Məhkəmə qərarları › İş №e-2-2(113)-794/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-794/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-794/2024 05.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 aprel 2020-ci il tarixli mallar üzrə satınalma müqaviləsi üzrə 63168,64 manat borcun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 aprel 2020-ci il tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsinə və onun ayrılmaz hissəsi olan 1 saylı və 2 saylı əlavələrə əsasən, cavabdehə tikinti və sair mallar təqdim edilmiş, bu zaman cavabdeh həmin malları öz təhvil-qəbul aktları ilə fiziki şəxs Şahid təhvil vermiş, o isə öz növbəsində Quba rayonunda mehmanxana tikintisində istifadə etmişdir. 2.2. Lakin malların dəyəri olan 63168,64 manat bu günə kimi ödənilməmişdir. Dəfələrlə danışıqlar olsa da, heç bir nəticə əldə edilməmişdir. Həmçinin cavabdehə pretenziya qaydasında tələb irəli sürülmüş, mediasiya təşkilatına müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə mediasiya iclası keçirilmiş, təşkilat tərəfindən arayış təqdim olunmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 328.1 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçını cavabdehlə Şahid tanış etmişdir. İddiaçı tərəfindən təhvil verilən mallar da məhz Şahid tərəfindən qəbul edilmişdir. Müqavilə üzrə 8 elektron qaimə əsasında mal verilmiş, lakin yalnız 6 qaimənin dəyəri ödənilmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və yaşayış ünvanına çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (Sifarişçi qismində) ilə cavabdeh (İcraçı qismində) arasında bağlanmış 27 aprel 2020-ci il tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsinin şərtlərindən görünür ki, Sifarişçi tikinti materiallarının satınalınması üçün İcraçının razılaşdırma protokolunda göstərilmiş məbləğdə təklifini qəbul etmişdir (2.1). İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan tikinti materiallarının çatdırılmasını öhdəsinə götürür (2.2). Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür (2.3). Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin razılaşma protokolunda göstərilmiş məbləği dəyişilməz qalır (2.4). Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin razılaşdırma protokolunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə apanlır (7.1). Sifarişçi satın alınan mallar üçün İcraçıya müqavilənin razılaşdırma protokolundakı şərtlərində göstərilən məbləğdə avans ödəyə bilər. Avansın alınması üçün İcraçı müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada Sifarişçiyə avans ödənişinin təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır, onun məbləği isə göndərilmiş malların müqabilində azaldılır (7.2). Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir (7.3).

11. Həmin müqaviləyə 29 dekabr 2020-ci il tarixli 1 və 2 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokollarında görünür ki, ƏDV daxil olmaqla 36636,57 manat və 26532,06 manat dəyərində ayrı-ayrı tikinti materiallarının qiymətləri razılaşdırılmışdır.

12. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli EBAV 570920 seriya və nömrəli elektron qaimədən ƏDV daxil olmaqla 36636,57 manat, xx.xx.2020-ci il tarixli EBAV 575028 seriya və nömrəli elektron qaimədən ƏDV daxil olmaqla 26532,07 manat dəyərində malın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi üçün rəsmiləşdirildiyi görünür.

13. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixli EBAJ 361076 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 22656 manat, xx.xx.2020-ci il tarixli EBAJ 825642 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 15913,08 manat, xx.xx.2020-ci il tarixli EBAJ 829375 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 1425,2 manat, xx.xx.2020-ci il tarixli EBAL 445771 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 24237,2 manat, xx.xx.2020-ci il tarixli EBAM 422058 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 32446,63 manat, xx.xx.2020-ci il tarixli EBAR 232450 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 5967,15 manat, xx.xx.2020-ci il tarixli EBAV 570920 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 36636,57 manat, xx.xx.2020-ci il tarixli EBAV 575028 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 26532,07 manat olmaqla 165 813,9 dəyərində malın cavabdehə təqdim edilməsi üçün tərtib edilmişdir.

14. İş materiallarında olan cavabdehin möhürü ilə təsdiqlənmiş 08 yanvar 2021-ci il tarixli HDP/1 seriya və nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, 696011 nömrəli aktla ƏDV daxil olmaqla 34654,57 manat, 696012 nömrəli aktla ƏDV daxil olmaqla 54493,15 manat, 696013 nömrəli aktla ƏDV daxil olmaqla 15153,64 manat, 696014 nömrəli aktla ƏDV daxil olmaqla 10249,2 manat, 696015 nömrəli aktla ƏDV daxil olmaqla 26983,36 manat, 696016 nömrəli aktla ƏDV daxil olmaqla 9805,25 manat, 696017 nömrəli aktla ƏDV daxil olmaqla 9389,09 manat, 696018 nömrəli aktla ƏDV daxil olmaqla 11575,45 manat olmaqla ümumilikdə 172303,71 manat dəyərində mal cavabdeh tərəfindən Şahid verilmişdir.

15. Məhkəmənin baxış iclasında şahid qismində dindirilən Şahid ifadəsində qeyd etdi ki, o, Quba rayonunda 2022-ci ilədək görülən işlərdə cavabdehin subpodratçısı olmuşdur. Görüləcək işlər üçün müxtəlif tikinti materialları ayrı-ayrı şirkətlərdən alınmış, bəzi mallar da iddiaçıya sifariş verilmişdir. Xahişləri əsasında elektron qaimələr mallar təhvil verildikdən sonra ödənişə imkan yarandıqca təqdim edilmişdir. Belə ki, hətta təhvil verilmiş bəzi malların elektron qaiməsi vurulmamış, dəyəri onun özü tərəfdən ödənilmişdir.

16. Məhkəməyə təqdim edilən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin verdiyi qəbzlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə 19200 manat, xx.xx.2020-ci il tarixdə 13485,66 manat, xx.xx.2020-ci il tarixdə 1207,8 manat, xx.xx.2020-ci il tarixdə 20540 manat, xx.xx.2020-ci il tarixdə 27497,14 manat, xx.xx.2020-ci il tarixdə 5056,91 manat olmaqla cəmi 86 987,51 manat cavabdeh tərəfindən köçürülmüşdür.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 27 aprel 2020-ci il tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında tikinti materiallarının cavabdehə çatdırılmaqla satılmasını, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı 8 elektron qaimə əsasında ƏDV daxil olmaqla 165 813,9 dəyərində malı cavabdehə təqdim etmiş, həmin elektron qaimələr üzrə ƏDV-siz 86 987,51 manat ödənilmişdir. Həmin malların cavabdeh tərəfindən Şahid təqdim edildiyini sonuncu da şahid qismində təsdiqləmişdir.

18. İddiaçı hazırda xx.xx.2020-ci il tarixli EBAV 570920 və EBAV 575028 seriya və nömrəli elektron qaimələrin dəyərini təşkil edən 63168,64 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 7.1-ci bəndi ilə ödəmələrin təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılmasının şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Digər tərəfdən, hazırda dəyəri tələb olunan xx.xx.2020-ci il tarixli elektron qaimələri cavabdehin təsdiq etməsi (sistem tərəfindən təsdiqlənmə yolu ilə hərəkətsizlik qaydasında deyil, məhz aktiv hərəkət nümayiş etdirərək özü tərəfindən təsdiqlənməsi) iddiaçının tələb hüququnun əsaslandığı malların həqiqətən təhvil verildiyini və müqavilə şərtlərinə uyğun olduğunu göstərir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 27 aprel 2020-ci il tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsi üzrə 63 168,64 manat məbləğində pul cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.

39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01234 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli sessiyada iştirak etmiş, cavabdeh tərəf iştirak etməmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

42. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

43. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 aprel 2020ci il tarixli mallar üzrə satınalma müqaviləsi əsasında 63168 (altmış üç min yüz altmış səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar