Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8032/2025 15.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 201.935,05 manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat xərcinin, cəmi 202.511,33 manat pul vəsaitinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə illə 258 (iki yüz əlli səkkiz) baş "Saanen" cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün Cavabdeh2na 201 935,05 (iki yüz bir min doqquz yüz otuz beş manat 05 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 258 (iki yüz əlli səkkiz) baş heyvanın təsərrüfatınızda olmaması aşkar edilmişdir və xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində təsərrüfatınızda 258 (iki yüz əlli səkkiz) baş heyvanın tələf olduğu bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh xx.xx.2020-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 201 935,05 (iki yüz bir min doqquz yüz otuz beş manat 05 qəpik) manat ziyan vurmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
8. İşin müəyyəm olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2020-ci il tarixli 057 nömrəli müqavilə bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2-ci bəndində göstərilmiş damazlıq heyvanın alıcıya satılmasını, alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 258 (iki yüz əlli səkkiz) baş Saanen cinsli damazlıq heyvanların alıcıya satır, alıcı isə həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı 258 baş damazlıq heyvanlara 356.734,02 manat satış dəyərini təşkil edən məbləği ödəyir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli iltizama əsasən Cavabdeh2 oğlu 258 baş Saanen cinsli xırdabuynuzlu damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyini, damazlıq heyvanın verilməsinə dair bağlamış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyini, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyini, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyini, yuxarıda qeyd olunan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağını, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini bildirmişdir.
12. Hazırda iddiaçı 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt ayrılmış 258 baş heyvanın təsərrüfatda olmaması aşkar edildiyini və xx.xx.2025-ci il tarixində Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində təsərrüfatda 258 baş heyvanın tələf olduğunu bildirərək, cavabdehdən iddiaçıya dəymiş ziyanın ödənilməsini tələb edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək, heyvanların cavabdehin təqsiri nəticəsində deyil, xəstəlik nəticəsində tələf olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir.
14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətləri Mərkəzi tərəfindən də təsdiq olunmuş müxtəlif tarixlərə aid aktlardan görünür ki, Cavabdeh2 aid olan heyvanlar əsasən “ağciyər xəstəliyi” səbəbindən aparılan müalicə tədbirlərinə baxmayaraq ölmüşdür.
15. Göründüyü kimi, 258 baş Saanen cinsli keçilər cavabdeh tərəfin təqsiri olmadan tələf olmuşlar, buna görə də, o, xx.xx.2020-ci il tarixli iltizama öz üzərinə götürmüş olduğu heç bir öhdəliyi (satmamış, kəsməmiş və s.) pozmamışdır.
16. Ona görə də, hazırkı iddianın təmin edilməsi halı istisna olunur.
17. Belə olan halda, Məkəmə qeyd edir ki, iddiaçı tərəf məhz Cavabdeh2 təqsiri səbəbindən heyvanların tələf olduğunu və iddiaçıya maddi ziyan dəydiyini sübuta yetirə bilməmişdir.
18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Valeh İdris oğluna qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov