Məhkəmə qərarları › İş №e-2-2(113)-825/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-825/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-825/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və X1, cavabdehin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 38 ay abunə borcu 228 manat və qeydiyyatdan çıxma aktı 35 manat olmaqla, cəmi borcu 263 manatın və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın Cavabdeh Buluq oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh Buluq oğlu (VÖEN **********), arasında da xx.xx.2019-cu ildə 042200 nömrəli aktla müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. Vergi ödəyici olan Cavabdeh Buluq oğlu həmin öhdəliyini xx.xx.2019-ci ilədək yerinə yetirmiş ödənişləri etmiş, sonradan xx.xx.2020-ci ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh Buluq oğlu tərəfindən 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 3 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 38 ay abunə borcu 228 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin Cavabdeh Buluq oğluna mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1, 442.1, 445, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib əlavə olaraq bildirmişdir ki, mövcud Əsasnaməyə görə vergi ödəyicisi qeydiyyatdan keçdikdən bir müddət sonra kassa aparatını qeydiyyatdan keçirtməlidir. Onların idarəsi vergi ödəyicisinin əlində olan kassa aparatını elə plomplamalıdır ki, aparatdan keçən məbləği vergi ödəyicisi istəsə də, dəyişə bilməsin. Vergilər Nazirliyinin xüsusi blankı var və həmçinin əsasnamədə də qeyd olunur ki, uçotunda olmayan kassa aparatına xidmət göstərmək “STXM” üçün yolverilməzdir. Orada göstərilir ki, kassa kodu qeydiyyata düşən aparat plomblanmamışdan qabaq “STXM” ilə müqavilə bağlayır. Ödəyici ilə məcburi müqavilə bağlanılır və ödəyicinin aparatı plomplanır və bundan sonra hər ay onlar yerində gedib yoxlayır, ödəyici də qeydiyyatdan keçdikdən bir müddət sonra ödəniş edir. Onlar halhazırda cavabdehdən ödəmədiyi dövr üçün müvafiq məbləği tələb edirlər. Məhkəmə sübutları elan edərkən ona məlum oldu ki ödəyicinin kassa aparatını qeydiyyatdan çıxartması ilə bağlı akt var və bu akt məhkəməyə təqdim edilmişdir. Onlar belə bir akt yazmamışlar və belə bir akt onlarda yoxdur. Əgər cavabdeh kassa aparatını qeydiyyatdan çıxartmaq istəyirsə, həmin kassa aparatını servisə gətirməli və servis kassa aparatının plomblanmış yaddaşında olan məbləği qeyd etməklə vergiyə məlumat verir. Kassa aparatı qeydiyyatdan çıxartdıqda kassa aparatı qeydiyyata düşdüyü gündən çıxan dövrə kimi olan məbləğ hesablanır və ödənilən məbləğlə müqayisə edilir. Əgər ödənişlər çox olduqda artıq verginin borcu olur, əks təqdirdə, vergi orqanı məbləği tələb edir. Lakin onlarda bu haqda heç bir akt yoxdur və onlar belə bir akt yazmamışlar. Vətəndaş özü kassa aparatını qeydiyyata salan zaman müqavilə bağlanılıb və əsasında 6 manat ödəniş etməyi üzərinə götürmüşdür. Həmçinin onların digər öhdəliyi kassa aparatını yoxlamaqdır. Kassa aparatı xarab olan zaman onu pulsuz düzəldirlər, 36 saat əzində. Əgər düzəldə bilmədikdə həmin kassa aparatını götürürlər, Nazirlər Kabinetinin xüsusi jurnalı var orada göstərilir ki, nəzarət kassa aparatı işləmədiyi dövrdə əməkhaqqı aparma kitabı var onu vergi ödəyicisinə verirlər. Vergi yoxlaması gəldiyi zaman bildirilir ki, kassa aparatı işləmir, sonuncuda onlarla əlaqə saxlayır və onlar faktı təsdiqləyirlər. Əgər 36 saat ərzində düzəlmədikdə “STXM”-ə ehtiyyat kassa fondundan plomlanmış kassanı vergi ödəyicisinə verməyə borcludur. Onlar da digər kassa aparatındakı yaddaşı verilən yeni kassa aparatına köçürdürlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, orada menecer işləmiş və hər şey də onun adına olmuşdur. İlk zamanlar iddiaçı tərəfindən 2 işçi yoxlama, aylıq ödnişlər üçün gəlib-getmiş, daha sonra heç bir işçi gəlməmişdir. Bəzən elə olurdu ki, servislə bağlı 2 həftəyə yaxın zəng etməyinə rəğmən iddiaçının işçiləri gəlmirdilər. 2021-ci ildə vergi işçisi onlara gəlib yoxlama keçirdi və vergilər tərəfindən onlara qayda qoyuldu ki, bu köhnə nəsil kassa aparatları onların istəyindən asılı olmayaraq ləğv olunmalıdır. Onların mühasibatlığı ilə danışıldı və həmin kassa aparatları ləğv olundu. 2021-ci ilin noyabr ayında onlar "xxxx" ASC ilə icarə müqaviləsi əsasında kassa aparatlarını icarəyə götürdülər. Bu müqavilə alğı-satqı müqaviləsi deyildi, hər ay icarə və servis haqqı daxil olmaqla 8 manat ödəniş etməli idilər. Rəsmi şəkildə "xxxx" ASC-nin nümayəndələri gəlirdi və hər dəfə onlara gəlib yoxlamaqları ilə bağlı kağız verilirdi. Nüsxənin birini onlarda saxlayırdılar, əsas vərəqi özləri götürüb gedirdilər. Texniki servis gəldikdə də akt tərtib olunurdu. Hər bir prosedur rəsmiləşdirilirdi. 2021-ci ilin oktyabr ayında iddiaçının kassa aparatı qeydiyyatdan çıxmış, yeni kassa aparatlarından 2021-ci ildən Paşa bankla icarə müqaviləsi bağlayıb işləmişlər. 2021-ci ilin noyabr ayına kimi onlar iddiaçının kassa aparatları ilə işləmiş, lakin iddiaçı tərəfindən hər hansı rəsmi servis və ya hər ay yoxlamalar həyata keçirilməmişdir. İddiaçı təxminən 6-7 aya yaxın tam xidmət göstərmiş, o, həmin dövrə ödəniş etmiş, sonra heç kəs gəlməmiş və ondan ödəniş tələb etməmişlər. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeharasında servis texniki xidmət gösdərilməsi barədə bağlanmış xx.xx.2019-cu il tarixli, 42200 saylı müqavilənin 1ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli zavod №00225728 Nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehsalçının “STXM”-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı, xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Həmin müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Həmin müqavilənin 5-cü bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-üzərinə düşür. İddiaçı MMC-nin 9 saylı maliyyə arayışına əsasən Cavabdeh hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 228 manat (xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla toplam borcunun 263 manat olması qeyd olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Cavabdeh ünvanladığı nəzarət-kassa aparatının (NKA-nın) qeydiyyatdan çıxarılması barədə məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən **********-13001 kodlu təsərrüfat subyektində quraşdırılmş Merkuri 130 F-01 markalı zavod nömrəsi 00225728 nəzarət kassa aparatını qeydiyyatdan çıxarılmışdır. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 130/23 saylı xəbərdarlıq məktubunda Nazirlər Kaninetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiqlənmiş əsasnamənin 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə arasında müqavilə bağlandığı və bu müqaviləyə əsasən kassa aparatı qeydiyyata alındığı və bu səbəblə Cavabdeh (VÖEN **********) ona məxsus Merkuri 130 F-01 markalı zavod nömrəsi 00225728 nəzarət kassa aparatını qeydiyyata aldıran zaman İddiaçı MMC ilə müqavilə bağladığı qeyd olunmuşdur. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəlik xx.xx.2019-ci ilədək yerinə yetirilərək ödənişlər edildiyi, sonradan ödənilmədiyi bildirilmişdir. Beləliklə Cavabdeh tərəfindən 228 manat pul məbləği ödənilməmişdir. Bu səbəbdən müəyyənləşdirilmiş borc məbləğinin 5 gün müddətinə ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə müvafiq olaraq məhkəmədə iddia qaldırılacağı barədə xəbərarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM) Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək; Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəzarətkassa aparatına xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəf nəzarət-kassa aparatlarına xidmət göstərməyi öhdəsinə götürmüş, cavabdeh tərəf isə hər ay üzrə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəf 2019-cu il dekabr ayınadək ödənişlərin olduğunu, lakin daha sonra heç bir ödəmə olmadığını bildirmiş, cavabdeh tərəf isə 2021-ci ildən etibarən isə yeni nəsil nəzarət-kassa aparatlarından istifadə edildiyini, iddiaçı tərəfə məxsus kassa aparatlarının isə qeydiyyatdan çıxarıldığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin qismən əsaslı olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə xidmətlərin göstərilməsindın asılı olub-olmamasına baxmayaraq hər ay 6 manat xidmət haqqının ödənilməsi razılaşdırılmışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh tərəfin hərhansı xidmət göstərilməməsi barədə arqumenti əsassızdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olduğu üçün birbaşa hər-hansı xidmət olub-olmamasından asılı olmayaraq aylıq ödəniş həyata keçirilməli idi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Cavabdeh ünvanladığı nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən **********-13001 kodlu təsərrüfat subyektində quraşdırılmş Merkuri 130 F-01 markalı zavod nömrəsi 00225728 nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiaçının cavabdehə xidmətin göstərilməsi xx.xx.2021-ci il tarixə kimi mövcud olmuş, bu tarixdən sonra Merkuri 130 F-01 markalı zavod nömrəsi 00225728 nəzarət kassa aparatını qeydiyyatdan çıxarıldığına görə xidmət haqqının tələb edilməsi əsasslı və qanuni hesab edilə bilməz. Buna görə də məhkəmə iddiaçı MMC tərəfindən yaranmış borc məbləğinin xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi deyil, yalnız xx.xx.2021-ci il tarixinə (NKA qeydiyyatdan çıxarılma tarixinə) kimi tələb edilməsini qanunauyğun hesab edir (2020-ci il üçün - 12 ay, 2021-ci il üçün - 10 ay xidmət haqqı). Beləliklə məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2019-cu il tarixli, 42200 saylı müqaviləyə əsasən iddiaçıya olan borcu qismən, yəni 22 aylıq abunə dövrü kimi nəzərə alınmaqla (22x6=132) yalnız 132 manat hissədə təmin olunaraq cabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia tələbinin digər hissəsini təşkil edən NKA-nın qeydiyyatdan çıxarılmasına görə 35 manatın tələb edilməsini məhkəmə əsassız hesab edir. Çünki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Cavabdeh ünvanladığı nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə məktubu ilə təsdiq olunur ki, artıq həmin aparat qeydiyyatdan çıxarılmışdır, hazırda qeydiyyatdan çıxarılmaya zərurət qalmadığından qeydiyyatdan çıxma aktı 35 manatın tutulması tələbi təmin oluna bilməz. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu və ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 60 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Buluq oğlundan 22 ay abunə borcu olaraq 132 (bir yüz otuz iki) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar