Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-818/2024 07.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, xarici hüquqi şəxsin filialının prosessual hüquq və fəaliyyət qabiliyyəti, prosessual maraq, hüquqi şəxsə dəyən “mənəvi zərər”, məhkəmə tərəfindən dəbbə pulunun azaldılması, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Akcay Ugurun, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə 91343 manat maddi zərərin, 10000 manat mənəvi zərərin əvəzinin, ödənilməyən zərərə görə hər ay 1% dəbbə pulu olmaqla 9134 manat məbləğində pulun və 400 mediasiya xərcinin, 120 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. 2015-ci ildə ünvan 1 ünvanında yerləşən İddiaçı MMC təsis edilmiş və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınaraq ********** (VÖEN) nömrəli şəhadətnamə ilə kommersiya fəaliyyətinə başlamışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN – **********) ilə iaşə xidmətinin göstərilməsi barədə HC010 saylı xidmət müqaviləsi bağlanmış, sonradan xx.xx.2021-ci il tarixdə həmin müqaviləyə HC013 saylı xidmət müqaviləsi də imzalanmışdır. xx.xx.2022-ci ildə əvvəlki müqavilələrə 04 saylı əlavə razılaşma bağlanmışdır. Müqavilələrin predmetinə görə cavabdehin ona məxsus obyektlərində çalışan işçilərinə hər işçiyə 6 manat dəyərində olmaqla nahar yeməkləri xidməti göstərilmişdir. 2.2. Həmin xidmətə görə elektron qaimələr vasitəsi ilə 2021-ci ildən 2022-ci ilin sentyabr ayına qədər xidmət haqları ödənilmiş, lakin sonradan iddiaçı xidmət göstərməsinə baxmayaraq, cavabdeh xidmət haqqını ödəməmişdir. Ona görə də 2023-cü ilin yanvar ayından xidmət göstərilməsi dayandırılmışdır. Cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya 91343 manat real ziyan dəymiş, həmin ziyan tələbi ilə əlaqədar dəfələrlə cavabdeh tərəfə şifahi, sonradan isə yazılı elektron poçt vasitəsi ilə şirkətin Azərbaycan filialına və Türkiyə Respublikasında yerləşən baş ofisinə cari borcun ödənilməsi barədə bildirişlər göndərilmişdir. Eyni zamanda pretenziya məktubu cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, bu barədə məlumat elektron qaydada cavabdehə çatdırılmışdır. Lakin cavabdeh tərəfindən həmin bildirişlərə cavab verilməmiş, bundan sonra 9 saylı mediasiya təşkilatı tərəfindən borcun ödənilməsi barədə mübahisənin məhkəmədən kənar həlli üçün təkliflər verilsə də, cavabdeh tərəf mediasiya iclasına gəlməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Akcay Ugur iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bir xidmət müqaviləsi cavabdehin azərbaycanlı, digər xidmət müqaviləsi isə hindli işçilərinin qidalanması üçün bağlanmışdır. Belə ki, iddiaçı cavabdehin işçilərini gündəlik qida ilə təmin etmiş, hər ay üçün elektron qaimə tərtib edərək sonuncuya təsdiqlətmişdir. Bundan sonra isə növbəti ay ərzində ödənişlər olmuşdur. Lakin 2022-ci ilin sentyabr ayından hər hansı ödəniş edilməmişdir. Ümumilikdə təxminən 50000 manat ödəniş olmuşdur.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının qanuni təmsilçisi qeyd etdi ki, cavabdeh bütün ödənişləri köçürmə yolu ilə etmişdir. Sonuncu ödəniş isə 2023-cü ilin may ayında 10000 manat məbləğində olmuşdur. Edilən ödənişlər üzrə paralel olaraq ƏDV-ləri də köçürülmüşdür. Həmçinin, məhkəmənin suallarına cavab olaraq qeyd etdi ki, tərəflər arasında əvvəl təhvil-təslim aktı imzalansa da sonradan hər şey portal üzərindən elektron edildiyi üçün tərtib olunmamışdır.
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında göstərdi ki, iddia tələbində maddi zərər dedikdə göstərilən xidmətlərin dəyəri nəzərdə tutulur. Mənəvi zərər kimi isə xidmətlərin dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsi, banklardan kredit götürməsi, dövlət ödənişlərini ödəməkdə çətinlik çəkməsi, həmçinin qanuni təmsilçisinin keçirdiyi psixoloji sarsıntı başa düşülür.
8. Cavabdehin hüquqi ünvanına, “Elektron məhkəmə” informasiya sistemi və X1 Sistemində yaradılmış elektron kabinetlərinə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri çatdırılmış (yerləşdirilmiş), cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmiş, telefonoqramlar ötürülmüşdür. Lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Cavabdehin prosessual hüquq qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
10. Məhkəmə əvvəla cavabdehin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
11. Azərbaycan Respublikası qanunvericiliyi xarici ölkənin hüquqi şəxsinin Azərbaycan Respublikasında yaradılmış filial və nümayəndəliyi üçün Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinə münasibətdə fərqli hüquqi status müəyyən etmişdir.
12. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7 və 4.1-ci maddələrinin məzmunundan aydın olur ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialları onların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmalıdırlar.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinin isə dövlət qeydiyyatına alınması qanunla nəzərdə tutulmamışdır.
14. Eləcə də “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.
15. Odur ki, məhkəmənin qənaətinə görə, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər.
16. Belə olan halda, hazırkı mübahisəyə məhkəmənin beynəlxalq səlahiyyəti Mülki Prosessual Məcəllənin 443.0.2-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda işlərə baxmağa haqlıdır.
17. Digər tərəfdən, tərəflər arasında bağlanmış 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələrində tətbiq ediləcək maddi hüquq normaları barədə hər hansı razılıq əks olunmamışdır. Eyni zamanda “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.2-ci maddələrin “xidmət müqaviləsi” üzrə hər hansı tənzimləmə həyata keçirilməmişdir.
18. Lakin “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü bəndinə görə, bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmayan müqavilələrə, tərəflər arasında tətbiq edilməli hüquq barədə razılaşma olmadığı halda, belə müqavilənin daha sıx bağlı olduğu ölkənin hüququ tətbiq edilir.
19. Məhkəmə 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələrinin Bakı şəhərində bağlandığını, xidmətlərin Azərbaycan Respublikasında icra olunduğunu, qəbul edildiyini, xidmətlərin təhvil-qəbulunun Azərbaycan Respublikasının vergi qanunvericiliyinə müvafiq olaraq aparıldığını nəzərə alaraq müqavilənin daha sıx bağlı olduğu ölkənin Azərbaycan Respublikası olduğu qənaətinə gəlir və həmin ölkənin qanunvericiliyini tətbiq edir.
b) Xidmət müqavilələri üzrə pulun tutulması tələbi ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hazırkı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı-VÖEN: **********; Sifarişçi qismində) arasında bağlanmış 02 avqust 2021-ci il tarixli HC010 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqaviləsinin şərtlərindən görünür ki, Sifarişçi ona məxsus obyektlərdə çalışan işçilərinə nahar yeməyi xidməti göstərilməsi üçün İcraçıya sifariş verir və İcraçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirir (1.1). Bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi ƏDV xaric 4 (dörd) AZN müəyyənləşdirilmişdir (3.1). Ödəniş aylıq təhvil-təslim aktına əsasən aparılacaqdır (3.2). Göstərilən xidmətlərə görə xidmət haqqı aylıq olaraq Sifarişçi tərəfindən İcraçı-ya təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan və möhürləndikdən sonra 30 (otuz) təqvim günü ərzində köçürmə qaydasında İcraçının bank hesabına ödəniləcəkdir (3.3).
23. Həmin müqaviləyə 01 avqust 2022-ci il tarixli 05 nömrəli əlavə razılaşmadan görünür ki, xidmət müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi 5 (beş) manat müəyyənləşdirilmişdir.
24. Məhkəməyə təqdim edilən iddiaçı (İcraçı qismində) ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hazırkı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı-VÖEN: **********; Sifarişçi qismində) arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqaviləsinin şərtlərindən görünür ki, Sifarişçi ona məxsus obyektlərdə çalışan işçilərinə nahar və şam yeməyi xidməti göstərilməsi üçün İcraçıya sifariş verir və İcraçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirir (1.1). Bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi – 5.50 (beş manat, əlli qəpik) AZN, şam yeməyi – 5.50 (beş manat, əlli qəpik) AZN müəyyənləşdirilmişdir. Qiymətlərə ƏDV daxil deyil (3.1). Ödəniş aylıq təhvil-təslim aktına əsasən aparılacaqdır (3.2). Göstərilən xidmətlərə görə xidmət haqqı aylıq olaraq Sifarişçi tərəfindən İcraçı-ya təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan və möhürləndikdən sonra 30 (otuz) təqvim günü ərzində köçürmə qaydasında İcraçının bank hesabına ödəniləcəkdir (3.3).
25. Həmin müqaviləyə 01 avqust 2022-ci il tarixli 04 nömrəli əlavə razılaşmadan görünür ki, xidmət müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək bütün məsrəflər daxil edilməklə 1 nəfərlik nahar yeməyi 6 (altı) manat müəyyənləşdirilmişdir.
26. İş materiallarına əlavə edilən elektron qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixli EBBH 455934 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4535,92 manat, xx.xx.2021-ci il tarixli EBBK 588196 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2453,22 manat, EBBK 589379 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 14971,84 manat, xx.xx.2021-ci il tarixli EBBL 812286 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 19635,2 manat, EBBL 812639 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 13285,03 manat, xx.xx.2021-ci il tarixli EBBN 661944 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 11759,88 manat, EBBN 661437 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23090,24 manat, xx.xx.2022-ci il tarixli EBBP 482540 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 25006,56 manat, EBBP 482998 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23110,89 manat, xx.xx.2022-ci il tarixli EBBS 316710 seriya və nömrəli elektron qaimə 22078,98 manat, EBBS 317969 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21787,52 manat, xx.xx.2022-ci il tarixli EBBT 045432 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23401,76 manat, EBBT 045720 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 25551,13 manat, xx.xx.2022-ci il tarixli EBBU 248843 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 27666,87 manat, EBBU 248570 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 28471,04 manat, xx.xx.2022-ci il tarixli EBBW 527545 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21709,05 manat, EBBW 527748 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 24147,52 manat, xx.xx.2022-ci il tarixli EBBX 913230 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 12746,36 manat, EBBX 912980 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 16534,16 manat, xx.xx.2022-ci il tarixli EBBZ 868608 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 295 manat, EBBZ 867822 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 11097,9 manat, EBBZ 867214 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 17893,52 manat, xx.xx.2022-ci il tarixli EBCC 299508 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 21315,52 manat, EBCC 300109 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5289,35 manat, xx.xx.2022-ci il tarixli EBCD 780638 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5621,52 manat, EBCD 780746 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34939,8 manat, xx.xx.2022-ci il tarixli EBCH 199740 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34007,6 manat, EBCH 210839 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2775,36 manat, xx.xx.2022-ci il tarixli EBCJ 259017 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 325,68 manat, EBCJ 259400 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 35789,4 manat, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 26113,4 manat, EBCM 780487 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 25558,8 manat, xx.xx.2023-cü il tarixli EBCO 467124 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 18614,5 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 601 580,52 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilmiş, xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimələr istisna olmaqla bütün elektron qaimələr iddiaçı və cavabdehin möhürü ilə təsdiqlənmişdir.
27. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, elektron qaimələr “təsdiqlənmiş” və “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Həmçinin görünür ki, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimə “təsdiqlənmiş” statusundadır.
28. Məhkəməyə təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ95PAHA40060AZNHC********** nömrəli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə EBBH 455934 seriya və nömrəli elektron qaimə üzrə 3844 manat, xx.xx.2021-ci il tarixdə EBBK 588196 və EBBH 589379 seriya və nömrəli elektron qaimələr üzrə 14767 manat, xx.xx.2021-ci il tarixdə EBBL 812286 seriya və nömrəli elektron qaimə üzrə 16640 manat, xx.xx.2021-ci il tarixdə EBBL 812639 seriya və nömrəli elektron qaimə üzrə 11258,5 manat, xx.xx.2021-ci il tarixdə EBBN 661437 və EBBN 661944 seriya və nömrəli elektron qaimə üzrə 29534 manat, xx.xx.2022-ci il tarixdə EBBP 482998 seriya və nömrəli elektron qaimə üzrə 19585,50 manat, xx.xx.2022-ci il tarixdə EBBP 482540 seriya və nömrəli elektron qaimə üzrə 21192 manat, xx.xx.2022-ci il tarixdə EBBS 317969 və EBBS 316710 seriya və nömrəli elektron qaimə üzrə 37175 manat, xx.xx.2022-ci il tarixdə EBBT 045432 və EBBT 045720 seriya və nömrəli elektron qaimələr üzrə 41485,5 manat, xx.xx.2022-ci il tarixdə EBBU 248843 və EBBU 248570 seriya və nömrəli elektron qaimələr üzrə 30000 manat, xx.xx.2022-ci il tarixdə EBBU 248570, EBBW 527545, EBBW 527748, EBBX 913230 seriya və nömrəli elektron qaimələr üzrə 60000 manat, xx.xx.2022-ci il tarixdə EBBU 248570, EBBW 527748 seriya və nömrəli elektron qaimələr üzrə 25000 manat, xx.xx.2022-ci il tarixli EBBZ 867214, EBCC 299508, EBBZ 867822 seriya və nömrəli elektron qaimələr üzrə 20000 manat, xx.xx.2022-ci il tarixdə EBBZ 867214, EBCC 300109, EBCD 780638, EBCD 780746 seriya və nömrəli elektron qaimələr üzrə 20000 manat, xx.xx.2022-ci il tarixdə EBBH 455934, EBBK 588196, EBBK 589379, EBCD 780746, EBBL 812286 seriya və nömrəli elektron qaimələr üzrə 37989,5 manat, xx.xx.2022-ci il tarixdə EBCH 199740 seriya və nömrəli elektron qaimə üzrə 20000 manat, xx.xx.2023-cü il tarixdə EBCJ 259400 seriya və nömrəli elektron qaimə üzrə 10000 manat olmaqla ümumilikdə ƏDV-siz 418 471 manat məbləğində ödəniş edilmişdir.
29. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh ona məxsus obyektlərdə çalışan işçilərinə yemək xidməti göstərilməsi üçün iddiaçıya sifariş verməyi, iddiaçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında ƏDV daxil olmaqla 601 580,52 manat dəyərində xidmətin göstərilməsi üçün elektron qaimə tərtib edilmiş, xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaimələr istisna olmaqla qalan bütün elektron qaimələr iddiaçı və cavabdehin möhürü ilə təsdiqlənmiş, cavabdeh xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli elektron qaimələrə istinad etməklə ödənişlər etmiş, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaiməni isə elektron qaydada özü təsdiq etmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 601 579,52 manat (ƏDV daxil) dəyərində xidmətlər göstərmiş, xidmətlərin təhvil-qəbulu elektron qaimələrlə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xidmətlərin dəyərindən 418471 manat (ƏDV-siz) ödəniş edilmişdir.
30. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqavilələri üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 91343 manat məbləğində pulun tutulmasını tələb edir.
31. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim olunmuş bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, xidmət müqavilələri üzrə icrası razılaşdırılmış xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmir və iddiaya heç bir etiraz vermir.
32. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
34. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
35. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
36. Məhkəmə hesab edir ki, iddia xidmət müqaviləsi üzrə borcun tutulması hissəsində əsaslıdır və qeyd olunan hissədə iddiaya qiymət verilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli müqavilələr xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
41. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər. Bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
42. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
43. Məhkəmə qeyd edir ki, hər iki müqavilənin ödəniş şərtlərində (3.3-cü bəndləri) göstərilən xidmətlərə görə xidmət haqqının aylıq olaraq cavabdeh tərəfindən icraçıya təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan və möhürləndikdən sonra 30 təqvim günü ərzində köçürmə qaydasında iddiaçının bank hesabına ödənilməsi şərtləşdirilmiş, təhviltəslim aktı qismində elektron qaimələr çıxış etmişdir. Belə ki, 2021-ci ildə bəzi aylar üzrə təhvil-təslim aktları tərtib olunsa da, sonrakı dövrdə elektron qaimələr hər iki tərəfin möhürü ilə təsdiqlənmiş, möhür ilə təsdiqlənməyən xx.xx.2022-ci il tarixli EBCC 299508 və EBCC 300109 seriya və nömrəli elektron qaimələrə istinad etməklə cavabdeh ödənişlər etmiş, xx.xx.2023-cü il tarixli EBCK 950749 seriya və nömrəli elektron qaiməni isə elektron qaydada özü təsdiq etmişdir. Bu isə tərəflərin işgüzar praktikasında 2021-ci ildən sonrakı dövrdə elektron qaimələrin təhvil-təslim aktı qismində çıxış etdiyini təsdiq edir. Ona görə də elektron qaimələr əsasında təhvil verilən və dəyəri ödənilməyən xidmətlərin dəyəri cavabdehdən tutulmalıdır.
44. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
45. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
46. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
47. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
48. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
49. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
50. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 91343 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı
51. İddiaçı 10000 manat mənəvi zərərin əvəzinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
52. Mülki Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
53. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.
55. Məhkəmə qeyd edir ki hazırda mənəvi zərərin əvəzinin ödənilməsini tələb edən iddiaçı hüquqi şəxs olduğundan sonuncuya mənəvi zərərin dəyməsi mümkün deyildir. Belə ki, hüquqi şəxslər fiktiv şəxslər kimi fiziki və mənəvi iztirablar keçirmək qabiliyyətinə malik deyildirlər.
56. Digər tərəfdən, məhkəmə hətta iddia tələbinin forması ilə bağlı olmayıb məhkəmə iclasında “mənəvi zərər”ə iddiaçının nümayəndələrinin verdiyi xidmətlərin dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsi, banklardan kredit götürməsi, dövlət ödənişlərini ödəməkdə çətinlik çəkməsi olaraq real zərər kimi yanaşsa belə, 1) həmin zərərin mövcud olması; 2) zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə müvafiq hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə; 4) zərər vuran şəxsin təqsiri barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
57. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia tələbi mənəvi zərərinin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.
d) Xidmət müqavilələri üzrə cərimənin tutulması tələbi ilə bağlı
58. İddia ərizəsində iddiaçı həmçinin 9134 manat məbləğində cərimənin cavabdehlərdən tutulmasını xahiş edir.
59. 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələrinin müvafiq olaraq 4.7 və 4.6-cı bəndinə əsasən, ödəniş müddətinin pozulması hallarında Sifarişçi İcraçıya gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0,1% dəyərində əlavə ödəniş edir.
60. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
61. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
62. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
63. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 02 avqust 2021-ci il tarixli HC010 nömrəli və 15 sentyabr 2021-ci il tarixli HC013 nömrəli iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələri üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olsa da, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
64. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 4600 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
65. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 4600 manat məbləğində cərimə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
e) Məhkəmə xərcləri ilə bağlı
66. İddiaçı eləcə də 400 mediasiya xərcinin, 120 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
67. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB\9\2023-01935 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 02 oktyabr 2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
68. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 100 manat məbləğində pul iddiaçının qanuni təmsilçisi tərəfindən Mingəçevir şəhər vəkil bürosunun bank hesabına köçürülmüşdür.
69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
70. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
71. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
72. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
73. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
74. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
75. İş materialları ilə müəyyən olunur ki, xidmət haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
76. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ödənilməsi təsdiq olunan 100 manat hissəsində ağlabatandır və cavabdehdən tutulmalıdır.
77. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 100 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
78. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (hazırkı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı) arasında bağlanmış iaşə xidmətinin göstərilməsi barədə xidmət müqavilələri üzrə 91343 (doxsan bir min üç yüz qırx üç) manat xidmət haqqı və 4600 (dörd min altı yüz) manat cərimə məbləği olmaqla ümumilikdə 95943 (doxsan beş min doqquz yüz qırx üç) manat məbləğində pul cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova