Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8036/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, icranın gecikdirilməsi hüquqi faktı, maliyyə sanksiyası və qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “X3” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 3749,40 manat ƏDV məbləği daxil olmaqla 24579,4 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 270,03 manat, bank uçot faiz dərəcəsinə uyğun 391,33 manat məbləğində pulun və ödənilmiş 174 manat dövlət rüsumunun, 250 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli RAM/KMY01/24 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilə üzrə öz avadanlıqlarını, nəqliyyat vasitələrini və ya texnikasını cavabdehin göstərişi əsasında və onu xeyrinə istismara verərək xidmət göstərmişdir. İddiaçı cavabdehə indiyədək ümumi dəyəri ƏDV daxil 31069,4 manat təşkil etməklə özünə məxsus avadanlıqları ilə xidmət göstərmişdir. Cavabdeh adıçəkilən müqavilə əsasında göstərilmiş xidmət qarşılığında indiyədək iddiaçıya xx.xx.2024-cü il tarixdə 2500 manat əsas, 450 manat ƏDV olmaqla 2950 manat və xx.xx.2024-cü il tarixdə 3000 manat əsas, 540 manat ƏDV olmaqla 3540 manat olmaqla cəmi ƏDV daxil 6490 manat ödəniş etmişdir. Lakin cavabdehin iddiaçıya 20830 manat əsas, 3749,40 manat isə ƏDV borcu olmaqla cəmi 24579,40 manat borcu qalmaqda davam edir. Bu barədə tərtib edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli maliyyə arayışları son qalıq borcu təsdiq edir. Cavabdehə xidmətlərin həqiqətən də həyata keçirildiyi və onların dəyəri faktını iddiaçı ilə 16 fevral 2024, 19 fevral 2024, 01 mart 2024, 01 aprel 2024, 02 may 2024 və 02 sentyabr 2024-cü il tarixli qarşılıqlı üzləşmə aparılaraq tərtib edilmiş işlərin qəbulu aktı təsdiq edir. Həmin aktdan göstərilmiş xidmətlərin ümumi dəyərinin 31069,4 manat olması görünür. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli EBDY seriyalı 998219, xx.xx.2024 -ci il tarixli EBEB seriyalı 292367, xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 10245497, xx.xx.2024-cü il tarixli MT2405 seriyalı 11153270, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10522481 və xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10133487 nömrəli elektron qaimələr DVX-nin elektron sistemi tərəfindən təsdiq edilmişdir. Lakin indiyədək cavabdeh tərəfindən qaimələr üzrə göstərilən borc mənləği mübahisələndirilməmiş, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş olmamışdır. 2.2. İddiaçı tərəfindən borcun ödənməsi barədə cavabdehə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, borcunu ödəməsi üçün 3 günlük möhlət verilmişdir. Hətta sonuncu akt imzalandıqdan sonra da cavabdehə borcunu könüllü ödəməsi üçün xx.xx.2024-cü il tarixdə təkrarən elektron vergi kabineti vasitəsi ilə pretenziya göndərilmiş və borcunu ödəməsi üçün yenidən 3 günlük möhlət verilmişdir. Lakin hər iki pretenziyanın göndərilməsidən xeyli müddət keçməsinə baxmayaraq, pretenziya məktublarına hazırkı iddia ilə məhkəməyə müraciət edilən ana qədər cavabdehdən heç bir cavab və ya tələbin məhkəmədən kənar həllinə dair təklif gəlməmişdir. Beləliklə, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan hesab-faktura, elektron qaimə-faktura və ya təhvil-təslim aktı əsasında bu sənədin təqdim edilməsində 15 təqvim günü ərzində bank köçürməsi yolu ilə cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınılmış və bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Sonuncu elektron qaimə xx.xx.2021-ci il tarixdə cavabdehə göndərilsə də, cavabdeh müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir. 2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli akt üzrə əsas borc 3830 manat təşkil edir, gecikmə müddətinin xx.xx.2024-cü il tarixdən etibarən hesablandığı nəzərə alınsa, gecikdirilən ayların sayının 7 olduğu müəyyən olur. 3380 manat üzrə illik faiz məbləği 191,5 manat, aylıq isə 15,95 manat təşkil edir. Beləliklə, 7 ay gecikmə üzrə (7 ay x 15,95 manat aylıq gecikmə faizi) sözügedən akt üzrə ödəniləcək faiz məbləği 111,70 manat təşkil edir. xx.xx.2024-cü il tarixli akt üzrə əsas borc 3000 manat təşkil edir, gecikmə müddətinin xx.xx.2024-cü il tarixdən etibarən hesablandığı nəzərə alınsa, gecikdirilən ayların sayının 6 olduğu müəyyən olur. 3000 manat üzrə illik faiz məbləği 150 manat, aylıq isə 12,5 manat təşkil edir. Beləliklə, 6 ay gecikmə üzrə (6 ay x 12,5 manat aylıq gecikmə faizi) sözügedən akt üzrə ödəniləcək faiz məbləği 75 manat təşkil edir. xx.xx.2024-cü il tarixli akt üzrə əsas borc 3000 manat təşkil edir, gecikmə müddətinin xx.xx.2024-cü il tarixdən etibarən hesablandığı nəzərə alınsa, gecikdirilən ayların sayının 5 olduğu müəyyən olur. 3000 manat üzrə illik faiz məbləği 150 manat, aylıq isə 12,5 manat təşkil edir. Beləliklə, 5 ay gecikmə üzrə (5 ay x 12,5 manat aylıq gecikmə faizi) sözügedən akt üzrə ödəniləcək faiz məbləği 62,5 manat təşkil edir. xx.xx.2024-cü il tarixli akt üzrə əsas borc məbləği 5000 manat təşkil edir, gecikmə müddətinin xx.xx.2024-cü il tarixdən etibarən hesablandığı nəzərə alınsa, gecikdirilən ayların sayının 1 olduğu müəyyən olur. 5000 manat üzrə illik faiz məbləği 250 manat, aylıq isə 20,83 manat təşkil edir. Beləliklə, 1 ay gecikmə üzrə (1 ay x 20,83 manat aylıq gecikmə faizi) sözügedən akt üzrə ödəniləcək faiz məbləği 20,83 manat təşkil edir Beləliklə, ümumi gecikdirilmiş məbləğ üzrə ödəniləcək faiz məbləği 270,03 manat təşkil edir. 2.4. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mərkəzi Bankdan sorğuya cavabda göstərilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixdən indiyədək olan infilyasiya uçot dərəcəsinin 7,25 olduğuna istinad edilərək bildirilir ki, cavabdehdən tələb edilən iddia məbləği üzrə əsas borcu təşkil edən 20830 manat vəsaitin xx.xx.2024-cü il tarixli akt üzrə hesablanmış 3830 manatlıq hissəsi üzrə xx.xx.2024-cü il tarixindən etibarən uçot faiz dərəcəsi minimum 7,25% ilə götürülsə, illik zərər 245,05 manat, aylıq isə 23,13 manat təşkil edəcəkdir. Gecikmə aylarının sayına müvafiq olaraq (7 ay x 23,13 aylıq zərər məbləği) sözügedən akt üzrə zərər məbləği 161,97 manat təşkil edəcəkdir. xx.xx.2024-cü il tarixli aktı üzrə hesablanmış 3000 manatlıq hissə üzrə xx.xx.2024-cü il tarixindən etibarən uçot faiz dərəcəsi minimum 7,25% ilə götürülsə, illik zərər 217,5 manat, aylıq isə 18,12 manat təşkil edəcəkdir. Gecikmə aylarının sayına müvafiq olaraq (6 ay x 18,12 aylıq zərər məbləği) sözügedən akt üzrə zərər məbləği 108,74 manat təşkil edəcəkdir. xx.xx.2024-cü il tarixli aktı üzrə hesablanmış 3000 manatlıq hissə üzrə xx.xx.2024-cü il tarixindən etibarən uçot faiz dərəcəsi minimum 7,25% ilə götürülsə, illik zərər 217,5 manat, aylıq isə 18,12 manat təşkil edəcəkdir. Gecikmə aylarının sayına müvafiq olaraq (5 ay x 18,12 aylıq zərər məbləği) sözügedən akt üzrə zərər məbləği 90,62 manat təşkil edəcəkdir. xx.xx.2024-cü il tarixli aktı üzrə hesablanmış 5000 manatlıq hissəsi üzrə xx.xx.2024-cü il tarixindən etibarən uçot faiz dərəcəsi minimum 7,25% ilə götürülsə, illik zərər 362,5 manat, aylıq isə 30,20 manat təşkil edəcəkdir. Gecikmə aylarının sayına müvafiq olaraq (1 ay x 30,20 aylıq zərər məbləği) sözügedən akt üzrə zərər məbləği 30,20 manat təşkil edəcəkdir. Beləliklə, ümumi zərər məbləği 391,33 manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 442, 443.1, 445.7, 449-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi-qanuni təmsilçisi Qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmaısnı mümkün hesab etmişdir.
6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilən iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, “İсrаçı” “Sifarişçi”nin sifarişi əsasında Müqavilənin Əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür (1.1). “İcraçı” razılaşır ki, Əlavələrdə razılaşdırılmış müvafiq avadanlıqlar, nəqliyyat vasitələri və ya texnika üzrə qiymət cədvəlinə müvafiq olaraq “Sifarişçi” tərəfindən vaxtaşırı verilən sifarişlərə uyğun olaraq müvafiq avadanlıqları, nəqliyyat vasitələrini və ya texnikanı “Sifarişçi”nin təyin etdiyi yerdə bu Müqavilədə, həmçinin müvafiq sifarişdə göstərilmiş digər şərtlər əsasında “Sifarişçi”nin xeyrinə və onun göstərişlərinə müvafiq olaraq istismara verəcək (1.2). Bu Müqavilə üzrə göstərilən xidmətlərə görə xidmət haqqı hər təqvim ayı üzrə “Sifarişçi” tərəfindən verilmiş sifarişlər əsasında müvafiq Əlavədə razılaşdırılmış qiymətlərə müvafiq olaraq hesablanaraq müəyyən olunacaq (2.1). Müqavilənin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunan xidmət haqqı “İcraçı” tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında bu sənədlərin təqdim еdilməsindən sоnrа 15 təqvim günü ərzində bank köçürməsi yolu ilə Azərbaycan manatı ilə ödəniləcək (2.2).
11. İddia ərizəsinə əlavə edilən xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 nömrəli xidmət müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, tərəflər Müqavilənin 1.2-ci maddəsinin tələblərindən irəli gələn xidmətin qiymətini, yəni 1 ədəd qaldırıcı səbətin (“Genie”; 23 metrlik; operator daxil) aylıq qiymətinin 3000 manat olduğunu təsdiq еdirlər (1-ci bənd). Texnikaların icarəsi aylıq (həftənin 1-6-cı günləri daxil olmaqla) 26 iş günü, iş saatı 08:00 – 18:00 olaraq hesablanır (4-cü bənd). Əlavə saat üçün olan qiymət: 1 saat = 12 manat (5-ci bənd). Yemək və yanacaq “Sifarişçi” tərəfindən təmin edilir (6-cı bənd).
12. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borcların üzləşdirmə aktından görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borc məbləği 15830 manat əsas, 2849,4 manat ƏDV daxil olmaqla ümumilikdə 18679,4 manat təsdiq edilmişdir.
13. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 007 nömrəli işi tamamlama aktına əsasən, 5000 manat əsas, 900 manat ƏDV daxil olmaqla ümumilikdə 5900 manat dəyərində olan xidmətlərin yerinə yetirilməsi təsdiq olunmuşdur.
14. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixli EBDY 908920 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2950 manat, xx.xx.2024-cü il tarixli EBDY 998219 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4519,40 manat, xx.xx.2024-cü il tarixli EBEB 292367 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3540 manat, xx.xx.2024-cü il tarixli MT2405 10254597 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3540 manat, xx.xx.2024-cü il tarixli MT2405 11153270 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3540 manat, xx.xx.2024-cü il tarixli MT2407 10522481 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3540 manat, xx.xx.2024-cü il tarixli MT2410 10133487 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5900 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 27529,4 manat dəyərində xidmətin göstərilməsi üçün təqdim edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi əsasında müqavilənin əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilə üzrə iddiaçı ilə cavabdeh arasında qarşılıqlı borcların üzləşdirilməsi aparılmış, xx.xx.2024cü il tarixə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil olmaqla 18679,4 manat olaraq təsdiq edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli 007 nömrəli işi tamamlama aktı və xx.xx.2024-cü il tarixli MT2410 10133487 seriya və nömrəli elektron qaimə əsasında ƏDV daxil olmaqla 5900 manat dəyərində xidmət göstərilmişdir.
16. İddiaçı xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 saylı xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətlərin qalıq dəyəri olan 24579,40 manat pulun ödənilməsini tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə real vaxt rejimində iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 saylı müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
27. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
28. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
29. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
30. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 24579,4 manat məbləğində borcu yaranmış, xx.xx.2024-cü il tarixli xidmətlərin göstərilməsi barədə müqavilənin 2.2-ci hissəsində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
37. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 3749,40 manat ƏDV daxil olmaqla 24579,40 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 saylı xidmət müqaviləsi üzrə 24579,40 manat məbləğində pul cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı
38. İddiaçı iddia ərizəsində Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 391,33 manat və əsas borca illik 5 faizlə hesablanmaqla 270,03 manat məbləğində pulun da tutulmasını tələb edir.
39. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
41. Görünbdüyü kimi, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
42. Belə olan halda, məhkəmə iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə əsasən 391,33 manat məbləğində pulun tutulması tələbini əsassız hesab edir.
43. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
45. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.
46. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
47. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
48. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.
49. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
50. Lakin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli RAM/KMY-01/24 saylı xidmət müqaviləsinin “xidmət haqqı və hesablaşma qaydası” adlanan 2-ci hissəsində xidmət haqqının İcraçı tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında bu sənədlərin təqdim еdilməsindən sоnrа 15 təqvim günü ərzində ödənilməsi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, xx.xx.2024-cü il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
51. İddiaçı tərəfindən cavabdehə X1 Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixində çatdırılmış pretenziya məktubundan 15830 manat əsas, 2849,40 manat ƏDV olmaqla cəmi 18679,40 manat borcun ödənilməsi, xx.xx.2024-cü il tarixli pretenziya məktubundan 18679,40 manat, eyni zamanda yeni yaranmış 5900 manat borcun ödənilməsinin tələb edildiyi görünür.
52. İddiaçının xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktublarını və iddiaçının 7 aya qədər faiz borcu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən və xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 18679,40 manat borca münasibətdə xx.xx.2024-cü il tarixdən, 5900 manat borca münasibətdə xx.xx.2024-cü il tarixdən hesablanmaqla faizin hesablandığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər, 18679,40 manat borca münasibətdə 24 gün, 5900 manat borca münasibətdə 3 gün üçün həyata keçirilməlidir.
53. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 18679,40 manat borca münasibətdə 61,41 manat (18679,40 manat x 5 / 100 / 365 gün (1 günün faizi) * 24 gün (gecikdirilən gün sayı)), 5900 manat borca münasibətdə 2,42 manat (5900 manat x 5 / 100 / 365 gün (1 günün faizi) * 3 gün (gecikdirilən gün sayı)) təşkil edir.
54. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 63,84 manat məbləğində pul cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
55. İddiaçı həmçinin 174 manat dövlət rüsumunun, 250 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
56. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə 174 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
57. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 250 manat məbləğində pul İddiaçı MMC-nin hesabından “Kəngərli və Partnyorları" vəkil bürosunun hesabına ödənilmişdir (xx.xx.2024cü il tarixli ******* nömrəli order).
58. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
59. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
62. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 250 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
63. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 250 manat məbləğində pul cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 09 yanvar 2024-cü il tarixdə bağlanmış xidmət müqaviləsi üzrə 3749,40 manat ƏDV daxil olmaqla 24579,4 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 63,84 manat olmaqla ümumilikdə 24643,24 manat məbləğində pul cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 250 manat məbləğində pul cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova