Məhkəmə qərarları › İş №e-2-2(113)-898/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-898/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-898/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11948 manat məbləğində pulun, habelə 125,84 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci ildən etibarən kənd təsərrüfatında keyfiyyəti və məhsuldarlığı artırmaq məqsədi ilə fermerlərə gübrə, bitki mühafizə vasitələri və toxum təchizatı ilə yüksək xidmət göstərməkdədir. Şirkət qısa zaman ərzində müxtəlif regionlarda 100-dən artıq satış mərkəzləri ilə fermerlərə xidmət göstərir. Şirkət öz mülkiyyətində olan əmlakların satışını həyata keçirmək və gəlir əldə etmək üçün sahibkarlarla “Satış xidmətlərinin göstərilməsinə dair” müqavilələr bağlayır. Həmin müqavilələrə əsasən kontragent sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətlərini həyata keçirməyi, “Sifarişçi” isə öz növbəsində razılaşdırılmış məbləğdə muzd ödəməyi öz öhdəsinə götürür. Bu mənada satış xidmətləri müqaviləsi bağlanmış Cavabdeh2 müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, nəticədə iddiaçı müəssisəyə xeyli miqdarda zərər dəymişdir. Belə ki, iddia ərizəsinə əlavə olunan “satış xidmətləri göstərilməsinə dair” 13 sentyabr 2022-ci il tarixli, 026 nömrəli müqaviləyə əsasən “Sifarişçi” sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində satış üçün nəzərdə tutulan malları təhvil alaraq iddiaçının müəyyən etdiyi satış xidmətlərini həyata keçirməyi və xidməti lazımınca yerinə yetirib “Sifarişçi”yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. “Malların təhvil-təslimi ilə bağlı” 09 yanvar 2023-cü il tarixli üzləşmə aktına əsasən, cavabdeh 13 sentyabr 2022ci il 09 yanvar 2023-cü il tarixləri aralığında aşağıda qeyd edilən miqdardə və dəyərdə olan malları iddiaçıdan təhvil almışdır: 1) 11948 AZN dəyərində “Karbamid (SOCAR)” 23896 kq 09 yanvar 2023-cü il tarixli üzləşmə aktından göründüyü kimi, Cavabdeh2 aşağıda sadalanan 11948 AZN dəyərində 23896 kq “Karbamid (SOCAR)” malın anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir. 09 yanvar 2023-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” akta əsasən həmin tarixdə İsmayıllı rayonunda yerləşən anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə Cavabdeh2 iştirakı ilə sayım keçirilmişdir. Həmin akta əsasən cavabdeh yuxarıda adıkeçən 11948 AZN dəyərində 23896 kq malın anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təsdiq etmişdir. 01 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mal qalığı ilə əlaqədar borcu 11948 AZN təşkil edir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh ona təhvil verilən məhsulların satışını həyata keçirib əldə olunmuş gəliri müəssisəyə təhvil verməli idisə də, müvafiq öhdəliyini icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçının ona 5040 manat məbləğində borcu olduğunu bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, eləcə də bununla bağlı qarşılıqılı iddia ərizəsini məhkəməyə təqdim etməmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsində olan borcu qəbul etdiyini göstərib, iddiaçının ona olan 5040 manat borcu çıxıldıqdan sonra qalan borcun ondan tutulmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqaviləyə görə sifarişçi satış xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürür.

7. Müqavilənin 6.1-ci bəndinə görə icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır.

8. Müqavilənin 6.2-ci bəndinə görə icraçının təqsiri nəticəsində sifarişçidən təhvil aldığı məhsulların, malların və ya əmlakın məhv olması və ya zədələnməsi riski hazırkı müqavilənin bitməsinədək icraçının üzərinə düşür.

9. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin iddiaçıya olan borcu 11948 manat təşkil edir.

10. 09 yanvar 2023-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” akta görə cavabdeh İsmayıllı rayonunda yerləşən anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş sayım zamanı 11948 manat dəyərində 23896 kq malın (karbomid) anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir.

11. 09.01.2023-cü il tarixli üzləşmə aktına görə cavabdeh 11948 manat dəyərində 23896 kq malın (karbomid) anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

19. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 11948 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 125,84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 11948 manat məbləğində pul, 125,84 manat dövlət rüsumu, ümumilikdə 12073,84 (on iki min yetmiş üç manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar