Məhkəmə qərarları › İş №e-2-2(113)-789/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-789/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-789/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27081 manat xidmət haqqının və ödənilmiş 171,24 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli “Xidməti Müqavilə №01” saylı müqaviləyə əsasən Cavabdeh MMC icraçı olaraq satıcı “X4 X3 Co. LTD” ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ASBJLL240208 saylı müqavilənin bağlanmasında vastəçilik edərək həmin alqı-satqı müqaviləsinə əsasən satıcıdan alınmış 150 ədəd “Chevrolet Monza” markalı avtomobillərin alıcı İddiaçı MMC-yə təhvil verilməsi vəzifəsini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlınmış 08 fevral 2024-cü il tarixli №01 saylı “Xidməti Müqavilə”-nin 1.3-cü bəndinə uyğun olaraq İddiaçı MMC 150 ədəd “Chevrolet Monza” markalı avtomobillərin alıcıya təhvil verilməsi üçün xidmət haqqı olaraq hər bir avtomobil üçün 300 ABD dolları + ƏDV olaraq 54 ABŞ dolları məbləğinin manat ekvivalentində ƏDV daxil 601.80 manat, ümumilikdə isə ƏDV daxil 90270 manat məbləğində pul vəsaitini icraçı Cavabdeh MMC-yə ödəmişdir. Lakin Cavabdeh MMC 01 saylı “Xidməti Müqavilə” əsasında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Belə ki, cəmi 28 ədəd avtomobil Çin Xalq Respublikasından Azərbaycan Respublikasına ixrac edilərək alıcıya təhvil verilmiş, 77 avtomobil üzrə isə tərəfimizdən ödənilmiş xidmət haqqı İddiaçı MMC-yə 29 mart 2024-cü il tarixdə geri qaytarılmışdır. Halhazırda xidmət göstərilməyən 45 (qırx beş) avtomobil üzrə geri qaytarılmayan məbləğ ƏDV daxil 27081 manat təşkil edir. Qeyd edilən müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq vaxt verilmiş, şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi nə 45 avtomobilin alıcıya çatdırılması təmin etməmiş, nə də həmin avtomobillərə görə ödənilmiş xidmət haqqının geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Bayramov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsi nümayəndəsi Ə.Bayramovun yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı və cavabdeh arasında bağlanmış 08 fevral 2024-cü il tarixli, 01 nömrəli xidməti müqaviləyə görə iddiaçı ilə “X4 X3 Co. Ltd” arasında xx.xx.2024-cü il tarixli ASBJLL240208 saylı müqavilənin bağlanmasında vasitəçilik etməyi və “X4 X3 Co. Ltd”dən alınmış 150 ədəd “Chevrolet Monza” markalı avtomobillərin alıcı İddiaçı MMC-yə təhvil verilməsini öz üzərinə götürmüşdür.

10. Müqavilənin 1.3-cü bəndinə görə iddiaçı vasitəçilik göstərən cavabdehə alınmış hər bir avtomobilə görə 354 dollar ƏDV daxil xidmət haqqı ödəməlidir.

11. 09.02.2024-cü il tarixli, 005AZ**********4 nömrəli köçürməyə görə 76500 manat məbləğində pul 08 fevral 2024-cü il tarixli, 01 nömrəli xidməti müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüşdür.

12. 12.02.2024-cü il tarixli, **********799730 nömrəli köçürmə haqqında bildirişə görə 13770 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus ƏDV sub-uçot hesabına köçürülmüşdür.

13. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 39270 manat pul geri qaytarılmışdır.

14. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa görə 7068,60 manat vəsait cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır.

15. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçı tərəfindən 08 fevral 2024-cü il tarixli, 01 nömrəli müqavilə üzrə ümumilikdə 28 ədəd avtomobil ölkəyə idxal edilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 08 fevral 2024-cü il tarixli, 01 nömrəli broker müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.

23. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.

24. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

26. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

27. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçı “X4 X3 Co. Ltd”dən 150 ədəd avtomobilin alınıb ona təhvil verilməsinə vasitəçilik etməsi üçün cavabdehə ümumilikdə 90270 manat məbləğində ödəniş etmiş, cavabdeh tərəfindən müqavilə üzrə 28 avtomobil (28*354 ABŞ dolları, yəni 16850,40 manat) iddiaçıya təhvil verilmiş, müqavilə üzrə ödənilmiş olan 39270 manat əsas borc, 7068,60 manat ƏDV iddiaçıya geri qaytarılmışdır. Cavabdeh tərəfindən qalan 122 avtomobilin çatdırılması üçün ödənilmiş olan 27081 manat məbləğ iddiaçıya geri qaytarılmamışdır.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 27081 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 171,24 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 27081 manat məbləğində pul, 171,24 manat dövlət rüsumu, ümumilikdə 27252,24 (iyirmi yeddi min iki yüz əlli iki manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar