Məhkəmə qərarları › İş №e-2-2(113)-871/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-871/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-871/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, qanuni faiz, prosessual maraq, əldən çıxmış fayda) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 fevral 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 1000 manat məbləğində vəsaitin, 82,5 manat məbləğində əldə çıxmış faydanın və 40 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 fevral 2022-ci il tarixli XXXX nömrəli reklam xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının xeyrinə reklam xidmətlərini həyata keçirməli, iddiaçı isə bu xidmətlərin göstərilməsinə görə razılaşdırılmış məbləği əvvəlcədən cavabdehin bank hesabına köçürməlidir. Həmin müqaviləyə görə göstəriləcək reklam xidmətlərinin növləri, qeyd olunan reklam xidmətlərinin göstərilməsi qaydası və şərtləri müqaviləyə əlavələr olunmaqla, həmin əlavələrlə müəyyən edilir. Qeyd edilən müqavilənin 15 aprel 2022-ci il tarixli 5 saylı Əlavəsinə uyğun olaraq cavabdeh hər ayın 11-dən növbəti ayın 11-dək iddiaçının sosial media üzərindən postlarını sponsorlu reklama qoymaq, hər ayın 11-dən sonra 3 iş günü ərzində reklam hesabatını iddiaçıya təqdim etmək öhdəliyini üzərinə götürmüşdür. Həmin əlavəyə əsasən yuxarıda qeyd olunan xidmətlərin dəyərinin vergilər xaric olmaqla 1000 manat olduğu razılaşdırılmış və iddiaçı həmin məbləği xidmətlərin göstərilməsindən əvvəl cavabdehə məxsus bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İddiaçı 05 may 2022-ci il tarixli ödəniş tapşırığı ilə razılaşdırılmış öhdəliyini icra etmək məqsədi ilə cavabdehin bank hesabına həmin vəsaiti köçürmüşdür. Lakin cavabdeh heç bir səbəb olmadan reklam xidmətlərini göstərməkdən imtina etmiş, yaranmış uyğunsuzluğun aradan qaldırılmasına dair təkliflərə isə, ümumiyyətlə, məhəl qoymayaraq iddiaçıya maddi zərər yetirmişdir. Cavabdeh razılaşdırılmış reklam xidmətlərini göstərməməklə yanaşı, bu xidmətlərin göstərilməsi məqsədi ilə köçürülmüş vəsaiti də geri qaytarmamış, həmin vəsaiti özündə saxlamaqla iddiaçını sözügedən vəsaitin istifadəsindən və onun istifadəsindən gələcək mənfəətdən məhrum etmişdir. Belə olan halda, cavabdeh reklam xidmətlərinin göstərilməsinə görə ona ödənilmiş əsas məbləğlə yanaşı, bu məbləğdən istifadə edə bilməməsi nəticəsində iddiaçının itirmiş olduğu faydanı da sonuncuya ödəməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 448, 445-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında imzalanmış reklam xidmətlərinin göstərilməsi haqqında müqavilə əsas müqavilə olmuş, həmin müqaviləyə əlavələrlərlə ayrı-ayrı reklam xidmətlərinin göstərilməsi razılaşdırılmışdır. Cavabdeh digər əlavələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin 5 saylı əlavə üzrə qabaqcadan ödəniş qaydasında xidmətin dəyəri iddiaçı tərəfindən ödənilsə də, şərtləşdirilmiş xidmət göstərilməmişdir.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri qeyd etdi ki, cavabdehə dəfələrlə müqavilənin icrası təklif edilmiş, icra olunmadığı halda pul geri tələb edilmiş, pretenziya məktubu və mediasiya təklifi göndərilən zaman da rəsmi qaydada pul məbləğinin geri qaytarılması tələb edilmişdir. Eləcə də bildirildi ki, iddianın obyektini təşkil edən 82,5 manat məbləğində pul Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələb edilir.

6. Cavabdehin hüquqi ünvanına, X1 Sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş (yerləşdirilmiş), cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Amma cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. Məhkəməyə təqdim edilən tərəflər arasında 22 fevral 2022-ci il tarixdə bağlanmış reklam xidmətlərinin göstərilməsi haqqında XXXX nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, müqavilənin predmetini, detalları və dairəsi müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavədə (Əlavələrdə) qeyd olunan reklam xidmətlərinin İcraçı (cavabdeh) tərəfindən Sifarişçiyə (iddiaçı) göstərilməsi, Sifarişçi tərəfindən isə göstərilən xidmətin müqabilində müqavilənin 4.1-ci maddəsinə əsasən məbləğin İcraçının hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsi təşkil edir. X3 imzaladığı gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir.

11. Adıçəkilən müqavilənin 4-cü hissəsinə əsasən, bu müqavilə üzrə göstərilən xidmətlərin dəyəri, hər dəfə xidmətlərin dairəsinin və detallarının təsvir edildiyi müvafiq Əlavədə göstəriləcəkdir (4.1). Sifarişçi tərəfindən aylıq xidmət haqqı tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra 14 (on dörd) təqvim günü ərzində, fors-major hallar (zəlzələ, müharibə, yanğın və tərəfin iradəsindən asılı olmadan baş verən, tərəfin müdaxiləsi ilə aradan qaldırılması qeyri-mümkün olan digər hadisələr) yarandıqda isə 3 (üç) təqvim günü ərzində e-mail vasitəsilə bildirməklə 60 (altmış) təqvim günü ərzində İcraçının bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilir (4.2). Ödəniş Azərbaycan manatı ilə həyata keçirilir (4.3).

12. İddia ərizəsinə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli reklam xidmətlərinin göstərilməsi haqqında müqaviləyə dair 5 saylı Əlavəyə əsasən, İcraçı (cavabdeh) hər ayın 11-dən növbəti ayın 11-dək Sifarişçinin (iddiaçı) sosial media üzərindən postlarını sponsorlu reklama qoymaq, hər ayın 11-dən sonra 3 iş günü ərzində reklam hesabatını Sifarişçiyə təqdim etmək öhdəliyini üzərinə götürür. Post (məzmun, ssenari və sair detallar) Sifarişçi ilə qabaqcadan razılaşdırılmalı və Sifarişçinin razılığı alındıqdan sonra yayımlanmalıdır (1-ci bənd). Hazırkı Əlavədə qeyd edilən xidmətlərin dəyəri vergilər xaric olmaqla 1000 (bir min) AZN təşkil edir. Qeyd edilən xidmətlərin dəyəri 100% qabaqcadan ödəniş yolu ilə İcraçının müqavilədə göstərilən bank hesabına ödənilir (2-ci bənd). Bu Əlavələnin 2-ci bəndində göstərilən ödən iş şərti yalnız hazırkı Əlavədə qeyd edilən xidmətə şamil olunur (3-cü bənd). İcraçı öhdəsinə götürür ki, bu Əlavə üzrə xidmət lazımi qaydada, Sifarişçinin göstərişlərinə və tərəflərin razılaşdırdığı şərtlərə uyğun tam və ya qismən icra olunmadıqda Sifarişçinin mülahizəsinə (seçiminə) əsasən, Sifarişçinin ödədiyi məbləğ tam həcmdə geri qatarılmalı və ya Sifarişçinin bildirdiyi başqa üsulla əvəzləşdirilməlidir (4-cü bənd).

13. İş materialların əlavə edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, XXXX seriya və nömrəli elektron qaimədən görünür ki, 1070 manat dəyərindəki dəstgah brendi üçün reklam xidmətinin göstərilməsi ilə bağlı faktura tərtib edilmişdir.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ0012578 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 1000 manat məbləğində pul XXXX nömrəli xx.xx.2022-ci il tarixli müqavilə, XXXX seriya və nömrəli elektron qaimə üzrə cavabdehə ödənilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, müqavilənin predmetini, detalları və dairəsi müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavədə (Əlavələrdə) qeyd olunan reklam xidmətlərinin İcraçı (cavabdeh) tərəfindən Sifarişçiyə (iddiaçı) göstərilməsi, Sifarişçi tərəfindən isə göstərilən xidmətin müqabilində müqavilənin 4.1-ci maddəsinə əsasən məbləğin İcraçının hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsi razılaşdırılmış, həmin müqaviləyə 15 aprel 2022-ci il tarixli 5 saylı Əlavəyə əsasən cavabdeh iddiaçının sosial media üzərindən sonuncu ilə məzmun, ssenari və sair detallar daxil olmaqla qabaqcadan razılaşdırılan və razılığı alındıqdan sonra yayımlanmalı olan postlarını sponsorlu reklama qoymağı, iddiaçı isə qeyd edilən xidmətlərin dəyəri olan vergilər xaric 1000 manat məbləğində pulun 100%-ni qabaqcadan ödəniş yolu ilə cavabdehin müqavilədə göstərilən bank hesabına ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı həmin Əlavə ilə göstərilməsi razılaşdırılan xidmətlərə görə müəyyən olunmuş qiymətin ödənilməsi ilə bağlı öhdəliyini icra edərək xidmətin dəyərini qabaqcadan ödəmişdir.

16. İddiaçı 22 fevral 2022-ci il tarixli müqaviləyə 5 saylı Əlavə ilə icrası razılaşdırılmış, lakin icra edilməyən xidmətin dəyərini (öhdəliyin dəyərini) təşkil edən 1000 manat məbləğində pulun tutulmasını tələb edir.

17. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, müqaviləyə 5 saylı Əlavə ilə icrası razılaşdırılmış xidmətlərin göstərilməsi ilə bağlı hər hansı sübut təqdim etmir və iddiaya heç bir etiraz etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli müqavilə və müqavilənin 5 saylı Əlavəsi mahiyyət etibarı ilə xidmət müqaviləsidir. İddiaçı cavabdehə reklam yerləşdirilməsi xidmətini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə "xidmət müqaviləsi" münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

24. Məhkəmə bildirir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

25. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

26. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Məhkəmə bildirir ki, tərəflərin arasında olan razılaşmaya uyğun olaraq iddiaçı öz öhdəliklərini icra etmiş və qabaqcadan ödənilməsi razılaşdırılmış xidmət haqqını ödəmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən xidmətlərin təhvil-təslim aktı əsasında təhvil verilməsi razılaşdırılmış, 5 saylı əlavə ilə də cavabdeh ayın 11-dən sonra 3 iş günü ərzində reklam hesabatını sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür. İdiaçının təqdim etdiyi xx.xx.2022-il tarixli aktdan görünür ki, tərəflər müqaviləyə digər əlavə üzrə xidmətin göstərilməsini aktlaşdıraraq təsdiq etmişlər. Bu isə onu deməyə əsas verir ki, xidmətlərin təhvil verilməsi müqavilə və əlavələrin şərtlərinə uyğun həyata keçirilmişdır. Hazırkı iş üzrə isə cavabdeh müqaviləyə 5 saylı Əlavə ilə razılaşdırılmış xidmətin göstərilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

35. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə postları sponsorlu reklama qoymaq ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 1000 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Müqavilənin icra edilməməsi üçün faiz məbləğinin tutulması tələbi ilə bağlı

36. İddiaçı həmçinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 82,5 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş edir.

37. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

38. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

39. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin xidmət müqaviləsinin dəyərini təşkil edən və qabaqcadan ödənilmiş 1000 manat məbləğində puldan faydalandığını, yəni Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, formal mülahizələr irəli sürmüşdür. Eyni zamanda iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmir.

40. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

41. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

42. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7ci maddəsi tətbiq edilməklə müvafiq pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Tərəflər arasındakı xidmət müqaviləsinə 5 saylı əlavəyə əsasən, cavabdehin hər ayın 11-dən növbəti ayın 11-dək iddiaçının sosial media üzərindən postlarını sponsorlu reklama qoymaq, hər ayın 11-dən sonra 3 iş günü ərzində reklam hesabatını cavabdehə təqdim etmək öhdəliyi nəzərədə tutulmuşdur. Ödənişin qabaqcadan ediləcəyinin razılaşdırıldığı və xx.xx.2023-cü il tarixdə edildiyi nəzərə alındığında belə qənaətə gəlinir ki, cavabdeh 2022-ci ilin may ayının 11-dən, həmin ilin iyun ayının 11-dək müvafiq xidməti göstərməli, iyun ayının 11-dən sonra 3 iş günü ərzində (iyun ayının 16-sı sonuncu iş günü olmaqla) sözügedən xidmətin göstərilməsi barədə hesabatı iddiaçıya təqdim etməli idi. Bu səbəbdən 17 iyun 2022-ci il tarixdən öhdəliyin icrası gecikdirilmiş hesab edilməli, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək (16 yanvar 2023-cü il) illik 5%-lə hesablanmaqla 29,16 manat ((1000 x 5 / 100 = 50 (1 il üçün), 50 / 365 = 0,1369 (1 gün üçün), 0,1369 x 213 (213 gün üçün)) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

44. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-01926 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 06 yanvar 2023cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

46. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

47. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

48. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

49. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2022-ci il tarixli müqavilə üzrə 1000 (min) manat əsas borc, əsas borca illik beş faiz hesablanmaqla 29 (iyirmi doqquz) manat 16 (on altı) qəpik olmaqla ümumilikdə 1029 (min iyirmi doqquz) manat 16 (on altı) qəpik pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar