Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8429/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Əmirəliyev Ənvər Mehdi oğlu, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-nin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və sairə” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatətə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC (bundan sonra – iddiaçılar) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra – cavabdehlər) qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Tircan kəndi ərazisində İddiaçı2 xüsusi mülkiyyətində olan 52.641 ha torpaq sahəsində və İsmayıllı rayonu, Tircan kəndi ərazisində İddiaçı1 xüsusi mülkiyyətində olan 8.0350 ha torpaq sahəsində "X3" MMC tərəfindən əkilmiş ağacların götürülməsi (köçürülməsi) və kəmərdə aparılacaq yenidənqurma işlərinə şərait yaradılması tələbinin qanunsuz hesab edilərək, həmin torpaq sahələrində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilmədənmülkiyyət hüququndan məhrum edilməni özündə ehtiva edən hər hansı hərəkətin edilməsinin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qadağan edilməsi və İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisində İddiaçı2 xüsusi mülkiyyətində olan 8.727417 ha torpaq sahəsində mülkiyyətçinin icazəsi olmadan özbaşına qazıntı işlərinin aparılması qanunsuz hesab edilərək, həmin torpaq sahəsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilmədən mülkiyyət hüququndan məhrum edilməni özündə ehtiva edən hər hansı hərəkətin edilməsinin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi məhkəməyə yazılı vəsatət verərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı3 tərəfindən SOCAR-ın "xxxx" İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “Mülkiyyət hüququndan məhrum edilmə ilə əlaqədar olan hərəkətlərin qanunsuz hesab edilməsi və digər tələbləri” üzrə e-2-2(113)-8429/2025 saylı mülki iş mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi yerin ərazisinə aid olan müvafiq məhkəməyə göndərilməsi ilə bağlı qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçılar tərəfindən irəli sürülmüş tələblərdən qeyd olunur ki, iddiaçılar - İddiaçı1 50% və İddiaçı2 25% iştirak payına malik olmaqla, İddiaçı3 MMC-in (VÖEN: **********) təsisçiləridir, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən torpaq sahələrinin bir hissəsində badam bağlarının əkilməsi və becərilməsi məqsədilə İddiaçı3 MMC-ni təsis etmişlər və Cəmiyyət həmin fəaliyyətlə məşğul olur, həmçinin iddiaçılar İddiaçı2 və İddiaçı1 İsmayıllı rayonu, Tircan kəndi Qubaxəlilli kəndi ərazilərində kənd təsərrüfatı təyinatlı torpaq sahələrini vardır. İddia ərizəsində həmçinin göstərilir ki, sözügedən torpaq sahələrində İddiaçı3 MMC tərəfindən 46 000 (qırx altı min) ədəd badam ağacları əkilmiş, bağın salındığı bu torpaq sahələri təsisçilərə (İddiaçı2 və İddiaçı1) məxsus torpaq sahələri faktiki İddiaçı3 MMC-nin qanuni sahibidir. Lakin ağacların əkildiyi mübahisəli torpaq sahələrinin iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışlarla təsdiq olunsa da, həmin torpaq sahələrinin İddiaçı3 MMC-nin qanuni sahibliyində olmasını təsdiq edən heç bir sübut Məhkəməyə təqdim edilməmişdir. Yəni İddiaçı3 MMC şifahi mülahizəsi dən başqa iddianın predmetinə dair subyektiv hüququnun olduğunu təsdiq edən heç bir sübut Məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, sözügedən MMC özünü iddiaçı hesab edir. İddia ərizəsində bu kimi ziddiyyətli yanaşmanın yeganə məqsədi Məhkəməni dolaşdırmaq, iddia ərizəsinin aidiyyət qaydalarına, o cümlədən ərazi aidiyyəti qaydalarına uyğun verildiyi görünüşünü yaratmaqdır. İddia tələbinin məzmununa və subyekt tərkibinə nəzər yetirərkən, iddiaçılar tərəfindən Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilən mübahisənin guya kommersiya mübahisəsi olduğunu və mübahisəyə iddiaçılar N.E.Məmmədəlievanın və İddiaçı1 yaşadıqları (qeydiyyatda olduqları) yerdə Bakı şəhərində baxılmalı olmalı qənaətindədirlər. Bununla iddiaçılar iddia ərizəsinin müstəsna aidiyyət qaydasında iddia ərizəsinin daşınmaz əmlakın olduğu yer üzrə verilməsinə dair imperativ normanı təhrif edərək, ərizəni ərazi və məhkəmə aidiyyəti tələblərini pozmaqla məhkəməyə təqdim etmişdirlər. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Məhkəmə tərəfindən qeyd olunan hallara hüquqi qiymət verilməlidir. Çünki burada həm Məhkəmə, həm də müstəsna (ərazi aidiyyəti) aidiyyət qaydaları pozulmuşdur. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə vəsatətlə bağlı yazılı etiraz ərizəsi təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “işin mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi yerin ərazisinə aid olan müvafiq məhkəməyə göndərilməsi ilə bağlı” Vəsatətin təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC tərəfindən cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı qaldırılmış “mülkiyyət hüququndan məhrum edilmə ilə əlaqədar olan hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbə dair iddia ərizəsi Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8429/2025 saylı Qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin Vəsatətində qeyd edilir ki, “1) ...Hesab edirik ki, məhkəmə tərəfindən həmçinin "X3" MMC-nin iddia tələbi üzrə subyektiv hüququnun nədən ibarət olduğuna aydınlıq gətirilməlidir. İddiaçı "X3" MMC-nin irəli sürülmüş iddia tələbi üzrə subyektiv hüququnun olmadığını hesab edirik. 2) İddia ərizəsində bu kimi ziddiyyətli yanaşmanın yeganə məqsədi Məhkəməni dolaşdırmaq, iddia ərizəsinin aidiyyət qaydalarına, o cümlədən ərazi aidiyyəti qaydalarına uyğun verildiyi görünüşünü yaratmaqdır. İddia tələbinin məzmununa və subyekt tərkibinə nəzər yetirərkən, iddiaçılar tərəfindən Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilən mübahisənin guya kommersiya mübahisəsi olduğunu və mübahisəyə iddiaçılar N.E.Məmmədəlievanın və İddiaçı1 yaşadıqları (qeydiyyatda olduqları) yerdə Bakı şəhərində baxılmalı olmalı qənaətindədirlər. Bununla iddiaçılar iddia ərizəsinin müstəsna aidiyyət qaydasında iddia ərizəsinin daşınmaz əmlakın olduğu yer üzrə verilməsinə dair imperativ normanı təhrif edərək, ərizəni ərazi və məhkəmə aidiyyəti tələblərini pozmaqla məhkəməyə təqdim etmişdirlər.” Qeyd edirik ki, Vəsatətdə qeyd edilənlər iddia ərizəsinin ərazi və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verildiyinə əsas deyildir. 1) Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçılar - İddiaçı1 50% və İddiaçı2 25% iştirak payına malik olmaqla, İddiaçı3 MMC-in (VÖEN: **********) təsisçiləridir. İddiaçılar onların mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən torpaq sahələrinin bir hissəsində badam bağlarının əkilməsi və becərilməsi məqsədilə İddiaçı3 MMC-ni təsis etmişlər və 2 Cəmiyyət həmin fəaliyyətlə məşğuldur. Bağın salındığı təsisçilərə məxsus torpaq sahələri faktiki İddiaçı3 MMC-nin qanuni sahibliyindədir. Hazırkı iş üzrə iddia tələbi isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilmədən mülkiyyət hüququndan məhrum edilməni özündə ehtiva edən hər hansı hərəkətin edilməsinin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qadağan edilməsi, torpaq sahəsində mülkiyyətçinin icazəsi olmadan özbaşına qazıntı işlərinin aparılmasının qanunsuz hesab edilməsi” dir. Qeyd edilməlidir ki, cavabdeh ARDNŞ Qaz İxrac İdarəsi tərəfindən “X4” MMC-yə qarşı “mühafizə zonasında əkilmiş ağacların öz vəsaiti hesabına götürülməsi” tələbinə dair Şəki Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Sual olunur, “X4” MMC-nin hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququnun olmadığını bildirən cavabdeh, həmin MMC-yə qarşı Şəki Kommersiya Məhkəməsində mübahisə predmeti olan eyni torpaq sahəsində əkilmiş ağacların öz vəsaiti hesabına götürülməsi tələbini necə irəli sürmüşdür? Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, “...subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur....” 2) Cavabdehin vəsatətində qeyd edilir ki, “...iddiaçılar tərəfindən Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilən mübahisənin guya kommersiya mübahisəsi olduğunu və mübahisəyə iddiaçılar N.E.Məmmədəlievanın və İddiaçı1 yaşadıqları (qeydiyyatda olduqları) yerdə Bakı şəhərində baxılmalı olmalı qənaətindədirlər.” Halbuki, iddia ərizəsi iddiaçıların yaşadıqları yer üzrə deyil, MPM-in 35-ci maddəsində nəzərdə tutulan qaydada - cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilmişdir. Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə əsasən, “35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.” Hazırkı iş üzrə iddia tələbi “mülkiyyət hüququndan məhrum edilmə ilə əlaqədar olan hərəkətlərin qanunsuz hesab edilməsi və s.”dir. Bu tələb üzrə iddiaya isə Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə nəzərdə tutulmuş müstəsna aidiyyət şamil olunmur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Ə.Əmirəliyev iddia ərizəsini müdafiə edib təmin edilməsini, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş vəsatətə etiraz edərək, vəsatətin təmin olunmamasını, işə hazırkı işə sədrlik edən hakim tərəfindən hazırkı məhkəmədə baxılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıların tələbi torpaq sahələrindən istifadə ilə bağlı törədilən maneələrin aradan qaldırılmasından ibarətdir Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi E.Suvarov vəsatəti müdafiə edərək, vəsatətin təmin olunması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etdi. İzahatında bildirdi ki, iddia ərizəsinə torpaq sahəsinə dair iddiaçı MMC-nin əmlak hüququnu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. İddiaçı Məmmədəliyevlərin mülkiyyətində olan torpaq sahəsindən həmin torpaq sahələri iddiaçıların mülkiyyətində keçməzdən əvvəl də magistral boru kəmərləri olmuş, hazırda da vardır. Həmin torpaq sahələrindən iddiaçılar istədikləri kimi istifadə edə bilər. Lakin həmin kəmərlərin keçdiyi, habelə onların mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması, çoxillik əkmələrin yetişdirilməsi qanunvericiliklə qadağandır. Buna baxmayaraq bir neçə il bundan əvvəl Qaz İxrac İdarəsinin nümayəndələri İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində mühafizə zonasına düşən hissəsdə ağacların əkilməsini görmüş, maraqlandıqda həmin ağacların iddiaçı MMC tərəfindən əkildiyi deyilmişdir. Həmin ağacların mühafizə zonasından köçürülməsi tələbi ilə bağlı hazırda onların iddiaçı MMC-yə qarşı Şəki Kommersiya Məhkəməsinin icraatında mübahisə vardır. Həmin iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatət təmin edilməmişdir. Cavabdeh Dövlət Neft Şirkətinə qarşı yönələn tələb ümumiyyətlə iddia ərizəsində göstərilməmişdir. Cavabdeh Qaz İxrac İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin, yaxud onların bir hissəsinin iddiaçıların əlindən alınması, onları mülkiyyətindən məhrum edilməsi ilə bağlı hər hansı hal yoxdur. Tərəflər arasında olan mübahisə ağacların köçürülməsinin tələb edilməsindən, habelə torpaq sahəsindən keçən köhnə, istismar müddəti keçmiş boruların yenisi ilə əvəz edilməsinə şərait yaradılmasından irəli gəlir. İddiaçılar həmin boruların yenisi ilə əvəz edilməsinə icazə vermir, cavabdehin işçilərini ümumiyyətlə sahəyə buraxmırlar. Bu səbəbdən həmin təmir işləri dayanmışdır. Hazırkı mübahisə mülkiyyətdən məhrum etmə ilə bağlı deyildir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materiallara əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Belə ki, materiallarda olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən torpaq sahələri iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. Materiallarda olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)- 1303/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, cavabdeh Qaz İxrac İdarəsi hazırkı torpaq sahələrindən keçən magistral qaz kəmərlərinin mühafizə zonasında əkilmiş ağacların köçürülməsi, habelə magistral qaz kəmərlərində yenidənqurma işlərinin aparılmasına şərait yaradılması ilə bağlı iddiaçı MMC-yə qarşı iddiası vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların hazırkı tələbi cavabdehlərin “torpaq sahələrində əkilmiş ağacların köçürülməsi, habelə həmin torpaq sahələrində magistral qaz kəmərləri ilə bağlı hər hansı işlərin aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə həmin hərəkətlərin qadağan edilməsi”ndən ibarətdir. İddiaçıların hazırkı iddialarının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil etməklə iddia neqator iddiadır. Həmin iddiaya isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın, hazırkı halda torpaq sahələrinin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, İsmayıllı rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır (maddə 45.1). Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər (maddə 45.2). İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir (maddə 45.3). Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (maddə 45.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 MMC-nin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və sairə” tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8429/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8429/2025
30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver