Məhkəmə qərarları › İş №e-2-2(113)-805/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-805/2023

12.09.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-805/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «daşınar və daşınmaz əmlakın verilməsi» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: nizamnamə, nizamnamə kapitalı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 Əzim oğlu, Cavabdeh3 qarşı “daşınar və daşınmaz əmlakın verilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “daşınar və daşınmaz əmlakın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin 100 faiz (1.050) payının nizamnamə kapitalının İddiaçı məxsus 33,33 faizinə (350 payına) düşən daşınar və daşınmaz əmlakının ayrılaraq ona verilməsi və 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh1 MMC-nin 100 faiz (1.050) payının nizamnamə kapitalının iddiaçıya məxsus olan cəmi payından 20 faizina düşən payına aid daşınar və daşınmaz əmlakının ayrılaraq ona verilməsi və iddiaçının Cavabdeh1 MMC-nin 20 faiz payına düşən nizamnamə kapitalından çıxarılması, hər iki tələbin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-nin 100 faiz (1.050) payının nizamnamə kapitalının 33,33 faizinin (350 payının) mülkiyyəçisidir. Son bir-iki il ərzində həmin Cəmiyyətin təsisçilərindən biri olan Cavabdeh2 Cəmiyyətin fəaliyyətinə əsassız müdaxilələr edir, Cəmiyyətin direktoru və İddiaçı özünün Cəmiyyətin icra orqanında heç bir vəzifə tutmamasına baxmayaraq, onu cinayətdə ittiham edərək, hüquq mühafizə orqanlarına əsassız şikayətlər ilə müraciət edir və Cəmiyyətin hələ təsisçilər arasında bölüşdürülməmiş cari il üzrə əldə edilməyən mənfəət üzrə dividentlərin vaxtından əvvəl ona ödənilməsini tələb edir və buna da nail olur. Bütün bunlar azmış kimi Cəmiyyətin təsisçilərindən biri olan Cavabdeh2 və onun həyat yoldaşı, İddiaçı və onun ailə üzvləri, hətta dünyasını dəyişmiş şəxslər haqqında belə həqiqət uyğun olmayan, nalayiq söyüşlər, böhtan xarakterli məlumatları Cəmiyyətin işçiləri və digər şəxslər arasında yayınmasından belə çəkinməmişdir. Qeyd edilənlərlə yanaşı bütün bu qalmaqallardan bezərək, Cəmiyyətin bəzi aparıcı işçiləri artıq işdən çıxmışdırlar. Bütün bunlar Cəmiyyətin illər boyu Azərbaycan bazarında qazanıb-qoruduğu işgüzar nüfuzuna artıq mənfi təsir göstərir ki, bu da Cəmiyyətin gələcəkdə müflisləşməsinə səbəb ola bilər. Tərəflərindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixində mediasiya keçirilsə də, tərəflər iştirakdan imtina etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraata məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməklə materiallar baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini müdafiə etdiyini bildirib iddia ərizəsinin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının niyyəti Cəmiyyətdən bütünlüklə çıxmaq deyildir, iddiaçı cəmiyyətdə olan iştirak payının 20 faiz hissədə azaldılmasını və həmin payın daşınar və daşınmaz əmlak formasında ona verilməsini tələb edir, iddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş balans dəyərini mübahisələndirmir.

7. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iştirak payının azaldılmasını tələb etmək iddiaçının hüququdur, lakin MMC tərəfindən təqdim edilmiş balans dəyəri barədə məlumatlar bir-birinə zidd olmaqla həqiqəti əks etdirmir, bu səbəbdən cəmiyyətə məxsus əmlakın hazırkı günə balans dəyərinin ekspertiza keçirilməklə müəyyən edildikdən sonra iddiaçının tələbinin təqdim ediləcək ekspert rəyinə uyğun təmin edilməsinə dair yekun qərarın qəbul edilməsini xahiş edir.

8. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MMC-nin Nizamnaməsindən görünür ki, MMC-nin təsisçiləri Cavabdeh2, Cavabdeh3 və İddiaçıdur.

12. Nizamnamənin 1.3-cü bəndinə əsasən cəmiyyət 28 sentyabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində 485 qeydiyyta nömrəsi ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC-nin hüquqi varisidir.

13. Nizamnamənin 3.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 10500 manat həcmindədir və hər biri 10 manat olmaqla 1050 paydan ibarətdir.

14. Nizamnamənin 3.3-cü bəndinə əsasən təsisçilərin nizamnamə kapitalındakı payı: 1. Cavabdeh2 – 3500 manat, 350 pay, 33,33% pul şəklində. 2. Cavabdeh3 - 3500 manat, 350 pay, 33,33% pul şəklində. 3. İddiaçı - 3500 manat, 350 pay, 33,33% pul şəklində.

15. Nizamnamənin 4.1-ci bəndinə əsasən cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır.

16. Nizamnamənin 4.2.1-ci bəndinə əsasən cəmiyyərin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçirilir.

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh2 350 pay, Cavabdeh3 350 pay, İddiaçı 350 pay təşkil edir.

18. İddiaçı cavabdehlərə məktub ünvanlayaraq ona məxsus 33,33 faizinə (350 payına) düşən daşınar və daşınmaz əmlakının ayrılaraq ona verilməsi barədə 3 gün müddətində qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, ona məxsus olan Cavabdeh1 MMC-dəki 33,33 faiz nizamnamə kapitalındakı payını özgəninkiləşdirmək niyyətində olduğu üçün payının 700000 manata satın alınmasını ilk növbədə MMC-nin digər təsisçilərinə təklif edir, onlar üstünlük hüququndan 1 ay müddətində istifadə etmədikdə, o, MM-nin 93.3-cü maddəsinə əsasən ona məxsus olan Cavabdeh1 MMC-nin nizamnamə kapitalındakı payını üçüncü şəxslərə özgəninkiləşdirmək hüququndan istifadə edəcəkdir.

20. İddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 MMC-də ona məxsus olan payı özgəninkiləşdirmək niyyətindədir, onun payı MMC və ya üçüncü şəxslər tərəfindən əldə edilməzsə, Cavabdeh1 MMC-dən çıxmaq niyyətindədir, bu zaman onun payının nağd pul şəklində ödənilməsi, bu mümkün olmadıqda isə onun natura şəklində ödənilməsi məsələsinin müzakirəsinin 2021-ci ilin yekunlarına həsr olunmuş iştirakçıların Ümumi Yığıncağının gündəliyinə salınmasını xahiş edir.

21. Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq iddiaçının Cəmiyyətdən çıxdığı təqdirdə cəmiyyətin fəaliyyətinin tam dayanacağını bildirmiş, bu səbəbdən Cəmiyyətin iddiaçının payını almağa maddi imkanlarının olmamasını gösstərərək, iddiaçıya məxsus paya uyğun daşınar və daşınmaz əmlakların ayrılaraq ona verilməsinə dair tələblərinin icrasından imtina edilmişdir.

22. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********139600 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 MMC-nin nizamnamə kapitalı 10500 manat pul şəklində müəyyən edilmiş, lakin nizamnamə kapitalının ödənişini əks etdirən qəbz cəmiyyətin qeydiyyat qovluğunda aşkar edilməmişdir.

23. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli M-37 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı Cavabdeh1 MMC-nin təsisçilər sırasından çıxması və bununla bağlı onun payının natura şəklində ayrılaraq ona verilməsinə dair məsələnin xx.xx.2023-cü il tarixdə keçiriləcək təsisçilərin ümumi yığıncağına çıxarılmasına dair xx.xx.2021-i il tarixli ərizəsi və bundan sonra həmin mövzuda ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsi Cavabdeh1 MMC-nin digər təsisçilərin buna dair razılıqları olmadığına görə həmin məsələ ümumi yığıncağın müzakirəsinə çıxarılmamış, rədd edilmişdir.

24. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 38 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 MMC-nin 2022-ci ilin dekabr ayına olan əsas vəsaitlərin siyahısı və onların balans dəyərinin qiyməti həmin tarixə ümumilikdə 107844,35 manat təşkil edir.

25. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 008 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 MMC-nin 2023-cü ilin iyul ayının 6-a olan əsas vəsaitlərin siyahısı və onların balans dəyərinin qiyməti xx.xx.2023-cü il tarixə ümumilikdə 70382,07 manat təşkil edir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli 9/6051 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspert qarşısında qoyulmuş suallarda əksini tapmış “həqiqi dəyər” və “həqiqi qiymət” terminləri kimi bazar qiyməti başa düşülürsə, belə olan halda rəydə qeyd edilən səbəblərdən təyin olunmuş məhkəmə ekspertizası məhkəməmühasibatlıq ekspertizasının predmetinə aid deyil. Ona görə də bütün yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh1 MMC-nin mülkiyyətində olan əmlakların hazırkı vaxta balans (həqiqi) dəyəri, eləcə də Cavabdeh1 MMC-nin nizamnamə kapitalında olan 20 faiz payının hazırkı vaxta olan həqiqi qiymətini müəyyən etmək mümkün olmamışdır.

27. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

28. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

29. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.

30. 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

31. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

32. 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

33. 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır.

34. 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.

35. 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.

36. 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.

37. 93.3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

38. 93.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur.

39. 93.5-ci maddəsinə əsasən iştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur.

40. 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

41. 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir.

42. Materiallardan görünür ki, iddiaçı cavabdeh Cəmiyyətin nizamnamə kapitalında 33,33 % paya malikdir. İddiaçının təsisçilikdən çıxmaqla və ona düşən payına uyğun hissədə daşınar və daşınmaz əmlakların ayrılaraq ona verilməsi ilə bağlı cəmiyyətə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi və bundan sonra həmin mövzuda üvanlanmış xx.xx.2022-ci il tarixli ərizələri Cavabdeh1 MMC-nin digər təsisçilərinin buna dair razılıqları olmadığına görə həmin məsələlər ümumi yığıncağın müzakirəsinə çıxarılmamışdır.

43. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir. Həmin məsələlər məhdud məsuliyyətli cəmiyyətin ümumi yığıncağın müstəsna səlahiyyətindədir.

44. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının iddia tələbində göstərdiyi tələb üzrə (cəmiyyətdə olan iştirak payının azaldılması, nizamnanə kapitalının azaldılması) Cavabdeh1 MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş, nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edilmişdir.

45. Halbuki Mülki Məcəllənin 93.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur.

46. Həmin Məcəllənin 93.5-ci maddəsinə əsasən iştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur.

47. Həmin Məcəllənin 90.8-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

48. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən tələblər üzrə MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilmədiyindən və nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edilmədiyindən, habelə cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edildiyindən iddia təmin edilməməlidir.

49. Bundan əlavə, Mülki Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.

50. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə görə cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

51. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə görə cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

52. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə görə yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

53. Göründüyü kimi qanunverici ümumi yığıncağın çağırılması qaydalarını, ümumi yığıncağın hansı halda səlahiyyətli olmasını müəyyən etmişdir.

54. Materiallardan görünür ki, iddiaçı 33,33 % paya sahib olan təsisçidir, bu səbəbdən iddiaçı yuxarıda qeyd olunan ardıcıllığa uyğun olaraq əvvəlcə, MMC-nin iştirakçılarının ümumi yığıncağının keçirilməsini tələb etməli, cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, Mülki Məcəllənin 91.1-5-ci maddəsinə uyğun olaraq ümumi yığıncağın keçirilməsini yenidən çağırmalı, həmin Məcəllənin 91.1-6-cı maddəsində göstərilən əsaslara görə yenidən çağırılan yığıncaq da yetərsay olmadıqda, ümumi yığıncağın keçirilməsi təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan ardıcıllığa riayət etməklə cəmiyyətin ümumi yığıncağının keçirilməsinə nail ola bilər.

55. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 400 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

58. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ekspertiza xərci də iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 Əzim oğlu, Cavabdeh3 qarşı “daşınar və daşınmaz əmlakın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar