Məhkəmə qərarları › İş №e-2-2(113)-780/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-780/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-780/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: konsiqnasiya müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Hüseynov Əli Həsən oğlu arasında bağlanmış 15 aprel 2020-ci il tarixli, 0119-HƏH-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış mallara görə yaranmış 240.40 (iki yüz qırx, 40) AZN qalıq borcunun və 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə:"xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hüseynov Əli Həsən oğlu (bundan sonra “Alıcı”) ilə bizim aramızda 15 aprel 2020-ci il tarixli, 0119-HƏH-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Yasamal rayon, Z.Əhmədbəyov küçəsi, “Avto Ehtiyat hissələri” mağazasıdır . Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdeh Hüseynov Əli Həsən oğluna Cəmiyyətimiz tərəfindən ümumi dəyəri 507,40 (beş yüz yeddi , 40 qəpik) AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin yalnız 267.00 (iki yüz altmış yeddi, 00) azn-lik hissəsini ödəmiş 240.40 (iki yüz qırx, 40) azn-lik qalıq borcun heç bir hissəsini bügünki günə qədər ödəməmişdir. Dəfələrlə tələb etməyimizə baxmayaraq cavabdeh ümumi olaraq 240.40 (iki yüz qırx, 40) AZN dəyərindəki 2 ədəd KİXX G1 10W-40 SN Plus 1L- 17 AZN. 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing” – 57 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1L- 19.40 AZN. 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1L- 19 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L “İron Packing” – 72 AZN, 2 ədəd KİXX HD1 10V-40 Cİ-4/SL 4L- 56 AZN mallarının nə dəyərini ödəmiş, nə də həmin malları müəssisəmizə geri qaytarmışdır. Yekun olaraq qeyd edirik ki, 15 aprel 2020-ci il tarixli, 0119-HƏH-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam olaraq 240.40 (iki yüz qırx,40) AZN dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququmuz vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisəmiz tərə9indən cavabdeh şəxs Hüseynov Əli Həsən oğlu ilə 15 aprel 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yerdə qalan siyahısı yuxarıda qeyd edilən olaraq 240.40 (iki yüz qırx,40) AZN dəyərindəki borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir. II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

4. Məhkəm hazırlıq iclasında iştirak edən cavabdeh müqaviləyə və təhvil-təslim aktına baxış keçirərək bildirmişdir ki, imzalar ona məxsusdur. Borcu qəbul etdiyini və ödəcəyini bildirmişdir.

5. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Satıcı - "xxxx" MMC ilə Alıcı - Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0119-HƏH-GM/20 saylı konsiqnasiya müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən mağazanın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, X1 Mağazasıdır (Nizami Metrosunun yaxınlığında).

11. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcının vəzifələrinə daxildir: - Malların satışını həyata keçirməli, - Malları Satıcının tələb etdiyi standartlara uyğun xüsusi rəflərə düzməli və bu rəflərin standartlara uyğun olmasına nəzarət etməli; - Həftədə ən azı bir dəfə satıcıya satılmış və yenilənməli olan məhsul çeşidləri barədə məlumat verməli; - Həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalı, - Satıcı tərəfindən quraşdırılmış rəf və üzərindəki malları akt əsasında qəbul etməlidir, - Aktla ona təhvil verilmiş məhsullara görə cavabdehlik daşıyır, bu məhsulların zədələnməsi və ya məhv olması riskini öz üzərinə götürür. - Məhsulun satıcıya geri qaytarılması üçün məhsul satışa yararlı vəziyyətdə olmalıdır, əks halda onun qiyməti alıcı tərəfindən tam şəkildə ödənilir.

12. Müqavilənin 2.4.2-ci bəndinə əsasən Satıcı konsiqnasiya məqsədi ilə verilmiş məhsulları təyin edilmiş rəflərdə görmədiyi təqdirdə müqaviləni birtərəfli şəkildə poza və verilmiş məhsulları satış nöqtəsindən geri götürə bilər.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir.

14. Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 saylı xx.xx.2020-ci il tarixli Akta əsasən "xxxx" MMC tərəfindən Cavabdeh cəmi 507,40 manat dəyərində mallar təhvil verilmişdir. Akt hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir.

15. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 118/GM/24 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh ilə "xxxx" MMC arasında olan 15 aprel 2020-ci il tarixli, 0119-HƏH-GM/20 saylı konsiqnasiya müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 507.40 (beş yüz yeddi manat, 40 qəpik) AZN dəyərində mal satılmışdır. Sözügedən maliyyə dövriyyəsini özündə əks etdirən maliyyə cədvəli aşağıdakı kimidir: Məhsul Miqdar (ədəd) Məbləğ Qalıq borc KİXX ATF DX-İİİ İL 2 18,00 00,00 KİXX ATF DX-İİİ 4L 2 66,00 00,00 KİXX ATF MULTİ İL 2 21,00 00,00 KİXXG1 10W-40 SN PLUS İL 2 17,00 00,00 KİXXG1 10W-40 SN PLUS 4L "İron Packing" 2 57,00 00,00 KİXXG1 5W-30 SN PLUS İL 2 19,40 00,00 KİXXG1 5W-30 SN PLUS 4L "İron Packing" 2 72,00 3,40 KİXXG1 5W-40 SN PLUS İL 2 19,00 19,00 KİXXG1 5W-40 SN PLUS 4L "İron Packing" 2 72,00 72,00 KİXX ATF MULTİ 4L 2 75,00 75,00 KİXX HD1 10W-40 Cİ-4/SL 1L 2 15,00 15,00 KİXX HD1 10W-40 Cİ-4/SL 4L 2 56,00 56,00 Cəmi 507.40 240.40 Qeyd edilən maliyyə cədvəlindən də göründüyü kimi, borclu ilə "xxxx" MMC ilə “Cavabdeh” oğlu arasında bağlanmış, 15 aprel 2020-ci il tarixli, 0119-HƏH-GM/20 saylı konsiqnasiya müqaviləsi üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən 267.40 AZN ödəniş həyata keçirilmişdir. Hazırkı maliyyə arayışının tərtib edildiyi günə isə borclunun ümumi olaraq 240.40 AZN məbləğində yekun borcu yaranmışdır.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış konsiqnasiya müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəllənin:

19. 837.1-ci maddəsinə əsasən Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

20. 837.2-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir.

21. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. İşdən göründüyü kimi Hüseynov Əli Həsən oğlu ilə iddiaçı arasında 15 aprel 2020ci il tarixli, 0119-HƏH-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Yasamal rayon, Z.Əhmədbəyov küçəsi, “Avto Ehtiyat hissələri” mağazasıdır . Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdeh Hüseynov Əli Həsən oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 507,40 AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən iddiaçıya ödənilməyən 240,40 manat borcu qalmışdır. Hazırlıq iclasında iştirak edən cavabdeh müqavilədə və təhvil-təslim aktında olan imzaların ona aid olmasını etiraf etsə və borcu ödəyəcəyini bildirsə də, qətnamə çıxan tarixə borc məbləği ödənilməmiş qalmışdır.

24. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixli konsiqnasiya müqaviləsi üzrə 240,40 manat borc məbləği tuularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli konsiqnasiya müqaviləsi üzrə 240,40 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar