Məhkəmə qərarları › İş №e-2-2(113)-867/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-867/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-867/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin açıq baxış iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 07 noyabr 2023-ci il tarixli, 01/23 nömrəli xidmət müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq 8500 manat, təmir -tikinti işlərinin görülməsi üçün tərtib olunmuş lahiyəyə görə 2000 (iki min) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 (bir yüz iyirmi iki) manat və hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 380 (üç yüz səksən) manat olmaqla, cəmi 11002 (on bir min iki) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 noyabr 2023-cü il tarixli, 01/23 №-li xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, yəni İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin tapşırığı ilə müxtəlif tikinti işlərinin təşkilini həyata keçirəcəyini və müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş işləri yüksək keyfiyyətlə və vaxtında yerinə yetirməyi öz üzərinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 60720 manat nəzərdə tutulmuş, həmin məbləğdən 8720 manat güzəşt edilərək işlərin görülməsi 52000 manata, təmir işlərinin görülməsi üçün nəzərdə tutulan yerin layihələndirilməsi üçün əlavə olaraq 2000 manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlinmişdir. Hazırkı müqavilənin şərtlərinə əsasən ödəmə 3 mərhələdə aparılmalı idi. Belə ki, ilkin olaraq 13200 ABŞ dolları, qalıq məbləğ 15-20 yanvar tarixlərində, 15-20 fevral tarixlərində iki hissəyə bölünməklə iki dəfə ödəniləcəyi nəzərdə tutulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən tam şəkildə görülsə də, Cavabdeh MMC tərəfindən ödənilməli olan məbləğin ödənilməsi üçün dəfələrlə şifahi və yazılı qaydada müraciət olunsa da, hazırkı vaxta kimi ödənilməmişdir. İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam və keyfiyyətlə icra etsə də, Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğini tam şəkildə ödəməmişdir. Hazırda Cavabdeh MMC-nin 07 noyabr 2023-cü il tarixli, 01/23 saylı xidmət müqaviləsi üzrə 8500 manat və təmir -tikinti işlərinin görülməsi üçün tərtib olunmuş layihəyəyə görə 2000 manat olmaqla, cəmi 10500 manat məbləğində borcu var. Belə ki, tərəflər arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli, 01/23 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığı ilə müxtəlif tikinti işlərinin təşkilini həyata keçirməlidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı bu müqavilədə nəzərdə tutulan işləri yüksək keyfiyyətlə və vaxtında yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 1.1-ci bəndində göstərilən işlərin dəyərinin ödənilməsi cəmi 52000 manat olmaqla, ilkin olaraq 13200 manat ödənildikdən sonra qalan məbləğ 15- 20 yanvar və 15-20 fevral tarixlərində iki hissəyə bölünərək ödənilməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən hazırkı müqavilədə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə görə tərəflər qüvvədə olan qanunvericilikdə müəyyən olunmuş şərtlərlə və qaydada məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər arasında meydana çıxan bütün mübahisə və fikir ayrılıqları tərəflər arasında danışıq aparmaq yolu ilə həll olunur. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mübahisəni məhkəmə qaydasında həll etməlidirlər. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmədə İddiaçı MMC hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə 05 avqust 2024-cü il tarixli, 591 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 380 (üç yüz səksən) manat ödəniş olunmuşdur. Hesab edilir ki, tələb pul məbləği ilə yanaşı, hüquqi yardıma görə ödənilmiş pul məbləği də cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC tərəfindən mübahisənin məhkəmədən kənar həlli ilə bağlı Cavabdeh MMC-yə pretenziya göndərilmiş və pretenziyada göstərilənlərə əsasən müqavilə öhdəlikləri üzrə 10500 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu müddətdə cavabdeh "X5" MMC tərəfindən pretenziya məktubu cavablandırılmamış və heç bir ödəniş aparılmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 385.1, 386.1, 389.1, 399.4, 425.1, 425.2, 442, 443.1, 443.2, 448.1, 448.2, 777.1, 777.2, 783.1, 783.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi, qarşı tərəfin borcu inkar etmədiyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilən Kandemir Ahmet ifadə verərək bildirdi ki, ofis 4 otaqdan ibarət ofis idi. Ofisin mebellərinin təmin edilməsi, sıfırdan təmir edilməsi üçün 55000 manat dəyərində müqavilə imzalandı. İlkin olaraq 25000 manat ödəniləcəkdi, qalan hissəsi də yanvar ayında ödəniləcəkdi. Yanvar ayının əvvəlində ofis təhvil alındı. Həmin vaxtdan etibarən ödəmələr gecikməyə başladı, lakin ilk əvvəl heç bir gecikmə olmayacağı deyilmişdi. Sözləşməyə zamin kimi o da imza atmışdır. Sonda deyildi ki, pul yoxdur və pul olanda ödəniləcək. Müqavilədən 8500 manat məbləğində borc qalıbdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilən Mitan Yusif ifadə verərək bildirdi ki, cavabdehlə Ahmet bəyin vasitəsilə tanış olmuşdur. Ahmet bəy dedi ki, ilk öncə bir qisim pul ödəniləcək, bir neçə dəfə xahiş etdikdən sonra razılaşma oldu. İşlər təhvil verildi, lakin ödəmələrdə gecikmələr oldu. Ən son Nuranə xanım (cavabdeh hüquqi şəxsin direktoru) bildirdi ki, artıq onun ortağı onlarla əlaqə saxlayacaq. Divar boyama, santexnik işləri, elektrik işləri və s. işlər görülmüşdür. Mebellər və avadanlıqları alınmış, bütün işlər onlar tərəfindən görülmüşdür. Ümumi olaraq təxmini 8500-9500 manat qalıq borc var.

9. Məhkəmə iclasında şahid qismində dindirilən Koç Ramazan ifadə verərək bildirdi ki, işlər təxminən 2 aya görülməli idi. Boya, divar kağızının vurulması, elektrik və s. işlər görülmüşdür.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, Nuranə xanımın ofisi üçün boya işləri, mebellərin quraşdırılması, elektrik və s. işlər görülmüşdür. Qarşı tərəfindən heç bir mebel verilməyibdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək bildirdi ki, kitab rəfləri və digər mebelləri o yığmışdır. Nuranə xanımı 2 dəfə orada görmüşdür.

12. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı sifarişçinin tapşırığı ilə müxtəlif tikinti işlərinin təşkilini həyata keçirəcəkdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı müqavilədə nəzərdə tutulan işləri yüksək keyfiyyətlə və vaxtında yerinə yetirməyi öz üzərinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin 1.1-ci maddəsində göstərilən işlərin dəyəri 52000 manat təşkil edir. Həmin məbləğin 13200 dollar hissəsi ödənilmiş, qalıq məbləğ isə 15-20 yanvar və 15-20 fevral tarixlərində iki hissəyə bölünməklə iki dəfəyə ödəniləcəkdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə görə tərəflər qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş şərtlərlə və qaydada məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən təşkilat daxili qaydalara əsasən layihənin icrası dövründə işçi qrupu davranış qaydalarına riayət etməklə yanaşı baş verən hər hansı zorakılıq hallarına görə məsuliyyət daşıyır. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə tərəflərin onu imzaladıqları andan 07 noyabr 2023-cü il tarixindən 07 noyabr 2025-ci il tarixə qədər bağlanır. Bu müddət bitdikdə tərəflər arasında razılaşdırılmış qaydada müddət artırıla bilər.

13. İcraçı qismində “X2” MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 01-2023 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi tapşırır, icraçı isə hazırkı müqavilədə gösətirlmiş şərtlərlə elektrik, zəif axın, yanğın söndürmə, havalandırma, kondisionerləşdirmə, su kanalizasiya sisteminin quraşdırılması işlərinin yerinə yetirilməsi öhdəliyini üzərinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. İcraçı qismində Ramazan Koç ilə sifarişçi İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 001 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətlər göstərməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, AG 02/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin predmeti müqaviləyə əlavələrdə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

16. Satıcı qismində X1 ilə, alıcı qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 043 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı öz mülkiyyətində olan mal-materialları, xidmət və işləri müəyyən edilmiş qaydalara uyğun olaraq satmaq üçün alıcının sifarişi əsasında alıcıya verməyi, alıcı isə onları qəbul edib respublikada mövcud olan kommersiya, ticarət və digər qanunvericilik və normativ aktların tələblərinə uyğun tərzdə satmaqla, bu malların dəyərinə görə hesablanmış pul məbləğini satıcıya ödəməyi öz öhdələrinə götürürlər. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

17. Satıcı qismində X7 ilə, alıcı qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 22/23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan ofis kreslosunu alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

18. Satıcı qismində "xxxx" MMC ilə, alıcı qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, 00010 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan ofis mebelinin alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. İddiaçı tərəfindən iş materiallarına göstərilmiş xidmətləri təsdiq edən fotoşəkillər əlavə edilmişdir.

20. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında ortaq tanışları vasitəsilə Ahmet Kandemir ilə tanış olmuş və həmin şəxs ona işlərini böyüdəcəyi vədini vermişdir. O, Ahmet Kandemirin sözünə inanaraq 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Çinar Park” biznes mərkəzinin 3-cü mərtəbəsində ofis götürmüş və Ahmet onun təmir, mebel və dizayn işlərini Mitan Yusuf bəyə gördürməyi təklif etmişdir. Onlar birlikdə görüşmüş və Yusuf bəylə oktyabr ayından işlərə başlamışlar. O, ödənişin əlli faizini öncədən ödəmiş və yerdə qalan pulu üç ay ərzində hissə -hissə olmaqla ödəyəcəyi ilə razılaşmışdır. O, Yusuf bəyə 43500 manat pul və Ahmet bəyə 9000 manat pul ödəniş etmişdir. Əlavə olaraq 8500 manat borcunun qaldığını, yaxın zamanlarda borcunu tam ödəyəcəyinə söz vermişdir.

21. İddiaçı tərəfindən sübut qismində whatsupp yazışmaları təqdim olunmuşdur.

22. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 01/2023 saylı xidmət müqaviləsi üzrə 8500 manat, təmir -tikinti işlərinin görülməsi üçün tərtib olunmuş layihəyə isə 2000 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3-ci maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, 01/23 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş və cavabdehin öhdəliklərini icra etmədiyini və borcu qəbul etdiyini bildirmişdir.

26. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 07 noyabr 2023-cü il tarixli, 01/23 nömrəli xidmət müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq 8500 manatın tutulması təşkil edir.

27. Məhkəmə iş üzrə materialları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, cavabdeh “Kod Psixologiya” Mərkəzi” MMC-dən 07 noyabr 2023-ci il tarixli, 01/23 nömrəli xidmət müqaviləsi üzrə 8500 (səkkiz min beş yüz) manat qalıq borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş sübutlarla və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında da cavabdehin qanuni nümayəndəsi verdiyi izahatda 8500 manat borcunun qaldığını bildirmişdir.

28. İddia tələbinin digər hissəsini təmir -tikinti işlərinin görülməsi üçün tərtib olunmuş lahiyəyə görə 2000 manatın cavabdehdən tutulması təşkil edir.

29. Məhkəmə tələbə münasibətdə hesab edir ki, iddia göstərilən hissədə təmin edilməməlidir. Belə ki, iddianın göstərilən hissəsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının nümayəndəsi də bildirmişdir ki, həmin məbləği təsdiq edən sübutları təqdim eə bilmir.

30. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat və hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 380 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 98,4 manat (doxsan səkkiz manat qırx qəpik) və hüquqi xidmət xərcinin əvəzi olaraq 308 (üç yüz səkkiz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli xidmət müqaviləsi üzrə 8500 (səkkiz min beş yüz) manat borc, hüquqi yardım xərcinin əvəzi olaraq 308 (üç yüz səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,4 manat (doxsan səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 8906,4 manat (səkkiz min doqquz yüz altı manat qörx qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar