Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7966/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20.406,33 ödənilməmiş manat borc məbləğinin və 151,20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı tərəfindən barışıq sazişi təqdim edilmiş və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC elektron məhkəmə sisteminə ərizə göndərərək barışıq sazişinin təsdiq olunması xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, 12 dekabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək üçün aşağıdakılar barədə razılığa gəldilər:
1. Cavabdeh MMC təsdiq edir ki, xx.xx.2018-ci il tarixli AZRT/2018/82 saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən göstərilmiş telekommunikasiya xidmətlərinə görə İddiaçı MMC-yə 8.293,01 (səkkiz min iki yüz doxsan üç manat bir qəpik) manat cari borcu vardır;
2. Cavabdeh MMC təsdiq edir ki, xx.xx.2017-ci il tarixli, AZRT-SD-009-/xx-xx- 2017/ saylı agent müqaviləsinə əsasən göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə 1.706,32 (min yeddi yüz altı manat otuz iki qəpik) manat cari borcu vardır.
3. Tərəflər təsdiq edirlər ki, cavabdehin iddiaçıya ümumi cari borcu 9.999,33 (doqquz min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat təşkil edir;
4. Tərəflər razılaşırlar ki, cavabdeh iddiaçıya olan yekun 9.999,33 (doqquz min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat borc məbləğini xx.xx.2025-ci il tarixinədək ödəyir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 12 dekabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: Tərəflər yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək üçün aşağıdakılar barədə razılığa gəldilər:
1. Cavabdeh MMC təsdiq edir ki, xx.xx.2018-ci il tarixli AZRT/2018/82 saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən göstərilmiş telekommunikasiya xidmətlərinə görə İddiaçı MMC-yə 8,293.01 (səkkiz min iki yüz doxsan üç manat bir qəpik) manat cari borcu vardır;
2. Cavabdeh MMC təsdiq edir ki, xx.xx.2017-ci il tarixli, AZRT-SD-009-/xx-xx- 2017/ saylı agent müqaviləsinə əsasən göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə 1.706,32 (min yeddi yüz altı manat otuz iki qəpik) manat cari borcu vardır.
3. Tərəflər təsdiq edirlər ki, cavabdehin iddiaçıya ümumi cari borcu 9.999,33 (doqquz min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat təşkil edir;
4. Tərəflər razılaşırlar ki, cavabdeh iddiaçıya olan yekun 9.999,33 (doqquz min doqquz yüz doxsan doqquz manat otuz üç qəpik) manat borc məbləğini xx.xx.2025-ci il tarixinədək ödəyir. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov