Məhkəmə qərarları › İş №e-2-2(113)-884/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-884/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-884/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: servis xidməti, nəzarət-kassa aparatı, müqavilə azadlığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 168 ay abunə borcu 1008 manat və qeydiyyatdan çıxma aktına görə 105 manat olmaqla ümumilikdə 1113 manat məbləğində pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə “Merkuri 130 F-01” markalı nəzarət-kassa aparatına (bundan sonra NKA) xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi NKA-nı qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. 2.2. Bu qərara əsasən tərəflər arasında xx.xx.2016-cu il tarixdə 015344, 015345, 015346 nömrəli aktlarla müqavilə imzalanmış və NKA qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyicisi hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. 2.3. Vergi ödəyici olan cavabdeh həmin öhdəliyini 00220393 nömrəli NKA üçün xx.xx.2018-ci il tarixədək yerinə yetirmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-ci il tarixədək yerinə yetirməmişdir. 00220374 nömrəli NKA üçün isə 2018-ci ildən 7 ay, 2019-ci ildən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 3 ay, 00220446 NKA üçün 2018-ci ildən 7 ay, 2019-cu ildən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 3 ay xidmət pulu ödənilməmişdir. 2.4. Ümumilikdə cavabdehin hər üç NKA üçün 168 aya görə abunə borcu 1008 manat təşkil edir. Qeydiyyatdan çıxma aktı üçün də 105 manat pul məbləği ödənilməmişdir. 2.5. Həmçinin iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385, 386, 425, 442, 445.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-884/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, NKA-nın qeydiyyatdan çıxarılması barədə onlarda məlumat yoxdur. Cavabdeh 2023-cü il aprel ayına qədər hər NKA-na görə aylıq 6 manat xidmət haqqı olmaqla hesablanmış borcunu ödəməlidir. NKA-nı onlar qeydiyyatdan çıxarmamışdır, buna görə də qeydiyyatdan çıxarılma üçün haqq ödənilməli, onlar özlərində də NKA-nı qeydiyyatdan çıxarmalıdırlar. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, NKA-ya xidmət dedikdə aparatlara texniki baxışı həyata keçirmək, işlək vəziyyətdə saxlanılmasını təmin etmək, vergi orqanına müvafiq məlumatı təqdim etmək və s. əhatə olunur. Cavabdeh ödənişləri onların əməkdaşlarına nağd qaydada etmişdir. Həmçinin, aylıq xidmət haqlarını işçiləri toplamış, işçilər onlara verilən kitablarda bununla bağlı qeydiyyatlar apararaq ödənişlərlə bağlı məlumatları onlara təqdim etmişlər. Cavabdehin təqdim etdiyi kitabdan çıxarışlar onlara məxsusdur. Lakin “işləmir” qeydi aparılan kitabdan çıxarışın aylar üzrə qeydiyyat aparılan hissəsini işçilərə boş təqdim edirlər, qeydiyyatı həmin hissədə işçilər aparır. Cavabdehə məxsus 2 NKA-ya dair 2020-ci ildə aparılan “işləmir” qeydini Cahangir adlı işçi aparmış, onlar məlumatsız olmuşlar. Xidmət haqqının ödənilməməsinin səbəbini soruşduqda əməkdaş bildirir ki, istifadəçi xidmət haqqını vermir. Onlar da hesab etmişlər ki, NKA-nın qeydiyyatdan çıxarılacağı vaxt xidmət haqqını istehlakçıdan alacaqlar. Kitab illər üzrə tərtib olunur, təqdim olunan xidmət haqqı kitabda ödənişin edildiyi tarix üzrə aparılır, lakin istifadəçinin əvvəlki tarixlərə borcu varsa, ödəniş əvvəlki tarixin borcuna silinir.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi və hər üç NKA itdiyi üçün qeydiyyatdan çıxarıldığını bildirdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh 00220393 nömrəli NKA-dan qeydiyyatdan çıxarılanadək istifadə etmiş, xidmət haqqını ödəmişdir. Məhkəməyə təqdim olunan kitabdan çıxarışdan təsdiq olunur ki, 00220446 və 00220374 nömrəli NKA-ları 2020-ci ildə istifadə olunmamışdır. Belə ki, 00220446 nömrəli NKA-dan cəmi 1-2 ay istifadə edilmiş, xidmət haqqı ödənilmiş, 00220374 nömrəli NKA-dan istifadə olunmamışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İş materiallarında olan “Nəzarət-kassa aparatının istismara verilmə”sinə dair 015344 nömrəli Aktdan görünür ki, “Merkuri 130 F-01” markalı 00220374 zavod nömrəli NKA iddiaçı tərəfindən Cavabdeh MMC-yə (VÖEN:**********) məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Binəqədi rayonu, Bağ sahəsi, ev 709 k. Novxanı kəndində “restoran hotel”də xx.xx.2017-ci il tarixdən istismara verilmişdir.

12. İş materiallarında olan “Nəzarət-kassa aparatının istismara verilmə”sinə dair 015345 nömrəli Aktdan görünür ki, “Merkuri 130 F-01” markalı 00220393 zavod nömrəli NKA iddiaçı tərəfindən Cavabdeh MMC-yə (VÖEN:**********) məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Binəqədi rayonu, Bağ sahəsi, ev 709 k. Novxanı kəndində “restoran hotel”də xx.xx.2017-ci il tarixdən istismara verilmişdir.

13. İş materiallarında olan “Nəzarət-kassa aparatının istismara verilmə”sinə dair 015346 nömrəli Aktdan görünür ki, “Merkuri 130 F-01” markalı 00220446 zavod nömrəli NKA iddiaçı tərəfindən Cavabdeh MMC-yə (VÖEN:**********) məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Binəqədi rayonu, Bağ sahəsi, ev 709 k. Novxanı kəndində “restoran hotel”də xx.xx.2017-ci il tarixdən istismara verilmişdir.

14. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə bağlanmış 015346 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC (STXM) ilə Cavabdeh MMC (istehlakçı) arasında NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq istehlakçı “Merkuri 130 F-01” markalı 00220374, 00220393, 00220446 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.

15. Müqavilənin 2-ci bəndinə əsasən STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. 3-cü bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli cavab məktublarından görünür ki, “Merkuri 130 F-01” markalı 00220374, 00220393, 00220446 zavod nömrəli NKA-nın tapılması barədə Bakı Şəhəri Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Verdi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehə ünvanladığı məktubdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən “Merkuri 130 F-01” markalı 00220374, 00220393, 00220446 zavod nömrəli NKA-ları qeydiyyatdan çıxarılmışdır.

18. İddiaçının təqdim etdiyi maliyyə arayışından (xx.xx.2024-cü il tarixdə təqdim olunan dəqiqləşdirilmiş maliyyə arayışı) görünür ki, 00220393 zavod nömrəli NKA-ya görə xx.xx.2018-ci il tarixədək xidmət haqqı 108 manat ödənilmiş, borclu olduğu dövr xx.xx.2018 – xx.xx.2023-cü il tarixlər olmaqla ödənilməli xidmət haqqı 300 manat, 00220446 zavod NKA-ya görə xx.xx.2018-ci il tarixədək xidmət haqqı 66 manat ödənilmiş, borclu olduğu dövr xx.xx.2018 – xx.xx.2023-cü il tarixlər olmaqla ödənilməli xidmət haqqı 354 manat, 00220374 zavod nömrəli NKA-ya görə xx.xx.2018-ci il tarixədək xidmət haqqı 66 manat ödənilmiş, borclu olduğu dövr xx.xx.2018 – xx.xx.2023-cü il tarixlər olmaqla ödənilməli xidmət haqqı 354 manat təşkil edir. Həmçinin xidmət haqqına görə cəmi borc 1008 manat və hər NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat hesablanmaqla 105 manat borcun olduğu qeyd olunmuşdur.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən “Merkuri 130 F-01” markalı 00220374, 00220393, 00220446 zavod nömrəli NKA cavabdehə məxsus təsərrüfat subyektində - Bakı şəhəri, Binəqədi rayonu, Bağ sahəsi, ev 709 k. Novxanı kəndində “restoran hotel”də xx.xx.2017-ci il tarixdən istismara verilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 015346 nömrəli NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq cavabdeh “Merkuri 130 F- 01” markalı 00220374, 00220393, 00220446 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi iddiaçıya tapşırmış, iddiaçı isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüş, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün cavabdeh tərəfindən iddiaçıya hər NKA-ya görə aylıq 6 manat məbləğində vəsait ödənilməsi razılaşdırılmış, NKA-lar 2021-ci ilin may ayında vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır.

20. İddiaçı bildirir ki, 00220393 zavod nömrəli NKA-ya görə xx.xx.2018 – xx.xx.2023cü il tarixləri əhatə edən 50 ay üçün 300 manat, 00220446 zavod nömrəli NKA-ya görə xx.xx.2018 – xx.xx.2023-cü il tarixləri əhatə edən 59 ay üçün 354 manat, 00220374 zavod nömrəli NKA-ya görə xx.xx.2018 – xx.xx.2023-cü il tarixləri əhatə edən 59 ay üçün 354 manat olmaqla ümumilikdə 1008 manat xidmət haqqı ödənilməmişdir. Həmçinin bildirir ki, NKA-yı onlar qeydiyyatdan çıxarmamışlar, buna görə də qeydiyyatdan çıxarılma üçün haqq ödənilməlidir. Beləliklə, 1008 manat xidmət haqqının və NKA-nın qeydiyyatdan çıxma aktına görə 105 manat (35x3) pulun tutulması xahiş edilir.

21. Cavabdeh iddianın rədd olunmasını xahiş edir və bildirir ki, hər üç NKA vergi orqanı tərəfindən 2021-ci ilin may ayında qeydiyyatdan çıxarılmışdır. 00220393 zavod nömrəli NKA-dan qeydiyyatdan çıxarılanadək istifadə etmiş, xidmət haqqını nağd qaydada ödəmişlər. 00220446 zavod nömrəli NKA-nı 1-2 ay istifadə etmiş, xidmət haqqını nağd qaydada ödəmişlər. 00220374 zavod nömrəli NKA-nı istifadə etməmişlər. İddiaçının əməkdaşının təqdim etdiyi 2020-ci ilə aid kitabdan çıxarış ilə təsdiq olunur ki, 00220446 və 00220374 zavod nömrəli NKA 2020-ci ildə istifadə olunmamışdır.

22. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruridir.

23. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli Qərarı ilə ləğv olunmuşdur): - 9.1-ci bəndinə əsasən NKA-nın istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. - 9.2-ci bəndinə əsasən NKA-nın istehlakçısı NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. - 9.3-ci bəndinə əsasən NKA istehlakçısının vəzifələri: vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək; STXM və vergi orqanları işçilərinin NKA-ya istismar vaxtı qoyulmuş qaydalara əməl olunması üçün olan göstərişlərini yerinə yetirmək; vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; STXM işçilərinin tədbirlər planına əsasən NKAya servis texniki xidməti göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq meydana çıxarsa bu barədə vergi orqanlarına və STXM-ə təcili məlumat vermək və s. - 10.1-ci bəndinə əsasən NKA-nın servis-texniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. - 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: NKA-yı göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri NKA-nın servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; NKA-nın istismara verilməsini, o cümlədən onların satışqabağı hazırlanmasına, konservasiyadan çıxarılmasına, nizamlanmasına, sazlanmasına və funksional xarakteristikalarına nəzarətini həyata keçirir; NKA-nın servis texniki xidmətə və təmirə qoyulduqda vergi orqanlarında qeydə alındıqda, uçotdan çıxarıldıqda, istifadə forması dəyişdikdə və digər hallarda NKA-nın sazlığı barədə texniki rəy tərtib edir; NKA-nın istismarı üçün istehlakçı tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlayır; NKA-nın pasportu və ya formulyarı itdikdə bu sənədlərin dublikatlarını verir. Bu vaxt modelin adının və zavod nömrəsinin dəyişilməsinə icazə verilmir; istehlakçılara NKA-dan istifadəsinə dair məsləhət verir; istehlakçıların istismar zamanı işlədilən materiallarla təminatına köməklik edir; istehlakçının yazılı sifarişinə müvafiq olaraq NKA-nın proqramlaşdırılmasını və yenidən proqramlaşdırılmasını həyata keçirir; qüvvədə olan qaydaya müvafiq olaraq bərpası mümkün olmayan NKA-nın sökülməsini, həmçinin onlardan çıxarılmış hissələrin və blokların utilizasiyasını aparır; NKA-nın istehlakçılarının işçi heyətinə və vergi orqanlarının işçilərinə NKA ilə işləmək qaydalarının öyrədilməsində iştirak edir; NKA-nın servis texniki xidməti və təmiri ilə bağlı sənədlərin uçotu, saxlanılması və silinməsinin aparılmasını təşkil edir, bunların saxlanılması üçün şəxsi məsuliyyət daşıyan şəxslər təyin edir və s. - 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən NKA-nın istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. - 10.8-ci bəndinə əsasən STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək, servis texniki xidmətindən və təmirdən sonra müəyyən olunmuş qaydada NKA-nı plomblamaq, saz olmayan NKA-ları dəyişdirmək və onları icarəyə vermək üçün ehtiyat NKA-na malik olmaq, NKA-nın uçotunun təşkili üçün onların yenidən istismara verilməsi, həmçinin saz olmayan NKA-nın işlədilməsinin bütün halları (plombların pozulması və təmir üçün NKA-nın istismardan çıxarılması və s.) haqqında vergi orqanlarını xəbərdar etmək, çağırış verildiyi andan şəhər şəraitində 36 saatdan və kənd yerləri şəraitində 72 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etmək, NKA-nın pasportuna (formulyarına) NKA-nın istismara verilməsi, servis texniki xidməti göstərilməsi və təmirin aparılması, habelə aparata elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması, aktivləşdirilməsi və yaxud yaddaşı dolmuş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş qurğunun və ya elektron nəzarət lentinin dəyişdirilməsi barədə məlumatları daxil etmək, NKA istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan NKA-nın texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq, NKA istismara verildikdə, həmçinin servis texniki xidməti və təmir aparılana qədər və ondan sonra sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilmiş cədvəllərdə STXM-in nümayəndəsinin imzası və ştampı ilə təsdiq olunmaq şərti ilə fiskal yaddaşın vəziyyətini qeydə almaq, elektron məsafədən ötürmə qurğularını və ya elektron nəzarət lentini NKA-nda quraşdırmaq, sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək və s. servis texniki xidmət mərkəzinin vəzifəsidir.

24. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən hazırkı iş üzrə iddiaçı NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən servis texniki xidmət mərkəzi (STXM), cavabdeh isə əhali ilə pul hesablaşmasını müvafiq dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparmalı olan NKA-nın istehlakçısıdır. Qeyd olunan Qaydaya əsasən STXM-nin və NKA-nın istehlakçısının üzərinə dövlət reyestrinə daxil edilmiş NKA-ya servis texniki və təmiri xidməti göstərməsi barəsində müqavilələr bağlamaq vəzifəsi qoyulmuşdur. Qaydalara nəzər yetirdikdə aydın olur ki, qeyd olunan xidmətin məzmunu ilə bağlı tələblər həmin Qaydalarda ətraflı təsbit olunmuş və xidmət NKA-nın işləkliyinin təmin edilməsi və nəzarətin həyata keçirilməsinə yönəlmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə istinad olunan Qaydaların tələblərinə uyğun xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.

25. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Məhkəmə qeyd edir ki, iddiaçı xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş edir. Mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

29. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

30. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddələri təşkil edir.

31. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. Hazırkı iş üzrə iddiaçı qeyd olunan normaların tələblərinə uyğun olaraq hüququnu realizə edir, göstərdiyi xidmətlərin dəyərini tələb edir.

33. Məhkəmə xidmətin göstərildiyi müddət və tutulmalı xidmət haqqı məbləği ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdehin xx.xx.2021-ci il tarixdə müvafiq müraciətləri əsasında “Merkuri 130 F-01” markalı 00220374, 00220393, 00220446 NKA-nın tapılmadığı məlum olmuş və vergi orqanı tərəfindən NKA qeydiyyatdan çıxarılmışdır. İddiaçı bu barədə onlarda məlumatın olmadığını qeyd etsə də cavabdehə ünvanladığı pretenziyada NKA-nın qeydiyyatdan çıxarılması barədə onlarda məlumat olduğunu bildirmişdir. Belə olan halda iddiaçının 2021-ci ilin may ayının ikinci yarısından etibarən cavabdehdə olmayan və qeydiyyatdan çıxarılmış NKA-ya xidmətə görə pul tələb etməsi əsassızdır.

34. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi 2020-ci ilə aid iddiaçının əməkdaşı tərəfindən qeydiyyat aparılan kitabdan çıxarışdan görünür ki, 00220374 və 00220446 NKA-nın qarşısında 2020-ci ildə “işlətmir” qeydi aparılmışdır.

35. İddiaçı həmin kitabın onlar tərəfindən işçilərinə təqdim edildiyini və aylar üzrə qeydiyyatın işçilər tərəfindən aparıldığını, onlarda NKA-nın işləməməsinə dair məlumat olmadığını, xidmət haqqının ödənilməli olduğunu bildirir. Məhkəmə iddiaçının mövqeyini əsassız hesab edir. Belə ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

36. Odur ki məhkəmə qeyd edir ki, 2020-ci ildə 00220374 və 00220446 NKA-nın işləməməsi ilə bağlı iddiaçının işçisinin apardığı qeyd həqiqi qəbul edilməlidir. Belə olan halda, 2020-ci ildən sonra 2021-ci ilin may ayına qədər həmin NKA-nin işlədiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

37. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

38. İddiaçı isə qeyd olunan halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Nəticə etibarilə 00220374 və 00220446 NKA-nın 2020 və 2021-ci ilin may ayınadək işlək olması və onlara xidmət göstərilməsi öz təsdiqini tapmır. Belə olan halda qeyd olunan dövr üzrə xidmət haqqı tutula bilməz.

39. Cavabdeh 00220446 NKA-nın cəmi 1-2 ay işlədiyini, 00220374 NKA-nın isə işləmədiyini qeyd edir. Məhkəmənin baxış iclasında iddiaçının təqdim etdiyi qeydiyyat kitablarına baxış keçirilərkən müəyyən edilmişdir ki, 00220446 NKA-ya görə 2019-cu ilin oktyabr ayında ödəniş edilmişdir. NKA-nın 2017-ci ildə istismara verildiyi nəzərə alındıqda cavabdehin bildirdiyi kimi NKA 1-2 ay işləsə idi, cavabdehin 2 ildən çox müddət keçdikdən sonra ödəniş etməsi ağlabatan deyildir. Digər tərəfdən, cavabdeh həmin NKA-nin işləmədiyinin təsdiq olunduğu 2020-ci ilə aid kitabdan çıxarışı təqdim etdiyi halda əvvəlki illərə aid hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin nəzarət edilməsi normativhüquqi aktla təsbit olunan, işləkliyinə dair ciddi tələblər müəyyən edilən NKA-nın istismara verilməsi aktla rəsmiləşdirildiyi halda, istifadə edilməməsi ağlabatan deyil. Belə olan halda məhkəmə hesab edir ki, 2020-ci ilədək 00220374 və 00220446 NKA-na görə xidmət haqqı ödənilməlidir.

40. Cavabdeh 00220393 NKA-nın qeydiyyatdan çıxarılanadək istifadə edildiyini, lakin xidmət haqlarının nağd qaydada ödənildiyini, borcun qalmadığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Etirazının əsası kimi yalnız 00220393 NKA-ya dair 2019-cu ilə aid kitabdan çıxarış təqdim etmişdir. İddiaçı tərəf kitabın onlara məxsus olduğunu təsdiq etmiş, lakin qeydiyyat tarixinin ödənişin edildiyi tarixə aparıldığını, cavabdehin əvvəlki dövrə aid borcu olduğundan ödənişin əvvəlki tarixə olan borca silindiyini bildirmişdir. Məhkəmənin baxış iclasında iddiaçının qeydiyyat kitablarına illər üzrə baxış keçirilən zaman maliyyə arayışında qeyd olunan məbləğdən artıq ödənişə dair qeydiyyatın alınmadığı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 00220393 NKA-ya görə xidmət haqqının tam ödənilməsi ilə bağlı cavabdehin mövqeyi əsassızdır.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xidmət haqqı olaraq 00220393 zavod nömrəli NKA-ya görə xx.xx.2018 – xx.xx.2021-cü il tarixləri əhatə edən 29 ay üçün 174 (29 ay x 6 manat) manat, 00220446 zavod nömrəli NKA-ya görə xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri əhatə edən 19 ay 15 gün üçün 117 (19,5 ay x 6 manat) manat, 00220374 zavod nömrəli NKA-ya görə xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri əhatə edən 19 ay 15 gün üçün 117 (19,5 ay x 6 manat) manat olmaqla ümumilikdə 408 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

43. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

46. Məhkəmə qeyd edir ki, NKA-nın qeydiyyatdan çıxarılması üçün 105 manat pulun tutulması hissəsində iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamədə NKA-nı qeydiyyatdan çıxarmaq səlahiyyəti vergi orqanına həvalə edilmiş, STXM-nin belə bir hüququ nəzərdə tutulmamış, öhdəsinə belə bir vəzifə qoyulmamışdır. Həmçinin işin müəyyən olunan halına əsasən də NKA vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır. Belə olan halda iddiaçının qeyd olunan pulu tələb etməsinin hüquqi əsası yoxdur.

47. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13 iyun 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 408 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.

b) Mediasiya xərcinin tutulması ilə bağlı

48. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

49. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02502 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəniş etmişdir.

50. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

51. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 408 (dörd yüz səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar