Məhkəmə qərarları › İş №e-2-2(113)-8987/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8987/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8987/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı və podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48473,22 AZN həcmində əsas borc, 10.204,23 AZN həcmində qanunvericiliklə nəzərdə tutulmuş faiz borcları, 30,933.58 AZN Müqavilə üzrə dəbbə pulu və hüquqi xidmət üçün çəkilmiş 1 770 AZN xərclər olmaqla, ümumilikdə, 91 381,03 AZN həcmində pul məbləğinin və 364.14 AZN dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında xx.xx.2023-cü il tarixdə FD ST 184/23-659 nömrəli “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” Müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq, Cavabdeh – “X1 İnşaat Turizm Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (“Sifarişçi”)İddiaçıdan - İddiaçınin Azərbaycan Respublikasındakı Filialından (“İcraçı”) müxtəlif vaxtlarda xidmətlər və mallar sifariş etmiş, icraçı tərəfindən həmin mallar və xidmətlərin təhvil verilməsinə baxmayaraq, Sifarişçi tərəfindən on dörd qaimə üzrə ödənişlər, hələ də həyata keçirilməmişdir. İcraçı tərəfindən təqdim olunmuş xx.xx.2023 tarixindən xx.xx.2024-cü il tarixədək kəsilmiş elektron qaimə-fakturalar üzrə cəmi 52 036,82 AZN(ƏDV daxil) dəyərində xidmət rəsmiləşdirilmişdir. Bu məbləğdən yalnız aşağıdakı ödənişlər aparılmışdır: · xx.xx.2023-cü il tarixində - 1.770,00 AZN (əsas) + 318,6 AZN (ƏDV); · xx.xx.2024-cü il tarixində - 225.00 AZN (ƏDV) · xx.xx.2024-cü il tarixində - 1,000.00 AZN (əsas) Ümumilikdə, Sifarişçi tərəfindən indiyədək ödənilmiş məbləğ 3 563,60 AZN təşkil edir. Nəticədə, cavabdehin iddiaçıya ƏDV daxil48 473,22 AZN (qırx səkkiz min dörd yüz yetmiş üç manat iyirmi iki qəpik) ödənilməmiş borcu yaranmışdır. Borc məbləği cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə imzalanmış “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı” ilə də təsdiq edilmişdir. Cavabdeh ona dəfələrlə zəng etməyimizə, xəbərdarlıq etməyimizə baxmayaraq, ödənişin icrasından boyun qaçırır. Tərəfimizdən cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş, borcunu ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət edəcəyimiz bildirilmişdir. Cavabdeh tərəfindən bizə xx.xx.2025-ci il tarixli məktubunda cavab olaraq bildirilmişdir ki, 25-27 sentyabr tarixinədək ödəniş ediləcəkdir. Buna baxmayaraq, yenə də, heç bir ödəniş icra edilməmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə cavabdehlə yenidən telefon zəngi vasitəsilə əlaqə yaradılmış, cavabdeh ödənişin vaxtı ilə bağlı dəqiq cavab deyə bilmədiyini, yalnız cümə günü bildirəcəyini qeyd etsə də, xx.xx.2025-ci il tarixdə (cümə günü) əlaqə saxlanılanda şirkətinə ödənişin gəldiyini və iddiaçıya borcun 15 000 AZN məbləğində hissəsini həmin gün ödəyəcəyini bildirmişdir. Lakin xx.xx.2025-ci il tarixdə telefon danışığı ilə son xəbərdarlıq da edilməsinə baxmayaraq, bugünədək heç bir ödəniş icra etməmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən, Sifarişçi bu Müqavilə üzrə göstərilmiş Xidmətlərin dəyərini, işin nəticəsini təhvil-qəbul aktı əsasında qəbul etdikdən sonra, təqdim olunmuş elektron qaiməyə/hesab-fakturaya əsasən, 15 (on beş) bank günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir. Lakin İcraçı tərəfindən göndərilmiş eqaimələr üzrə ödənişlər bugünədək icra edilməmişdir. Müqavilənin 4.3.6-cı bəndinə əsasən, bu Müqavilə və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrdə müəyyən edilmiş İcraçıya ödənilməli olan ödənişləri vaxtında ödəməzsə, ödənişin hər gecikdirildiyi gün üçün, ödənilməli olan məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəmək Sifarişçinin vəzifəsidir. AR Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cavabdeh xx.xx.2023 tarixli e-qaimə üzrə 4.708,20 AZN, xx.xx.2023 tarixli e-qaimə üzrə 6.590,30 AZN, xx.xx.2023 tarixli e-qaimə üzrə 13.808,36AZN, xx.xx.2023 tarixli e-qaimə üzrə 1.947,00 AZN, xx.xx.2023 tarixli e-qaimə üzrə 3.967,16 AZN, xx.xx.2024 tarixli eqaimə üzrə 2.938,20 AZN,xx.xx.2024 tarixli e-qaimə üzrə 1.357,00 AZN, xx.xx.2024 tarixli e-qaimə üzrə 1.306,26 AZN, xx.xx.2024 tarixli e-qaimə üzrə 941,64 AZN, xx.xx.2024tarixli e-qaimə üzrə 682,04 AZN, xx.xx.2024 tarixli e-qaimə üzrə 1.711,00 AZN, xx.xx.2024 tarixli e-qaimə üzrə 2.124,00 AZN, xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 2.498,06 AZN, xx.xx.2024 tarixli e-qaimə üzrə 3.894,00 AZN məbləğlərində ödənişləri etməli olduğu halda indiyədək gecikdirdiyi üçün ümumi olaraq – ((4.708,20 × 0.001) × 723) + ((6.590,30 × 0.001) × 682) + ((13.808,36 × 0.001) × 678) + ((1.947,00 × 0.001) × 661) + ((3.967,16 × 0.001) × 646) + ((2.938,20 × 0.001) × 630) + ((1.357,00 × 0.001) × 608) + ((1.306,26 × 0.001) × 601) + ((941,64 × 0.001) × 590) + ((682,04 × 0.001) × 584) + ((1.711,00 × 0.001) × 570) + ((2.124,00 × 0.001) × 567) + ((2.498,06 × 0.001) × 513) + ((3.894,00 × 0.001) × 500)) = 30,933.58 AZN (otuz min doqquz yük otuz üç manat əlli səkkiz qəpik) həcmində dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmir. Halbuki, cavabdeh Müqavilə üzrə yaranan borcu ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh öhdəliyini icra etməmiş və İddiaçıya bununla bağlı zərər vurmuşdur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu maddəni nəzərə alaraq, cavabdeh iddiaçıya gecikdirilmiş məbləğə görə ((4.708,20 × 0.004) × 24) + ((6.590,30 × 0.004) × 23) + ((13.808,36 × 0.004) × 23) + ((1.947,00 × 0.004) × 22) + ((3.967,16 × 0.004) × 22) + ((2.938,20 × 0.004) × 21) + ((1.357,00 × 0.004) × 20) + ((1.306,26 × 0.004) × 20) + ((941,64 × 0.004) × 20) + ((682,04 × 0.004) × 20) + ((1.711,00 × 0.004) × 19) + ((2.124,00 × 0.004) × 19) + ((2.498,06 × 0.004) × 17) + ((3.894,00 × 0.004) × 17) = 4 164,99 AZN (dörd min yüz altmış dörd manat doxsan doqquz qəpik)) həcmində cərimə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən xx.xx.2025-ci il tarixdən illik bank uçot faiz dərəcəsi 7,0 %olaraq müəyyən edilmişdir. Bununla bağlı, cavabdehin ödənişin gecikdirilməsi ilə bağlı iddiaçıya ((4.708,20 × 0,0058) × 24) + ((6.590,30 × 0,0058) × 23) + ((13.808,36 × 0,0058) × 23) + ((1.947,00 × 0,0058) × 22) + ((3.967,16 × 0,0058) × 22) + ((2.938,20 × 0,0058) × 21) + ((1.357,00 × 0,0058) × 20) + ((1.306,26 × 0,0058) × 20) + ((941,64 × 0,0058) × 20) + ((682,04 × 0,0058) × 20) + ((1.711,00 × 0,0058) × 19) + ((2.124,00 × 0,0058) × 19) + ((2.498,06 × 0,0058) × 17) + ((3.894,00 × 0,0058) × 17) = 6 039,24 AZN (altı min otuz doqquz manat iyirmi dörd qəpik)məbləğində borcu da yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, FD ST 184/23-659 nömrəli Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə müqaviləyə əsasən “İcraçı” “Sifarişçi’-yə məxsus avtonəqliyyat vasitələri və xüsusi texnikalara bu müqaviləyə əsasən nəzərdə tutulmuş xidmət haqlarına əsasən texniki baxışın yerinə yetirilməsini, cari və əsaslı təmir, ehtiyat hissələri satışı, texniki xidmət işlərini və bu Xidmətlərin göstərilməsi üçün müvafiq material və ehtiyyat hissələri ilə təmin etməyi öhdəsinə götürür, “Sifarişçi” isə həmin Xidmətlərin dəyərini elektron qaimədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə ödənişlər Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar yolu ilə bank köçürməsi qaydasında Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq şəkildə həyata keçirilir.

9. Müqavilənin 3.3-cü bəndinə əsasən Bu Müqavilədə nəzərdə tutulan Xidmətlərin dəyəri Əlavələrə əsasən müəyyən edilir. Xidmətlərin dəyəri, Xidmətlərin göstərilməsi zamanı sərf olunmuş mal və ya materiallar, habelə quraşdırılmış və ya dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri, təqdim olunmuş elektron qaiməyə/hesab-fakturaya əsasən “Sifarişçi” tərəfindən manatla İcraçının hesablaşma hesabına ödənilir.

10. Müqavilənin 3.4-cü bəndinə əsasən Sifarişçi bu Müqavilə üzrə göstərilmiş Xidmətlərin dəyərini, işin nəticəsini təhvil-qəbul aktı əsasında qəbul etdikdən sonra, təqdim olunmuş elektron qaiməyə/hesab-fakturaya əsasən 15 (on beş) bank günü ərzində “İcraçının bank hesabına köçürmə yolu ilə ödəyir.

11. Müqavilənin 4.3.1-ci bəndinə əsasən İcraçıdan cari və ya əsaslı təmir olunmuş, habelə baxış və texniki işlər görülmüş nəqliyyat vasitələrini, xüsusi texnikaları və yerinə yetirilmiş xidmətləri aktla qəbul etmək və Müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada faktiki göstərilmiş Xidmətin, sərf olunmuş materialların və ehtiyat hissələrinin dəyərini ödəmək sifarişçinin vəzifəsidir.

12. Müqavilənin 4.3.6-cı bəndinə əsasən Bu Müqavilə və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrdə müəyyən edilmiş “İcraçı”ya ödənilməli olan ödənişləri vaxtında ödəməzsə, ödənişin hər gecikdirildiyi gün üçün, ödənilməli olan məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəmək sifarişçinin vəzifəsidir.

13. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 1947 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 3967,16 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 1357 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 1306,26 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 682,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 1711 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 2124 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 2938,20 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 941,64 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 2498,06 manat məbləğində, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 3894 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 4708,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 6590,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 10286,06 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 100,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən (ədv daxil) 1062 manat məbləğində mallar və görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDU 525128 nömrəli 1947 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDV 545594 nömrəli 3967,16 manat məbləğində, xx.xx.22024-cü il tarixli, EBDY 041792 nömrəli 1357 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDY 464284 nömrəli 1306,26 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 277926 nömrəli 682,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEA 142249 nömrəli 1711 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEA 428652 nömrəli 2124 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2401 00152122 nömrəli 2938,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2402 00316722 nömrəli 941,64 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2405 10226613 nömrəli 2498,06 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2405 10858253 nömrəli 3894 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDQ 089800 nömrəli 4708,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDS 909886 nömrəli 6590,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDT 391145 nömrəli 13808,36 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

15. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş 29 iyul 2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya borcu ƏDV daxil 48.473,22 AZN təşkil edir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

17. Belə ki, iddia 4 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. dəbbə pulunun ödənilməsi; 3. illik 5 faizlə hesablanmış zərərin ödənilməsi; 4. əldən çıxmış faydanın tutulması.

18. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, FD ST 184/23-659 nömrəli Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə qarışıq müqavilə bağlanmış, həmin müqavilə üzrə cavabdehə ümumilikdə 48473,22 manat dəyərində mal və iş təhvil verilmişdir. Cavabdeh həmin malları və görülmüş işin nəticəsini qəbul etsə, dəyərini hazırkı günədək iddiaçıya ödəməmişdir. İddiaçı hazırda həmin vəsaitin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

20. Cavabdehin göstərilən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı və podrat müqaviləsi, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

34. Məhkəmə iddia ərizəsini ikinci hissədə qismən əsaslı hesab edir.

35. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 4.3.6-cı bəndinə əsasən hesablanmış 30933,58 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2400 manat müəyyən edilməlidir.

39. Məhkəmə iddianı üçüncü hissədə qismən əsaslı hesab edir.

40. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində 4164,99 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

42. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

43. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

44. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

45. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

46. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

47. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

49. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

50. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

51. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

52. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

53. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

54. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

55. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

56. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

57. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

58. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

59. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

60. Hazırkı halda müqavilədə nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

61. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

62. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

63. Odur ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 4164,99 manat məbləğində faizlərin cavabdehdən tutulmalı olan 2400 manat ilə əhatə edilməmiş, yəni 1764,99 (4164,99 manat – 2400 manat) manat hissəsinin tutulmasını tələb etməkdə haqlıdır.

64. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 1764,99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

65. Məhkəmə iddia tələbini sonuncu, 6039,24 manat faiz borcunun tutulması hissəsində əsassız hesab edir.

66. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

67. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

68. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

69. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

70. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

71. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 48473,22 manat əsas borc, 2400 manat dəbbə pulu, 1764,99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

72. Bundan başqa iddia ərizəsində 1770 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.

73. Belə ki, 20251022 nömrəli, xx.xx.2025-ci il tarixli hesab-fakturaya əsasən vəkil xidməti ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ədv daxil 1770 manat vəsait ödənilmişdir.

74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

75. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 247,92 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 116,22 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X1 İnşaat Turizm Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 48473,22 manat əsas borc, 2400 manat dəbbə pulu, 1764,99 manat illik beş faizlə hesablanmış faiz borcu, 247,92 manat dövlət rüsumu, 1770 manat hüquqi yardıma görə xərc, ümumilikdə 54656,13 (əlli dörd min altı yüz əlli altı manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçınin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 116,22 (bir yüz on altı manat iyirmi iki qəpik) manat dövlət rüsumu İddiaçınin Azərbaycan Respublikasındakı Filialının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar