Məhkəmə qərarları › İş №e-2-2(113)-8252/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8252/2025

08.01.2026 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8252/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı şirkətinin (borclu: Cavabdeh olmaqla) müflis elan edilmə, əmlak inzibatçısı təyin olunması və iflas prosesinə başlanılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müflis elan edilmə, əmlak inzibatçısı təyin olunması və iflas prosesinə başlanılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil1, borclunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ərizəçi İddiaçı şirkətinin (borclu: Cavabdeh olmaqla) müflis elan edilmə, əmlak inzibatçısı təyin olunması və iflas prosesinə başlanılması tələbi barədə ərizəsinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. Ərizəçi İddiaçı şirkəti (borclu: Cavabdeh olmaqla) müflis elan edilmə, əmlak inzibatçısı təyin olunması və iflas prosesinə başlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmlak inzibatçısı təyin edilməklə, borclu Cavabdeh müflis elan edilməsi və iflas prosesinə başlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh MMC 13 may 2013-cü il tarixində qeydiyyata alınmış və Azərbaycan Respublikası ərazisində uğurlu biznes fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, borclu Azərbaycan Respublikası ərazisində logistika xidmətləri ilə məşğul olmuş, Azərbaycan Respublikası ərazisinə idxal edilən malların, eləcə də Azərbaycan Respublikasından ixrac edilən malların daşınması işləri, həmçinin Azərbaycan Respublikası ərazisində ən böyük yüklərin, o cümlədən dənizdə işləyən platformaların daşınması və quraşdırılması üçün nəqliyyat vasitələri və xüsusi texnikaların təqdim edilməsi işləri ilə məşğul olmuşdur. İddiaçı və cavabdeh arasında qeyd edilən işgüzar fəaliyyətdən birgə qazanc əldə edilməsi məqsədi ilə əməkdaşlıq barədə sövdələşmə əldə edilmiş (müqavilə əlavə edilir) və iddiaçının həmin biznesdə iştirakının təmin edilməsi məqsədi ilə müxtəlif tarixlərdə kreditor tərəfindən borcluya pul vəsaitləri köçürülmüşdür (bank çıxarışları əlavə edilir). Lakin borclunun biznesində yaranan problemlərlə bağlı birgə fəaliyyət uğurlu olmamışdır. Dəfələrlə tərəflər arasında görüşlər olsa da, biznesi bərpa etmək mümkün olmamış, kreditorun borcluya təqdim etdiyi pul vəsaitlərini borclu geri qaytarmaq iqtidarında olmamışdır. Bununla bağlı tərəflər arasında borcun etirafı və borclunun ödəmə qabiliyyətinin olmaması barədə müvafiq akt tərtib edilmişdir. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının qanunun (bundan sonra – Qanun) tələblərinə əsasən şəxsin ödəmə qabiliyyətinin olmaması halında kreditor borclunun müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Kreditorun tələbi əsasında borclu kreditorla yanaşı, borclu olduğu digər təşkilatların da siyahısını kreditora təqdim etmişdir. Bundan əlavə, kreditorun müraciəti əsasında aparılmış audit rəyi də borclunun ödəmə qabiliyyətinin olmamasını təsdiq edir. Kreditor tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə borclunun əmlakları barədə məlumat verilməsi ilə bağlı sorğu göndərilmişdir. Sorğularına cavab olaraq bildirilmişdir ki, borclunun adına qeydiyyatdan keçmiş hər hansı daşınmaz əmlak və ya nəqliyyat vasitəsi yoxdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1, 882.2-ci maddələrinə, “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:

4. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə etdi və təmin edilməsini xahiş etdi.

5. Borclunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərərk bildirdi ki, balansda pul yoxdur.Barəmizdə məhkəmə qətnamələri yoxdur. Lakin qeyd edilən kimi, borc məbləğinin ödənilməsi mümkün deyildir. İki kreditor mövcuddur, hansı ki, böyük məbləğlərdə borc mövcuddur. Digər kreditorlara münasibətdə öhdəliklər icra olunmamışdır. 2023-cü ildən etibarən şirkətin fəaliyyəti dayandığına görə ödəmək qabiliyyəti yoxdur. Cavabdeh MMC daşıma xidmətləri ilə məşğul olurdu. Borc məbləği yarandıqdan sonra digər müştərilərlə müqavilələr imzalanmadı. Müştərilər də olmadığına görə digər borcların ödənilməsi də mümkün olmadı. Şirkətə qarşı digər kreditorlar tərəfindən iddia qaldırılmamışdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli 29418/2xxxx/2025 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, DİN Baş X1 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh MMC-nin adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar haqqında məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş Cavabdeh (VÖEN: **********) maliyyə vəziyyəti haqqında hesabatda qeyd edilmişdir: aktivlər barədə məlumat: Aktiv Kateqoriyası Məbləğ (AZN/USD) Qeyd Pul və bank qalığı 13 019.83 / 7 658.72 Ən son bank çıxarışına əsasən Debitor borclar 189 879.22/ 111 693.66 Mal-material ehtiyatları 0.00 Əsas vəsaitlər 0.00 Əmlak reyestrinin məlumatına əsasən Digər aktivlər 53 638.41 /31 552.06 Cəmi aktivlər 256 537.46/ 150 904.39 Öhdəlikləri barədə məlumat: Kreditor Məbləğ (AZN/USD) Borcun xarakteri Kreditorlar 1 846 927.51 / 1 086 Borc müqavilələri üzrə / 427.90 Digər alman xidmətlər üzrə Digər ödəliklər 4 382 834.39/2 578 137.88 Cəmi öhdəliklər 6 229 761.90/3 664 565.80 Xalis mənfəət/zərər -5 978 224.44/3 516 602.60 Nizamnamə kapitalı 5 000.00/2 941.18 Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, ALE Middle East tərəfindən ümumilikdə 1346055.81 ABŞ dolları məbləğində borc tanınıb, lakin hazırda yalnız 64859,68 ABŞ dolları məbləği sənədlərlə təsdiqlənmişdir. ALE UK Holdings Ltd tərəfindən ümumilikdə 1825670,80 ABŞ dolları məbləğində borc tanınıb, lakin hazırda yalnız 559995 ABŞ dolları məbləği sənədlərlə təsdiqlənmişdir. Müflisləşməni təsdiqləyən əlamətlər olaraq şirkətin öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi, X1 İdarəsinin təqdim etdiyi rəsmi məlumata əsasən şirkətin adına qeydiyyatda heç bir nəqliyyat vasitəsinin olmaması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən şirkətin adına qeydiyyatda heç bir daşınmaz əmlakən olmaması, hazırda şirkətin gəlir gətirən fəaliyyətinə dair hər hansı sübutun mövcud olmaması qeyd olunmuşdur.Hesabatın nəticəsi olaraq qeyd edilmişdir ki, yuxarıda qeyd olunanlara əsasən Cavabdeh MMC müflis hesab edilir. Şirkətin aktivləri öhdəliklərini ödəmək üçün kifayət etmir və borcların ödənilməsi üçün real maliyyə imkanları mövcud deyil. Hesabatda həmçinin kreditorların sihahısı öz əksini tapmışdır.

9. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh (VÖEN: **********) 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsində qeyd edilmişdir ki, MMC 30860,03 manat məlbəğində zərər etmişdir. Həmçinin mənfəət vergisinin bəyannaməsinə 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı Əlavələr edilmişdir.

10. Leyla Tarverdi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış Bəyanat (Şəxsi marağın olmaması barədə) qeyd edilmişdir ki, hazırkı bəyanatı “Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının qanunu”nun 19-cu maddəsinin 4-cü bəndinə əsasən tərtib edir və rəsmi olaraq bildirir ki, borclu Cavabdeh ilə, eləcə də İddiaçı Şirkəti ilə heç bir hüquqi bağlılığı yoxdur və indiyə qədər heç bir hüquqi bağlılığı və ya hər hansı şəkildə marağı olmamışdır. Borclu Cavabdeh müflis elan edilməsi ilə bağlı əmlak inzibatçısı təyin edilməyinə etiraz etmir və əmlak inzibatçısı kimi fəaliyyət göstərməyində heç bir şəxsi marağı yoxdur. Hazırkı bəyanatda göstərilənlərin düzgünlüyünü təsdiq edir və səhv məlumat verməyi ilə bağlı qanun qarşısında məsuliyyətini dərk edir.

11. İş materiallarına İddiaçı şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ingilis dilində tərtib edilmiş müqavilə, "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş hesabdan çıxarışlar əlavə edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

12. Məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.

13. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

14. Həmin Qanunun 6-cı maddəsinin: 1-ci bəndinə əsasən kreditorun iflas haqqında iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir. 2-ci bəndinə əsasən iflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı; b) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; c) ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı; ç) ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları; d) ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti; e) bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi; ə) borclunun aktivləri barəsində ərizəçidə olan məlumat; f) iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı; g) kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar. 3-cü bəndinə əsasən iflas haqqında ərizənin məhkəməyə verildiyi tarixdə borclunun vaxtı çatmış, lakin ödənilməmiş tələblərinin ümumi məbləği Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydaya uyğun olaraq müəyyənləşdirilir.

15. Həmin Qanunun 11-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.

16. Göründüyü kimi, “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları, o cümlədən borclunun ərizəçi və digər kreditorlar qarşısında borcunu təşkil edən öhdəliklərin yerinə yetirilmə müddətləri, ərizəçiyə məlum olan digər kreditorların ünvanları, borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi müvafiq qərar, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilməli olduğu halda, təqdim edilməmişdir.

17. Beləliklə, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların təqdim edilməsi və araşdırılması tələb olunur ki, borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olubolmaması müəyyənləşdirilsin.

18. Hazırkı iş üzrə isə “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən qeyd edilən kateqoriyadan olan sübutlar ərizəyə əlavə edilməmişdir.

19. Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı şirkətinin müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar