Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8024/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2023-cü il tarixli, 5341.01023/S saylı müqavilə üzrə 6500 manat məbləğində əsas borcun və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 sentyabr 2023-cü il tarixdə, Cavabdeh MMC ilə iddiaçı"xxxx" MMC arasında 5341.01023/S saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə tədbirin keçirilməsini və yüksək səviyyədə keyfiyyətli qidalanmasının təşkili üzrə iaşə xidmətlərinin göstərilməsini həyata keçirməli və cavabdeh isə öz növbəsində iddiaçıya göstərdiyi xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin etməlidir. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən tədbir xx.xx.2023-cü ildə keçirilmişdir. Həmin müqavilənin 4cü maddəsinin 4.1-ci bəndinin əsasən iddiaçı cavabdehdən ödənişlərin tələb etməsinə baxmayarq cavabdeh haqqın qalan hissəsinin ödənilməsindən imtina edir. Həmin Müqavilənin 4-cü maddəsinin 4.2-ci bəndinin b) yarımbəndinə əsasən cavabdeh icra olunmuş xidməti qəbul etmək və haqqı ödəmək öhdəliyini götürüb. Həmin Müqavilənin 5-ci maddəsinin 5.1-ci yarımbəndi ilə müqavilə məbləği 11 500 (on bir min beş yüz) manat müəyyən edilmişdir. Cavabdeh 5 000 (beş min) manatı xx.xx.2023-cü il tarixdə ödəmişdir, lakin qalan 6500 (altı min beş yüz) manatı isə bugünə qədər ödəməkdən imtina edir. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən bir nəfərə nəzərdə tutulan menyunun məbləği, cavabdehin məlumatları və xidmətin ümumi məlumatı tərəflər arasında razılaşdırılaraq təsdiqlənmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, 14 sentyabr 2023-cü il tarixli, 5341.01023/S saylı müqavilə üzrə 3500 manat məbləğində əsas borcun və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.Ələkbərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3000 manat ödəniş edilmiş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır, cavabdeh qalan borcu ödəyəcəyini vəd etsə də, borcu nə vaxt ödəyəcəyini bildirməmiş, bu səbəbdən iddianın təmin edilməsini xahiş edir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, 5341.01023/S saylı müqavilənin 1-ci bəndinə görə icraçı “X3” adlı restoranda sifarişçiyə 16 sentyabr 2023-cü il tarixində tədbir keçirilməsi üçün icarəyə təqdim edəcək. Sifarişçi öz növbəsində icraçının göstərdiyi xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin edəcək.
9. Müqavilənin 2-ci bəndinə görə icraçı xidmətləri Azərbaycan Respublikası, Bakı şəhəri, Bayraq meydanında yerləşən “X3” adlandırılacaq restoranda göstəriləcəkdir.
10. Müqavilənin 3.1-ci bəndinə görə icraçı xidmətlərin göstərilməsinə 16 sentyabr 2023-cü il tarixdən etibarən başlayacaq və xidmət 1 bir gün ərzində etibarlıdır.
11. Müqavilənin 4.1-ci maddəsinin “e” bəndinə görə bu müqaviləyə və ya aidiyyəti olan qanunvericiliyə uyğun olaraq icraçının hər hansı başqa öhdəliklərinə xələl gətirmədən, sifarişçidən bütün xidmətlərin qəbul edilməsini tələb etmək icraçının öhdəliyidir.
12. Müqavilənin 5.1-ci bəndinə görə müqavilə məbləği 11500 manatdır (ƏDV daxil). Sifarişçi icraçıya 5750 manat müqavilə imzalandığı gün (ƏDV daxil) və 5750 manat (ƏDV daxil) isə tədbirdən 3 gün sonra bank köçürmə yolu ilə ödəyəcəkdir.
13. xx.xx.2023-cü il tarixli, RBO00000333 nömrəli hesab-fakturaya görə işlərin (mal, ximət) cəmi qiyməti 11500 manat təşkil edir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDO 794086 nömrəli 11500 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.
15. xx.xx.2023-cü il tarixli köçürməyə (tranzaksiya nömrəsi: PSH**********) görə cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına 5000 manat məbləğində pul köçürülmüşdür.
16. 19.08.12024-cü il tarixli üzləşmə aktı/ödəniş planına görə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 6500 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh borcu xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
17. İddiaçı tərəfindən təqdim olunmuş OD2 nömrəli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 3000 manat məbləğində vəsait ödənilmişdir.
18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, 5341.01023/S nömrəli müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə cəmi 11500 manat məbləğində xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya əvvəlcə (xx.xx.2023-cü il) 5000 manat, məhkəmə icraatı dövründə (xx.xx.2024-cü il) isə 3000 manat ödəniş edilmişdir. Qalan 3500 manat borc hazıradək ödənilməmişdir.
28. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3500 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 3500 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 3500 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3500 manat məbləğində pul, 85 manat dövlət rüsumu, ümumilikdə 3585 (üç min beş yüz səksən beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova