Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7972/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, NBA-Ə.C.R-001 saylı müqavilə imzalanmışdır. Müqavilənin predmetinə əsasən, bu müqavilə ilə icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını (bundan sonra – mal) təqdim etməyini, təmir xidmətini (bundan sonra – xidmət) göstərməyini, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara (göstərilmiş xidmətlərə) görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini həyata keçirir. Müqavilənin: 1.1. 2.1-ci bəndinə əsasən, bu müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə Razılaşma protokollarının ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq icraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir. 1.2. 2.4-cü bəndinə əsasən, müqavilə üzrə təqdim olunmuş mallar icraçı tərəfindən qaimə-faktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir. Ödəniş mal və ya xidmət təhvil verildikdən sonra 3 ay ərzində 3 hissəli ödəmə şəklində, icraçı tərəfindən təqdim edilmiş hesabfaktura əsasında, hesab fakturanın təqdim edildiyi tarixdən sonrakı 5 bank iş günü ərzində həyata keçirilir.
2. xx.xx.2023-cü il tarixli, NBA-Ə.C.R-001 saylı müqaviləyə 1 saylı Əlavə olan X1 əsasən, tərəflər 1 vahidin qiyməti 330,50 manat olan 1 ədəd “PAX A620” növdə, cəmi ƏDV daxil 389,99 manat dəyərində malın cavabdehə təqdim edilməsini razılaşdırmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Quraşdırılma aktından görünür ki, “PAX A620” növdə razılaşdırılmış mal cavabdeh tərəfindən təhvil alınmışdır.
3. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixli, NBA-Ə.C.R-002 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, icraçı (iddiaçı) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra – xidmətlər) göstərməyi, sifarişçi (cavabdeh) isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.
4. Müqavilənin: 4.1. 1.2-ci bəndinə əsasən, aylıq servis xidmətinə daxil olan xidmətlərin tam siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilmişdir. 4.2. 2.1-ci bəndinə əsasən, sifarişçi göstərilən servis xidməti üzrə icraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 iş günü müddətində pul vəsaitinin icraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir. 4.3. 2.3-cü bəndinə əsasən, göstərilən hər bir xidmətin ödənişi aşağıda qeyd olunan sənədlərə əsasən həyata keçirilir: 2.3.1. xidmətlərin göstərilməsi barədə akt; 2.3.2. qiymətlərin razılaşdırılma protokolu; 2.3.3. elektron qaimə-faktura.
5. İş materiallarına əlavə edilmiş Texniki Xidmət müqaviləsi üçün 1 saylı X2 ilə tərəflər 1 vahidin qiyməti 14 manat olmaqla ƏDV daxil 16,52 manat dəyərində “NKA göstərilən aylıq servis” növündə xidmətin göstərilməsi razılaşdırmış, X3 hər iki tərəfdən imzalanmış və iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
6. Həmçinin, iddiaçı tərəfindən cavabdehə cəmi 688,94 manat dəyərində elektronqaimə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı 213,94 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsi, cavabdehin istifadəsində olan və iddiaçıya məxsus tokenin (nəzarət mexanizm qurğusunun) iddiaçıya təhvil verilməsi, habelə onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün nəzərdə tutulmuş 30 manat məbləğində xidmət haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-Ə.C.R-001 və NBA-Ə.C.R-002 saylı 02 mart 2023cü il tarixli müqavilələr imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə Müqavilələr ilə nəzərdə tutulmuş maallar satılmış, xidmətlər göstərilmişdir. Onlara müvafiq olaraq cavabdehin iddiaçıya, ümumilikdə 688,94 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 475 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə əsasən qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırki tarixədək iddiaçıya ümumilikdə 213.94 manat borcu qalmışdır. Bundan başqa, iddiaçı və cavabdeh arasında imzalanmış NBA-Ə.C.R-002 saylı 02 mart 2023-cü il tarixli müqavilənin 5.4cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir. Tərəflər arasında bağlanan NBA-Ə.C.R-001 saylı 02 mart 2023-cü il tarixli müqavilənin 5.8-ci bəndinə əsasən onlayn kassa cihazının qeydiyyatdan çıxarılması üçün cavabdeh istifadəsində olan, iddiaçıya məxsus tokeni (nəzarət mexanizm qurğusunu) iddiaçıya təhvil verməli və 30 manat məbləğində xidmət haqqı ödəməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
10. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
14. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
25. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında NBA-Ə.C.R-001 və NBA-Ə.C.R-002 saylı 02 mart 2023-cü il tarixli xidmət müqavilələri əsasında öhdəlik hüquq münsibətləri yaranmış və tərəflər üzərlərinə həmin müqavilələrdən irəli gələn vəzifələr götürmüşər. İddiaçının tələbi yerinə yetirilmiş xidmətlərə görə ximət haqqının ödənilməsi ilə bağlıdır və müqavilədə iddiaçı tərəfindən göstəriləcək xidmətlərin nədən ibarət olması, xidmətin hansı qaydada və necə təhvil verilməsi, təhvil verilmiş xidmətlərə görə haqqın ödənilməsi qaydası və şərtləri konkret göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması birbaşa həmin şərtlərə əvvəlcə iddiaçı tərəfindən necə əməl edilməsindən asılıdır.
26. Tərəflər arasında bağlanmış müqavilələrdən görünür ki, iddiaçının üzərinə götürdüyü öhdəlik sifarişçinin (cavabdehin) sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS Terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını təqdim etməyi, təmir xidmətini göstərməyi, habelə onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassanın istifadə üçün təqdim olunması xidmətlərini (ilə bağlı göstərməyi öhdəsinə götürmüşdür.
27. Sözügedən müqavilənin 2.1-ci və 2.4-cü bəndlərinə əsasən, bu müqavilənin ümumi məbləği onun tərkib hissəsi hesab edilən ayrı-ayrı malların və xidmətlərin təsnifatı ilə Razılaşma protokollarının ümumi qiymətindən ibarətdir. Hər bir Protokola uyğun olaraq icraçı tərəfindən təqdim edilən malların və xidmətlərin dəyəri həmin Protokolda göstərilən məbləğ miqdarında Sifarişçi tərəfindən ödənilir. Müqavilə üzrə təqdim olunmuş mallar icraçı tərəfindən qaiməfaktura, xidmətlər isə akt ilə Sifarişçiyə təhvil verilir.
28. İş materiallarından görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli, NBA-Ə.C.R-001 saylı müqaviləyə 1 saylı Əlavə olan X1 əsasən, tərəflər 1 vahidin qiyməti 330,50 manat olan 1 ədəd “PAX A620” növdə, cəmi ƏDV daxil 389,99 manat dəyərində malın cavabdehə təqdim edilməsini razılaşdırmışlar. xx.xx.2023-cü il tarixli Quraşdırılma aktından görünür ki, “PAX A620” növdə razılaşdırılmış mal cavabdeh tərəfindən təhvil alınmışdır. Həmçinin, iddiaçı tərəfindən cavabdehə cəmi 688,94 manat dəyərində elektron-qaimə göndərilmişdir.
29. Bundan başqa, cavabdeh məhkəmə bildirişlərini rəsmi qaydada alsa da, iddia ərizəsinə yazılı etirazını və sübutlarını təqdim etməmiş, məhkəmə iclasnda iştirak etməmişdir.
30. Beləliklə, iddiaçı 389,99 manat dəyərində malı cavabdehə təhvil verməklə müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Cavabdeh isə malı qəbul etməyə dair hüququndan istifadə etmiş, lakin müqavilənin 2.4-cü bəndinə əsasən, mal və ya xidmət təhvil verildikdən sonra 3 ay ərzində 3 hissəli ödəmə şəklində, icraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, hesab fakturanın təqdim edildiyi tarixdən sonrakı 5 bank iş günü ərzində ödənişi həyata keçirməsinə dair vəzifəsini icra etməmiş, bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Odur ki, iddiaçı 213,94 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair hazırkı iddia tələbiniirəli sürməkdə haqlıdır.
31. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 688,94 manat məbləğində borcu olmuş, bundan 475 manat ödəniş edilmiş, 213,94 manat məbləğində borcu ödənilməmiş olaraq qalmışdır.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 213,94 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı