Məhkəmə qərarları › İş №e-2-2(113)-8778/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8778/2025

22.01.2026 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8778/2025 22.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı müflis elan edilməsi (açar sözlər: müflis elan edilmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Kreditor İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Ərizəçi İddiaçı müflis elan edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti

1. Ərizəçi İddiaçı (bundan sonra İddiaçı MMC) müflis elan edilmə və iflas prosesinə başlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizənin faktiki əsası olaraq göstərilmişdir ki, ərizəçi İddiaçı MMC xx.xx.2006-cı ildə dövlət qeydiyyatından keçmiş, ilk dövrlər uğurlu fəaliyyət göstərsə də, sonradan rəqabətə tab gətirməyərək fəaliyyətini uğurlu davam etdirə bilməmişdir. Bu səbəbdən İddiaçı MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 466 144, 58 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən borc məbləğinin ödənilməsi ilə əlaqədar hazırda da ərizəçinin hər hansı vəsaiti və ya əmlakı olmadığı üçün sonuncu həmin borc məbləğlərini ödəmək qabiliyyətində deyildir. Ərizəçinin hal-hazırda aktivləri də mövcud deyildir. İflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun təsisçiləri (səlahiyyətli orqanı) xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Ərizəçiyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən başqa digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları məlum deyildir.

3. Ərizədə hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Müflisləşmə və iflas haqqında” Qanun) 3-cü maddəsinə istinad edilmişdir.

4. Ərizədə İddiaçı MMC-nin kreditoru kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi göstərilmişdir.

5. Kreditor İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi etiraz təqdim edərək, ərizəçinin tələblərinin təmin olunmamasını xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, cəmiyyətin balansında öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət qədər aktivin olmadığı ərizədə qeyd edilmişdir. Lakin Baş Dövlət Yol Polisi İdarəsindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-xx-xx/2148329/2024 saylı məktuba əsasən, vergi orqanın təqdim etdiyi məlumatlar əsasında cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələrinə vergilər üzrə borc öhdəliklərinin təminatı üçün mədudiyyət qoyulmuşdur. Göründüyü kimi, ərizəçinin qeydinin əksinə, cəmiyyətin balansında aktivlərin (nəqliyyat vasitələrinin) olmasını vergi orqanı ilə yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi də təsdiqləmişdir. Ərizəçinin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə olan 466 369,35 manat borcuna görə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********2 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və vergi ödəyicisinin mülkiyyətində olan ümumilikdə dəyəri 434 000 manat dəyərində 13 sayda nəqliyyat vasitəsi siyahıya alınmış və müvafiq fakt **********2 saylı xx.xx.2024-cü il tarixli protokolla rəsmiləşdirilmişdir. Qeyd olunan əmlakların satılması və vergi ödəyicisinin dövlət büdcəsinə olan borcların ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən Bakı İnzibati Məhkəməsinə “siyahıya alınmış əmlakın satılmasına dair” iddia tələbi ilə müraciət edilmişdir. Müvafiq inzibati iş üzrə icraat hal-hazırda Bakı İnzibati Məhkəməsində davam etdirilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin əmlakları olduğu təqdirdə belə bir qərarın qəbul edilməsi dövlət büdcəsinə olan borcların alınmasının əsassız olaraq uzadılmasına, eyni zamanda borclunun yeni kreditorları olduğu təqdirdə vergi borclarının ödənilməməsinə şərait yarada bilər. Çünki hazırkı dövrdə ərizəçinin mülkiyyətində vergi borclarının mühüm hissəsinin ödənilməsi üçün kifayət qədər daşınar əmlaklar vardır. Cəmiyyətin müflis elan edilməsi həmin əmlakların satılmasına və dövlət büdcəsinə olan borcların ödənilməsinə maneə yaradacaqdır. Belə ki, Vergi Məcəlləsinin 79.3-cü maddəsinə əsasən, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Növbəlilik qaydasında silinməyə əsasən, Mülki Məcəlləinin 965.2.3-cü maddəsi üzrə dövlət büdcəsinə və digər fondlara olan borclara dair silinmələr üçüncü növbədə həyata keçirilir. Qeyd olunanlara əsasən, Bakı İnzibati Məhkəməsinin icraatında artıq işə mahiyyəti üzrə baxıldığını və dövlət büdcəsinə olan borcların ödənilməsi üçün vergi ödəyicisinin əmlaklarının olduğunu əsas götürərək cəmiyyətin müflis elan edilməsindən imtina edilməlidir.

7. Etirazda hüquqi əsas kimi Vergi Məcəlləsinin 79.3-cü maddəsi, “Müflisləşmə və iflas haqqında” Qanunun 11.1, 18.2-ci maddələri göstərilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

8. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin baxış iclasında iştirak edərək ərizənin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, əvvəla, vergi orqanı siyahıya aldığı 13 ədəd nəqliyyat vasitəsinin dəyərini necə müəyyən etdiyini açıqlamamışdır. Digər tərəfdən, həmin nəqliyyat vasitələri ərizəçinin keçmiş təsisçisi “Gilan Holding” tərəfindən ərizəçiyə təhvil verilməmişdir. Belə ki, nəqliyyat vasitələri ərizəçinin mülkiyyətində olsa da, faktiki sahibliyində deyildir. Eyni zamanda hətta vergi orqanı tərəfindən nəqliyyat vasitələrinin düzgün qiymətləndirildiyi fərz olunsa belə, həmin nəqliyyat vasitələrinin ümumi dəyəri 434 000 manat təşkil edir. Bu isə ərizəçinin ümumi borclarının ödənilməsi üçün kifayət etmir. Ərizəçinin vergi borcu ilə yanaşı, icra sənədi üzrə də borcu mövcuddur.

9. Kreditor İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək, ərizəyə etiraz etdi və qeyd etdi ki, ərizəçinin vergi borcu ilə bağlı “siyahıya alınmış əmlakın satılmasına dair” iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Belə ki, vergi orqanı tərəfindən 2024-cü ildə siyahıya alma qərarı əsasında həyata keçirilmiş hərəkətlər nəticəsində müəyyən olunmuşdur ki, 434 000 manat dəyərində 13 sayda nəqliyyat vasitəsi vardır. Həmin əmlaklar siyahıya alınmış və satılması üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********788000 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC-nin əvvəlki təsisçisi "xxxx" MMC, hazırkı təsisçisi X2 olmaqla nizamanamə kapitalı 20020 manat təşkil edir. - İddiaçı MMC-nin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəmiyyətin illik hesabat və mühasibat balansına dair sənədlərinə, habelə məhkəmə sənədlərinə və cəmiyyətlə bağlanılmış müqavilələrə əsasən yaranmış borcların, onların hesablandığı gündən etibarən ardıcıl olaraq 1 il ərzində tam icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığı müəyyən edilərək cəmiyyətin iflas prosesinə başlanılması üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. - İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən çıxarışa əsasən, MMC-nin cəmi ödənilməli vergi borcu 469 638,88 manat təşkil edir. - İddiaçı MMC-nin 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, hesabat dövrünün gəlirləri 0 manat, xərcləri 110 745,01 manat təşkil etmişdir. Həmin bəyannaməyə 1 nömrəli əlavəyə əsasən, MMC-nin 2024-cü ilin sonuna cəmi aktivləri 5 275 604,31 manat, cəmi öhdəlikləri 5 151 897,54 manatdır. - xx.xx.2024-cü il tarixli **********2 nömrəli protokola əsasən İddiaçı MMC-nin 18 adda nəqliyyat vasitəsi siyahıya alınmış, həmin nəqliyyat vasitələrinin cəmi dəyəri 434 000 manat olaraq qiymətləndirilmişdir. - İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 434000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 434000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərarın qəbul edilməsini xahiş etmiş, iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır.

12. Beləliklə, məhkəmə iş materiallarında olanda sübutlar əsasında müəyyən edir ki, 2024-cü ilin sonuna ərizəçinin cəmi aktivləri 5 275 604,31 manat, cəmi öhdəlikləri 5 151 897,54 manat olmuş, xx.xx.2025-ci il tarixə ərizəçinin cəmi ödənilməli vergi borcu 469 638,88 manat təşkil etmişdir. Kreditor İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə ərizəçinin 18 ədəd nəqliyyat vasitəsini siyahıya alaraq 434 000 manat qiymətləndirmiş və siyahıya alınmış əmlakın satılmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

13. Məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.

14. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

15. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

16. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.

17. Göründüyü kimi, “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. Belə ki, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur ki, müflis elan olunmasını tələb edən borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olub-olmaması müəyyənləşdirilsin.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi 1 kreditoru barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, onların alınması üçün gördüyü tədbirləri, aktivləri, digər gəlirləri haqqında məlumatları və sənədləri məhkəməyə təqdim etməmiş, ərizədə məhkəmə işi barədə ümumi məlumat qeyd olunmuşdur.

19. Məhkəmə qeyd edir ki, borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması qanunvericiliklə konkret olaraq tənzimlənmiş, borclunun kreditorlar qarşısında öhdəliklərinin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, ərizəçinin özünün təqdim etdiyi sənədlərdən 2024-cü ilin sonuna cəmi aktivlərinin dəyərinin 5 275 604,31 manat olduğu müəyyən olunur.

20. Beləliklə, kreditor borclarının ödənilməsi üçün kifayət qədər aktivlərinin olmaması ilə bağlı sübutetmə yükü ərizəçinin üzərinə düşsə də, ərizəçi məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim etməmişdir. Təqdim etdiyi sübutlar isə ərizəçinin aktivlərinin olmasını təsdiq etmişdir. Bu isə ərizənin əsassız olduğu qənaətinə gəlməyə əsas verir.

21. Digər tərəfdən, ərizəçi ərizəsinin əsası qismində dövlət büdcəsinə olan vergi borcuna istinad etsə də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin ərizəyə etirazının əsasını kimi istinad etdiyi halları təsdiq etmək üçün təqdim etdiyi sübutlardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə ərizəçinin 18 ədəd nəqliyyat vasitəsini siyahıya alaraq 434 000 manat qiymətləndirmiş, siyahıya alınmış əmlakların satılmasına dair inzibati mübahisəyə Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Bu isə ərizəçinin dövlət büdcəsinə olan borcunu ödəyə bilmədiyinə dair dəlillərinin əsassız olduğunu göstərir.

22. Ərizəçinin mülkiyyətində olan nəqliyyat vasitələrinin faktiki olaraq keçmiş təsisçisinin sahibliyində olmasına dair dəlillərinə münasibətdə isə məhkəmə göstərir ki, qeyd edilən hal ərizəçinin mülkiyyətində olan nəqliyyat vasitələrinin sahibliyinə qaytarılması üçün hüquqi müdafiə vasitələrindən istifadə etməsi, o cümlədən mülki məhkəmə icraatında əmlaklarının sahibliyinə qaytarılmasını tələb etməsi və bu yolla borclarının ödənilməsinə maneə deyildir.

23. Məhkəmə həmçinin qeyd edir ki, vergi orqanının siyahıya aldığı nəqliyyat vasitələrinin qiymətləndirilməsi məsələsi ilə bağlı ərizəçi tərəfin bildirdikləri hazırkı mübahisənin araşdırma predmetinə aid deyildir.

24. “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.

25. Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi İddiaçı müflis elan edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar