Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7829/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli abunə müqaviləsinə əsasən 125,23 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli abunə müqaviləsinə əsasən iddiaçı müqaviləyə əlavə edilmiş əlavədə müəyyən edilən nömrələr ilə cavabdehi təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, cavadeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikər pozulmuş, göstərilmiş xidmətlərin haqqı vaxtında ödənilməmişdir. Nəticədə, hazırki vaxta cavabdehin iddiaçıya 125,23 manat borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azerfon” MMC ilə Cavabdeh MMC (abunəçi) arasında 07 may 2019-cu il tarixli AZF-SL/2019/1389 saylı abunə müqaviləsi imzalanmışdır.
8. Müqavilənin 3-cü maddəsinə əsasən tərəflər bununla razılaşır ki, İddiaçı siyahısı bu müqaviləyə 2 saylı Qoşmada müəyyən edilən Nömrəni 1 saylı Qoşmada nəzərəd tutulmuş tariflər ilə təmin edir, açıq rabitə xətti ayırır və Xidmətlərin göstərilməsini Abunəçiyə təmin edir, abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq Tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir.
9. AZF-SL/2019/1389 saylı abunə müqaviləsinə 3 saylı Qoşma ilə təsdiq olunan təhvil-təslim aktına əsasən Təhvil verən 070 prefiksli olan 2 ədəd Biznes 8 və 2 ədəd Biznes 14 tariflərində Nar GSM nömrələrini Təhvil alanın istifadəsinə vermişdir.
10. Müqavilə və ona 1, 2, 3 saylı Qoşmalar hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə telefon xidmətlərinə dair EBDS seriyalı, 118244 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 46.79 manat olan, EBDU seriyalı 480726 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 46.79 manat olan, MT2401 seriyalı, 00064592 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 42.86 manat olan, EBDY seriyalı, 457720 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 1,02 manat olan elektron qaimələr göndərilmişdir.
12. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 137,46 manat təşkil edir.
13. Hazırda iddiaçı 125,23 manat məbləğin tutulmasını məhkəmədən xahiş edir.
14. Cavabdeh tərəf iddiaya münasibət (etiraz) bildirməmiş, göstərilən xidmətin dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
15. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 125,23 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.
16. Bundan başqa, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
17. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. VI. Nəticə:
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 07 may 2019-cu il tarixli abunə müqaviləsi üzrə 125 (yüz iyirmi beş) manat, 23 (iyirmi) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov