Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8774/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 19/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli müqavilə üzrə qalıq məbləğ 9995 (doqquz min doqquz yüz doxsan beş) manat, müqavilə şərtlərinin pozulmasına görə 299,85 manat (iki yüz doxsan doqquz manat səksən beş qəpik) və ödənilmiş dövlət rüsumuna görə 119,95 manat (yüz on doqquz manat doxsan beş qəpik) olmaqla, ümumilikdə 10414,80 manat (on min dörd yüz on dörd manat səksən qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən hesabından tutularaq İddiaçı Məhdud Məsuliyyıtli Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanmış 19/2024 nömrəli 21 avqust 2024-cü il tarixli müqavilə əsasında mal-materialların alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə tərəfimizdən mal-material (kabel) cavabdehə təhvil-təslim aktı ilə təhvil verilmiş, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən öhdəliklərin tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtləri icra edilməmişdir. Mal-materilların alqı-satqısı müqaviləsi üzrə müqavilə dəyəri (ƏDV daxil) 38409 (otuz səkkiz min dörd yüz doqquz) manat müqavilə dəyərindən qalıq məbləğ olan 9995 (doqquz min doqquz yüz doxsan beş) manat bu günə kimi cavabdeh tərəfdən ödənilməmişdir. Bundan başqa, müqavilənin 2-ci bəndinə müvafiq olaraq müqavilə şərtlərini pozan tərəf müqavilə dəyərinin 3% həcmində cərimə edilir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və müəssisə təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması müəssisənin üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə 19/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən alıcı bu müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları sifariş edir. Satılan malların keyfiyyəti standartlara uyğun olmalıdır. Müqavilə üzrə nəzərdə tutulan öhdəliklər müqavilə imzalandığı gündən qüvvəyə minir və 30 gün müddətinə tərəflərin üzərinə düşən öhdəliklər başa çatdırılır. Həmin müqavilənin 2-ci bəndinə əsasən satıcı satdığı malı alıcının anbarına tam təhvil verildikdən sonra elektron qaimə-faktura göndərir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilənin şərtlərini pozan tərəf müqavilənin dəyərinin 3% həcmində cərimə olunur. Həmin müqavilənin 4-cü bəndinə əsasən satılan malların dəyəri köçürmə qaydasında aparılır.
8. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19/2024 nömrəli alq-satqı müqaviləsinə 01 nömrəli Əlavədən (qiymət razılaşdırılması haqqında) görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiymət(lər)i (38409 manat ƏDV daxil (32550 + 5859 18% ƏDV)) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19/2024 nömrəli alq-satqı müqaviləsinə 02 nömrəli Əlavədən (qiymət razılaşdırılması haqqında) görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiymət(lər)i (23591,10 manat ƏDV daxil (19995 + 3599,10 18% ƏDV)) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11487243 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 38409 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10016759 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23594,10 manat (ƏDV daxil) təşkil edir.
12. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 32550 manat məbləğində mal(lar) (Malın adı - Kabel 1x240; miqdar – 700; qiymət – 46,50) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 19995 manat məbləğində mal(lar) (Malın adı - Kabel 1x240; miqdar – 430; qiymət – 46,50) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2025-ci il tarixli, 09/12 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə MT**********43 saylı EQF ilə müəssisədən 32550 (otuz iki min beş yüş əlli) manatlıq, xx.xx.2024-cü il tarixdə MT**********59 saylı EQF ilə 19995 (on doqquz min doqquz yüz doxsan beş) manatlıq, cəmi 52545 (əlli iki min beş yüz qırx beş) manatlıq elektrik kabelləri almışdır. Müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə 12550 (on iki min beş yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə 20000 (iyirmi min) manat, xx.xx.2024-cü il tarixdə isə 10000 (on min) manat, cəmi 42550 (qırx iki min beş yüz əlli) manat vəsait ödəmişdir. Yerdə qalan 9995 (doqquz min doqquz yüz doxsan beş) manat vəsait dəfələrlə müraciət edilməsinə baxmayaraq bu günə kimi ödənilməmiş qalır.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin qısa müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.
19. İddia tələbinin bir hissəsini cavabdehdən 9995 manat əsas borcun tutulması təşkil edir.
20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 9995 (doqquz min doqquz yüz doxsan beş) manat borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, cavabdehə cəmi 52545 manatlıq elektrik kabelləri satılmış, həmin məbləğdən xx.xx.2024-cü il tarixdə 12550 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə isə 10000 manat olmaqla, cəmi 42550 manat vəsait ödənilmiş, 9995 (52545- 12550-20000-10000=9995) manat vəsait isə ödənilməmişdir.
21. Bundan əlavə iddiaçı cavabdehdən 299,85 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 299,85 manat (iki yüz doxsan doqquz manat səksən beş) cərimə tutularaq iddiaçıya ödənilməlidir.
23. Eləcə də, ödənilmiş 119,95 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
24. Məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 119,95 manat (yüz on doqquz manat doxsan beş qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 21 avqust 2024-cü il tarixli, 19/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 9995 (doqquz min doqquz yüz doxsan beş) manat borc, 299,85 manat (iki yüz doxsan doqquz manat səksən beş) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119,95 manat (yüz on doqquz manat doxsan beş qəpik) olmaqla, ümumilikdə 10414,8 manat (on min dörd yüz on dörd manat səksən qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova