Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8147/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, dəbbə pulunun azaldılması, müqavilənin ləğvi) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 mart 2024-cü il tarixli CES-2024-0008 saylı xidmət müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ƏDV daxil olmaqla 6154,91 manat əsas borc, 500 manat cərimə məbləğinin və ödənilmiş 87 manat dövlət rüsumunun, 1183 manat hüquqi xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES-2024-0008 saylı xidmət müqaviləsinə əsasən iddiaçı mini ekskavator vasitəsi ilə yükləyici və yük avtomobilləri vasitəsi ilə daşıma xidmətlərini həyata keçirmiş, həmin xidmətlərin ümumi dəyəri 12144,91 manat təşkil etmişdir. Cavabdeh tərəfindən yaranmış borcun bir hissəsi ödənilsə də, qalan ƏDV daxil 6154,91 manat borcun ödənilməsi təmin edilməmişdir. Müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun şəkildə iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək xidmətləri təhvil verməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etməmiş və pulun ödənilməsini təmin etməmişdir. Müxtəlif vasitələrlə əlaqə saxlanılıb borcun ödənilməsinin tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və cavabdeh tərəfindən borcun ödənilməsinə dair vəd edilməsinə baxmayaraq, pulun ödənilməsi təmin edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, yuxarıda istinad olunan müqavilənin 4.2-ci bəndinin tələbinə görə cavabdeh təhvil-təslim aktını aldıqdan sonra 20 gün müddətində ödənişi həyata keçirməlidir, əks təqdirdə gecikdirilmiş hər gün üçün 0,5 həcmində cərimə olunacaqdır. Məhz bu əsasla cavabdehə gecikdirilmiş müddət üzrə 500 manat məbləğində cərimə tətbiq edilməlidir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində ödəniş edilməsi və münasibətin bildirilməsi tələb edilmişdir. Lakin cavabdeh məktuba da heç bir münasibət bildirməmiş və ödənişin edilməsini təmin etməmişdir
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələrinə istinad edilmişdir.
II. Mümkünlük və cavabdehin mövqeyi
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisi Qanuni nümayəndə2 yaşayış yeri üzrə qeydə alındığı ünvana, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh tərəf kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir. III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Xidmət müqaviləsinin ləğv edilməsi və xidmət haqqının tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. 10.İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, İcraçı, texniki göstəriciləri bu müqaviləyə edilmiş Əlavədə (Əlavələrdə) ətraflı formada qeyd olunan avadanlıqla (və ya avadanlıqları) qeyd olunan müddət və şərtlərlə müvafiq olaraq Sifarişçiyə əlavədə qeyd edilmiş xidməti göstərməyi, Sifarişçi isə öz növbəsində bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən qeyd olunan xidməti qəbulu haqqında razılığa gəlirlər. Xidmət müqaviləsinin müddəti imzalanan tarixdən etibarən qüvvəyə minir və xx.xx.2025-cü il tarixinə kimi müəyyən edilir. Müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən biri onun ləğv edilməsi ilə bağlı digər tərəfə yazılı formada xəbərdarlıq etməzsə, bu halda müqavilə eyni müddətə (avtomatik olaraq) növbəti il (illər) üzrə uzadılmış hesab edilir (1-ci bənd). Sifarişçi avadanlıq xidmətini Əlavələrdə qeyd edilmiş avadanlığa (avadanlıqlara) görə hər bir təqvim ayı (günü) üçün xidmət haqqını ödəməyi öz öhdəsinə götürür və tərəflər razılığa gəlirlər ki, xidmət haqqı, xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində qüvvədə olacaq. İcraçı ilə Sifarişçi arasında bağlanmış Müqaviləyə əsasən İcraçı tərəfindən xidmət və digər haqlar artırılarsa, bu zaman yeni xidmət haqqı tərəflərin qarşılıqlı yazılı razılığı əsasında müvafiq qayda da artırıla (və ya azaldıla) bilər (2-ci bənd). Mobilizasiya/demobilizasiya xərcləri üzrə ödəniş Sifarişçi tərəfindən ödənilməlidir və qalan aylar üçün ödənişlər İcraçının müvafiq hesab-fakturasının verildiyi tarixindən etibarən 20 (iyirmi) təqvim günü ərzində İcraçının müvafiq bank hesabına ödənilməlidir (2.1-ci bənd). Sifarişçi əlverişsiz hava şəraitinə (yağış və s.), bayramlara görə texnikanın işini dayandırarsa, xidmət aylıq olaraq standart tariflə hesablandığı üçün gün və ya saatlar xidmət haqqında azaldılmayacaq (2.2-ci bənd).
11. Həmin müqaviləyə xx.xx.2024-cü il tarixli 02 saylı əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, mini ekskavator ilə yükləyici xidməti və daşıma xidmətinin qiyməti və sayı razılaşdırılmışdır. 12.Məhkəməyə təqdim edilən hər iki hüquqi möhürü ilə təsdiq edilən 04 iyun 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, müqavilənin 2 saylı əlavəsinə əsasən xidmətlərin tam və düzgün şəkildə yerinə yetirildiyi təsdiqlənmiş, göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil olmaqla 12144,91 manat olaraq müəyyən edilmişdir. 13.Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı texniki göstəriciləri müqaviləyə edilmiş əlavədə (əlavələrdə) ətraflı formada qeyd olunan avadanlıqla (və ya avadanlıqlarla) qeyd olunan müddət və şərtlərə müvafiq olaraq cavabdehə əlavədə qeyd edilmiş xidməti göstərməyi, cavabdeh isə öz növbəsində müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən qeyd olunan xidməti qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 02 saylı əlavə ilə göstərilən xidmətlərin aylıq məbləği razılaşdırılmış, 04 iyun 2024-cü il tarixli təhvil-təslim aktı ilə ümumilikdə 12144,91 manat dəyərində xidmətin göstərildiyi hər iki hüquqi şəxs tərəfindən təsdiq edilmişdir. 14.İddiaçı xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsinin ləğv edilməsini və xidmət haqqının qalıq hissəsinin – ƏDV daxil olmaqla 6154,91 manat məbləğində pulun tutulmasını tələb edir. 15.Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir. 16.Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES- 2024-0008 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
21. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
22. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
23. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə müvafiq hesab-fakturanın verildiyi tarixindən etibarən 20 təqvim günü ərzində ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri tam ödənilməmişdir.
24. Məhkəmə xidmət müqaviləsinin ləğvi tələbinə münasibətdə isə göstərir ki, xidmət müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış və onun hüquqi qüvvəsi xx.xx.2025-ci il tarixədək şərtləşdirilmişdir.
25. Lakin mülki qanunvericilikdə müddətin müəyyən edildiyi müqavilə münasibətlərinin vaxtından əvvəl də ləğv edilməsi imkan nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Hazırkı halda işin müəyyən edilən halları cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması və nəticədə müvafiq hesab-faktura təqdim edildiyi andan 20 təqvim günü ərzində xidmət haqqını ödəməli olduğu halda, ödənişləri etmədiyini göstərir. Belə olan halda isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Məhkəmə müqavilənin ləğvi qaydası ilə bağlı göstərir ki, Konstitusiya Məhkəməsinin müqavilənin ləğvi ilə bağlı hüquqi mövqeyinə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
28. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsinin 7.1-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi haqqında tərəflər birbirinə 10 (on) gün qabaqcadan yazılı şəkildə xəbərdarlıq etməlidir. Müqaviləyə xitam verilsə də, tərəflər xitama qədər olan öhdəliklərdən azad olunmurlar.
29. İddiaçının cavabdehə xx.xx.2024-cü il tarixdə ünvanladığı və X1 Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə qəbul edilən pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən müqavilənin ləğvinə münasibət bildirilməsini xahiş edir.
30. Göründüyü kimi, tərəflər müqavilədə razılaşdırmışlar ki, müqavilənin ləğv edilməsi tərəflərdən birinin 10 gün qabaqcadan yazılı xəbərdarlığına müvafiq olaraq həyata keçirilir və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsinin mövcudluğuna əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən 10 gün sonra – xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 37.Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 6154,91 manat məbləğində əsas borcun pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, həmçinin xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
b) Xidmət müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
38. İddia ərizəsində iddiaçı həmçinin 500 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
39. xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsinin 4.2-ci bəndinin a yarımbəndinə əsasən, təhvil-təslim aktını aldıqdan sonra 20 təqvim günü ərzində xidmət haqqını ödəmək sifarişçinin vəzifəsi kimi təsbit edilmiş, əks halda sifarişçinin ödəniş şərtlərini pozduğu halda, icraçı tərəfindən gecikdirilən hər gün üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacağı razılaşdırılmışdır.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
43. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixli CES-2024-0008 nömrəli xidmət müqaviləsi üzrə sonuncu təhvil-təslim aktı xx.xx.2024-cü il tarixdə tərtib edildiyi halda, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
44. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 308 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
45. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 308 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
46.İddiaçı həmçinin ödənilmiş 87 manat dövlət rüsumunun, 1183 manat hüquqi xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. 47.Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün 87 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmişdir. 48.Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 3226 manat məbləğində pul “X2” MMC-nin bank hesabına köçürülmüşdür. Həmçinin MT2410 11073491 seriya və nömrəli elektron qaimədən görünür ki, həmin elektron qaimə üzrə göstərilən xidmətin dəyəri 1183 manat təşkil edir. 49.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 50.Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. 51.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 52.Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 53.Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), işə sadələşdirilmiş icraat qaydasında baxıldığını və cavabdehin hər hansı etirazının olmadığını nəzərə alaraq hesab edir ki, hüquqi xidmət xərcinin əvəzi olaraq 700 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. 54.Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 700 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2024-cü il tarixli xidmət müqaviləsi ləğv edilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 6154,91 manat əsas borc, 308 manat cərimə olmaqla ümumilikdə 6462,91 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 700 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova