Məhkəmə qərarları › İş №e-2-2(113)-8710/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8710/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8710/2025 03.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 (Azintelecom) MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (borc, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı “X1 (Azintelecom) MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X1 (Azintelecom) MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı müqavilə üzrə ƏDV daxil 35,242.61 AZN, xx.xx.2025-ci il tarixində borcun ödənilməsinə dair üç tərəfli Razılaşma və 23 yanvar 2025-ci il tarixli 00xx-xx/2025 nömrəli xidmətlərin göstərilməsi haqqında Müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli 1 saylı Razılaşma üzrə ƏDV daxil 33.200,76 AZN manat əsas borcun və 297 manat ödənilmiş dövlət rüsumunun cəmi olaraq isə 68.740,37 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 287HD2021 saylı və "xxxx" MMC ilə Cavabdeh QSC arasında xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı “Virtual Server Xidmətləri” istiqaməti üzrə Müqavilələr imzalanmışdır. xx.xx.2021-ci il tarixli 287HD2021 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən göstərilən Virtual Server Xidmətləri üzrə ödəniş "xxxx" MMC tərəfindən ödənilmədiyindən qeyd olunan ödəniş üzrə yaranmış ƏDV daxil 33.200,76 manat borcun Cavabdeh QSC tərəfindən qarşılanması məqsədi ilə xx.xx.2025-ci il tarixində borcun ödənilməsinə dair Razılaşma üç tərəfli qaydada bağlanmışdır. Yuxarıda qeyd olunanlara əlavə olaraq, aprel-oktyabr 2024-cü il dövrləri əhatə edən borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh QSC arasında xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 nömrəli xidmətlərin göstərilməsi haqqında Müqaviləyə 1 saylı Razılaşma imzalanaraq müqaviləyə müvafiq dəyişikliklər edilmişdir. Həmçinin, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" MMC Cavabdeh QSC-yə Virtual Server Xidmətlərinin Konfiqurasiyasına əsaslanaraq Müqavilə əsasında müəyyən edilən şərtlər əsasında Virtual Server Xidmətlərinin göstərilməsini, Cavabdeh QSC isə Xidmətlər haqqını ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.1-ci maddəsinə əsasən Xidmətlər haqqının və gecikdirilmiş Xidmətlər haqqı üzrə yaranan borc məbləğinin ödənilməsini, 4.2.9-cu maddəsinə əsasən isə Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən Virtual Server Xidmətlərinə dair ödənişlərin vaxtı-vaxtında və tam şəkildə aparılmasının həyata keçirməsini Cavabdeh QSC üzərinə öhdəlik götürür. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam və müvafiq qaydada yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bununla bağlı tərəfimizdən dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar bu günə qədər nəticəsiz qalmışdır.

3. 23.12.2025-ci il tarixdə iddiaçı EMİS vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh QSC-dən 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayınadək olan dövrlər üzrə xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı müqavilənin xx.xx.2025-ci il tarixli 1 saylı Əlavəsinə dair 29,866.64 manat əsas borc və 5,375.97 manat ƏDV borcu olmaqla ümumi ƏDV daxil 35,242.61 manat, 2024-cü ilin aprel-oktyabr ayları üzrə 01.04. 2025-ci il tarixində Borcun ödənilməsinə dair üç tərəfli Razılaşmaya əsasən 28,136.21 manat əsas borc və 5,064.55 manat ƏDV borcu olmaqla ümumi ƏDV daxil 33.200,76 manat manat borcun və 296 manat ödənilmiş dövlət rüsumunun cəmi olaraq isə 68.739,37 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8710/2025 saylı xx.xx.2026-cı il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. xx.xx.2026-cı il tarixdə cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim edərək onun ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv olunaraq iş üzrə icraat təzələnmişdir.

II. Tərəflərin mövqeləri:

6. İş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə saat 11:20-yə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X3 və X4 iddia ərizəsinin məzmunun uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İcraçı “X1 (Azintelecom) MMC və sifarişçi Cavabdeh QSC arasında bağlanan hər iki hüquqi şəxsin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı xidmət göstərilməsi haqqında müqavilənin: 1.1-ci maddəsinə əsasən, icraçı sifarişçiyə Virtual Server Xidmətlərinin konfiqurasiyasına əsaslanaraq Müqavilə əsasında müəyyən edilən şərtlər əsasında virtual server xidmətlərinin (bundan sonra “Virtual Server Xidmətləri” adlandırılacaq) göstərilməsini, Sifarişçi isə Xidmətlər haqqını ödəməyi öz öhdəsinə götürür. 3.1.1-ci maddəsinə əsasən, xidmətlər haqqının və gecikdirilmiş ödənişlər üzrə yaranan borc məbləğinin ödənilməsini Sifarişçidən tələb etmək icraçının hüququdur. 4.2.1-ci maddəsinə əsasən xidmətlər haqqının və gecikdirilmiş Xidmətlər haqqı üzrə yaranan borc məbləğinin ödənilməsi sifarişçinin vəzifəsidir. 4.2.9-cu maddəsinə əsasən Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən Virtual Server Xidmətlərinə dair ödənişlərin vaxtı-vaxtında və tam şəkildə aparılmasının həyata keçirmək sifarişçinin vəzifəsidir.

11. Müqaviləyə 1 saylı əlavədən görünür ki, virtual server xidmətləri göstərilməsinə dair icraçı tərəfindən sifarişçiyə aylıq ödəniş 3674.07 manat, ƏDV 661.33 manat olmaqla, məcmu dəyəri 4335.40 manatlıq təklif təqdim edilmişdir.

12. İcraçı “X1 (Azintelecom) MMC və sifarişçi "xxxx" MMC arasında bağlanan hər iki hüquqi şəxsin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 287HD2021 saylı xidmət göstərilməsi haqqında müqavilənin: 2.1-ci maddəsinə əsasən, icraçı Müqavilənin şərtlərinə və qanunvericiliyin tələbinə uyğun şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədə göstərilən xidməti həyata keçirir. Sifarişçi isə Xidmətlərin müqabilində müvafiq ödənişləri həyata keçirir.

13. İcraçı “X1 (Azintelecom) MMC , sifarişçi Cavabdeh QSC və "xxxx" MMC arasında bağlanan hər üç hüquqi şəxsin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli borcun ödənilməsinə dair razılaşmadan görünür ki, həmin razılaşma icraçı və "xxxx" arasında bağlanan xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən göstərilən xidmətlərin ödənişi "xxxx" MMC tərəfindən ödənilmədiyindən yaranmış borcun sifarişçi tərəfindən qarşılanması məqsədi ilə bağlanılır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən, sifarişçinin AG Telekom-un aidiyyəti olan şəxsi qismində çıxış etdiyini nəzərə alaraq 287HD2021 saylı 20 sentyabr 2021-ci il tarixli Müqavilə üzrə göstərilən Xidmətlər (Virtual Server Xidmətləri) üzrə aprel-oktyabr 2024-cü il dövrləri əhatə edən ƏDV daxil 33,484.04 manat məbləğində ödənişin (bundan sonra “Borc”) təmin edilməsi Sifarişçi tərəfindən AG Telecom-un əvəzinə həyata keçiriləcəkdir. 2-ci bəndinə əsasən sifarişçi hazırkı Razılaşma imzalandığı tarixdən 15 iş günü ərzində Borcun tam şəkildə ödənilməsini öz öhdəsinə götürür. 3-cü bəndinə əsasən, icraçı borcun sifarişçi tərəfindən təmin edilməsinə etiraz etmir.

14. “X1 (Azintelecom) MMC və Cavabdeh QSC arasında bağlanan xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı müqavilənin əsasında göstərilən xidmətlər üzrə hər iki hüquqi şəxsin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli təhviltəslim aktına əsasən 2025-ci ilin mart ayı dövrü üçün ümumi dəyəri 4335.40 manat təşkil edən virtual server xidmətləri, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 2025-ci ilin aprel ayı dövrü üçün ümumi dəyəri 4335.40 manat təşkil edən virtual server xidmətləri, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 2025-ci ilin yanvar ayı dövrü üçün ümumi dəyəri 4335.40 manat təşkil edən virtual server xidmətləri icraçı tərəfindən sifarişçiyə təhvil verilmişdir.

15. “X1 (Azintelecom) MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanan MT2504 seriyalı 10814626 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2504 seriyalı 11526725 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2504 seriyalı 11488601 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2504 seriyalı 11526837 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2504 seriyalı 12522072 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2505 seriyalı 12514128 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2507 seriyalı 10186194 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat, MT2507 seriyalı 12406729 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 559.41 manat, MT2503 seriyalı 11021461 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4335.40 manat təşkil etmişdir.

16. “X1 (Azintelecom) MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanan EBEE seriyalı 077817 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 4749.54 manat, MT2410 seriyalı 11822204 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 4749.53 manat, MT2410 seriyalı 10040289 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 4749.53 manat, MT2408 seriyalı 11935762 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 4749.53 manat, MT2407 seriyalı 11805192 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 4749.53 manat, MT2406 seriyalı 11627158 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ 4749.53 manat, MT2405 seriyalı 11014560 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 7.08 manat, MT2404 seriyalı 00754993 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 4696.43 manat təşkil etmişdir.

17. xx.xx.2025-ci il tarixli qəbzə əsasən, iddiaçı tərəfindən 297 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iddianın predmetini 2 müqavilə - xx.xx.2025-ci il tarixli borcun ödənilməsi barədə razılaşma və xx.xx.2025-ci il tarixli xidmət göstərilməsi barədə müqavilə təşkil edir. Cavabdehin müqavilələr üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC və sifarişçi Cavabdeh QSC arasında bağlanan xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı xidmət müqaviləsi əsasında icraçı sifarişçiyə virtual server xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüş, müqaviləyə 1 saylı əlavə əsasında xidmətlərin aylıq dəyəri 4335.40 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli müqavilə üzrə göstərilən xidmətlər hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları əsasında qəbul edilmiş, əlavə olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli müqavilə üzrə ümumi dəyəri 35242.61 manat həddində elektron qaimələr göndərilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, digər tərəfdən icraçı Azintelecom MMC və sifarişçi "xxxx" MMC arasında servis xidmətlərinin göstərilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 287HD2021 saylı müqavilə imzalanmışdır. Daha sonra icraçı “X1 (Azintelecom) MMC, sifarişçi Cavabdeh QSC və "xxxx" MMC arasında bağlanan xx.xx.2025-ci il tarixli borcun ödənilməsinə dair razılaşmaya əsasən, 20.09. 2021ci il tarixli müqavilə üzrə göstərilən xidmətlərə görə (2024-cü il aprel-oktyabr) ƏDV daxil 33,484.04 manat məbləğində ödənişin (borcun) razılaşmanın imzalandığı gündən 15 iş günü ərzində AG Telecom MMC əvəzinə Cavabdeh QSC tərəfindən həyata keçirilməsi barədə razılığa gəlmişlər və icraçı borcun Cavabdeh QSC tərəfindən təmin edilməsinə etiraz etməmişdir. Həmin razılaşma hər üç hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmiş və iddiaçı tərəfindən cavabdehə 33200.76 manat dəyərində elektron qaimələr göndərilərək göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi tələb olunmuşdur. Beləliklə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş və göstərilmiş xidmətlərin dəyərini ödəməmişdir. İddiaçı hazırda xx.xx.2025-ci il tarixli müqavilə üzrə ümumilikdə (ƏDV daxil) 35,242.61 manat və xx.xx.2025-ci il tarixli borcun ödənilməsinə dair üç tərəfli razılaşmaya əsasən 33.200,76 (ƏDV daxil) manat borcun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

22. İş materiallarından görünür ki, mailto:samir.mammadli@katech.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:jannat.najafova@azintelecom.azElektron ünvan 2 elektron poçt ünvanına göndərilən xx.xx.2025-ci il tarixli e-mail yazışmasında bank hesablarının Mərkəzi Bank tərəfindən müvəqqəti bloklanması səbəbindən borcun ödənilməsinin növbəti həftə təmin edilməyə çalışılacağı qeyd edilmişdir.

23. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininKommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

24. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclasları barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Daha sonra iş üzrə qiyabi qətnamə qəbul olunmuş, xx.xx.2026-cı il tarixdə cavabdeh qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, məhkəmənin e-2-2(113)- 8710/2025 saylı xx.xx.2026-cı il tarixli qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnmişdir. 17 fevral 2026-cı il tarixli məhkəmə iclası cavabdehin iştirakını təmin etmək üçün yenidən təxirə salınmış, buna baxmayaraq cavabdeh növbəti məhkəmə iclasında da iştirak etməmiş, həmçinin iddiaya dair etirazını, ödəniş sənədlərini və işin faktiki hallarına dair digər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəfindən kifayət qədər şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

26. AR MPM-in: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

27. Belə ki, iddia ərizəsi yazılı sübutlar (sənədlərə) əsaslanmalıdır. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.

28. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanan müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli cavabdehdən 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayınadək olan dövrlər üzrə xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı müqavilənin xx.xx.2025-ci il tarixli 1 saylı Əlavəsinə əsasən 29,866.64 manat əsas borc və 5,375.97 manat ƏDV borcu olmaqla ümumi 35,242.61 manat, 2024-cü ilin aprel-oktyabr ayları üzrə xx.xx.2025-ci il tarixli borcun ödənilməsinə dair üç tərəfli Razılaşmaya əsasən 28,136.21 manat əsas borc və 5,064.55 manat ƏDV borcu olmaqla ümumi 33.200,76 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

29. İddiaçı eyni zamanda ödənilmiş 296 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Qeyd edilən ödəniş iş materialları əsasında öz təsdiqini tapır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 296 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayınadək olan dövrlər üzrə xx.xx.2025-ci il tarixli 00xx-xx/2025 saylı müqavilənin xx.xx.2025-ci il tarixli 1 saylı Əlavəsinə əsasən 29,866.64 manat əsas borc və 5,375.97 manat ƏDV borcu olmaqla ümumi 35,242.61 manat, 2024-cü ilin aprel-oktyabr ayları üzrə xx.xx.2025-ci il tarixli borcun ödənilməsinə dair üç tərəfli Razılaşmaya əsasən 28,136.21 manat əsas borc və 5,064.55 manat ƏDV borcu olmaqla ümumi 33.200,76 manat borc və 296 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə bir rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar