Məhkəmə qərarları › İş №e-2-2(113)-7816/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7816/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7816/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 145,93 (yüz qırx beş manat doxsan üç qəpik) xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında imzalanmış 15 sentyabr 2020-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavə edilmiş əlavədə müəyyən edilən nömrələr ilə cavabdehi təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib, müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl edərək nömrələr və rabitə xidmətləri ilə cavabdehi təmin etmişdir. Abunə müqaviləsinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliklərə əməl etməmiş, təqdim edilmiş xidmətlərdən istifadə etsə də, xidmət haqlarını ödəməkdən yayınmışdır. Buna görə də cavabdehin iddiaçıya 145,93 (yüz qırx beş manat doxsan üç qəpik) ödənilməmiş borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 445.2.1, 445.2.2, 448-ci maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, İddiaçı MMC ilə abunəçi qismində Cavabdeh MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AZF-SL/2020/2560 nömrəli abunə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən abunəçi bu müqaviləni imzalamaqla bu müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən İddiaçı siyahısı bu müqaviləyə 2 saylı əlavədə müəyyən edilən nömrəni (nömrələri) 1 saylı Qoşmada nəzərdə tutulmuş tariflər ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini abunəçiyə təmin edir, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən İddiaçı abunəçi tərəfindən hazırkı müqavilə imzalanan tarixdə qüvvədə olan tariflər və abunəçinin seçdiyi tarif planı üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən və abunəçiyə dair məlumatlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra rabitə xəttini aktivləşdirir, yoxlayır və abunəçini nömrə və SİM kart ilə təmin edir. Həmin müqavilənin 4.3.2-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq, vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və Azerfon tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin öhdəliyidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən abunəçiyə tarif planına uyğun olaraq onun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Abunəçi hesab-faktura aldıqda, ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması hesab edilir.

6. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00065281 nömrəli elektron qaimədən müəyyən edilir ki, “”Azerfon”” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 77 manat (ƏDV daxil) təşkil edir.

7. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 458049 nömrəli elektron qaimədən müəyyən edilir ki, “”Azerfon”” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 66,28 manat (ƏDV daxil) təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 894512 nömrəli elektron qaimədən müəyyən edilir ki, “”Azerfon”” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14,46 manat (ƏDV daxil) təşkil edir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli abunə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

13. İddia tələbini Cavabdeh MMC-dən 145,93 manat ödənilməmiş borc məbləğinin tutulması təşkil edir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh MMC-dən 145,93 (yüz qırx beş manat doxsan üç qəpik) əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

15. Eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

16. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli abunə müqaviləsinə əsasən 145,93 manat (yüz qırx beş manat doxsan üç qəpik) xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 175,93 manat (yüz yetmiş beş manat doxsan üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar