Məhkəmə qərarları › İş №e-2-2(113)-845/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-845/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-845/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 saylı xidmət müqaviləsi üzrə avans olaraq ödənilmiş 6532,95 manat (altı min beş yüz otuz iki manat doxsan beş qəpik), ödənilmiş dövlət rüsumuna görə 85,33 manat olmaqla, ümumilikdə 6618,28 manat (altı min altı yüz on səkkiz manat iyirmi səkkiz qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı Cavabdeh MMC sifarişçi İddiaçı MMC-ə müqavilə üzrə razılaşdırılmış qaydada “X1” layihəsində tikilməkdə olan fərdi yaşayış evlərinin dəmir-beton konstruksiyalarında dəliklərin açılması üzrə xidmətlər həyata keçirməli idi. İddiaçı MMC ASİ/X/213/21 saylı xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh MMC-yə ümumi müqavilə dəyərinin 40%-i həcmində, yəni 6532,95 manat (altı min beş yüz otuz iki manat 95 qəp.) miqdarında ƏDV daxil avans ödənişi etmiş, lakin cavabdeh müqavilə ilə icrası nəzərdə tutulmuş xidmətləri indiyədək icra etməmişdir. Göstərilməli olan xidmətlərin həcmi, dəyəri və mahiyyəti barədə sübut xx.xx.2021-ci il tarixində hər iki tərəfin möhür və imzalarıyla təsdiqlədiyi ASİ/X/213/21 nömrəli müqavilənin 1 №-li əlavəsi və cavabdehin göndərdiyi EBBP seriyalı, №535333 nömrəli, xx.xx.2022-ci il tarixli e-qaimədir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə və 1 №-li əlavə üzrə göstərilən rəqəmlər mübahisə edilmir. Bunu rəhbər tutaraq iddiaçı olan şirkət ödənilmiş avans məbləğinin geri qaytarılması barədə cavabdehə elektron məhkəmə kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmiş, tələbin məhkəmədən kənar həlli ilə bağlı geri əlaqə yaradılması xahiş edilmişdir. Pretenziyanın göndərilməsindən xeyli müddət keçməsinə baxmayaraq, pretenziya məktubuna hazırkı iddia ilə məhkəməyə müraciət edilən ana qədər cavabdehdən heç bir cavab və ya tələbin məhkəmədən kənar həllinə dair təklif gəlməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən xidmətlərin icra müddəti müqavilə imzalandıqdan 14 (on dörd) təqvim günü təşkil edirdi. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və cavabdeh öhdəliyin icrasından əsassız olaraq yayınmışdır. Avans ödənişi xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində iddiaçı tərəfindən ödənilsə də, cavabdeh müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə bağlı məlumat vermiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə icraçı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığı ilə, hazırkı müqavilənin 1.2-ci bəndində göstərilmiş xidmətlərin göstərilməsini, sifarişçi isə həmin xidmətləri qəbul etməyi və ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı “X1” layihəsində tikilməkdə olan fərdi yaşayış evlərinin dəmir-beton konstruksiyalarında dəliklərin açılması üzrə xidmətlərin göstərilməsini öhdəsinə götürür. Müqavilə üzrə icraçı tərəfindən göstəriləcək xidmətlərin həcmi hazırkı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəsində göstərilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə göstəriləcək xidmətlərin ümumi dəyəri hazırkı müqavilənin 1 saylı Əlavəsində göstərilən xidmət növləri üzrə və icraçı tərəfindən göstərilən faktiki xidmətlərin həcmlərinə uyğun 1 saylı əlavədə göstərilmiş tariflərin tətbiqi ilə müəyyən olunur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən edilmiş xidmətlərin ümumi dəyərinin 40 faizini avans şəklində müqavilə imzalandıqdan sonra 10 bank günü ərzində ödəyir; 3.3-cü bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin dəyərini tərəflər arasında yekun təhvil-təslim aktı təsdiq olunduqdan sonra 10 bank günü ərzində avans şəklində ödənilmiş məbləğ nəzərə alınmaqla icraçıya ödəyir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icraçı tərəfindən göstərilən xidmətin nəticələrinin təhvil verilməsinin müddəti pozulduğu halda, icraçı hər bir gecikdirilən gün üçün müqavilənin ümumi dəyərinin 10 faizindən çıx olmamaq şərti ilə yerinə yetirilməli olduğu xidmət dəyərinin 0,1%-i həcmində sifarişçiyə cərimə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. ASİ/X/213/21 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə 1 nömrəli, xx.xx.2021-ci il tarixli “X1” layihəsində tikilməkdə olan fərdi yaşayış evlərinin dəmi-beton konstruksiyalarında dəliklərin açılması üzrə Əlavənin məzmunundan görünür ki, yerinə yetiriləcək işlərin siyahısı və məbləği müəyyən olunmuş, İddiaçı MMC tərəfindən icraçıya ümumi dəyəri 16332,28 manat olan xidmətin göstərilməsi ilə bağlı razılığa gəlinmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişin məzmunundan görünür ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına 996,55 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi ASİ/X/213/21 nömrəli müqavilə göstərilmişdir.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 5536,4 manat vəsait köçürülmüşdür. Köçürülmənin əsası kimi ASİ/X/213/21 saylı müqavilə göstərilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 387 nömrəli maliyyə arayışının məzmunundan müəyyən edilir ki, müqavilə üzrə Cavabdeh MMC-yə ƏDV daxil 6532,95 manat miqdarında avans ödənilmiş, lakin cavabdeh tərəfindən xidmət göstərilməmiş, xidmətin göstərilməsini təsdiq edən Forma 2, işlərin təhvil-təslimi aktı və ya hansısa fakt müəyyənedici hüquqi sənəd şirkətə təqdim edilməmişdir.

11. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 535333 nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 6532,95 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 nömrəli müqavilə göstərilmişdir.

12. İddiaçı MMC tərəfindən tərtib edilmiş yerində müayinə haqqında xx.xx.2025-ci il tarixli aktın məzmunundan müəyyən edilir ki, İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 nömrəli müqavilə ilə nəzərdə tutulmuş işlər faktiki olaraq Cavabdeh MMC tərəfindən yerinə yetirilməmişdir. Sözügedən müqavilə ilə evlərdə nəzərdə tutulmuş həmin işlər bütün fərdi yaşayış evlərində məhz İddiaçı MMC-nin özü tərəfindən, özünün işçi və materialı hesabına yerinə yetirilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, avans olaraq ödənilmiş 6532,95 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd edilmişdir ki, borcun ödənilməməsi halında ödənilməmiş 6532,95 manat məbləğində borcla yanaşı, borcun məcburi icrası məqsədilə mediasiya və məhkəmə proseslərinin xərclərini də ödəməli olacaqlar. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

16. İddia tələbini cavabdehdən xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 nömrəli müqavilə üzrə 6532,95 manat məbləğində pulun tutulması təşkil edir.

17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixli, ASİ/X/213/21 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə ilkin öhdəlik yerinə yetirilərək, müqavilə üzrə razılaşdırılmış avans məbləğ ödənilmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, “X1” layihəsində tikilməkdə olan fərdi yaşayış evlərinin dəmir-beton konstruksiyalarında dəliklərin açılması üzrə xidmətlərin göstərilməsini öhdəsinə götürsə də, həmin xidəmətləri göstərməmiş, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Avans məbləğin iddaçı tərəfindən ödənilməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 nömrəli xidmət müqaviləsinin 3.2-ci maddəsinə əsasən sifarişçi müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən edilmiş xidmətlərin ümumi dəyərinin 40 faizini avans şəklində müqavilə imzalandıqdan sonra 10 bank günü ərzində ödəmək öhdəliyini öz üzərinə götürmüş, həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən ümumi xidmət haqqının ƏDV daxil məbləği 16332,28 manat, həmin məbləğin 40%-i 16332,28x40/100=6532,95 manat təşkil etmiş və həmin avans məbləğ müqavilədə nəzərdə tutulduğu kimi, 10 bank günü ərzində iddiaçı tərəfindən ödənilmiş və müvafiq ödəniş sənədləri məhkəməyə təqdim olunmuşdur.

18. Məhkəmə qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin qaytarılmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh MMC-dən 6532,95 manat (altı min beş yüz otuz iki manat doxsan beş qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

19. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 85,33 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,33 manat (səksən beş manat otuz üç qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli, ASİ/X/213/21 saylı xidmət müqaviləsi üzrə avans olaraq ödənilmiş 6532,95 manat (altı min beş yüz otuz iki manat doxsan beş qəpik), ödənilmiş dövlət rüsumuna görə 85,33 manat (səksən beş manat otuz üç qəpik) olmaqla, cəmi 6618,28 manat (altı min altı yüz on səkkiz manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar