Məhkəmə qərarları › İş №e-2-2(113)-857/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-857/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-857/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanan BS-2S1-09-30 saylı, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 72461,47 manat borc pulun, 13043,06 ƏDV borcunun və 400 manat dövlət rüsumu olmaqla, cəmi 85904,53 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli SBS-21-09-30 saylı xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı (İcraçı) cavabdehin müəyyən etdiyi qaydada tünel armaturlarının calanması xidmətlərini göstərməyi cavabdeh (sifarişçi) isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair ödənişlər müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilmişdir. Tərəflər arasında bağlanan xidmət müqaviləsinə görə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi pozaraq göstərilən müqavilə üzrə xidmət haqqını tam şəkildə ödəməmişdir. Həmçinin tərəflər arasında bağlanan müqavilənin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Belə ki, müqavilə üzrə göstərilən xidmətə görə cavabdeh tərəfindən ümumi olaraq 128.461,47 manat xidmət haqqı iddiaçıya ödənilməli idi. Lakin xidmətlərin göstərilməsinə dair müqavilə üzrə qaimələrdən də göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2021-ci ildə 9.500,00 manat (doqquz min beş yüz manat) (ƏDV-1.710,00), xx.xx.2021-ci il tarixdə 25.000,00 manat (iyirimi beş min manat) (ƏDV-4.500,00), xx.xx.2021-ci il tarixdə 5.000,00 manat (beş min manat) (ƏDV-900,00), xx.xx.2022-ci ildə 1.500,00 manat (min beş yüz manat) (ƏDV-270,00), xx.xx.2022-ci il tarixdə 15.000,00 manat (on beş min manat) (ƏDV-2.700,00) olmaqla cəmi 56 000 manat (əlli altı min manat) (ƏDV 10080 manat) ödəniş edilmişdir. Göründüyü kimi, hazırda cavabdeh tərəfindən SBS-21-09-30 saylı, 24 sentyabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 72.461,47 manat (yetmiş iki min dörd yüz altmış bir manat qırx yeddi qəpik) və 13043, 06 (on üç min qırx üç manat altı qəpik) ƏDV borcu qalmışdır. Qeyd edək ki, tərəflər arasında bağlanan müqavilənin 9-cu maddəsində mübahisələrin həlli qaydası təsbit olunmuşdur. Həmin maddənin 1-ci bəndində müəyyən olunur ki, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Əlavə olaraq maddənin 2-ci bənində göstərilir ki, hazırki müqavilə üzrə mübahisələr tərəflərin özaralarında, pretenziya irəlisürülməsi qaydası ilə həlledilir. Tərəfimizdən xx.xx.2023-cü il tarixində cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh "xxxx" MMC (sifarişçi) xx.xx.2023-cü il tarixli xəbərdarlığa cavab məktubunda bildirmişdir ki, SBS-21-09-30 saylı, 24 sentyabr 2021-ci il tarixində tünel armaturlarının calanması xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqaviləyə əsasən İddiaçı MMC (icraçı) lazım olan xidmətləri, lazımınca yerinə yetirməmişdir. Həmçinin həmin cavab məktubunda qeyd olunur ki, müqavilə müddəti ərzində "xxxx" MMC-nin yerinə yetirmiş olduğu xidmətlərin əvəzi tam olaraq ödənilmişdir və tələb edilən məbləğ qarşılığında əlavə heç bir xidmət göstərilməmişdir. Buna görə də "xxxx" MMC-nin tələbi qanunsuz və əsassızdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə sifarişlər şifahi qaydada olmuş, dəyəri qarşılıqlı razılıq əsasında şifahi olaraq müəyyən edilmişdir. Hazırda tələb edilən vəsait müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdehin sifarişi əsasında görülmüş digər əlavə işlərdir. Görülmüş işlərin həcmi daha çox olduğu halda, tərəflərin razılaşması ilə daha az məbləğdə cavabdehə elektron qaimələr göndərilmiş, dəyəri ödənilmişdir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh hesablama aparmış, çəkilmiş xərcləri və görülmüş əlavə işləri hesablayaraq cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin işlərin, xərclərin əvəzini ödəməkdən imtina etmişdir. Belə olduqda, cavabdehə 2023-cü ildə elektron qaimə göndərilmiş, lakin həmin qaimə hər dəfə cavabdeh tərəfindən geri qaytarılmışdır.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə sifarişlər şifahi qaydada olmuş, dəyəri qarşılıqlı razılıq əsasında şifahi olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən görülmüş bütün işlərin dəyəri tərəflərindən ödənilmişdir. İddiaçının iddia etdiyi işlər ümumiyyətlə sifariş verilməmiş, iddiaçı tərəfindən icra edilməmişdir. İddiaçının hazırkı iddia etdiyi məbləğlə bağlı göndərdiyi qaimə isə hər dəfə cavabdeh tərəfindən geri qaytarılmışdır. İddiaçı ümumiyyətlə tələb etdiyi məbləğin çəkilmiş xərc, yaxud görülmüş əlavə işlər olduğunu müəyyən etməmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli SBS-21-09-30 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi tünel armaturlarının calanması, xidmətlərinin göstərilməsini sifariş verib, icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tünel armaturlarının calanması xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən forma-2 ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair forma 2-də qeyd edilir.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.

9. İddiaçı tərəfindən cavabdehə EBBO 915620 nömrəli xx.xx.2021-ci il tarixli 5900 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura göndərilmişdir.

10. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına EBBO 915620 nömrəli qaiməyə əsasən 5000 manat köçürülmüşdür.

11. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 900 manat iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.

12. İddiaçı tərəfindən cavabdehə EBBK 022097 nömrəli xx.xx.2021-ci il tarixli 11210 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura göndərilmişdir.

13. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına EBBK 022097 nömrəli qaiməyə əsasən 9500 manat köçürülmüşdür.

14. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 1710 manat iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.

15. İddiaçı tərəfindən cavabdehə EBBQ 363577 nömrəli xx.xx.2022-ci il tarixli 17700 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura göndərilmişdir.

16. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına EBBQ 363577 nömrəli qaiməyə əsasən 15000 manat köçürülmüşdür.

17. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 2700 manat iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.

18. İddiaçı tərəfindən cavabdehə EBBP 176552 nömrəli xx.xx.2022-ci il tarixli 1770 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura göndərilmişdir.

19. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına EBBP 176552 nömrəli qaiməyə əsasən 1606,10 manat köçürülmüşdür.

20. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 270 manat iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.

21. İddiaçı tərəfindən cavabdehə EBBL 564807 nömrəli xx.xx.2021-ci il tarixli 29500 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura göndərilmişdir.

22. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına müaviləyə əsasən 25799,15 manat köçürülmüşdür.

23. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 4500 manat iddiaçının ƏDV sub-uçot hesabına köçürülmüşdür.

24. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

25. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli SBS-21-09-30 nömrəli podrat müqaviləsi bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən dəyəri ödənilmişdir.

26. İddiaçı həmin müqavilə üzrə cavabdehin sifarişləri əsasında əlavə olaraq tərəflərindən 85504,53 manat dəyərində işlərin görüldüyünü, lakin dəyərinin ödənilmədiyini iddia edir.

27. Cavabdeh həmin iddiaya etiraz edərək, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı əlavə sifarişin verilmədiyini bildirir.

28. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.

30. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

31. Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.

32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli SBS-21-09-30 nömrəli müqavilədə xidmətin göstərilməsinin ilkin sifariş üzrə həyata keçirilməsi və göstərilən xidmətlərin forma-2 (xidmət aktları) imzalanmaqla rəsmiləşdirilməsi nəzərdə tutulsa da, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən müqavilə üzrə artıq icra edilmiş və dəyəri ödənilmiş işlər cavabdehin şifahi sifarişləri üzrə icra edilmiş, tərəflər arasında müqaviləyə hər hansı əlavə imzalanmamış, işlərin təhvili iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilməsi yolu ilə rəsmiləşdirilmişdir.

33. İddiaçı tərəfindən məhkəməyə tələb edilən borcun əsasına dair hər hansı sübut təqdim edilməmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ümumiyyətlə iddiaçı tərəfindən hansı həcmdə əlavə işlərin görülməsi, tələb edilən məbləğin əlavə işlərin dəyəri, yaxud iddiaçının çəkdiyi xərclər olması barədə məlumat verə bilməmiş, tələb edilən borcun hansı qaydada hesablanmasına aydınlıq gətirə bilməmişdir.

34. Bundan əlavə, iddiaçının nümayəndəsi Nümayəndə2 tərəflər arasında müqavilə üzrə münasibətlərin 2022-ci ilin mart ayında bitdiyini bildirmiş, göstərilən müddət ərzində borcun hansı qaydada cavabdehdən tələb edildiyinə aydınlıq gətirə bilməmişdir.

35. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş EBDV 366602 nömrəli xx.xx.2023-cü il tarixli 85504,53 manat, EBDV 366602 nömrəli xx.xx.2023-cü il tarixli 85504,53 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaların isə cavabdeh tərəfindən geri qaytarıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.

36. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs olan İddiaçı MMC tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan əlavə işlərinin görülməsini (həmin işlərin görülməsinə ümumiyyətlə cavabdeh tərəfindən razılığın verilməsini) təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi, əlavə sifarişlərin verildiyi təqdirdə onların rəsmiləşdirilməməsi inandırıcı və ağlabatan deyildir.

37. Bundan əlavə, iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında həmin əlavə sifarişlərin müqavilə üzrə işlərin icrasına başlandığı ilk vaxtlardan icra edilməyə başlandığını, lakin dəyərinin həmişə şifahi qaydada tələb edildiyini, yalnız 2023-cü ildə görülmüş əlavə işlərlə bağlı cavabdehə elektron qaimə təqdim edildiyini bildirsə də, Məhkəmə onun bu arqumentini də əsaslı və ağlabatan hesab etmir.

38. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə yalnız şahid ifadələrini təqdim edə biləcəyini bildirmişdir.

39. Məhkəmə iddiaçının həmin arqumenti ilə bağlı bildirir ki, heç bir yazılı sübutlar olmadığı halda, iddiaçı ilə hazırkı günədək əməkdaşlıq edən şəxslərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən podrat müqaviləsində nəzərdə tutulmayan və yerinə yetirilməsi tələb edilməyən işlərin icra edilməsi sübut olunmur, bununla da, podrat müqaviləsi üzrə cavabdehin əlavə muzd ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əlavə muzd tələb etmək hüququ yaranmamışdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilmədiyindən təmin edilə bilməz.

V. Nəticə:

42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 410 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 410 (dörd yüz on) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar