Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-783/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: konsiqnasiya anbarında saxlama müqaviləsi, konsiqnasiya anbarından malların götürülməsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət, tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli konsiqnasiya müqaviləsi üzrə 1243 manat məbləğində pulun və ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (əvvəlki adı ilə: "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh ilə iddiaçı arasında 18 noyabr 2019-cu il tarixli 0229-MRK-GM/19 saylı konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi, müqavilənin icra yeri Bakı şəhəri, Binəqədi rayon, 3-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, “Germany” yağdəyişmə mərkəzidir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə cavabdehə satmağı və cavabdeh isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən görünür ki, bir tərəf (satıcı) digər tərəfə (alıcı) müqavilə və qiymətlərin qarşılıqlı razılaşdırılması və malların təhvili aktına əsasən malları anbarda saxlanca verir və həmin mallar üzərində sərəncam hüquqları yaranır. Digər tərəf isə (alıcı) öz növbəsində malları qəbul edir, anbarın (mağazanın) rəflərində yerləşdirir və həmin malların satışından müqavilə və onun əlavəsi ilə razılaşdırılmış məbləği iddiaçıya ödəyir. 2.2. Sözügedən müqavilənin əlavəsinə əsasən Cavabdeh oğluna iddiaçı tərəfindən ümumi dəyəri 1862,90 manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4-cü maddəsinə əsasən cavabdeh həftədə bir dəfə satılmış məhsulların müqaviləyə müvafiq olaraq 1 saylı əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini iddiaçıya ödəməli və məhsulları iddiaçıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən cavabdeh ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. 2.3. Cavabdeh qeyd olunan məbləğin yalnız 649,90 manat hissəsini ödəmiş, lakin ümumi olaraq 1243 manat dəyərindəki 2 ədəd KİXX AF/Coolant 1L – 15,30 manat, 1 ədəd KİXX AF/Coolant 3L – 21,25 manat, 2 ədəd KİXX ATF DX-İİİ 4L – 66 manat, 2 ədəd KİXX ATF DX-Vİ 1L – 21 manat, 2 ədəd KİXX ATF DX-Vİ 4L – 84 manat, 2 ədəd KİXX CVTF 4L – 96 manat, 2 ədəd KİXX DX-İİİ 1L – 18 manat, 2 ədəd KİXX Engine Clean 1L – 13,60 manat, 2 ədəd KİXX Engine Clean 4L – 51 manat, 2 ədəd KİXX G 10W-40 SL 1L – 13,50 manat, 2 ədəd KİXX 10W-40 SL 4L “İron Packing” – 48 manat, 2 ədəd KİXX 10W-40 SL 4L “Plastic Packing” – 48 manat, 2 ədəd KİXX G1 0W-20 SN PLUS 1L – 22,50 manat, 2 ədəd KİXX G1 0W-20 SN PLUS 4L – 78 manat, 2 ədəd KİXX G1 0W-30 SN PLUS 1L – 22,50 manat, 2 ədəd KİXX G1 0W-30 SN PLUS 4L – 78 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 3L – 21,75 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing” – 57 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “Plastic Packing” – 57 manat, 2 ədəd KİXX G1 5W-20 SN 1L – 18 manat. 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4L – 63 manat, 2 ədəd KİXX G1 5W-30 Dexos1 1L – 19,50 manat, 2 ədəd KİXX G1 5W-30 Dexos1 4L – 72 manat, 2 ədəd KİXX G1 5W-30 SN 1L – 19,50 manat, 2 ədəd KİXX 5W-30 SN PLUS 1L – 19,50 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4L “İron Packing” – 72 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4L “Plastic Packing” – 72 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1L – 19 manat, 2 ədəd KİXX PAO C3 5W-30 1L – 36 manat mallarının nə dəyərini ödəmiş, nə də həmin malları iddiaçıya geri qaytarmışdır. 2.4. Yekun olaraq, 18 noyabr 2019-cu il tarixli 0229-MRK-GM/19 saylı konsiqnasiya müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-yə 1243 manat dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə, iddiaçının rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, iddiaçı tərəfindən cavabdeh ilə 18 noyabr 2019-cu ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Cavabdehin 1243 manat dəyərindəki borcu ödəməsi üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 837-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8071/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə rəsmi qeydiyyata olduğu ünvana çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (xx.xx.2022-ci il tarixli **********222800 nömrəli çıxarışa əsasən hazırkı iddiaçı; satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0229-MRK-GM/19 nömrəli konsiqnasiya müqaviləsinin predmet və hesablaşma qaydası ilə bağlı şərtlərindən görünür ki, Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir (1.1). Mağazanın ünvanı: ünvan 1kəzi (1.2). Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir (3.1). Alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir (3.2).
12. Adıçəkilən müqavilənin tərəflərin hüquq və vəizfələrindən bəhs edən şərtlərindən görünür ki, Alıcının vəzifələrinə daxildir: malların satışını həyata keçirməli; malları Satıcının tələb etdiyi standartlara uyğun xüsusi rəflərə düzməli və bu rəflərin standartlara uyğun olmasına nəzarət etməli; həftədə ən az bir dəfə Satıcıya satılmış və yenilənməli olan məhsul çeşidləri barədə məlumat verməli; həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalı; Satıcıya məxsus rəfdə məhsulların yerini dəyişməməli. Satıcı tərəfindən müəyyən edilmiş düzülüşü pozmamalı, rəfə başqa məhsul yerləşdirməməlidir; malların çeşidlərinin sayı Satıcının rəf(lər)inə yerləşmədiyi təqdirdə, malları Alıcının özünə məxsus rəflərdə, lakin gözə görünən yerlərdə yerləşdirməlidir. Bu halda, Əlavə nömrə 1-də Satıcının təqdim etdiyi rəflərdə yığılmış məhsullar, Əlavə nömrə 2-də isə Alıcının öz rəflərinə yığılacaq məhsullar öz əksini tapacaq; rəfin boş qalmamasına nəzarət etməli, satılmış məhsulun yerinə Satıcının məhsulunu qoymalıdır; Satıcı tərəfindən quraşdırılmış rəf və üzərindəki malları Akt əsasında qəbul etməlidir; aktla ona təhvil verilmiş məhsullara görə cavabdehlik daşıyır, bu məhsulların zədələnməsi və ya məhv olması riskini öz üzərinə götürür; Alıcı mallan Satıcı tərəfindən tövsiyə edilən qiymətlərdən aşağı satmamalıdır; məhsulun Satıcıya geri qaytarılması üçün məhsul satışa yararlı vəziyyətdə olmalıdır, əks halda onun qiyməti Alıcı tərəfindən tam şəkildə ödənilir. Satıcının vəzifələri bunlardan ibarətdir: ona məxsus olan rəflə və məhsullarla Alıcını təmin etməli; Alıcının verdiyi məlumata əsaslanaraq, həftədə bir dəfə satılmış məhsulları yeniləri ilə əvəz etməli; məhsulların qiymətində dəyişiklik olduğu təqdirdə bu barədə Alıcıya məlumat verməlidir. Alıcının hüquqları: Satıcıdan aldığı məhsullara təkrar satış qiymətini Satıcı tərəfindən tövsiyə edilən qiymətlərə uyğun, lakin bu qiymətlərdən aşağı olmamaq şərtilə müəyyənləşdirmək. Satıcının hüquqları: həftədə bir dəfə Alıcının müqavilənin icrasına dair fəaliyyəti ilə bağlı yoxlama həyata keçirə bilər. Yoxlama əsasında uyğunsuzluqlar, qüsurlar, yaxud bu müqavilə üzrə öhdəliklərin başqa cür pozulması aşkarlanarsa, Satıcı bu barədə dərhal Akt tərtib etməlidir; Satıcı konsiqnasiya məqsədi ilə verilmiş məhsulları təyin edilmiş rəflərdə görmədiyi təqdirdə müqaviləni birtərəfli şəkildə poza və verilmiş məhsulları satış nöqtəsindən geri götürə bilər; 1 (bir) ay ərzində heç bir satış olmadığı təqdirdə rəfi, məhsulları götürərək müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
13. Həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 01 saylı əlavə olan qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktdan görünür ki, göstərilən müqavilənin şərtlərinə əsasən sifarişçinin sifarişinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında ümumilikdə 1862,9 manat dəyərində 77 ədəd müxtəlif adda mal Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmişdir.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 0229-MRK-GM/19 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə sonuncunun sifarişinə uyğun miqdarda və çeşiddə malları sərəncam vermək hüququ daxil olmaqla rəfdə saxlanılmaq və satış üçün verməyi, cavabdeh isə həmin malları müqavilə şərtərində uyğun olaraq rəfdə saxlamağı və satmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında akt əsasında ümumi dəyəri 1862,9 manat olan mal cavabdehin konsiqnasiya anbarına qəbul edilmişdir.
15. İddiaçı xx.xx.2019-cu il tarixli 0229-MRK-GM/19 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə malların qalıq dəyəri olan 1243 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
21. Məhkəmə əvvəla konsiqnasiya anbarında saxlama müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
22. Mülki Məcəllənin 837.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.
23. Həmin Məcəllənin 837.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alqı-satqı haqqında müddəalar tətbiq edilir.
24. Həmin Məcəllənin 840.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır.
25. Həmin Məcəllənin 841-ci maddəsinə əsasən, ayrı razılaşma olmadıqda konsiqnasiya anbarında saxlama üçün tacirə heç bir muzd verilməməlidir.
26. Göründüyü kimi, konsiqnasiya anbarında saxlama müqaviləsi özündə saxlama və alqı-satqı müqaviləsinin müddəalarını birləşdirən mürəkkəb xarakterli kommersiya müqaviləsidir. Müqavilənin tərəfləri tapşıran (konsiqnant) və tacir (konsiqnator) olmaqla tərəflər arasında həm saxlama, həm da alqı-satqı ilə bağlı münasibətlər yaranır. Belə ki, tacir bir tərəfdən konsiqnasiya mallarını ayrıca saxlamaqla və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməklə malın saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır, digər tərəfdən həmin mallar üzərində sərəncam hüququna malik olmaqla öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürür.
27. Eyni zamanda konsiqnasiya anbarından mal götürüldükdə tacir və tapşıran arasındakı münasibətlər məhz alqı-satqı müddəaları əsasında tənzimlənir.
28. Hazırkı halda cavabdeh konsiqnasiya anbarından mal götürmədiyini, konsiqnasiya anbarını geri qəbul etmək barədə təklif etdiyini sübut edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə X1 Sistemi vasitəsilə məktub ünvanlayaraq, borcun 5 gün ərzində ödənilməsini tələb etmişdir. Lakin cavabdeh tərəfindən malların götürülmədiyi və geri qaytarılmasının mümkünlüyünə dair iş materiallarında hər hansı sübut mövcud deyildir.
29. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh (tacir) tərəfindən konsiqnasiya anbarından mal götürülmüşdür.
30. Mülki Məcəllənin 840.2-ci maddəsinə əsasən, konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alqı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alqı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir.
31. xx.xx.2019-cu il tarixli 0229-MRK-GM/19 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsinin 3.2-ci bəndinə əsasən, Alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir
32. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranıb (müqavilələrin 3.2-ci bəndli nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
33. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
39. Beləliklə, məhkəmə hesab edir ki, konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə anbardan götürülmüş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (tacir) müqavilə üzrə yaranmış borcunu iddiaçıya (tapşırana) ödəməlidir.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2019-cu il tarixli 0229-MRK-GM/19 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə 1243 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı eyni zamanda ödənilmiş 33 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********17 nömrəli mədaxil qəbzi ilə 33 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, iddia tələbinin təmin edildiyini, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 18 noyabr 2019-cu il tarixdə bağlanmış konsiqnasiya müqaviləsi üzrə 1243 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova