilməsi məqsədilə iddiaçıya suallar ünvanlamış, iddiaçı birgə fəaliyyət göstərdikləri üçün, cavabdehin otağın təmirinə xərc çəkdiyi üçün belə dediyini və s. bildirmişdir. Lakin iddiaçının məhkəmə ifadə etdiyi bu izahatı özünü müdafiə xarakterli izahat olmaqla ağlabatan deyildir. Həmçinin yazışmalardan görünür ki, cavabdeh dəfələrlə iddiaçıya aparatın ikisinin olmasını, bunun təsdiqi üçün notarial qaydada müqavilə bağlamalı olduqlarını qeyd etmiş, iddiaçı bununla bağlı cavabdehə hər hansı etiraz bildirməmişdir.

48. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixli müqavilədə qeyd olunmuş “özünə məxsus olan hissəsini icarəyə verir” ifadəsinin dəqiqləşdirilməsi üçün iddiaçıya suallar ünvanlamış, iddiaçı isə bu müqaviləni kağız parçası hesab etdiyini, notariusa müqavilə bağlayacaqlarını hesab etdiyini bildirmişdir. Halbuki iddiaçı icarə haqqı tələbinin faktiki əsası qismində məhz bu müqaviləyə istinad edir. İstinad edərək pul tələb etdiyi müqavilədəki ifadəni iddiaçının tələbinin digər hissəsində şübhə altına almasını məhkəmə hüquqdan sui-istifadə hesab etməklə əsassız hesab edir.

49. Göründüyü kimi, iddiaçı müqavilədə lazer aparatının alıcısı qismində qeyd olunsa da, tərəflər arasında danışıqlarda avadanlığın hər ikisinin mülkiyyətində olduğu qeyd edilmiş, tərəflər avadanlığın icarəyə verilməsini, icarə haqqının bölünməsini razılaşdırmış, iddiaçının şikayəti əsasında müvafiq polis şöbəsində araşdırma aparılarkən tərəflər xx.xx.2022-ci il tarixdə müqavilə bağlamış və qeyd olunan müqavilədə iddiaçı aparatın “özünə məxsus olan hissəsini icarəyə” vermişdir.

50. Bundan başqa, lazer aparatının satıcısı "xxxx" MMC də məktubunda İddiaçı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya aparatını 65000 manat qiymətinə, hissəhissə ödəməklə satın aldıqlarını, aparatın ümumi qiymətini təşkil edən 65000 manatdan ilkin ödəniş 30000 manat olmaqla ümumilikdə 54996 manat məbləğində pulun fərqli-fərqli vaxtlarda İddiaçı və Cavabdeh tərəfindən ödənildiyini təsdiq etmişdir.

51. Məhkəmə qeyd edir ki, avadanlığı tərəflərin birgə aldığı, ona tərəflərin birgə mülkiyyəti kimi yanaşdığı təsdiq olunduğundan avadanlığın qiymətinin hansı hissəsinin kim tərəfindən ödənildiyinin müəyyən edilməsi hazırkı mübahisənin həlli baxımından zəruri deyildir. Belə ki, qeyd olunan məsələyə gələcəkdə tərəflər arasında payın müəyyən olunması, payın dəyərinin ödənilməsi və ya avadanlığın hərracda satılması ilə bağlı mübahisə olarsa, həmin icraat çərçivəsində qiymət verilməlidir.

52. Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, sözügedən hissədə iddiaçının istinad etdiyi faktiki hallar təqdim olunan sübutlarla öz təsdiqini tapmadığından, iddiaçı cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etdiyindən və lazer avadanlığını tərəflərin ümumi mülkiyyətində olması müəyyən olunduğundan iddiaçı bütövlükdə aparatın cavabdehdən alınıb ona verilməsini tələb edə bilməz. İddiaçı öz payını qanunvericilikdə müəyyən olunan qaydada özgəninkiləşdirə və ya Mülki Məcəllənin 220-ci maddədə təsbit olunan hüquqlarından istifadə etməklə pay haqqının ödənilməsini, cavabdeh razılaşmadıqda əmlakın hərracda satılmasını tələb edə bilər.

53. Maddi və prosessual hüquqlardan sui-istifadə edilməsinin qadağan olunduğunu nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

54. Üçüncü tələb ilə bağlı:

55. İddiaçı tərəflər arasında bağlanılmış “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini tələb edir.

56. Cavabdeh bildirir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə xitam barədə bildiriş göndərərək icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir.

57. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

58. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

59. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

60. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə (685.2.1.) və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə (685.2.2.) ləğv edə bilər.

61. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

62. Tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Həmçinin işin müəyyən edilən halı ondan ibarətdir ki, qeyd olunan müqavilə şərtləri icra edilməmişdir. Belə ki, iddiaçı icarə haqqının ödənilmədiyinə istinad edir, cavabdeh isə bildirir ki, iddiaçının tələbinə əsasən aylıq gəlir tərəflər arasında bölünmüş, müqavilədə qeyd olunan qaydada aylıq icarə haqqı ödənilməmişdir.

63. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, icarə müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya göndərərək lazer aparatının qaytarılmasını tələb etmişdir. Bu iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmiş və müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olmuşdur. Ona görə də həmin tarixdən müqavilə ləğv edilmişdir.

64. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab olunmalıdır.

65. Dördüncü tələb ilə bağlı:

66. İddiaçı bildirir ki, tərəflər arasında “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh ümumilikdə cəmi 1000 manata yaxın ödəniş etmiş, qalan icarə haqqını ödəməmişdir. İcarə müqaviləsinə əsasən cavabdehdən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 21000 manat icarə haqqı qismində vəsaitin tutularaq iddiaçıya ödənilməsini tələb edir.

67. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında müqavilə bağlansa da, iddiaçı aylıq 1000 manat ödənilməsinə razı olmamış, gəlirin bölünməsini tələb etmiş, o da gəliri iddiaçı ilə bölmüşdür.

68. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin olunmalıdır.

69. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

70. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

71. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər.

72. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

73. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əşyanın öz payına uyğun hissəsinə sahiblik edə və əşyada istifadə edə, digər mülkiyyətçilər ilə sahiblik və istifadə ilə bağlı razılığa gələ, həmçinin bütün mülkiyyətçilərinin razılaşması əsasında əşyaya sərəncam verə bilərlər. Hazırkı iş üzrə məhkəmə müəyyən etmişdir ki, “Candela mini Gentlelase” lazer aparatı tərəflərə ümumi mülkiyyət hüququ ilə məxsusdur və iddiaçı aparatın özünə məxsus olan hissəsinə dair xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlamışdır.

74. Belə ki, “Candela mini Gentlelase” lazer aparatının icarəsi haqqında 01 may 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilə iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış və tərəflər razılaşmışlar ki, müqaviləyə əsasən icarəyə verən (iddiaçı) icarəçiyə (cavabdehə) icarə predmeti olan “Candela mini Gentlelase” lazer aparatını özünə məxsus olan hissəsini icarəyə verir. İcarə haqqı 1000 manat nəzərdə tutulur. İcarəçi icarə haqqını hər ayın 1-də 500 manat, 25-də 500 manat ödəməyi öz öhdəsinə götürür.

75. İddiaçı qeyd olunan müqaviləyə istinad edərək icarə haqqını tələb edir, cavabdeh tərəflər arasında sonradan fərqli razılaşma olduğunu, iddiaçının gəliri bölməyi tələb etdiyini, gəlirin bölündüyünü bildirir.

76. Cavabdeh etirazının əsasını təşkil edən sübut qismində məhkəməyə kitabdan çıxarışlar və ödəniş qəbzləri təqdim etmişdir. Təqdim olunan qəbzlər üzrə cəmi vəsait 500 manat civarındadır. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında istinad olunan icarə müqaviləsindən kənar razılaşmanın olması sübutlarla təsdiq olunmur. Cavabdehin təqdim etdiyi kitabdan çıxarışlar isə birtərəfli sübutlar olmaqla cavabdehin müvafiq qeydlərini əks etdirir və mötəbər sübut qismində qəbul oluna bilməz. Cavabdehin təqdim etdiyi qəbzlər isə cəmi 500 manata yaxın vəsaitin təqdim olunduğunu təsdiq edir. İddiaçı həmin qəbzlər də daxil olmaqla ümumilikdə 1000 manat ödənişin edildiyini təsdiq edir və 22 ay üçün 22000 manat deyil, 21000 manat pul tələb edir. Məhkəmə iclaslarında cavabdeh iddiaçıya aylıq 1500, 2000 manat ödədiyini, qış aylarında işlər zəif olsa da, işlək aylarda gündəlik 100 manat və daha çox gəlirin olduğunu bildirmişdir. Cavabdehin 8-10 manatlıq ödənişlərin qəbzlərini saxladığı halda, özünün bildirdiyinə əsasən 1500 manat və s. ödəniş etdiyi aylarda ödəniş sənədlərini saxlamaması, iddiaçı ilə aralarında münasibətlər gərgin vəziyyətdə olduğu halda, əlbəəl və ya digər qaydada iddiaçıya ödəniş etmişdirsə, bunu rəsmiləşdirməməsi ağlabatan deyildir. Ona görə də məhkəmə cavabdehin etirazının əsaslarını əsassız hesab edir və qeyd edir ki, iddianın bu hissədə rədd olunması üçün əsas hesab oluna bilməz.

77. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1 və 697.2-ci maddələri çıxış edir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

78. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

79. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Həmçinin paylı mülkiyyətin payçısı kimi iddiaçının payına uyğun hissədə əmlaka sahiblik və istifadə hüququ mövcud olduğu halda, həmin hissədə hüququnu realizə edə bilməmiş, tərəflər arasında ayrı razılaşma olmamışdır. İddiaçının öz payına uyğun hissəsinə dair tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqını və əmlakın razılaşmadan kənar cavabdehdə qaldığı müddət üçün kompensasiya olaraq icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

80. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya avadanlığına (3460 (No0369/370) görə 21000 (iyirmi bir min) manat icarə haqqı tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

81. Məhkəmə müəyyən edir ki, iddiaçı 207 manat dövlət rüsumu ödəmişdir.

82. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı 200 manat mediasiya xərci ödəmişdir.

83. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, 28 iyul 2023-cü il tarixli 9/4645 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 09 yanvar 2024-cü il tarixli 9/8217 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

84. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

85. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

86. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə (112.1.1.); əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri (112.1.2.) ilə müəyyən edilir.

87. Hazırkı iş üzrə iddiaçı 21000 manat icarə haqqının tutulmasını, dəyəri 65000 manat olan əmlakın alınmasını, əmlakın hərracda satılaraq 9000 manat hissəsinin ona ödənilməsini xahiş edir. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 375 manat təşkil edir.

88. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən iddiaçı 200 manat mediasiya xərcini ödəməkdən azad olmuş, ödənilməli dövlət rüsumunun məbləği 175 manat olmuşdur.

89. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

90. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

91. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

92. İddianın qismən təmin olunduğunu, iddiaçının cavabdehin öhdəsinə düşən 100 manat (200/2) mediasiya xərcini də ödədiyini, iddiaçının ödədiyi mediasiya xərci hissəsində dövlət rüsumu ödəməkdən azad olduğunu nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən 63 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza xərci olaraq 63 manat məbləğində pul cavabdehdən, 137 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

93. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payı müəyyən olunsun. “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) açıq hərracdan satılsın və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülsün. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv olunmuş hesab olunsun. Cavabdeh “Candela Gentlelase” lazer epilyasiya avadanlığına (3460 (No0369/370) görə 21000 (iyirmi bir min) manat icarə haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 63 (altmış üç) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərci olaraq 63 (altmış üç) manat məbləğində pul Cavabdeh, 137 (bir yüz otuz yeddi) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar