Məhkəmə qərarları › İş №e-2-2(113)-8849/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8849/2024

27.11.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8849/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kooperativ üzvlüyündən xaric edilmə və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kooperativ üzvlüyündən xaric edilmə və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ayhan Çalbay və Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlüyündən xaric edilmələri və cavabdehlərin "xxxx" MTK-da olan paylarının üzvlər arasında bölünərək X2 – 32%, İddiaçı4 – 32%, İddiaçı1 – 27,05%, İddiaçı2 – 4,95%, İddiaçı3 – 4,0% şəklində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK kooperativ üzvləri tərəfindən 30 oktyabr 2023-cü il tarixli ümumi yığıncağının qərarının 34 saylı protokoluna əsasən kooperativ üzvləri olan cavabdehlər Ayhan Çalbay və Cavabdeh2 kooperativ üzvlüyündən xaric edilmələri və onların payları üzlər arasında bölünərək aşağıdakı şəkildə müəyyən edilmişdir; X2 – 32%, İddiaçı4 – 32%, İddiaçı1 – 27,05%, İddiaçı2 – 4,95%, İddiaçı3 – 4,0%. Belə ki, cavabdehlər Ayhan Çalbay və Cavabdeh2 "xxxx" MTK-nin üzvü kimi heç vaxt kooperativin fəaliyyətində, görülmüş işlər üçün çəkilmiş xərclərin qarşılanmasında, nə də kooperativin digər xərclərinin qarşılanmasında ümumiyyətlə iştirak etməyərək, üzərilərinə götürdükləri öhdəliklərin icrasından yayınmışlar. Bu səbəbdən, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlərin kooperativ üzvlərinin kooperativ üzvlüyündən xaric edilmələri barədə yekdilliklə səs vermişlər. Hal-hazırda cavabdehlər Ayhan Çalbay və Cavabdeh2 "xxxx" MTK-nın üzvlüyündən xaric edilmələrinin dövlət vergi reyestrində qeydiyyata alınması üçün cavabdehlərin məhkəmə qətnaməsi əsasında kooperativ üzvlüyündən xaric edilmələri zərurəti yaranmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin Məcəllənin 113.3.3-cü maddəsinə görə, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq məsələsi yalnız kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir, kooperativ üzvlərinin çıxarılması, onların paylarının bölüşdürülməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən məsələlərin həll edilməsi kooperativ üzvlərin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir, bu səbəbdən hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kooperativ üzvlüyündən xaric edilmə və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 geri qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar