Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-854/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26034 ABŞ dolları məbləğində borcun və 222,77 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru Rəhim Əliyev (Sifarişçi) və "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru Azad Qasımov (İcraçı) arasında xidmətlərin – sifarişçiyə məxsus çən vaqonlarının yuyulub-buxarlanması, deqazasiya və təmizlənməsi, sifarişçinin mülkiyyətində və ya icarəsində olan istənilən növ vaqonlarının əsaslı, depo və cari təmirinin həyata keçirilməsi, icraçının mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarının istifadəyə verilməsi, yüklərin terminalda aşırılması, ekspedisiya xidmətləri (tələb olunan marşrut və ya marşrut hissələri üzrə) göstərilməsi barədə xx.xx.2022-ci il tarixli, 22 ADY-AZE089a saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin verdiyi imkanlar daxilində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ART-TAF-080 saylı müqaviləyə əsasən iddiaçı ("xxxx" MMC) olan icraçı sifarişçinin (Cavabdeh MMC) yazılı sifarişinə əsasən xidmətləri – ekspedisiya xidmətləri (tələb olunan marşrut və ya marşrut hissələri üzrə), yüklərin terminalda aşırılması, tərəflərin razılığı ilə digər əməliyyatları yerinə yetirməyi və ya onların sifarişçi adından yerinə yetirməsini təşkil etməyi, sifarişçi isə həmin xidmətlər müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hər bir xidmət üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapmışdır. Bu müqavilənin şərtlərinə görə ödənişlərin həyata keçirilməsi sifarişçi tərəfindən İcraçının təqdim etdiyi hesablara qabaqcadan nağdsız şəkildə ödəniş etməli olmuşdur. Lakin keçən müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh pretenziya məktubunda qeyd olunan tarixlərdə dəmir yolu vasitəsi ilə Yalama-Abşeron marşrut xətti üzrə, vaqon ilə taxta yükünün daşıması fəaliyyətinin həyata keçirilməsi müqabilində yaranmış 26034 ABŞ dollarında borcunu ödəməmişdir. İddiaçı isə vaqonların daşıma haqqını "xxxx" MMC-yə ödəmişdir. Cavabdehin bu qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ART-TAF-080 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə görə icraçı sifarişçinin yazılı sifarişinə əsasən aşağıdakı xidmətlərin (ekspedisiya xidmətləri, yüklərin terminalda aşırılması, tərəflərin razılığı ilə digər əməliyyatlar) yerinə yetirməyi və ya onların sifarişçi adından yerinə yetirməsini təşkil etməyi, sifarişçi isə həmin xidmətlər müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.2.2-ci bəndinə görə müqavilə üzrə göstəriləcək xidmətin dəyərini qabaqcadan 100 (yüz) faiz ödəmək sifarişçinin vəzifəsidir.
10. Müqavilənin 4-cü bəndinə əsasən sifarişçi müqavilə dəyərinin 100%-ni icraçının təqdim etdiyi elektron hesab-faktranın əsasında 5 bank günü ərzində ödəyir.
11. Müqavilənin 5.4-cü bəndinə görə bu müqavilə üzrə ödənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq həyata keçirilir.
12. İddiaçı (sifarişç) ilə "xxxx" MMC arasında bağlanmış xidmət göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22-ADY-AZE-089a nömrəli müqaviləyə görə icraçı sifarişçinin yazılı sifarişinə əsasən aşağıdakı xidmətləri (sifarişçiyə məxsus çən vaqolarının yuyulub-buxarlanması, deqazasiya və təmizlənməsi, sifarişçinin mülkiyyətində və ya icarəsində olan istənilən növ vaqonlarının əsaslı, depo və cari təmirinin həyata keçirilməsi, icraçının mülkiyyətində (icarədə) olan dəmir yol vaqonlarının istifadəyə verilməsi, yüklərin terminalda aşırılması, ekspedisiya xidmətləri (tələb olunan marşrut və ya marşrut hissələri üzrə)) yerinə yetirməyi və ya onların sifarişçi adından yerinə yetirməsini təşkil etməyi, sifarişçi isə həmin xidmətlər müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDO 324994 nömrəli 6630 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 007177 nömrəli 34521,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 007832 nömrəli 17227,80 manat məbləğində (ümumilikdə 58379,70 manat) elektron qaimələr təqdim olunmuşdur.
14. "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa görə cavabdeh tərəfindən iddiaçıya məxsus cari hesaba (AZ40UBAZ**********060AZN001) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 14121,90 manat vəsait daxil olmuşdur.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin hazırkı tələbi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ART-TAF-080 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
23. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, ART-TAF-080 nömrəli qarışıq müqavilədən (podrat və yük daşınması müqaviləsi) irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, yaranmış ümumilikdə 58379,70 manat məbləğində borcun müqabilində 14121,90 manat pul ödənilmiş, qalıq 14121,90 manat (26034 ABŞ dolları) məbləğində pul iddiaçıya ödənilməmişdir.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 26034 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 26034 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 222,77 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 26034 (iyirmi altı min otuz dörd) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul, 222,77 (iki yüz iyirmi iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova