Məhkəmə qərarları › İş №e-2-2(113)-811/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-811/2024

04.09.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-811/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 Şirkəti və “X4 company” şirkətlərinin borclu Cavabdeh MMC-nin müflis elan edilməsi haqqında iddiası üzrə kommersiya mübahisəsi üzrə Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərcüməçi X1, kreditorlar İddiaçı1 Şirkəti və “X4 Company” şirkətlərinin nümayəndəsi və vəkili Vəkil, borclu Cavabdeh MMC-nin nümayəndəsi Tan Xingyinin iştirakları ilə, Kreditorlar X3 Korporeyşn” Şirkəti və “X4 company” şirkətlərinin borclu Cavabdeh MMC-nin müflis elan edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxmışdır. I. İŞİN HALLARİ

1. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021 saylı qətnaməsi ilə İddiaçı1 Şirkətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 813.243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 409 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 iyul 2022-ci il tarixli 2- 2(103)-302/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2(113)-82/2021 qətnaməsi ilə iddiaçı “X4 Company” Şirkətinin Cavabdeh MMC-yə qarşı iddiası təmin edilmiş, cavabdehdən 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3.000 ABŞ dolları məbləğində hüquqşünas xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2-2(103)-399/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 saylı qətnaməsi cavabdehdən 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli məlumatına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması haqqında məktuba əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələrinin Dövlət Vergi Xidmətinə təqdim edilməməməsi səbəbindən bəyannamələrin surətlərinin təqdim edilməsi mümkün olmamışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin adında xx.xx.2008-ci il tarixdən “Kamaz 53213 xüsusi yanacaq D” markalı HO18464 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (Şəhadətnamə: AB261514, şəhadətnamənin verilmə tarixi:xx.xx.2008, Şassi: **********-87) qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin adında A-13741 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 2 ədəd Mancanaq dəzgahı CYJ10-3-53HY və 4 ədəd Mancanaq dəzgahı CYJY12-48-73 barədə məlumatlar mövcuddur.

9. "X7 Azərbaycan" QSC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin "X7 Azərbaycan" QSC-dəki 00312622 nömrəli (cari) AZN, 00183601 nömrəli (cari) ABŞ dolları, AZ03KABA******************** nömrəli (cari) ABŞ dolları, AZ25KABA******************** nömrəli (cari) cari AZN hesabları 2008-ci il tarixdə bağlanmışdır. 10."xxxx" ASC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin "xxxx" ASC-dəki AZ05PAHA40160USDHC********** nömrəli (cari) bank hesabında 0.52 ABŞ dolları, AZ14PAHA40060AZNHC********** nömrəli (cari) bank hesabında 0.47 manat, AZ44PAHA40160CNYHC********** nömrəli (cari) bank hesabında 0 manat məbləğində pul vəsaitləri mövcuddur.

11. "xxxx" ASC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin “Mərkəz” Filialındakı AZ88AİİB******************** nömrəli (cari), AZ98AİİB******************** nömrəli (cari) bank hesablarında pul vəsaiti yoxdur.

12. "xxxx" ASC-nin xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin AZ09İBAZ******************** nömrəli (cari), AZ19İBAZ******************** nömrəli (cari) bank hesablarında pul vəsaitləri yoxdur. "xxxx" ASC-nin "Səbail" Filialındakı AZ04İBAZ******************** nömrəli (cari), AZ94İBAZ******************** nömrəli (cari), AZ84İBAZ******************** nömrəli (cari), AZ14İBAZ******************** nömrəli (cari), AZ67İBAZ******************** nömrəli (cari), AZ94İBAZ******************** nömrəli (cari), AZ04İBAZ******************** nömrəli (cari), AZ84İBAZ******************** nömrəli (cari), AZ14İBAZ******************** nömrəli (cari subhesab), AZ67İBAZ******************** nömrəli (cari subhesab) hesabları isə bağlıdır.

13. LPO "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin "xxxx" ASCnin "Gənclik" Filialındakı AZ50NBCB4011004USD********** nömrəli (cari) bank hesabında vəsait yoxdur, AZ07NBCB4001004AZN********** nömrəli (cari) bank hesabında isə 0,75 manat məbləğində qalıq mövcuddur.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi saytından çıxarışlardan görünür ki, "xxxx" MMC-nin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışlarının vaxtı və yeri barədə xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində elanlar verilmişdir.

15. “Azərbaycan” qəzetində "xxxx" MMC-nin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışlarının vaxtı və yeri barədə elan yerləşdirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

16.Kreditorlar X3 Korporeyşn” Şirkəti və “X5 company” şirkətləri iddia ərizəisi ilə müraciət edərək, borclu Cavabdeh MMC-nin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 17.İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 5 iyun tarixində İddiaçı1 Şirkəti ilə Cavabdeh MMC arasında müəyyən olunmuş qiymət müqabilində palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı PHPOLCNLC-201301 saylı müqavilə, 2013-cü il 11 mart və 2013-cü il 22 oktyabr tarixlərində “X4 Company” Şirkəti ilə Borclu arasında qazma işlərinin görülməsi ilə bağlı müvafiq olaraq PHPOL-201301 və PHPOL-201302 saylı müqavilələr imzalanmışdır. CNLC və GWDC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilməsinə baxmayaraq, borclu müqavilə üzrə göstərilmiş xidmətlərə görə CNLC-yə 813.243,58 ABŞ dolları məbləğində və GWDC-yə 5.381.165,58 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsini həyata keçirməmişdir. Bu səbəbdən CNLC və GWDC pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsindəki icraat Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021 saylı qətnaməsi ilə CNLC-nin iddiası təmin edilmiş, borcludan 813.243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq CNLC-yə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 qətnaməsi ilə GWDC-nin iddiası təmin edilmiş, Borcludan 5.381.165,58 ABŞ dolları məbləğində borcun, 3.000 ABŞ dolları məbləğində hüquqşünas xərclərinin və 30 manat məbləğində tutularaq dövlət rüsumunun GWDC -yə ödənilməsi qət edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-657/2021 saylı qətnaməsi ilə borclunun apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, CNLC-nin borcluya qarşı 813.243,58 ABŞ dolları məbləğdə borcun və manat məbləğdə dövlət rüsumunun borcludan tutularaq CNLC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğdə dövlət rüsumunun CNLC-dən tutularaq borcluya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-2(103)-655/2021 saylı qətnaməsi ilə borclunun apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, GWDC-nin tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 noyabr tarixli 2-2(102)-515/2021 saylı qərarı ilə CNLC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-657/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 2-2(102)-39/2022 saylı qərarı ilə GWDC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – hüquqi xidmətlə bağlı 3000 ABŞ dolları və 1.000.000 ABŞ dolları borcun tutulmasının rədd edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 2-2(103)-302/2022 saylı qətnaməsi ilə Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli e-2-2(113)-16/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli, 2-2(103)-399/2022 saylı qətnaməsi ilə Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-82/2021 saylı qətnaməsi Borcludan 4.381.165,58 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 07 fevral tarixli 2-2(102)-4/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 2-2(103)-302/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 04 aprel tarixli 2 -2(102)-10/2023 saylı qərarı ilə BakıApellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli 2-2(103)-399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021 saylı və 2021-ci il 17 mart tarixli 2-2(113)-82/2021 saylı qətnamələri qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 2023-cü il 05 mart tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-16/2021-037 saylı icra sənədi üzrə və 2023-cü il 03 iyul tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli 2-2(113)-82/2021-028 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Lakin tələblərin ödənilməsi üçün İcra şöbəsi tərəfindən aparılan icra tədbirləri hər hansı nəticə verməmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytına baxış keçirərkən şirkətin 1 735 274 AZN məbləğində vergi borcunun olması aşkar edilmişdir. Bu da öz növbəsində Borclunun ödəmə qabiliyyətinin olmamasına dəlalət edir. Hal-hazırda Borclunun nizamnamə fondu 200 000 ABŞ dolları təşkil edir. Göründüyü kimi, hazırkı iş üzrə Kreditorların tələbi Borclunun nizamnamə fondunun 10 faizindən çox bir hissəsini təşkil edir və bu səbəbdən hazırkı mübahisəyə borclunun iflas prosesi çərçivəsində baxılmalıdır. 18.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63-cü maddəsinə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2 və 3-cü maddələrinə istinad etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri

19.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

20. Məhkəmə iclasında kreditorların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

21. Borclu məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etdi.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

24. AR Mülki Məcəlləsinin:

«Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun: 12-ci maddəsinə görə hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. 13.1-ci maddəsinə görə hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.

25. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; -443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə kreditorlar İddiaçı1 Şirkəti və “X4 company” şirkəti xarici hüquqi şəxslər olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.

28. Odur ki, məhkəmə tərəfindən birinci müəyyən edilməli olan məsələ AR məhkəmələrinin hazırkı iddiaya baxmaqda səlahiyyətli olub-olmaması ilə bağlıdır.

29. Bununla bağlı qeyd edilməlidir ki, iş üzrə borclu Cavabdeh MMC AR-də təsis edilmiş və faliyyət göstərərn hüquqi şəxsdir. Kreditor İddiaçı1 Şirkətinin AR-də filialı və “X4 company” şirkətinin isə nümayəndəliyi mövcuddur. Belə olan halda isə 443.0.1 və 443.0.2ci maddələrinin tələbləri baxımından AR Məhkəmələri hazırkı iddiaya baxılmaqda səlahiyyətlidirlər.

30. İkinci müəyyən edilməli məsələ xarici elementli mübahisəyə tətbiq edilməli olan hüquqla bağlıdır.

31. Bununla bağlı isə məhkəmə qeyd edir ki, hüquqi şəxsin müflisləşməsi proseduru onun hüquqi statusuna (hüquq qabiliyyətinə) aid olan prosedur olduğundan və həmin prosedura münasibətdə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununda xüsusi kollizion norma nəzərdə tutulmadığından həmin prosedura münasibətdə həmin qanunun 12, 13-cü maddəsində nəzərdə tutulmuş kollizion normalar tətbiq edilməlidir.

32. Həmin normalara görə isə hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.

33. Hazırkı halda isə müflis elan edilməsi tələb edilən hüquqi şəxs Petro-Hongkong- Pirsaat Oil Limited” MMC AR-də təsis edildiyindən onun hüquqi şəxsin istinad etdiyi qanun Azərbaycan Respublikasının hüququdur.

34. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununda göstərilən kollizion bağlama yer almasa da, beynəlxalq praktikada transmilli (xarici elementli) müflisləşmə prosedurlarına münasibətdə lex fori concursus bağlaması tətbiq edilir.

35. Lex fori concursus (müsabiqə yerinin hüququ) bağlamasına görə müflisləşmə proseduruna münasibətdə həmin prosedurunun aparıldığı ölkənin, yəni hazırkı halda ARin qanunvericiliyi tətbiq edilir.

36. Odur ki, hazırkı halda hazırkı iddiaya AR qanunvericiliyi tətbiq edilməlidir.

37. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxslərin müflis elan edilməsi barədə işlərə baxılarkən məhkəmə tərəfindən borclu hüquqi şəxsin öhdəliklərini icra etməyə qadir olub-olmaması, yəni “Müflisləşmə və iflas haqqında” AR Qanununun 3cü maddəsinin tələbləri baxımından hüquqi şəxsin müflis elan edilməsi üçün əsasların olub-olmaması araşdırılmalıdır. Hazırkı halda borclu şəxsin borclarının ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edəcək mötəbər sübutlar (məsələn, mənfəət vergi bəyannamələri, maliyyə hesabatları və s.) məhkəməyə təqdim edilməmiş, eləcə də sözügedən faktiki hallar məhkəmə araşdırması zamanı müəyyənləşdirilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların iddia tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar Cavabdeh MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

38. Hazırkı iş üzrə 400 məbləğində mediasiya xərcləri iddiaçılar tərəfindən ödənilmişdir.

39. Hazırkı qətnamə ilə iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Kreditorlar X3 Korporeyşn” Şirkətinin və “X5 company” şirkətlərinin borclu Cavabdeh MMC-nin müflis elan edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar