Məhkəmə qərarları › İş №e-2-2(113)-7899/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7899/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7899/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 204,78 manat (iki yüz dörd manat yetmiş səkkiz qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-MAA-001 saylı 14 fevral 2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə həmin müqavilə ilə nəzərdə tutulmuş xidmətlər göstərilmişdir. Göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə olaraq 335,74 manat (üç yüz otuz beş manat yetmiş dörd qəpik) borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin 130,96 manat (yüz otuz manat doxsan altı qəpik) hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə əsasən qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Cavabdehin hazırki tarixədək iddiaçıya ümumilikdə 204,78 manat (iki yüz dörd manat yetmiş səkkiz qəpik) borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz xarakterli ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, 02 mart 2020-ci il tarixdə İddiaçı MMC-dən **********-14001 obyekt kodu üzrə PKS - VERİFONE X990 markalı kassa aparatı götürmüşdür. Lakin pandemiya səbəbindən 2020-ci ilin mart ayından ticarət mərkəzi fəaliyyətini dayandırmış və buna əsasən də onun fəaliyyəti də müvəqqəti dayandırılmışdır. Həmin tarixdən İddiaçı MMC-yə dəfələrlə həm fəaliyyətin olmaması və qeydiyyatın ləğv olunması haqqında müraciət olunmuşdur. Təssüf ki, heç bir məktubu cavablandırılmamışdır. Vergi orqanının dəfələrlə müraciətinə baxmayaraq, yenə də kassa aparatının qeydiyyatdan çıxarılmasını etməmişlər. Aparatı ondan təhvil alsalar da, qeydiyyatı ləğv etməmişlər. Heç bir xidmət olmadığı üçün qeyd olunan borc məbləği əsassızdır.

5. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir

6. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC şirkətindən **********-14001 obyekt kodu üzrə PKS – VERİFONE X990 markalı kassa aparatı sifariş etmişdir. Lakin məhkəməyə məlumat verdiyi kimi, həmin vaxt pandemiya səbəbindən ticarət mərkəzinin fəaliyyəti dayandığı üçün o da fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı. Buna görə də kassa aparatını qaytarmış və satıcıdan onun qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin satıcı onun və vergi orqanının dəfələrlə müraciətinə baxmayaraq, kassa aparatını qeydiyyatdan çıxarmamışdır. Müqavilə fors-major hal səbəbilə icra edilə bilməmiş, onun tərəfindən kassa aparatı satıcıya qaytarılmış və dolayısıyla ödəniş də icra edilməmişdir. Eyni məzmunda məhkəməyə onun tərəfindən etiraz məktubu da ünvanlanmışdır. Mübahisənin yaranmasından 5 ildən artıq müddətin ötməsini nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən iddiadan imtina edilməlidir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsi ilə bağlı iddiadan imtina barədə qərar qəbul edilməsi xahiş edilir. Tədqiq olunan sübutlar:

7. Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu, eləcə də iddia müddətini tətbiqi barədə ərizə verdiyini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsnini xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində X2 (sonradan soyadı dəyişdirilib) ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, NBA-MAA-001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadəsi üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən 5 iş günü ərzində həyata keçiriləcək; 2.2-ci bəndinə əsasən ödəniş həyata keçirildikdən sonra icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər sifarişçiyə təqdim edilməlidir: xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə faktura; 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflərin bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar; 6.3-cü bəndinə əsasən sifarişçi müqavilənin 3.1-ci bəndində göstərilən vəzifələrini yerinə yetirməməsi nəticəsində icraçı barədə tətbiq olunacaq cərimə məbləğini ödəməyi və ya icraçının məruz qalacağı digər cəza tədbirlərinə görə dəymiş zərərin 110% məbləğində təzminat ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı MMC ilə X2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, NBA-MAA-001 nömrəli xidmət müqaviləsinə 1 nömrəli əlavə olan qiymət razılaşdırılması protokoluna əsasən tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 70,8 manat olan xidmətlər (kassa qeydiyyatı+token) barədə razılığa gəlmişdirlər. Protokol tərəflərin imzası və İddiaçı MMCnin möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC ilə X2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, NBA-MAA-001 nömrəli xidmət müqaviləsinə 2 nömrəli əlavə olan qiymət razılaşdırılması protokoluna əsasən tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 9,44 manat olan (aylıq servis xidməti) xidmətlər barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına xidmətlərin göstərilməsinə dair Cavabdeh2 göndərilən elektron qaimələr əlavə edilmişdir.

12. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, NBA-MAA-001 nömrəli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh2 göstərilmiş xidmətlərə görə Cavabdeh2 İddiaçı MMC-yə maliyyə arayışında qeyd edilmiş elektron qaimələrə müvafiq olaraq 355,74 manat borcu mövcud olmuş, Cavabdeh2 tərəfindən həmin borc məbləğinin 130,96 manat hissəsi ödənilmiş və Cavabdeh2 ümumilikdə 204,78 manat borcu qalmışdır.

13. İddiaçı MMC ilə X2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, NBA-MAA-001 nömrəli xidmət müqaviləsinə 1 nömrəli protokoldan görünür ki, tərəflər kassanın qeydiyyatdan çıxaırlmasının məbləği barədə - 35,40 manat (30 manat + ƏDV 18% 5,40) razılığa gəlmişlər. Protokolda həmçinin qeyd edilmişdir ki: 1) Protokol NBA-MAA-0O1 nömrəli xidmət müqaviləsinin ayrılmaz hissəsidir. 2) Kassanın qeydiyyatdan çıxarılması bu protokola əsаsən müvafiq sənədlər əsasında həуаtа keçirilir. 2.1 Hesab faktura göndərildikdən 5 iş günü ərzində ödəniş olunduqdan sonra kassa aparatı qeydiyyatdan çıxarılacaq və işlər tamamlandıqdan sonra ləğv aktına əsasən elektron qаimə göndəriləcək.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, Vergi ödəyicisinin tam adı: X2; VÖEN: **********; Obyekt kodu: **********-14001; proqram təminatı: CashRegister; proqram təminatının versiyası: V_0.0.1; Kassanın markası: Verifone X990; Seriya nömrəsi: V1E0013231; Terminal İD: AP 901183; SİM: 89994 01190 50213 53284; Token seriya nömrəsi: 003E0043304E**********4B. Smart terminal quraşdırıldı, test edildi və tam işlək vəziyyətdə müştəriyə təhvil verildi.

15. X2 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixdə məktubda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunuza cavab olaraq bildirilir ki, bizim fəaliyyətimiz xx.xx.2020-ci il tarixli 1 saylı icarə müqaviləsinə əsasən ünvan 1i rayonu, Cavadxan 5 mkr, ev Moskva Ticarət Mərkəzində yerləşən obyekdə başlamışdır. X5 pandemiyası səbəbindən 2020-ci ilin mart ayından ticarət mərkəzi fəaliyyətini dayandırmışdır və buna əsasən də, bizim fəaliyyətimiz müvəqqəti dayandırılmışdır. Bu günə kimi ticarət mərkəzinin fəaliyyətinin bərpa olunmaması səbəbindən bizim də fəaliyyətimiz olmamışdır. Xahiş edirik nəzərə alasınız və bizə xx.xx.2020-ci il tarixədək təqdim olunan EQ-ləri ləğv edəsiniz. xx.xx.2020-ci il tarixdən başqa ünvanda fəaliyyətə başladığımız üçün növbəti aylar üzrə ödənişləri təmin edəcəyik.

16. X2 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixdə məktubda qeyd edilmişdir ki, NBA-MAA-001 xx.xx.2020 [281999] saylı kassa aparatı işləmədiyi və ümumiyyətlə istifadə olunmadiğını nəzərə alaraq xidmət haqqi kimi təqdim olunan EQ-ləri ləğv etməyinizi və kassa aparatının qeydiyyatdan çıxardaraq geri götürməyinizi sizdən xahiş edirəm.

17. X2 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixdə məktubda qeyd edilmişdir ki, **********-14001 Obyekt kodu üzrə Obyektin ünvanı: AZ1102 ünvan 1i rayonu, Cavad Xan 5 mkr, ev. Moskva Ticarət Mərkəzi PKS-in markası: Verifone X990 PKS-in proqram təminatı: CashRegister PKS-in proqram təminatının versiyası: V_0.0.1 Kassanın kateqoriyası: 2 PKS-in zavod nömrəsi: V1E0013231 NMQ-nin zavod nömrəsi: 003E0043304E**********4B kassa aparatı tərəfinizdən bizdən təhvil alınmasına baxmayaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətimizə baxmayaraq hələdə qeyd olunan kassa aparatı bizdən qeydiyyatdan çıxarılmamışdır. Vergi orqanı tərəfindən dəfələrlə müraciət olunmasını nəzərə alaraq xahiş edirik kassa aparatını təcili qeydiyyatdan çıxarasınız.

18. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş PKS-in qeydiyyata alınması barədə aktdan görünür ki, X1 ünvan 1i rayonu, Cavad Xan 5 mkr, ev. Moskva Ticarət Mərkəzi PKS-in markası: Verifone X990 PKS-in proqram təminatı: CashRegister PKS-in proqram təminatının versiyası: V_0.0.1 Kassanın kateqoriyası: 2 PKS-in zavod nömrəsi: V1E0013231 NMQ-nin zavod nömrəsi: 003E0043304E**********4B kassa aparatı təhvil verilmişdir.

19. X2 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə təqdim edilmiş arayışda qeyd edilmişdir ki, 3.1 Vergi ödəyicisinin adı X2; 3.2 Obyektin kodu **********-14001; 3.3 Obyektin adı Marrone Jewellery; 4. Arayışın məzmunu: 4.1 Bu ərizənin 3-cü bölməsində göstərilən vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən fəaliyyətin dayandırılmasının başlanma və bitmə tarixlərini Sizə bildirirəm; 4.2 Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix: xx.xx.2022; 4.3 Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix: xx.xx.2027.

20. İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmənin mövqeyi

24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2020-ci il tarixli, NBA-MAA-001 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadəsi üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəmək barədə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini iddia edərək, hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.

25. İddia tələbinin bir hissəsi cavabdehdən əsas borca görə 204,78 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

26. İddiaçı tərəfindən məhkəməyə cavabdehə göndərilmiş çoxsaylı elektron qaimələr təqdim edilmişdir. Həmin elektron qaimələr üzrə ümumi məbləğin 70.80 manat hissəsi kassa aparatının qeydiyyat xərcini, 35,4 manat hissəsi qeydiyyatdan çıxarılma xərcini, qalan hissəsi isə xidmət haqqını təşkil etmişdir. İddiaçı cavabdeh tərəfindən 130,96 manat ödənişin edildiyini, 204,78 manat məbləğin isə ödənilməmiş qaldığını bildirmişdir.

27. Cavabdeh iddiaya etiraz etmiş, həmçinin hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü də bildirərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunur ki, müqavilə xx.xx.2020-ci il tarixində bir illik müddətə bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci ildə bitmişdir. Ona görə də iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də xidmət haqqının tutulması hissəsində iddia müddəti tətbiq olunmalı və həmin hissədə iddia təmin olunmamalıdır. Eyni zamanda cavabdeh aparatın qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etməsinə baxmayaraq, hələ də aparatın qeydiyyatdan çıxarılmadığını bildirmişdir. Qeyd edilənlərlə bağlı tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı protokoldan da göründüyü kimi, qeydiyyatdan çıxarılma ilə əlaqədar ödəniş məbləği (35,40 manat ƏDV daxil) müəyyən edilmişdir və protokolda həmçinin qeyd edilmişdir ki, hesab faktura göndərildikdən 5 iş günü ərzində ödəniş olunduqdan sonra kassa aparatı qeydiyyatdan çıxarılacaq.

28. Qeyd olunanları, müqavilə şərtlərini nəzərə alaraq hesab olunur ki, iddia qismən təmin edilməli, kassanın qeydiyyatdan çıxarılması xərci olaraq Cavabdeh2 35,40 manat (otuz beş manat qırx qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

29. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,20 manat (beş manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 35,40 manat (otuz beş manat qırx qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5,20 manat (beş manat iyirmi qəpik) olmaqla, ümumilikdə 40,60 manat (qırx manat altmış qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar