Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-805/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4” şirkətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı idxal olunmuş malların müsadirə olunaraq məhv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əqli mülkiyyət hüququ, əmtəə nişanı) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Məhəmmədovanın, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X4” şirkətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı idxal olunmuş malların müsadirə olunaraq məhv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı “X4” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şirkətin əqli mülkiyyət hüquqlarının bərpası və BBGİ tərəfindən saxlanılmış kontrafakt malların tədavülə buraxılmasının qarşısını almaq məqsədilə onların müsadirə olunaraq məhv edilməsi, kontrafakt malların 27 oktyabr tarixindən etibarən BBGİ-nin anbarında saxlanılması ilə bağlı yaranmış xərclərin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı əqli mülkiyyət hüquqlarının bərpası və Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılmış kontrafakt malların tədavülə buraxılmasının qarşısını almaq məqsədilə onların müsadirə olunaraq məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ABŞ-ın Delaver ştatının qanunvericiliyinə əsasən fəaliyyət göstərən, qeydiyyat nömrəsi olan, hüquqi ünvanı 300 X10 York, N.Y. 10022, Delaver, ABŞ olan "COLGATE-PALMOLİVE" şirkəti (“Şirkət”) qırmızı fonda latın qrafıkasında, ağ rəngli hərflərlə yazılmış “Colgate” əmtəə nişanına dair mülkiyyət hüququnun sahibidir. Belə ki, 960147, 960176, 20010428 qeydiyyat nömrəli əmtəə nişanları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Şirkət tərəfindən qeydiyyata alınmış və əmtəə nişanlarının dövlət reyestrinə salınmışdır. Daha sonra, 17 mart 2021-ci il tarixində həmin əmtəə nişanlarına dair mülkiyyət hüququnun Şirkətə məxsus olması faktı Azərbaycan Gömrük Məcəlləsinin (“Gömrük Məcəlləsi”) 279.1-ci maddəsinə əsasən müvafiq gömrük reyestrinə daxil edilmişdir. Şirkət məhsullarına diş pastaları, diş fırçaları, gellər, ağız boşluğu üçün yaxalayıcılar, dezodorantlar, sabunlar, və digər fərdi qulluq vasitələri daxildir. Əmtəə nişanlarının və onların altında istehsal olunan məhsulların ətraflı təsvirləri bu iddia ərizəsinə əlavə olunmuş kataloqda öz əksini tapmışdır. Bildirmək istərdik ki, bütün Şirkət məhsulları, istehsal edildikləri ölkədən asılı olmayaraq, Şirkətin sərt qlobal təhlükəsizlik və keyfiyyət standartlarına ciddi şəkildə əməl olunmaqla istehsal olunur. Məhsullar yalnız etibarlı təchizatçılardan alınmış mənşəli təsdiq edilmiş və sınanmış maddələrdən hazırlanır. Saxta məhsullar isə keyfiyyəti aşağı olan maddələrdən istehsal olunaraq, istehlakçıların sağlamlığına zərər vurur və nəticə etibarı ilə Şirkətin nüfuzunun zədələnməsinə səbəb olur. Qanunsuz istehsal olunan saxta məhsulu müəyyənləşdirmək üçün məhsul üzərində yazılara, rənglərə və bu kimi digər göstəricilərə diqqət yetirilməlidir. Məsələn, kontrafakt mallar çox vaxtı üzərində səhv yazılmış sözləri (məsələn, "SOUTH AFRLCA" and "X7 Assoxiation") əks etdirir. Əsl Şirkət məhsullarını Azərbaycan Respublikası ərazisinə qanunsuz gətirilən kontrafakt mallardan fərqləndirməyə imkan verən ətraflı məlumatı və kontrafakt malların nümunələri özündə əks etdirən sənəd bu iddia ərizəsinə əlavə olunur. Buna əlavə olaraq qeyd edək ki, Şirkət məhsullarının Azərbaycan Respublikasında satışı Şirkətin səlahiyyətli distribyutoru olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən həyata keçirilir. Məhsullar quru yolu ilə Bakıya distribyutorun adına göndərilir. Qeyd olunan distribyuterdən başqa hər hansı digər şəxslər tərəfindən Şirkətin əmtəə nişanları altında Azərbaycan Respublikasının ərazisinə kommersiya məqsədləri üçün idxal olunan məhsullar saxta və kontrafakt mallardır. Əlavə olaraq, xx.xx.2022-ci il tarixində Şirkətə məxsus əmtəə nişanlarının təsviri xüsusiyyətlərinə malların fərqləndirici əlamətlərinə dair Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə maarifləndirici görüş keçirilmişdir. 27 oktyabr 2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin (“BBGİ”) əməkdaşları Şirkətlə əlaqəli olan "COLGATEPALMOLİVE" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) ilə əlaqə saxlayaraq onlara kontrafaktın aşkar olunması və müvafiq malların buraxılışının dayandırılmasına dair qərarın qəbul olunması barədə məlumat vermişdirlər. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, hüquqi ünvanı AZ4436 Azərbaycan, Masallı rayonu, Tüklə, ev 0, m. 0 və VÖEN-i ********** olan Cavabdeh1 MMC (“Sifarişçi”) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixli, CD-201-01 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 48AA695/48AA696 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında fiziki baxış keçirilmişdir. Baxış zamanı **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə hüquqi ünvanı AZ1023 Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, ev 13 və VÖEN-i ********** Cavabdeh2 MMC (“Bəyannaməçi”) bəyan edilmiş “Colgate” əmtəə nişanlı malların (39168 ədəd diş fırçasının) kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Bu səbəbdən, BBGİnin 3-33-1100/3-2-000009/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə həmin malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır. Daha sonra, Gömrük Məcəlləsinin 13 noyabr 2023-cü il tarixində Şirkət tərəfindən malların buraxılışının dayandırılması müddətinin uzadılmasına dair ərizə ilə BBGİ-nə müraciət edilmişdir. BBGİ, öz növbəsində, 16 noyabr 2023-cü il tarixli qərarı ilə malların buraxılışının dayandırılması müddətinin 28 noyabr 2023-cü il tarixinədək uzadılmasına dair 3-33-1100/3-2- 000023/2023 nömrəli qərar qəbul etmişdir. Əlavə olaraq bildiririk ki, buraxılışı dayandırılmış malların nümunələrinin fotoşəkilləri Şirkətin müvafiq ixtisaslı əməkdaşlarına təqdim olunmuş və onlar tərəfindən də kontraft olması təsdiq edilmişdir. 07 noyabr 2023cü il tarixində Şirkət tərəfindən Sifarişçiyə və Bəyannaməçiyə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Həmçinin həmin təklif, kuryer xidməti vasitəsilə göndərilməklə və əlbəəl çatdırılmaqla yanaşı, Sifarişçi və X2 Xidmətinin portalında olan elektron kabinetlərinə də göndərilmişdir. Daha sonra 08 dekabr 2023-cü il tarixində ilkin mediasiya sessiya baş tutmuşdur, lakin orada Sifarişçi və Bəyannaməçinin nümayəndələri iştirak etməmişdir. Beləliklə, mediasiya sessiyasında qarşılıqlı razılaşma əldə olunmaması səbəbindən, Şirkət tərəfindən kommersiya iddiası qaydasında məhkəməyə müraciət etmək qərarı alınmışdır. Həmçinin bildirirk ki, kommersiya iddiası ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya qanunvericiliyinə uyğun olaraq gözlənilməli olan prosessual müddətlər səbəbindən 27 noyabr 2023-cü il tarixində Şirkət tərəfindən Bakı Kommersiya Məhkəməsinə müvəqqəti təmin tədbirinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edilmişdir. Şirkətin sözügedən müraciəti 28 noyabr 2023-cü il tarixində e-16(113)-523/2023-022 nömrəli qərardadla təmin edilmişdir və Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixli, CD-201-01 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 48AA695/48AA696 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsilə daxil olmuş və **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə Cavabdeh2 MMC tərəfindən bəyan edilmiş 39168 ədəd “Colgate” əmtəə nişanlı malların buraxılışı 28 dekabr 2023-cü il tarixinədək dayandırılmışdır. Şirkət cavabdehlərlə nə lisenziya nə də hüquqların verilməsinə dair müqaviləsi bağlamamışdır. Beləliklə, Cavabdehlər üzərində Şirkətin adına qeydə alınmış əmtəə nişanlı malları əvvəlcədən Şirkətdən icazə almadan Azərbaycan Respublikasının ərazisinə gətirməsi və ticari tədavülə buraxmaq niyyətində olması ilə Şirkətin əmtəə nişanına dair hüquqlarını pozmuşdur.
4. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 28, 32-34-cü maddələrinə istinad olunmuşdur.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin malların gömrükdən çıxarılıb başqa ölkədə satılmasına razı deyillər.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, bu barədə əvvəlcədən ona xəbərdarlıq olmalı idi, o, xaricdə olduğuna görə mediasiyada da iştirak edə bilməmiş, mediasiyadan qabaq isə ona heç bir məlumat verilməmişdir. O, malların müsadirə olunmasını istəmir. O, malların gətirilməsinin qadağan olunduğunu, bu qədər problem yaranacağını bilməmişdir, əgər bilsəydi malların başqa bir ölkədə satışını həyata keçirdərdi. Digər Cavabdeh2 MMC onun sifarişi əsasında gətirdikləri malları bəyan etmişdir. O, həqiqətən də bu malları özü gətirdiyini etiraf etmişdir. O, malların məhv olunmasının, müsadirəsinin tərəfdarı deyildir. O, malların başqa bir ölkəyə çıxarıb satmağı üçün imkan yaradılmasını məhkəmədən xahiş etmişdir. Sonda o, iddianın təmin olunmamasını xahiş etmişdir.
7. İş üzrə Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “X4” şirkətinin nümayəndəsi X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/040 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş əqli mülkiyyət obyektləri olan əmtəə nişanları adı altında mallar xx.xx.2021-ci il tarixindən əlavədə qeyd olunan tarixlərədək reyestrə daxil edilmişdir: Colgate xx.xx.2026-cı il tarixədək; Palmolive-xx.xx.2024-cü il tarixədək; Protexxx.xx.2024-cü il tarixədək; Speed Stick-xx.xx.2025-ci il tarixədək; X9-xx.xx.2026-cı il tarixədək; Elmex-xx.xx.2026-cı il tarixədək; Meridol-xx.xx.2026-cı il tarixədək; Mennenxx.xx.2024-cü il tarixədək.
9. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli “Malların buraxılışının dayandırılması haqqında” qərarından görünür ki, Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixli, CD-201-01 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 48AA695/48AA696 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında fiziki baxış keçirilmişdir. Baxış zamanı **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Colgate” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixli, CD-201-01 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 48AA695/48AA696 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, “Colgate” əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır.
10. İş materiallarına əlavə edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” Bildiriş № 09-dan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “X4” şirkətinin nümayəndəsi X3 tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin 27 oktyabr 2023-cü il tarixli 3-33-1100/3-2- 000009/2023 nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların 27 oktyabr 2023-cü il tarixindən 14 noyabr 2023-cü il tarixinədək buraxılışının dayandırıldığı bildirilmişdir: XİFMN üzrə malın adı və kodu: “Colgate” əmtəə nişanlı məhsullar **********; Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı: 48AA695/48AA696 avtomobil nəqliyyat vasitəsi; Mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi: 14095; Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasım təsdiqləyən əlamətlər: Baxış zamanı 3-cü mal mövqeyində göstərilən 39168 ədəd “Colgate" əmtəə nişanlı məhsullar olduğu aşkar olunmuşdur.
11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” qərarından görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş 27 oktyabr 2023-cü il tarixli 3-33-1100/3-2-000009/2023 nömrəli qərara əsasən 27 oktyabr 2023-cü il tarixindən 14 noyabr 2023-cü il tarixinədək “Colgate" əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır. Bu barədə ərizəçiyə və bəyannaməçiyə bildiriş göndərilmişdir. Ərizəçi “Colgate” şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Vəkil Məhəmmədovna tərəfindən xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət olunmuşdur. Ərizədə müvafiq prosessual tədbirlərin başladığını və bu səbəbdən buraxılışın dayandırlıması müddətinin daha 10 gün müddətinə uzadılması xahiş edilmişdir. Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixli, CD-201-01 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 48AA695/48AA696 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsilə daxil olmuş və **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Colgate” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş gunü müddətinə uzadılmışdır.
12. İş materiallarına əlavə edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” Bildiriş № 23dən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “X4” şirkətinin nümayəndəsi Vəkil Məmmədovnaya tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 3-33- 1100/3-2-000023/2023 nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların 15 noyabr 2023-cü il tarixindən 28 noyabr 2023-cü il tarixinədək buraxılışının dayandırıldığı bildirilmişdir: XİFMN üzrə malın adı və kodu: “Colgate” əmtəə nişanlı məhsullar **********; Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı: 48AA695/48AA696 avtomobil nəqliyyat vasitəsi; Mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi: 14095; Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasım təsdiqləyən əlamətlər: Baxış zamanı 3-cü mal mövqeyində göstərilən 39168 ədəd “Colgate” əmtəə nişanlı məhsullar olduğu aşkar olunmuşdur.
13. İş materiallarına əlaə edilmiş məlumat fotoşəkillərində “Colgate” məhsullarını saxtadan fərqləndirən xüsusiyyətlər göstərilmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X4” şirkətinin nişan sahibi olaraq “Colgate” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Əmtəə nişanın sahibi, iddiaçı “X4” şirkətinin razılığı olmadan Cavabdeh1 MMC tərəfindən gətirilmiş, Cavabdeh2 MMC-nin bəyan etdiyi 39168 ədəd “Colgate” əmtəə nişanlı məhsullar Azərbaycan Respublikasına idxal olunmaqla “Colgate” əmtəə nişanından istifadə edilmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması sayılır. Həmçinin idxal olunmuş 39168 ədəd “Colgate” əmtəə nişanlı məhsullar, həmin əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunduğundan kontrafakt hesab edilir. Belə olan halda iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdehlər tərəfindən gətirilmiş, hüquq pozuntusunun obyekti olan 39168 ədəd “Colgate” əmtəə nişanlı məhsulların müsadirə edilərək məhv edilməsini tələb etmək də haqlıdır. Tətbiq edilən hüquq
15. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. 26-cı maddəsinin birini və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
16. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
17. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə): 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:
1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;
2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;
3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
20. Məhkəmə qanunvericilik normalarını, nişan sahibi olaraq iddiaçının əmtəə nişanına müstəsna hüququnun cavabdehlər tərəfindən pozulduğunu, cavabdehlər tərəfindən gətirilmiş 39168 ədəd “Colgate” əmtəə nişanlı məhsulların kontrafakt olduqlarını, belə olan halda isə məhkəmənin hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
21. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, ödənilmiş 210 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı əqli mülkiyyət hüquqlarının bərpası və Bakı Baş Gömrük İdarəsi tərəfindən saxlanılmış kontrafakt malların tədavülə buraxılmasının qarşısının alınması məqsədilə Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixli, CD-201- 01 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 48AA695/48AA696 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə daxil olmuş və **********6579 sorğu nömrəli gömrük bəyannaməsi ilə Cavabdeh2 MMC tərəfindən bəyan edilmiş 39168 ədəd “Colgate” əmtəə nişanlı mallar müsadirə olunaraq məhv edilsin. İddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov