Məhkəmə qərarları › İş №e-2-2(113)-784/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-784/2024

12.03.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-784/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2022-ci il tarixli aktın ləğv edilməsi, 13804,0 kub mert uçota alınmayan qaza görə iddiaçıya hesablanmış 3036,88 manat pulun silinməsi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin, dövlət rüsumuna aid edilən hissədən artıq qalan 20 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar şəhəri ərazisində yerləşən, 22 iyul 2014-cü il tarixində X7 ilə bağlanmış əvəzsiz istifadəyə verilmə barədə müqaviləyə əsasən iddiaçının istifadəsində olan çörək sexinin qaz xəttində quraşdırılmış G-100 markalı 80113987 nömrəli qaz sayğacında 13803,76 kub metr uçota alınmayan qaz sərfiyyatına yol verilməsinə dair 30 dekabr 2022-ci il tarixdə Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsi üzrə işçiləri tərəfindən təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmişdir. Müqaviləyə əsasən çörək sexindən iddiaçı tərəfindən istifadə edildiyinə görə istifadə olunan qazın dəyərinin ödənilməsinə dair hesab fakturaları iddiaçının adına yazılır. Akt, Sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında məktubla birlikdə 2023-cü ilin yanvar ayının əvvəllərində Xaçmaz RQİİ-nin içisi tərəfindən iddiaçıya təqdim edilmişdir. Akt möhürlə təsdiq edilməmişdir və nömrəsizdir. Yoxlama iddiaçıya məlumat verilmədən və iştirakı olmadan aparılmışdır. Buna baxmayaraq, aktda, iddiaçının və ya nümayəndəsi tərəfindən akta imza edilməsindən imtina edilməsi qeyd edilmişdir. Həmçinin iddiaçıya təqdim edilmiş məktub, qaz istehlakçısı iddiaçı olduğu halda, qaz sayğacı qeydə alınmış şəxsin – X3 adına yazılmış, çörək sexinin qaz xəttində quraşdırılmış qaz sayğacında 13804 kub metr miqdarında uçota alınmayan qazın həcminin müəyyən edilməsi və bunun nəzərə alınması qeyd edilmişdir. Aktda göstərilir: X8nın 4.3-cü bəndinə uyğun olaraq G-100 markalı 80113987 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğacın göstəricilərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Sayğacın quraşdırılma tarixi: xx.xx.2019. Yerində xidmət tarixi: xx.xx.2022. 2021-ci il üçün yekun sərfiyyat: 178113 x 7,75% = 13803,76 kub metr”. Qeyd edilir ki, sayğacın dövlət yoxlamasından keçirilməsindən iddiaçının xəbəri yoxdur, daha doğrusu, sayğac dövlət yoxlamasından keçirilsəydi, yoxlamanın nəticələrinə dair aktın surəti iddiaçıya təqdim edilərdi. Daha sonra, 2023-cü ilin iyun ayında Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsindən 2023-cü ilin may ayında istfadə edilmiş qazın dəyərinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli hesab fakturası, 31 may 2023-cü il tarixli akt və xx.xx.2022 tarixli ştamp vurulmuş, tarixi 31 may 2023-cü il qeyd edilmiş Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsindən Sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında (mətninə görə xx.xx.2022-ci il tarixində verilmiş məktubla eyni) məktub verilmişdir. Hesab fakturasından aydın olur ki, sənəddə 2023-cü ilin may ayında istifadə edilən qazın dəyəri ilə birlikdə, G- 100 markalı 80113987 nömrəli qaz sayğacında 13804,0 kub metr miqdarında uçota alınmayan qazın dəyəri olan 3036,88 manat pul vəsaiti də iddiaçı tərəfindən ödənilməli olan vəsait kimi qeyd edilmişdir. Belə ki, sayğac göstəricilərinə əsasən yazılmış sərfiyyat aktında may ayında cəmi 14066,0 kub metr qazdan istifadə edildiyi qeyd edilmişdir. Həmin ayın hesab fakturasında isə 27870,0 kub metr qaz sərfiyyatı göstərilmişdir. Onun dəyəri 6131,40 manatdır. Nəticə olaraq cavabdeh tərəfindən iddiaçıdan əsasız olaraq 13804,0 kub mert qazın dəyəri olan 3036,88 manat pul vəsaitinin ödənilməsi tələb edilir. Qaz sayğacları yalnız dövlət yoxlamasından sonra quraşdırılır. 30 dekabr 2022-ci il tarixli aktda qeyd edildiyi kimi, sayğac xx.xx.2019-cu il tarixində quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, qüvvədə olan “X8”nın 3.3.1, 3.3.1.1, 3.3.1.2 və 3.3.1.3-cü yarımbəndlərinə əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar 3 ildə bir dəfədən az olmayaraq qaz qurğularının istilik-texniki sazlanması, avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanması, köməkçi avadanlıqların sazlanması işlərini aparmalıdırlar. Qeyd edilən qaydaların 3.3.7-ci bəndinə əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərti ilə öz xidmət sahəsini yaratmalı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamalıdır. Bununla əlaqədar qeyd edilir ki, sənaye qaz qurğularından istifadə edən istehlakçı kimi isifadə edilən qaz sayğaclarına texniki xidmət Cavabdeh İBnin Xaçmaz RQİİ tərəfindən göstərilir. Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsindən iddiaçıya təqdim edilmiş Sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında məktubda da göstərilmişdir ki, sənaye tipli qaz sayğaclarına Cavabdeh İB-nin hesabına texniki xidmət göstərilir. Yuxarıda göstərildiyi kimi, tərtib edilmiş aktda da qeyd edilmişdir ki, qaz sayğacı xx.xx.2019-cu ildə quraşdırılmışdır və ona xx.xx.2022-ci il tarixində yerində xidmət göstərilmişdir. 30 dekabar 2022-ci il tarixli akt tərtib edilənə kimi sayğaca sonuncu texniki xidmətin göstərilməsindən isə cəmi 9 ay vaxt keçmişdir. Belə olan halda, sayğac saz vəziyyətdə olmalı və artıq qaz sərfiyyatına yol verilməməli idi. Əyər sayğacda artıq qaz sərfiyyatına yol verilibsə, bu yenə də cavabdeh tərəfindən zəruri səviyyədə texniki xidmətin keçirilməməsi nəticəsində ola bilər. Əlavə olaraq, yuxarıda adı çəkilən Qaydaların 4.1-ci maddəsinə əsasən yalnız qaz sərfinə görə layihəyə uyğun olan, tipi təsdiq edilmiş və sertifikatlaşdırılmış qaz sayğacları quraşdırılır. Həmçinin qaz sayğacı Xaşmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin işçiləri tərəfindən quraşdırılmışdır. Bütün göstərilənlərlə təsdiq olunur ki, cavabdeh tərəfindən əsassız olaraq 30 dekabr 2022-ci il tarixli akt tərtib edilmişdir və onun tərəfindən iddiaçıdan 13804,0 kub mert qazın dəyəri olan 3036,88 manat pul vəsaitinin ödənilməsinin tələb edilməsi tamamilə əsassızdır. 25 iyul 2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən pretenziyaya cavab verilməmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının müraciəti ilə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən 71 manat ödənilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 30 dekabr 2022-ci il tarixli akt əsasında müəyyən olunan 13804 kub metr uçota alınmayan qaza görə iddiaçının adına əsassız hesablanmış 3036,88 manat pul borcunun silinməsi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi X5 istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki,Qusar şəhərində yerləşən, bacısı X4 məxsus çörək sexini müqaviləyə əsasən işlədən sahibkarlıq fəaliyyəti ilə məşğul oilan fiziki şəxs İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsinə və əsassız hesablanmış pul vəsaitinin silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul oilan fiziki şəxs İddiaçı öz iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın düzgün olmadığını, sayğacında göstərilən xətaların olmadığını, təbii qazdan qanunsuz istifadə etmədiyini göstərmişdir. Lakin abonent üçün sayğac göstəricisindən əlavə sərfiyyat məbləğinin hesablanması qanuna uyğun şəkildə yerinə yetirilmişdir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən açılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda, “X8”nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.6-cı yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uğotunu aparmaq vəzifəsi paylayıcının üzərinə qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları yerinə yetirilməlidir. Turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazına görə 4,0% cəmi – 7,75% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən X8 və qazın alqı-satqısı Müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. Abonentin G-100 markalı 80113987 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə yerində xidmət göstərərkən xətaların normadan artıq olduğu müəyyən edilmişdir. Sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən sayğacda uçota alınmayan qaz həcmi yenidən hesablanmış və hesablama nəticəsində 2021-ci il üçün yekun sərfiyyat 178113 x 7,75%= 13803,76 m3 qeydə alınmayan qaz sərfi olduğu müəyyən edilmişdir. Bu qazın dəyəri 13803,76 x 0.22=3036,82 manat məbləğində hesabat aparılaraq abonent koduna işlənilmişdir. Bununla da aydın olur ki, iddiaçı üçün hesablanmış uçotu pozulmuş qaz həcminin məbləği qanuna və olçmə metodikasına əsaslanmışdır, İddiaçı iddia tələbi isə qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi X2 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarədar qismində X7 ilə icarəçi qismində İddiaçı arasında xx.xx.2014-cü il tarixdə əvəzsiz istifadəyə verilmə barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 məxsus olan Qusar şəhəri, Qusar-Xudat yolunun sol tərəfi ünvanında yerləşən 0.14584 ha torpaq sahəsi və üzərindəki 1302.2 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəni - İddiaçı icarəyə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən həmin qeyri-yaşayış sahəsi müqavilə bağlanan gündən icarəçiyə əvəzsiz istifadəyə verilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarədar icarəçinin fəaliyyətindən irəli gələn maliyyə, hüquqi, vergi və digər işlər üzrə yaranan hər hansı bir məsələdə heç bir məsuliyyət daşımır. İcarəyə verilmiş binaya icarə müddətində dəymiş hər hansı bir ziyana görə cavabdehliyi və məsuliyyəti icarəçi daşıyır. Hamin ziyan icarəçinin hesabına ödənilir. İcarəçi qeyri-yaşayış sahəsinə aid olan bütün vergi və kommunal xərclərini, elektrik enerjisi, su, qaz və kanalizasiya və icarə haqqını vaxtında ödəməyi, əmək mühafizəsi, eləktrik və texniki təhlükəsizlik, yanğından mühafizə, sanitar qaydalarına riayət edilməsinə təminat verir və əhaliyə mədəni xidmət göstərməyi öz öhdəsinə götürür.

9. Paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2023-cü il tarixli sənaye tipli qaz sayğaclarında uçota alınmayan qaz həcminin hesablanması haqqında sənəddə qeyd edilmişdir ki, Əliyeva Simnarəyə məxsus yerində texniki xidmət göstərilən G-100 markalı 80113987 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 13804 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir.

11. “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktda qeyd edilmişdir ki, istehlakçıya məxsus yaşayış (qeyri-yaşayış) sahəsində təbii qazdan istifadə üzrə xx.xx.2022-ci il tarixində müəyyən olundu: “X8”nın 4.3-cü bəndinə uyğun olaraq G-100 markalı 80113987 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir.

12. xx.xx.2024-cü tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00003) qeyd edilən tarixə ümumilikdə borcu 2982,30 manat (sayğac oxunması: 301624,92 manat + aktlar: 3036,88 manat – ödəmələr: 301679,50 manat = son borc: 2982,30 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2023-cü ilin may ayında akt üzrə 3036,88 manat məbləğində borc hesablanmışdır.

13. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən 30 dekabr 2022-ci il tarixli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X8”nın: 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

19. İşin faktiki hallarından göründüyü kimi, 30 dekabr 2022-ci il tarixdə Xaçmaz RQİİnin Xaçmaz Xidmət Sahəsi üzrə işçiləri tərəfindən iddiaçının istifadəsində olan çörək sexinin qaz xəttində quraşdırılmış G-100 markalı 80113987 nömrəli qaz sayğacında 13803,76 kub metr uçota alınmayan qaz sərfiyyatına yol verilməsinə dair təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmiş və nəticədə 13804,0 kub mert uçota alınmayan qaz sərfiyyatına görə iddiaçıya 3036,88 manat məbləğində borc hesablanmışdır.

20. İddia tələbi Cavabdeh tərəfindən 30 dekabr 2022-ci il tarixli akt əsasında müəyyən olunan 13804 kub metr uçota alınmayan qaza görə iddiaçıya əsassız hesablanmış 3036,88 manat məbləğində borcun silinməsindən ibarətdir.

21. Cavabdeh iddiaya etiraz etsə də, etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehə etirazında göstərilən hallarla bağlı sübutları məhkəməyə təqdim etmək təklif edilsə də, abonentin saldosundan başqa, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, aktdan başqa, onlarda digər sübutlar yoxdur.

22. Təqdim olunmuş aktdan göründüyü kimi, aktın tərtibi zamanı iddiaçının iştirakı təmin olunmamış, akt mövcud tələblərə uyğun tərtib olunmamışdır.

23. Eyni zamanda cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

24. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

25. Belə ki, müəyyən olunmuşdur ki, akt üzrə hesablanmış borc məbləği üzrə iddiaçı tərəfindən ödəniş olunmuşdur. İddiaçının tələbi borcun silinməsi olduğundan, silinməsi istənilən borc qismən ödənildiyindən, məhkəmənin qənaətinə əsasən akt üzrə hesablanmış, ödənilməmiş qalan borc məbləği abonent hesabından silinməlidir.

26. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, hazırda qalan borcun 2982,30 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 2982,30 manat (iki min doqquz yüz səksən iki manat otuz qəpik) məbləğində borc İddiaçı **********00003 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.

27. Eləcə də, iddiaçı 70 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, 70 (yetmiş) manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borcdan qalan 2982,30 manat (iki min doqquz yüz səksən iki manat otuz qəpik) məbləğində pul İddiaçı **********00003 saylı abonent hesabından silinsin. Cavabdehndən 70 (yetmiş) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar