Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-899/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, konsiqnasiya anbarı haqqında müqavilə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 37184,39 manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş 201,56 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2021-ci ildən etibarən kənd təsərrüfatında keyfiyyəti və məhsuldarlığı artırmaq məqsədi ilə fermerlərə gübrə, bitki mühafizə vasitələri və toxum təchizatı ilə yüksək xidmət göstərməkdədir. Şirkət qısa zaman ərzində Respublikanın müxtəlif regionlarında 100-dən artıq satış mərkəzləri ilə fermerlərə xidmət göstərir. Şirkət öz mülkiyyətində olan əmlakların satışını həyata keçirmək və gəlir əldə etmək üçün sahibkarlarla “Satış xidmətlərinin göstərilməsinə dair” müqavilələr bağlayır. Həmin müqavilələrə əsasən kontragent sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətlərini həyata keçirməyi, “Sifarişçi” isə öz növbəsində razılaşdırılmış məbləğdə muzd ödəməyi öz öhdəsinə götürür. Bu mənada satış xidmətləri müqaviləsi bağladıqları Cavabdeh müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, nəticədə iddiaçı müəssisəyə xeyli miqdarda zərər dəymişdir. Belə ki, iddia ərizəsinə əlavə olunan “satış xidmətləri göstərilməsinə dair” 05 sentyabr 2022-ci il tarixli, 025 nömrəli müqaviləyə əsasən “Sifarişçi” satış xidmətlərinin göstərilməsini “İcraçı”ya sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh isə bunun müqabilində satış üçün nəzərdə tutulan malları təhvil alaraq iddiaçının müəyyən etdiyi satış xidmətlərini həyata keçirnəyi və xidməti lazımınca yerinə yetirib “Sifarişçi”yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. “Malların təhvil-təslimi ilə bağlı” 17 may 2024-cü il tarixli üzləşmə aktına əsasən, cavabdeh 05 sentyabr 2022-ci il- 17 may 2024-cü il tarixləri aralığında aşağıda qeyd edilən miqdardə və dəyərdə olan malları iddiaçıdan təhvil almışdır: 1) 13926,08 AZN dəyərində Ammonium nitrat- "xxxx"- Rusiya; 2) 2609,60 AZN dəyərində “Ammonium Nitrat- Eurochem”; 3) 8049 AZN dəyərində “Karbamid SOCAR”; 4) 14920.91 AZN dəyərində “Nitroammofoska (NPK 16-16-16- "xxxx" ASC”). 17 may 2024-cü il tarixli üzləşmə aktından göründüyü kimi, Cavabdeh aşağıda sadalanan 37184,39 AZN dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir. 17 may 2024-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” akta əsasən həmin tarixdə Zaqatala rayonunda yerləşən anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə Cavabdeh iştirakı ilə sayım keçirilmişdir. Həmin akta əsasən cavabdeh sadalanan 37184 manat dəyərində malların anbarda çatışmadıını təsdiq etmişdir. 10 iyun 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh mal qalığı ilə əlaqədar borcu 37184,39 AZN təşkil edir. Cavabdeh ona təhvil verilən məhsulların satışını həyata keçirib əldə olunmuş gəliri müəssisəyə təhvil verməli idisə də, yuxarıda sadalanan məhsullardan cəmi birinin satışından əldə olunmuş gəlirin bir hissəsini müəssisəyə təhvil vermişdir. Gəlirin çox hissəsi cavabdeh tərəfindən şəxsi ehtiyacları üçün sərf olunmuş, nəticədə iddiaçıya 37184,39 AZN məbləğdə zərər dəymişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.2 və 442-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı” Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AGR-025 saylı “satış xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, “Sifarişçi” satış xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən satış xidmətlərinin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti, çəkisi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və aktlarda öz əksini tapır. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qaimədə qeyd edilir. Müqavilənin 2-ci bəndinə əsasən Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir. “İcraçı” “Sifarişçinin” sifariş verdiyi satış xidmətlərini həyata keçirir (işi icra edir). “İcraçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. “İcraçının” yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır. Satış üçün təqdim olunan məhsullar və mallar “İcraçıya” və ya nümayəndələrinə “təhvil-təslim aktı” əsasında təhvil verilir. Əlavələrdə müəyyən olunan məhsullar və mallarla və təhvil verilən məhsullar və mallar arasında fərqlilik olduğu halda, “İcraçı” belə hal barədə “Sifarişçi”ni dərhal yazılı şəkildə məlumatlandırmalıdır. Müqavilənin 4.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan qaimədə qeyd edilir. Hazırki Müqavilə üzrə hesablaşmalar nağdsız qaydada bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Müqavilədə nəzərdə tutulan satış xidməti 1 (bir) il müddətində həyata keçirilməsi şərtləşdirilmişdir. Müqailənin 6-cı bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. “İcraçı”nın təqsiri nəticəsində “Sifarişçidən” təhvil aldığı məhsulların, malların və ya əmlakın məhv olması və ya zədələnməsi riski lıazırki Müqavilənin bitməsinədək “İcraçı”nın üzərinə düşür. “İcraçı” “Sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 17 may 2024-cü il tarixli üzləşmə aktına (malların təhvil-təslimi ilə bağlı) əsasən xx.xx.2022-xx.xx.2024-cü il tarixinədək müxtəlif adda və ölçüdə olan cəmi 39505,59 manat dəyərində mallar Cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş 17 may 2024-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2024-cü il tarixinə qarşılıqlı hesablaşmalar apararaq, Cavabdeh 37184,39 manat dəyərində malların anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli Anbar qalıqılarının sayımının nəticələri haqqında Aktdan görünür ki, Cavabdeh özünün iştirakı ilə aparılmış sayım nəticəsində müxtəlif adda və ölçüdə olan cəmi 37184,39 manat dəyərində malların anbarda çatışmadığını təqdiq etmişdir. 10 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh mal qalığı ilə əlaqədar qalıq borcu 37184,39 manat olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 201,56 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 840.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır. 840.2-ci maddəsinə əsasən konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilədən irəli gələn alqısatqı üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı saxlaması və onun göstərişi ilə satması üçün cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək həmin malları satıb dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə və aktlar) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də tərəflər arasındakı müqaviləyə və Mülki Məcəllənin 600.4 və 840.2-ci maddələrinə əsasən iddiaçının cavabdehdən satmaq üçün verdiyi və cavabdehin satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, aldığı malları satdıqdan sonra dəyərindən, 37184,39 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də, 37184,39 manat manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 201.56 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli AGR-025 saylı müqaviləyə əsasən 37184 (otuz yeddi min yüz səksən dörd) manat 39 (otuz doqquz) qəpik əsas borc, habelə ödənilmiş 201 (iki yüz bir) manat 56 (əlli altı) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-899/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-899/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver