Məhkəmə qərarları › İş №e-2-2(113)-817/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-817/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-817/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, cərimə, hüquqi xidmət və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı Xidmət müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 8728,98 manat, iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 6535,38 manat, ümumilikdə 15264,35 manat əsas borcun, 1000 manat cərimənin, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 1290 manat xidmət haqqının və ödənilmiş 139 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı Xidmət müqaviləsinə əsasən İddiaçı MMC Teleskopik yükləyici vasitəsi ilə yükləyici xidmətlərini həyata keçirmişdir. Cari ilin may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 8728,98 manat, iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 6535,38 manat təşkil etmişdir. Müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun şəkildə İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra edərək xidmətləri təhvil verməsinə baxmayaraq Cavabdeh MMC müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir. Müxtəlif vasitəsitələrlə əlaqə saxlanılıb borcun ödənilməsi tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və Cavabdeh MMC tərəfindən borcun ödənilməsinə dair vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun İddiaçı MMC-yə ödəməməsi İddiaçı MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Eyni zamanda, qeyd edilməlidir ki, yuxarıda istinad olunan müqavilənin 4.2-ci bəndinin tələbinə görə Sifarişçi təhvil-təslim aktını aldıqdan sonra 20 gün müddətində ödənişi həyata keçirməlidir, əks təqdirdə gecikdirilmiş hər gün üçün 0,5 həcmində cərimə olunacaqdır. Məhz bu əsasla cavabdehin gecikdirilmiş müddət üzrə 1000 manat məbləğində cərimə tətbiq edilməlidir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, icraatda olan 2-2(113)-817/2025 saylı kommersiya işi üzrə iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı "xx.xx.2024-cü il tarixli, CES2024-0007 saylı Xidmət müqaviləsinin ləğvi və 15264,35 manat əsas borcun, 1000 manat cərimənin, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 1290 manat xidmət haqqının və ödənilmiş 139 manat dövlət rüsumunun ödənilməsi" tələbinə dair iddiası tamamilə qanunsuz və əsassız olduğundan etirazla qarşılanır. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı Xidmət müqaviləsinin 4.1-ci bəndinin b) yarımbəndinin tələbləri "xxxx" MMC tərəfindən qəsdən pozulmuş və iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə heç bir məlumat və ya bildiriş verilmədən Müqavilə üzrə icarəyə verilmiş texnikaları xidmət ərazisində çıxarılmışdır. Nəticədə isə həmin texnikalarla Müqavilə əsasında digər hüquqi şəxs ərazisində işlərin icrası dayanmış və "xxxx" MMC-nin Müqavilə üzrə öhdəliklərini pozması və icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarması səbəbindən digər hüquqi şəxsin xeyrinə icra edilən işlərin vaxtında təhvil verilməsi mümkün olmamış və nəticədə "xxxx" MMC-yə 20 000 (iyirmi min) manat maddi zərər dəymişdir. Bu səbəbdən də, halhazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəfimizdən "xxxx" MMC-yə xəbərdarlıq məktubu ünvanlanmışdır. Qeyd olunanlardan da göründüyü kimi, "xxxx" MMC tərəfindən Müqavilə şərtləri kobud şəkildə pozulmuşdur və nəticədə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Bu səbəbdən də, iddiaçı "xxxx" MMC-nin hazırki iş üzrə iddia tələbi tamamilə qanunsuz və əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı "xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı Xidmət müqaviləsinin ləğvi və 15264 manat 35 qəpik əsas borcun, 1000 manat cərimənin, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 1290 manat xidmət haqqının və ödənilmiş 139 mnaat dövlət rüsumunun ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş materiallarına əlavə olunan sübutlar iddianın təmin olunması üçün yetərlidir ona görə də xahiş edir ki, işə onların iştirakımız olmadan baxılsın.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES- 2024-0007 saylı Xidmət müqaviləsimə əsasən:

9. Müqavilənin 1-ci bəndinə əsasən İcraçı, texniki göstəriciləri bu müqaviləyə edilmiş Əlavədə (Əlavələrdə) ətraflı formada qeyd olunan avadanlıqla (və ya avadanlıqları) qeyd olunan müddət və şərtlərlə müvafiq olaraq Sifarişçiyə əlavədə qeyd edilmiş xidməti göstərməyi, Sifarişçi isə öz növbəsində bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən qeyd olunan xidməti qəbulu haqqında razılığa gəlirlər. Xidmət müqaviləsinin müddəti imzalanan tarixdən etibarən qüvvəyə minir və xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilir. Müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən biri onun ləğv edilməsi ilə bağlı digər tərəfə yazıı formada xəbərdarlıq etməzsə, bu halda müqavilə eyni müddətə (avtomatik olaraq) növbəti il (illər) üzrə uzadılmış hesab edilir.

10. Müqavilənin 2-ci bəndinə əsasən xidmət haqqı Sifarişçi avadanlıq xidmətini Əlavələrdə qeyd edilmiş avadanlığa (avadanlıqlara) görə hər bir təqvim ayı (günü) üçün xidmət haqqını (“Xidmət Haqqı”) ödəməyi öz öhdəsinə götürür və Tərəflər razılığa gəlirlər ki, xidmət haqqı, xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində qüvvədə olacaq. İcraçı ilə Sifarişçi arasmda bağlanmış Müqaviləyə əsasən İcraçı tərəfindən xidmət və digər haqqlar artırılarsa bu zaman yeni xidmət haqqı tərəflərin qarşılıqlı yazılı razılığı əsasında müvafiq qayda da artırıla (və ya azaldıla) bilər.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən İcraçının hüquq və öhdəlikləri. a) Sifarişçidən bu müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqını vaxtmda ödəməyi tələb etmək; b) Bu müqavilə imzalanaraq qüvvəyə minmə tarixindən texnikaları maneəsiz olaraq tam işlək vəziyyətdə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Sifarişçinin istifadəsinə vermək;

12. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçinin hüquq və öhdəlikləri. a) Bu müqavilənin şərtlərinə uyğun olaraq, təhvil- təslim aktını aldıqdan sonra 20 təqvim günü ərzində xidmət haqqının ödəmək; Əks halda sifarişçi ödəniş şərtlərini pozduğu halda icraçı tərəfindən gecikdirilən hər gün üçün gecikmə məbləğinin 0.5 faizi həcmində cərimə olunacaqdır. b) Avadanlıqları yalnız bu müqavilədə göstərilən şərtlərlə istifadə etmək; c) Xidmətin göstərildiyi müddət ərzində avadanlıqları təmiz, səliqəli və işlək vəziyyətdə müddətinin sonunda texnikaları təbii aşınma və amortizasiya nəzərə alınmaqla qəbul etdiyi vəziyyətdə İcraçıya təhvil vermək; d) Texnikaların yanacaqla təchiz edilməsi (dizel); Yanacaq sifarişçi tərəfindən təhciz ediləcəkdir. e) Oğurluq, saxta mənimsəmə nəticəsində zərərə məruz qalmış avadanlığın təmiri zamanı xidmət haqqı daxil olmaqla bütün müddəalar üzrə sifarişçi öhtəlik daşıyır.

13. 03.06.2024-cü il tarixli, 0097 saylı hesab-fakturaya əsasən göstərilmiş xidmətin cəmi məbləği 8728,98 manat (ƏDV daxil) müəyyən edilmişdir.

14. 03.06.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə üzrə eyd olunan xidmətlərin göstərildiyi və yekun məbləğin ƏDV daxil 8728,98 manat təşkil etməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

15. 04.06.2024-cü il tarixli MT**********31 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 8728,98 manatlıq xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir.

16. 05.07.2024-cü il tarixli, 0130 saylı hesab-fakturaya əsasən göstərilmiş xidmətin cəmi məbləği 6535,38 manat (ƏDV daxil) müəyyən edilmişdir.

17. 05.07.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə üzrə eyd olunan xidmətlərin göstərildiyi və yekun məbləğin ƏDV daxil 6535,38 manat təşkil etməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

18. 11.07.2024-cü il tarixli MT**********294 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 6535,38 manatlıq xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir.

19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsinə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

23. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

25. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.

26. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.

27. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. İşdə olan xx.xx.2024-cü il tarixli pretezniyadan da (cavabdehə elektron qaydada çatdırılıb) göründüyü kimi iddiaçı sifarişçi olan cavabdehdən müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməsini və müqavilənin ləğvi məsələsinə 3 gün ərzində münasibət bildirilməsi xahiş olunmuşdur.

30. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflərdən hər biri digər tərəfi 10 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir.

31. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə öhdəlikləri üzrə tələbləri yerinə yetirilmədiyindən, iddiaçı mülki qanunvericiliyin və alarından bağlanmış müqavilənin qeyd edilən bəndlərinə əsasən müqavilənin ləğvi tələbini irəli sürmüşdür.

32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin və müqavilələrin bəndlərinə əməl edilərək aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə xx.xx.2024-cü il tarixində çatdırıldığı üçün (pretenziyada üç gün verilmiş müddət nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

33. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES- 2024-0007 saylı xidmət müqaviləsi üzrə icra edilmiş öhdəliklər üzrə yaranmış borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən tələb etmişdir.

34. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsinə dair hüquq münasibətləri yarandığından müqavilə üzrə yaranmış mübahisəyə də mülki qanunvericiliyin podrat müqaviləsinə dair normaları əsasında hüquq dəyərləndirilmə aparılması qanunauyğundur.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

37. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

38. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

39. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

41. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

42. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

43. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

44. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

45. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

46. Məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

48. İşdən göründüyü kimi müqavilə üzrə xidmətin göstərilməsinə dair tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktları cavabdeh tərəfindən imza və möhür ilə təsdiqlənmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Cavabdehin etiraz ərizəsində göstərilənlər isə iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas vermir.

49. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini cavabdeh MMC-yə yönəltməkdə haqlı olmuş və yaranmış borc məbləği cavabdehdən onun xeyrinə tutulmalıdır.

50. İddiaçı tərəf həmçinin əsas borcun gecikdirilməsinə görə cavabdeh şirkətə 1000 manat məbləğində cərimə pulu hesablamış və onun da tutulmasını məhkəmədən xahiş etmişdir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

52. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

53. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan müqavilə üzrə 1000 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 763 manat məbləğində müəyyən edilməlidir.

54. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1290 manat məbləğində hüquqi yardım xərci və 139 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat və dövlət rüsumunun əvəzi olaraq 139 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES- 2024-0007 tarixli xidmət müqaviləsi xx.xx.2024-cü il tarixindən ləğv edilmiş (xitam) hesab edilsin. Cavabdeh MMC-dən 2024-cü ilin may ayında həyata keçirilmiş xidmətlərin dəyəri olaraq ƏDV daxil 8728,98 manat, 2024-cü ilin iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri olaraq ƏDV daxil 6535,38 manat, ümumilikdə 15264,35 manat əsas borc, 763 manat dəbbə pulu, hüquqi yardın xərcinin əvəzi olaraq 800 manat və dövlət rüsumunun əvəzi olaraq 139 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar