Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-795/2024 16.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: şifahi xidmət müqaviləsi, elektron qaimələrin statusu, dəbbə pulu barədə razılaşmanın forması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli işlərin görülməsi haqqında müqavilə üzrə 2637,3 manat əsas borcu, 30% dəbbə pulu və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında 1 mart 2022-ci il tarixli 09 nömrəli işlərin görülməsi müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə məxsus avtomobillərə mütəmadi olaraq texniki xidmət göstərməyi, təmir etməyi, cavabdeh isə müqavilə üzrə razılaşdırılmış xidmətlərin dəyərini iddiaçıya ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh borclar haqqında hesabatla müəyyənləşdirilmiş 2637,3 manat məbləğində pul vəsaitini ödəməmişdir. Həmçinin cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 390, 399, 445.7 və s. maddələri göstərilmişdir.
4. Cavabdeh nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdlr ki: 5.1 iş materiallarında olan 1 mart 2022-ci il tarixli 09 nömrəli işlərin görülməsi müqavilə iddiaçı tərəfindən imzalanmış, lakin cavabdeh tərəfindən imzalanmamışdır. 5.2 Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş hesab-fakturalar, təhvil-təslim aktları birtərəfli qaydada iddiaçının özü tərəfindən tərtib edilmiş və təsdiq edilmişdir. İddiaçı tərəfindən portal vasitəsilə göndərilən elektron qaimə-fakturanın cavabdehin elektron kabinetinə göndərilməsi müqavilədə və ya təhvil-təslim aktlarında göstərilən malların, işlərin və xidmətlərin təqdim edilməsini təsdiq etmir. Göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla (təhvil-qəbul aktına, üzləşmə aktına və s.) uyğun olmalıdır. Eyni zamanda hazırkı iş üzrə elektron qaimə-fakturlar isə cavabdehin mühasibi və ya digər vəzifəli şəxsi tərəfindən deyil, proqram təminatı tərəfindən təsdiq edilmişdir. 5.3 1 mart 2022-ci il tarixli 09 nömrəli müqavilə üzrə münasibətlər mövcud olsa idi, müqavilənin 2-ci bəndinə uyğun olaraq iki tərəf arasında qiymətlənlərin razılaşdırılması protokolu tərtib ediməli idi. Hazırkı işdə isə iddiaçı tərəfindən qiymətlərin razılaşdırılması protokolu iş materiallarına əlavə edilməmişdir. Digər bir hal ondan ibarətdir ki, müqavilənin 3-cü bəndinə görə avtomobilə iddiaçı tərəfindən xidmətlər göstəridikdən sonra cavabdehə təhvil-təslim aktı əsasında təslim edilməli idi. Lakin avtomobillər təhvil-təslim aktı üzrə təhvil verilməmişdir. İş materiallarına əlavə edilən bütün təhvil-təslim aktları yalnız birtərəfli qayada tərtib edilmişdir. 1 mart 2022-ci il tarixli 09 saylı işlərin görülməsi müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə faktiki olaraq göstərilən xidmətlərin təsdiqinə dair heç bir sübut təqdim edilməmişdir. 5.4 Bundan əlavə, təqdim edilən təhvil-təslim aktlarından görünür ki, guya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehə müxtəlif vaxtlarda xidmətlər göstərmişdir. Həmin dövrlər üzrə isə heç bir xidmət haqqı, yəni görülən işlərin dəyəri ödənməmişdir. Halbuki istinad edilən müqaviləyə görə işlərin dəyəri 10 iş günü müddətində ödənilməli olduğu halda, niyə görə iddiaçı müqavilə üzrə münasibətlərini davam etdirmiş və müqavilənin 5-ci bəndindən istifadə etmək hüququna malik olduğu halda, bunu etməmiş və dərhal müqavilənin ləğv edilməsini və göstərmiş olduğu xidmətləri haqqını tələb etməmiş və yaxud heç bir iradını bildirməmişdir. 5.5 Cavabdeh tərəfindən müvafiq araşdırmalar aparılmış, sorğular verilmiş və cavabdehə məxsus avtomobillərə göstərilən xidmətlərlə bağlı təsdiqedici heç bir sənəd və ya məlumat əldə edilməmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilənlər əsassızdır.
6. İddia ərizəsində iddiaya etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 389, 405, 406, 407.2-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən ümumilikdə 3 ay müddətinə xidmət göstərilmiş, lakin cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyəri ödənilməmişdir. Eyni zamanda iddiaçının servis mərkəzinin Gəncə şəhərində, cavabdehin baş ofisinin isə Bakı şəhərində yerləşməsi səbəbindən müvafiq sənədlərdə hər iki tərəfin təsdiqinə nail oluna bilməmişdir.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, 1 mart 2022-ci il tarixli 09 nömrəli müqavilə cavabdeh tərəfindən imzalanmadan xidmətin göstərilməsində məqsəd müvafiq nəqliyyat vasitələrini nasaz vəziyyətdə qoymamaq olmuşdur. Lakin gösərilmiş xidmətlər üzrə elektron qaimələr tərtib edilmiş və cavabdehə göndərilmişdir. Həmin qaimələrin statusu ilə bağlı sənədlər isə məhkəməyə təqdim edilmişdir. İddia tələbində 30% dəbbə pulu dedikdə əsas borc olan 2637,3 manat 30%-i nəzərdə tutulur.
9. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə edilmiş 01 mart 2022-ci il tarixli 09 nömrəli işlərin görülməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə yalnız iddiaçı tərəfindən imzalanmışdır.
14. Məhkəməyə təqdim edilən hesab-fakturalardan görünür ki, xx.xx.2022-ci il tarixli 1134 nömrəli hesab-faktura 99JY862 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 297,36 manat, xx.xx.2022-ci il tarixli 1213 nömrəli hesab-faktura 77HV465 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 297,36 manat, xx.xx.2022-ci il tarixli 1307 nömrəli hesabfaktura 77HV463 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 143,96 manat, xx.xx.2022-ci il tarixli 1225 nömrəli hesab-faktura 77HV468 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 143,96 manat, xx.xx.2022-ci il tarixli 1014 nömrəli hesab-faktura 99JY862 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 138,06 manat, xx.xx.2022-ci il tarixli 950 nömrəli hesab-faktura 99JY869 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 138,06 manat, xx.xx.2022-ci il tarixli 1235 nömrəli hesab-faktura 77HV361 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 143,96 manat, xx.xx.2022-ci il tarixli 1067 nömrəli hesab-faktura 99JY869 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 282,02 manat, xx.xx.2022-ci il tarixli 906 nömrəli hesab-faktura 99JY862 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 296,18 manat, xx.xx.2022-ci il tarixli 1054 nömrəli hesab-faktura 99JY867 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 138,06 manat, xx.xx.2022-ci il tarixli 914 nömrəli hesab-faktura 99JY867 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 297,36 manat, xx.xx.2022-ci il tarixli 666 nömrəli hesab-faktura 99JY862 dövlət qeydiyyat nişanlı “Hyundai HD-35” markalı nəqliyyat vasitəsinə ƏDV daxil olmaqla 320,96 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 2637,3 manat dəyərində ehtiyat hissələri və təmin işlərinin görülməsi üçün tərtib edilmişdir.
15. İş materiallarına əlavə edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCJ 265271 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 297,36 manat, xx.xx.2022-ci il tarixli EBCK 940156 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 297,36 manat, xx.xx.2022-ci il tarixli EBCM 261706 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 143,96 manat, xx.xx.2022-ci il tarixli EBCK 940211 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 143,96 manat, xx.xx.2022-ci il tarixli EBCH 719930 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 138,06 manat, xx.xx.2022-ci il tarixli EBCG 410819 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 138,06 manat, xx.xx.2022-ci il tarixli EBCK 939815 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 143,96 manat, xx.xx.2022-ci il tarixli EBCİ 361532 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 282,02 manat, xx.xx.2022-ci il tarixli EBCE 267037 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 296,18 manat, xx.xx.2022-ci il tarixli EBCİ 243720 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 138,06 manat, xx.xx.2022-ci il tarixli EBCE 425602 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 297,36 manat, xx.xx.2022-ci il tarixli EBCİ 031707 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 320,96 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 2637,3 manat məbləğində xidmətin göstərilməsi üçün təqdim edilmiş, həmin elektron qaimələrdə müvafiq hesab-fakturaların nömrələrinə və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına istinad edilmişdir.
16. Həmçinin görünür ki, elektron qaimələrin “əlavə qeydlər” hissəsində hesabfakturalarda qeyd olunan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə həmin nəqliyyat vasitələrinə xidmət göstərilməsi üçün rəsmiləşdirilmişdir.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında ehtiyat hissələri və təmir işlərinin görülməsi ilə bağlı şifahi müqavilə münasibətləri yaranmış, iddiaçı ayrı-ayrı nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini, cavabdeh isə həmin xidmətləri qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 1134, xx.xx.2022-ci il tarixli 1213, xx.xx.2022-ci il tarixli 1307, xx.xx.2022-ci il tarixli 1225, xx.xx.2022-ci il tarixli 1014, xx.xx.2022-ci il tarixli 950, xx.xx.2022-ci il tarixli 1235, xx.xx.2022-ci il tarixli 1067, xx.xx.2022-ci il tarixli 906, xx.xx.2022-ci il tarixli 1054, xx.xx.2022-ci il tarixli 914, xx.xx.2022-ci il tarixli 666 hesab-fakturalar və xx.xx.2022-ci il tarixli EBCJ 265271, xx.xx.2022-ci il tarixli EBCK 940156, xx.xx.2022-ci il tarixli EBCM 261706, xx.xx.2022-ci il tarixli EBCK 940211, xx.xx.2022-ci il tarixli EBCH 719930, xx.xx.2022-ci il tarixli EBCG 410819, xx.xx.2022-ci il tarixli EBCK 939815, xx.xx.2022-ci il tarixli EBCİ 361532, xx.xx.2022-ci il tarixli EBCE 267037, xx.xx.2022-ci il tarixli EBCİ 243720, xx.xx.2022-ci il tarixli EBCE 425602, xx.xx.2022-ci il tarixli EBCİ 031707 seriya və nömrəli elektron qaimələr əsasında ümumilikdə ƏDV daxil olmaqla 2637,3 manat dəyərində xidmət göstərilmişdir.
18. İddiaçı göstərilən xidmətin dəyəri olan 2637,3 manat məbləğində pulun tutulmasını tələb edir.
19. Cavabdeh iddiaya etiraz təqdim edərək tərəflər arasında xidmət müqaviləsinin bağlanmadığını, hesab-faktura və qaimələrin birtərəfli qaydada tərtib edildiyini, elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
20. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Məhkəmə qeyd edir ki, iddiaçı şifahi xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş edir. Mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
26. Bu baxımdan iddia tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci maddələri təşkil edir.
27. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. Hazırkı iş üzrə iddiaçı qeyd olunan normaların tələblərinə uyğun olaraq hüququnu realizə edir, göstərdiyi xidmətlərin dəyərini tələb edir.
29. Cavabdehin etirazı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.
30. Əvvəla, göstərilməlidir ki, Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
31. Bu mənada məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə xidmət və ya podrat müqavilələrinin yazılı formada bağlanması növündə imperativ norma mövcud olmadığından şifahi qaydada bağlanmış podrat və ya xidmət müqaviləsi də mülki hüquqların və vəzifələrin yaranması əsası kimi çıxış edir.
32. Digər tərəfdən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan cavabdehin etirazının əksinə xx.xx.2022-ci il tarixli EBCJ 265271, xx.xx.2022-ci il tarixli EBCM 261706, xx.xx.2022-ci il tarixli EBCİ 031707 seriya və nömrəli elektron qaimələrin sistem tərəfindən yox, məhz cavabdeh tərəfindən təsdiqləndiyi, digər elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyi görünür. Təsdiqlənmiş və sistem tərəfindən təsdiqlənmiş elektron qaimələrdə isə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları və onalara texniki xidmətin göstərilməsinə dair hesab-fakturaların nömrələrinə istinad olunduğu görünür.
33. Başqa sözlə, cavabdehin etirazında qeyd edilən arqumentlər işin halları ilə öz təsdiqini tapmır.
34. Əlavə olaraq məhkəmə qeyd edir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu mənada cavabdehin iddiaçının təqdim etdiyi elektron qaimələrin bir hissəsini təsdiq etməsi onun Dövlət Vergi Xidmətinin elektron qaimələr üzrə sistemini sayıq nəzarəti altında saxladığını göstərir. Bu isə ləğv edilməmiş, kontragentə hər hansı pretenziya irəli sürülməmiş və sistem tərəfindən təsdiqlənmiş qaimələr üzrə də xidmətlərin göstərildiyinin təsdiqdir və belə olan halda cavabdehin etirazı iddianın rədd olunması üçün əsas ola bilməz.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
40. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
42. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xidmət müqaviləsi üzrə 2637,3 manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
43. İddia ərizəsində iddiaçı həmçinin 2637,3 manat məbləğində pulun 30%-nin dəbbə pulu kimi tutulmasını xahiş edir.
44. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
45. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
46. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
47. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.
48. Məhkəmə qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulması ilə bağlı tələbinin faktiki əsası kimi 01 mart 2022-ci il tarixli 09 nömrəli işlərin görülməsi haqqında müqaviləyə istinad etsə də, qeyd olunan müqaviləni tərəflər bağlamamışlar. Eyni zamanda həmin müqavilə bağlanmış hesab olunsa belə, müqavilə müddəalarında dəbbə pulu ilə bağlı hər hansı razılıq ehtiva olunmamışdır. Digər tərəfdən, mülki qanunvericilikdə xidmət haqqının gecikdirilməsi üçün təsbit edilən hər hansı cərimə məbləği və ya həddi də yoxdur.
49. Odur ki məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması tələbi əsassız olduğundan təmin olunmamalıdır.
c) Məhkəmə xərcləri ilə bağlı
50. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/6-0839 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli sessiyada iştirak etmiş, cavabdeh tərəf iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.
52. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
53. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
54. Məhkəmə qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
55. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən əsas borc olaraq 2637 (iki min altı yüz otuz yeddi) manat 30 (otuz) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova