Məhkəmə qərarları › İş №e-2-2(113)-831/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-831/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-831/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC -yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri, X4 və vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə alınmış TV avadanlığın qaytarılması, bu mümkün olmadıqda isə avadanlığa görə ödənmiş 5015 manat pulun Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2023-cü il tarixli internet xidmətlərindən istifadə barədə 002-23 № li müqaviləyə əsasən Operator qismində UPLİNK MMC Sifarişçi olaraq iddiaçını öz şəbəkəsi üzərindən rabitə xidmətləri ilə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən xidmətin verilməsi avadanlığa qoşulma haqqı və porta qoşulma haqqı ödənildikdən sonra icra edilir. Eyni zamanda müqavilənin icrası üçün iddiaçının mütləq TV avadanlığı alması bildirilmiş və onun dəyərinin ödənilməsi barədə rəsmi şəkildə elektron qaimə göndərilmişdir. Həmin e-qaiməyə əsasən ƏDV daxil 5015 manat vəsait ödənilərək TV avadanlıq alınmışdır. Lakin avadanlıq iddiaçıya təhvil verilməmiş və xidmətin göstərilməsi səbəbilə operator olaraq cavabdehdə qalmışdır. Müqavilə üzrə göstərilən xidmətlərin dəyəri isə ayrıca müəyyənləşdirilmiş və müvafiq qaydada ödənmişdir. Artıq müqavilə üzrə TV xidmətinin alınması dayandırılmış və xidmət üzrə iddiaçının hər hansı borc öhdəliyi yoxdur. Lakin sözügedən TV avadanlıq və ya onun dəyəri hələ də iddiaçıya qaytarılmamışdır. İddiaçı MMC tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh bu günə qədər qeyd edilən öhdəliyini yerinə yetirməmişdir. Buna görə də İddiaçı MMC artıq xidmət almadığı TV avadanlığı və ya dəyərinin təcili olaraq ödənilməsini tələb etmək məcburiyyətində qalmış və Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 5015 manat məbləğində (ƏDV daxil olmaqla) borcu 16 oktyabr 2024-cü il tarixinə qədər ödəməyini və ya həmin tarixə kimi mülkiyyəti olan avadanlığını qaytarmağı barədə rəsmi yazılı formada iddiaçı cavabdehə pretenziya məktubu göndərmişdir. Lakin, iddia qaldırılan günədək, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 437.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə, 002-23 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh operator olaraq sifarişçi İddiaçı MMC-ni öz şəbəkəsi üzərindən rabitə xidmətləri ilə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü maddəsinə əsasən xidmətin verilməsi avadanlığa qoşulma haqqı və porta qoşulma haqqı ödənildikdən sonra icra edilir. Cavabdeh MMC öz öhdəliyini yerinə yetirərək həmin TV avadanlığını iddiaçıya təqdim etmişdir. Rabitə xidmətinin verilməsi müqavilənin 3.3-cü bəndinə əsasən qoşulma haqqı ödənilməsə idi yerinə yetirilə bilməzdi. Çünki xidmətin verilməsi üçün həmin TV avadanlığı olmadan mümkün deyildir. Müqavilə 2023-cü ilin aprel ayında bağlanmasına baxmayaraq, iddia 2024-cü ilin noyabr ayında qaldırılmışdır. Əgər həqiqətən də TV avadanlığı onlara təhvil verilməmişdirsə, ötən 8 ay ərzində niyə iddia qaldırılmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 71- 1.5.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. İş materiallarına iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş 3 may 2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, həmin TV avadanlığı cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Əks təqdirdə 3 gün ərzində elektron qaiməni qəbul etməkdən imtina etməli idi. Yekun olaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanılmış, qeyd edilən məbləğ TV avadanlığın alınması məqsədilə ödənilmişdir. Müqavilədə nəzərdə tutulmuş TV avadanlığı cavabdeh öz ofisində quraşdırdığını bildirmiş, buna görə də iddiaçı xidmətdən istifadə etdiyi müddətdə həmin avadanlığı tələb etməmişdir. Tərəflər arasında müqaviləyə xitam verildikdən sonra iddiaçı cavabdehdən həmin TV avadanlığı tələb etmişdir. Cavabdeh tərəf hansı avadanlığı alması, nə üçün quraşdırılması, həmçinin iddiaçının onlara ödədiyi məbləği təyinatı üzrə xərcləməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. TV avadanlıq iddiaçının ofisi üçün deyil, qarşı tərəfin ofisində serverə quraşdırılmalı idi. E-qaimənin olması xidmətin göstərilməsini tam təsdiq etmir. Digər sübutlarla birgə ona qiymət verilməlidir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Ağazadə iddia tələbində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, TV avadanlıq cavabdeh tərəfin serverinə quraşdırılmalı idi. Bu səbəbdən onlar avadanlığı görmədən, təhvil almadan ödəniş etmişlər. Müqavilə şərtlərinə əsasən TV avadanlığın Cavabdeh MMC-yə quraşdırılması nəzərdə tutulmamış, bu sadəcə şifahi danışıqlara əsasən belə olmuş, cavabdeh özündə quraşdırdığını bildirmişdir. Optik xətt İddiaçı MMC-nin serverinə transmitterə birləşir. Həmin transmitteri də başqa şəxsə ödəniş edərək almışlar. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etirazda göstərilənləri təsdiq etmiş əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyd etdiyi transmitter avadanlığının sonradan alınması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin avadanlığı cavabdeh tərəf oraya quraşdırmış və iddiaçı həmin avadanlığın quraşdırılmasından imtina etməmişdir. İddiaçı tərəfindən avadanlıq üçün ödəniş 7 aprel 2023-cü ildə baş versə də iddia tələbi məhkəmədə 28 oktyabr 2024-cü il tarixdə qaldırılmış, 1 ildən də artıq müddət keçmişdir. Əgər həmin avadanlıq orada quraşdırılmamışdısa nəyə görə pretenziya məktubunu onlara vaxtında göndərməmişdilər. Bugünkü gündə iddiaçı həmin avadanlığın cavabdehdən almaması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin cavabdehin həmin avadanlığı onlara təhvil verməkləri ilə bağlı e-qaimə və bu qaiməyə əsasən də qarşı tərəfin ödənişini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Bu TV avadanlığın modeli, markası hər hansı texniki pasportunun olub-olmaması barədə məlumatı yoxdur. Transmitterin dəyəri barəsində tərəflər arasında razılaşma olmuşdur. Müqavilə iradə ifadəsidir. Hər iki tərəf iradə ifadəsi ilə TV avadanlıq adı altında transmitterin alış-satışını, quraşdırılmasını nəzərdə tutmuşlar. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2023-cü il tarixli internet xidmətlərindən istifadə barədə 002-23 nömrəli müqavilədən görünür ki, “Operator” bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələrinə (X1) uyğun olaraq “Sifarişçi”yə “Operator”un şəbəkəsi üzərindən “Sifarişçi”-nin rabitə xidmətlərini (bundan sonra Rabitə xidmətləri adlanacaq) təmin etməyi, “Sifarişçi” isə xidmətlərin dəyərini “Operator”a ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilə əsasında təchiz ediləcək Rabitə xidməti haqqı tərəflər arasında razılaşdırılmış və qəbul edilmiş müqavilənin ayrılmaz hissəsi olan X2 ilə müəyyənləşdirilir. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi” tərəflər arasında razılaşdırılmış və qəbul edilmiş X3 ilə müəyyən olunmuş qiymətlərə uyğun ödənişləri həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Xidmətin verilməsi birdəfəlik hesab üzrə ödəniş (avadanlığa qoşulma haqqı, porta qoşulma haqqı) yerinə yetirildikdən sonra icra edilir. Aylıq xidmət haqqının ödənişi əvvəlcədən və ya qaimə faktura təqdim edildikdən sonra aparılır. Ödəniş hesabfakturanın təqdim edildiyi tarixdən 7 (yeddi) iş günü ərzində həyata keçirilməli və yaxud qaimə faktura tarixindən 3 ( üç) iş günü ərzində həyata keçirilməlidir. Cavabdeh MMC və İddiaçı MMC arasında imzalanmış 07 aprel 2023-cü il tarixli 002-23 saylı müqaviləyə 1 nömrəli Əlavəyə əsasən tərəflər 4,72 manat (ƏDV daxil) İnternet xidmətindən istifadə haqqı, 2,95 manat dəyərində (ƏDV daxil) nömrənin aylıq istifadə haqqı, 2,36 manat dəyərində (ƏDV daxil) nömrə üçün əlavə kanal, 5015 manat dəyərində (ƏDV daxil) TV avadanlıq, 590 manat dəyərində (ƏDV daxil) TV xidmətindən istifadə haqqı barəsində razılığa gəlmişlər. EBDE seriyalı, 761931 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5605 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ödənilməsi üçün təqdim edilmişdir. 610691/00074 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 07 aprel 2023 cu il tarixli 00223 nomreli muqavilenin 1 nomreli elavesi və EBDE seriyalı, 761931 nömrəli elektron qaiməyə əsasən 855 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödəniş edilmişdir. 610691/00073 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 07 aprel 2023 cu il tarixli 00223 nomreli muqavilenin 1 nomreli elavesi və EBDE seriyalı, 761931 nömrəli elektron qaiməyə əsasən 4750 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək barədə pretenziya məktubı ünvanlanaraq 5015 manat məbləğində (ƏDV daxil olmaqla) borcu 16 oktyabr 2024-cü il tarixinə qədər ödəməyini və ya həmin tarixə kimi avadanlığın qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli **********86 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 70,15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq göstəriləcək xidmət haqqını və satılan TV avadanlığın dəyərini ödəmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, rabitə xidmətləri göstərsə də, həmin TV avadanlığı iddiaçıya təhvil verməmişdir. Müqavilənin Əlavəsində nəzərdə tutulmuş 5015 manat dəyərində TV avadanlığın dəyərinin ödənilməsi iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları ilə öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi xidmət haqqı və TV avadanlığın dəyəri ödənildikdən sonra cavabdehin xidmətindən istifadə etdikləri müddətdə cavabdeh tərəfin həmin TV avadanlığın sonuncunun ofisində quraşdırıldığını dediyinə əsasən müqaviləyə xitam verilənək həmin TV avandanlığı tələb etmədiklərini, müqaviləyə xitam verildikdən sonra TV avadanlığı tələb etdiklərini bildirmişdir. Cavabdeh həmin TV avadanlığın iddiaçıya təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimənin verilməsini əsas gətirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki işdə elektron qaimənin təsdiqlənməsi iddiaçı tərəfindən TV avadanlığın qəbul edilməsi mənasına gələ bilməz, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Ümumiyyətlə, cavabdeh tərəf müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş TV avadanlıq dedikdə nəyin və ya hansı cihazın nəzərdə tutulduğu, həmin cihazın markası, modeli, texiniki xüsusiyyətləri, digər əlamətləri barədə heç bir açıqlama verə bilməmişdir. Sonradan cavabdehin nümayəndəsinin transmitter cihazının məhz TV avadanlıq olması ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd edir ki, transmitter cihazı sadəcə siqnalı ötürən cihazdır və müqavilədə transmitter deyil, TV avadanlıq nəzərdə tutulmuşdur. Beləliklə məkhəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı alıcı olaraq dəyərini ödədiyi TV avadanlığı cavabdeh satıcı olaraq ona vermədiyi üçün iddiaçının həmin avandalığı, bu mümkün olmadıqda isə ödədiyi pulun geri qaytarılmasını tələb etmək hüququ var və onun tələbi haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, müqavilənin Əlavəsində nəzərdə tutulmuş və iddiaçı tərəfindən 5015 manat dəyəri ödənilmiş TV avadanlığın modeli, markası, texniki göstəriciləri və digər əlamətləri nə müqavilədə nəzərdə tutulmadığından, nə də cavabdeh tərəfindən bu barədə açıqlama verilə bilinmədiyindən, iddianın TV avadanlığın qaytarılması hissəsi gələcəkdə qətnamənin icrasında qeyri-müəyyənlik yaradacağı üçün həmin hissədə iddia təmin olunmamalıdır. Buna görə də iddia qismən təmin olunaraq TV avadanlığın dəyəri olan 5015 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 70,15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2023-cü il tarixli 002- 23 № li müqaviləyə əsasən TV avadanlığın dəyəri olan 5015 (beş min on beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş 70 (yetmiş) manat 15 (on beş) qəpik dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar